Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2015

Övladınızı uşaqlıqdan Yehovanın yolunda tərbiyə edin

Övladınızı uşaqlıqdan Yehovanın yolunda tərbiyə edin

«Qoy göndərdiyin Allah adamı... bizə başa salsın ki, uşağı necə tərbiyə etməliyik» (HAK. 13:8).

NƏĞMƏ: 88, 120

1. Mənuh ata olacağını eşidəndə nə etdi?

MƏNUH qulaqlarına inanmır. Onun arvadı neçə illərdir sonsuzdur. Ancaq Yehovanın mələyi qadının yanına gəlib inanılmaz bir xəbər çatdırıb: onların oğlu olacaq! Mənuhun sevinci aşıb-daşır, eyni zamanda anlayır ki, çiyinlərinə böyük bir məsuliyyət düşür. Onlar günah içində boğulan xalqın arasında yaşayırlar. Görəsən, bu uşağı Allahın yolunda necə tərbiyə edəcəklər? Mənuh Yehovaya yalvarıb deyir: «Yehova, nə olar, qoy göndərdiyin Allah adamı [mələk] yenə gəlsin və bizə başa salsın ki, uşağı necə tərbiyə etməliyik» (Hak. 13:1—8).

2. Uşağı tərbiyə etməyə nə daxildir? (Həmçinin  «Ən vacib şagirdləriniz» adlı çərçivəyə baxın.)

2 Əgər siz də valideynsinizsə, yəqin Mənuh kimi, siz də Yehovadan kömək istəyirsiniz. Sizin də çiyinlərinizdə böyük bir məsuliyyət var, övladınıza Yehovanı tanımağı və sevməyi öyrətməlisiniz (Məs. 1:8). Bundan ötrü valideynlər maraqlı və maarifləndirici ailəvi ibadət keçirirlər. Ancaq Müqəddəs Kitab həqiqətlərini övladınızın ürəyinə həkk etmək üçün hər həftə ailəvi ibadət keçirmək kifayət deyil. (Qanunun  təkrarı 6:6—9 ayələrini oxuyun.) Bunun üçün çoxlu güc sərf etmək lazım gəlir. Məsihin nümunəsinin bu işdə valideynlərə böyük köməyi dəyə bilər. Bu və növbəti məqalədə məhz bu barədə danışacağıq. Məsih ata olmasa da, valideynlər onun təlim verməsindən çox şey öyrənə bilərlər. Çünki o, şagirdlərinə məhəbbətlə, təvazökarlıqla və anlayışla təlim verirdi. Gəlin bu keyfiyyətləri bir-bir nəzərdən keçirək.

ÖVLADINIZI SEVİN

3. İsa şagirdlərini sevdiyini necə göstərirdi?

3 İsa şagirdlərini sevdiyini dilə gətirməyə çəkinmirdi. (Yəhya 15:9 ayəsini oxuyun.) O, bunu əməldə də göstərirdi. Tez-tez onlarla səmimi söhbətlər edirdi (Mark 6:31, 32; Yəh. 2:2; 21:12, 13). İsanı onlarla bağlayan yalnız təbliğ işi deyildi. Buna görə də şagirdlər heç vaxt İsanın sevgisinə şübhə etmirdilər. Siz İsadan necə nümunə götürə bilərsiniz?

4. Övladlarınızı onları sevdiyinizə necə əmin edə bilərsiniz? (Məqalənin əvvəlindəki şəklə baxın.)

4 Uşaqlarınıza onları sevdiyinizi söyləyin və sizin üçün nə qədər dəyərli olduqlarını onlara həmişə hiss etdirin (Məs. 4:3; Tit. 2:4). Avstraliyada yaşayan Samuel deyir: «Mən balaca olanda atam hər axşam mənə “Müqəddəs Kitab hekayələri” kitabını oxuyurdu. O, mənim bütün suallarıma cavab verirdi, məni bağrına basırdı, gecə yatmazdan qabaq öpürdü. Sonralar öyrəndim ki, sən demə atamın böyüdüyü ailədə uşağı öpüb qucaqlamaq olmayıb. Bununla belə atam var-gücü ilə çalışırdı ki, mənə sevgisini göstərsin. Bunun sayəsində atamla münasibətim çox yaxın idi, ürəyimdə arxayınlıq var idi». Övladlarınıza tez-tez onları çox istədiyinizi deyin. Onlara sevginizi hiss etdirin. Onlarla danışın, yemək yeyin, oyunlar oynayın.  Onda sizin də övladlarınızın ürəyində arxayınlıq olacaq.

5, 6. a) İsa sevdikləri ilə necə davranırdı? b) Düzgün tərbiyə uşağa necə təsir edir?

5 İsa demişdi: «Mənə əziz olan adamları mən məzəmmət və tərbiyə edirəm» (Vəhy 3:19) *. İsanın şagirdləri dəfələrlə aralarında kimin böyük olması üstündə mübahisə edirdilər, buna baxmayaraq, İsa onlardan əlini üzmürdü. Amma onlar İsanın məsləhətinə qulaq asmayanda İsa buna göz yummurdu. O, yeri düşdükcə mehribancasına, mülayimcəsinə onları məzəmmət edirdi (Mark 9:33—37).

6 Övladını sevən valideyn ona tərbiyə verməlidir. Bəzən müəyyən hərəkətin nəyə görə düzgün və ya yanlış olduğunu izah etmək bəs edir. Elə də olur ki, uşaq valideynin sözünü eşitmir (Məs. 22:15). Belə olanda İsadan nümunə götürün. Münasib vaxtda və yerdə səbirlə, mülayimliklə və mehribancasına uşağa səhvini göstərin, onu başa salın. Cənubi Afrikada yaşayan Elen adlı bir bacı deyir: «Valideynlərim mənim tərbiyəmə çox ciddi yanaşırdılar. Əgər nəyəsə görə qulaqburması verəcəklərini deyirdilərsə, elə də edirdilər. Amma heç vaxt məni əsəbdən, yaxud səbəbini demədən cəzalandırmırdılar. Buna görə də ürəyim rahat idi. Məndən nə tələb olduğunu bilirdim, heç vaxt həddimi aşmırdım».

TƏVAZÖKAR OLUN

7, 8. a) İsa təvazökar olduğunu dualarında necə göstərmişdi? b) Dualarınızla övladlarınıza Yehovaya güvənməyi necə öyrədə bilərsiniz?

7 İsa ölümünə az qalmış Yehovaya duada demişdi: «Atacan, [hərfən Abba] Ata, Sənin üçün hər şey mümkündür. Bu camı məndən uzaqlaşdır. Fəqət qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun» (Mark 14:36) *. İllər sonra şagirdləri İsanın bu cür dua etdiyini biləndə təsəvvür edin, bu, onlara necə təsir etmişdi. Onlar başa düşmüşdülər ki, əgər Yehovanın kamil Oğlu yalvarıb Ondan imdad diləmişdisə, deməli, onlar da belə etməlidirlər.

8 Bəs övladlarınız sizin dualarınızdan nə öyrənir? Düzdür, Yehova Allaha dua etməkdə əsas məqsəd övladlarınıza nə isə öyrətmək deyil. Bununla belə, uşaqlarınızın yanında Yehovaya təvazökarcasına dua edəndə onlar da Yehovaya güvənməyi öyrənirlər. Braziliyada yaşayan Anna deyir: «Problemlərimiz olanda, məsələn, nənəmlə babam xəstə olanda valideynlərim Yehovadan tab gətirmək üçün güc, düzgün qərarlar vermək üçün müdriklik istəyirdilər. Hətta son dərəcə çətin vaxtlarda da onlar hər şeyi Yehovanın öhdəsinə buraxırdılar. Bunun sayəsində mən Yehovaya güvənməyi öyrəndim». Uşaqlarla dua edəndə təkcə onlar üçün dua etməyin. Öz problemləriniz barədə də dua edib Yehovadan kömək istəyin. Məsələn, dua edə bilərsiniz ki, böyük toplantıya getmək üçün işdən icazə versinlər. Həmçinin qonşuya təbliğ etmək üçün cəsarət diləyə bilərsiniz, yaxud başqa şey üçün Yehovadan kömək istəyə bilərsiniz. Yehovaya güvənin, onda övladlarınız da belə edəcək.

9. a) İsa şagirdlərinə başqalarına xidmət etməyi necə öyrədirdi? b) Uşaqlarınızın fədakar olmasını istəyirsinizsə, nə etməlisiniz?

 9 İsa sözləri və əməlləri ilə şagirdlərinə təvazökar olub başqalarına xidmət etməyi öyrədirdi. (Luka 22:27 ayəsini oxuyun.) O, həvarilərinə həm Yehovanın yolunda, həm də dindaşlarına qarşı fədakar olmağı öyrətmişdi. Siz fədakar olsanız, övladlarınız sizə baxıb nümunə götürəcək. İki uşaq anası olan Debbi bacı deyir: «Yoldaşım yığıncaqda ağsaqqal kimi xidmət edir. Ancaq mən heç vaxt onu yığıncağa qısqanmamışam. Həmişə arxayın olmuşam ki, ailə onun diqqətindən kənarda deyil» (1 Tim. 3:4, 5). Onun əri Pranas isə deyir: «Böyüdükcə uşaqlarımız toplantılarda və digər teokratik işlərdə kömək etməyə can atırdılar. Onlar inkişaf edir, bacı-qardaşlarla dostlaşır, özlərini yığıncağın üzvü hiss edirdilər». İndi onların bütün ailəsi Yehovaya tammüddətli xidmət edir. Sizin təvazökarlığınızı, fədakarlığınızı görüb övladlarınız da başqalarına xidmət etməyi öyrənəcək.

ANLAYIŞLI OLUN

10. Camaat İsanın ardınca getmək istəyəndə o, nəyi başa düşdü?

10 İsa anlayışlı idi. O, vəziyyətin nədən qaynaqlandığını başa düşür, insanların əməllərinin arxasındakı niyyəti görürdü. Bir dəfə Cəlilədə olanda camaat İsanın ardınca getmək istədi (Yəh. 6:22—24). Amma İsa ürəkləri görürdü. O başa düşürdü ki, camaatı onun təlimləri yox, yemək maraqlandırır (Yəh. 2:25). İsa onların səhvini gördü, səbirlə onlara səhvlərini başa saldı və göstərdi ki, necə düzələ bilərlər. (Yəhya 6:25—27 ayələrini oxuyun.)

Övladınız üçün təbliğ etmək maraqlıdır? (11-ci abzasa baxın)

11. a) Valideyn uşağın xidmət etməyi xoşlayıb xoşlamadığını necə müəyyən edə bilər? b) Xidməti uşaq üçün necə maraqlı etmək olar?

11 Düzdür, siz ürəkləri görmürsünüz, amma anlayışlı olub övladınızın xidmətə necə yanaşdığını duya bilərsiniz. Bir çox valideynlər uşaqları ilə təbliğ edəndə arada fasilə edirlər ki, uşaqlar dincəlsin və yüngül qəlyanaltı etsin. Amma vəziyyətə bir az dərindən baxıb fikirləşmək olar: «Görəsən, uşaq xidməti xoşlayır,  yoxsa arada etdiyimiz fasiləni?» Əgər hiss etsəniz ki, uşaq fasiləni xidmətdən çox sevir, onda xidməti maraqlı etmək üçün onunla birlikdə qarşınıza məqsəd qoya bilərsiniz. Yaradıcı fantaziyanızı işə salın ki, uşaq xidmətdən sevinc duysun.

12. a) Məsih davamçılarını nədən çəkindirmişdi? b) İsanın xəbərdarlığı nəyə görə yerində idi?

12 İsa Məsih anlayışlı olduğunu günaha aparan addımları müəyyən etməklə də göstərmişdi. Məsələn, onun şagirdləri bilirdilər ki, əxlaqsızlıq günahdır. Lakin İsa onları əxlaqsızlığa gətirib çıxaran addımlardan çəkindirmişdi. O demişdi: «Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur. Ona görə də sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at» (Mət. 5:27—29). Bu xəbərdarlıq Roma imperiyasında yaşayan məsihilər üçün lap yerinə düşürdü. Bir tarixçinin sözlərinə görə, qədim Roma teatrında «ədəbli şey eşidib-görmək mümkün deyildi. Səhnə nə qədər pozğun olurdusa, bir o qədər sürəkli alqışlarla qarşılanırdı». Bəli, Məsihin öz şagirdlərini təkcə əxlaqsızlıqdan yox, hətta əxlaqsızlığa sürükləyən addımlardan çəkindirməsi onun məhəbbətindən və anlayışlı olmasından xəbər verir.

13, 14. Övladlarınızı natəmiz əyləncələrdən necə qoruya bilərsiniz?

13 Anlayış sizə də övladlarınızın ruhaniliyini qorumağa kömək edəcək. Bu gün pornoqrafiya, əxlaqsız məzmunlu materiallar hətta azyaşlı uşaqlar üçün də əlçatandır. Sözsüz ki, məsihi valideynlər uşaqlarına natəmiz əyləncələrin düzgün olmadığını başa salır. Lakin valideyn başa düşməyə çalışmalıdır ki, uşaqda pornoqrafiyaya maraq necə yarana bilər. Özünüzdən soruşun: «Uşağı pornoqrafiyaya nə cəlb edə bilər? O, pornoqrafiyanın nəyə görə təhlükəli olduğunu bilir? Bəs mən elə şərait yaradırammı ki, uşaq pornoqrafiyaya baxsa, ürək edib mənə desin?» Hələ balaca vaxtından uşağa başa salmaq lazımdır ki, əgər təsadüfən İnternetdə əxlaqsız şəkillər və videolar görüb baxsa, utanmasın, gəlib sizə desin. Çünki siz ona kömək etmək istəyirsiniz.

14 Anlayış sizin özünüzə də əyləncə seçərkən kömək edəcək. Yuxarıda adı çəkilən Pranas deyir: «Valideynlərin seçdiyi musiqilər, kitablar və filmlər bütün ailəyə istiqamət verir. Valideyn çox şey deyə bilər, ancaq uşaq onun hərəkətlərinə baxıb onları təkrar edəcək». Əgər uşaqlarınız görürsə ki, siz ədəbli əyləncə seçirsiniz, çox güman ki, onlar da bu cür seçim edəcəklər (Rom. 2:21—24).

ALLAH SİZİ EŞİDƏCƏK

15, 16. a) Nəyə görə əmin ola bilərsiniz ki, Yehova övladlarınızı tərbiyə etməyə kömək edəcək? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

15 Mənuh oğlunun tərbiyəsi ilə bağlı Allahdan kömək istəyəndə «Allah Mənuhu eşitdi» (Hak. 13:9). Valideynlər, Yehova sizi də eşidəcək. O, dualarınıza cavab verib sizə övladlarınızı tərbiyə etməyə kömək edəcək. Məhəbbətlə, təvazökarlıqla və anlayışla övladlarınıza yaxşı tərbiyə verə biləcəksiniz.

16 Yehova valideynlərə balaca uşaqların tərbiyəsində kömək etdiyi kimi, yeniyetmələrin tərbiyəsində də kömək edir. Növbəti məqalədə araşdıracağıq ki, İsadan nümunə götürərək yeniyetmə övladlarınızı Yehovanın yolunda məhəbbətlə, təvazökarlıqla və anlayışla necə tərbiyə edə bilərsiniz.

^ abz. 5 Müqəddəs Kitaba əsasən, tərbiyəyə məsləhət vermək, öyrətmək, səhvini göstərmək, bəzən isə cəzalandırmaq daxildir. Ancaq cəza qəzəbdən irəli gəlməməlidir.

^ abz. 7 «Beynəlxalq standart Müqəddəs Kitab ensiklopediyası»nda deyilir: «İsanın ibrani dilində işlətdiyi “abba” sözü o dövrdə adi danışıq dilində ataya xitabən işlədilən və doğmalıq, eyni zamanda hörmət ifadə edən söz idi».