Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2015

Padşahlığın yüzilliyi

Padşahlığın yüzilliyi

«Arzumuz budur ki,.. sülh Allahı Onun iradəsini icra etmək üçün sizi hər cür yaxşı şeylə təchiz etsin» (İBR. 13:20, 21).

NƏĞMƏ: 136, 14

1. İsa Məsih üçün təbliğ işi nə qədər vacib idi?

İSA MƏSİH Allahın Padşahlığı haqda danışmağı çox sevirdi. Müqəddəs Kitabda yazılanlara əsasən, o, başqa mövzulardan çox Padşahlıq haqda danışmışdı. Xidməti ərzində bu mövzuya 100 dəfədən çox istinad etmişdi. Padşahlıq ona çox əziz idi. (Mətta 12:34 ayəsini oxuyun.)

2. Məsih Mətta 28:19, 20 ayələrində yazılan əmri verəndə orada nə qədər adam var idi və nəyə görə belə nəticəyə gəlirik? (Haşiyəyə baxın.)

2 İsa diriləndən bir az sonra beş yüzdən çox insana görünmüşdü. Onlar gələcəkdə onun şagirdi olacaqdı (1 Kor. 15:6). Yəqin ki, «bütün xalqların içində» Padşahlıq xəbərini yaymaq əmrini Məsih elə həmin vaxt vermişdi. O vaxt üçün bu, çox çətin tapşırıq idi *. İsa peyğəmbərlik etmişdi ki, bu böyük iş «dövrün yekununa kimi» icra olunacaq. Necə demişdisə, elə də oldu. Çox yəqin ki, bu tapşırığın və peyğəmbərliyin yerinə yetməsində sizin də payınız var (Mət. 28:19, 20).

3. Müjdəni təbliğ etmək üçün hansı üç sahədə təchiz olunmuşuq?

 3 İsa təbliğ etmək tapşırığını verəndən sonra «sizinləyəm» deyə vəd verdi (Mət. 28:20). Təbliğ işi onun rəhbərliyi altında icra olunacaqdı. Allahımız bu əmri yerinə yetirə bilməyimiz üçün bizi «hər cür yaxşı şeylə» təchiz edib (İbr. 13:20, 21). Bu məqalədə həmin yaxşı şeylərdən üçünü araşdıracağıq: 1) aldığımız vəsaitlər, 2) istifadə etdiyimiz üsullar və 3) aldığımız təlim. İlk öncə gəlin ötən 100 il ərzində istifadə etdiyimiz vəsaitlərdən bəzilərini nəzərdən keçirək.

PADŞAH XİDMƏTÇİLƏRİNİ TƏCHİZ EDİR

4. Nəyə görə təbliğ işində müxtəlif vəsaitlərdən istifadə etmişik?

4 İsa «Padşahlıq haqqındakı sözü» müxtəlif növ torpağa səpilmiş toxumla müqayisə etmişdi (Mət. 13:18, 19). Əkinçi toxumun cücərməsi üçün əvvəlcə müxtəlif alətlərlə torpağı şumlayır. Eynilə, Padşahımız da illər ərzində milyonlarla insanın Padşahlıq xəbərini qəbul edə bilməsi üçün bizə müxtəlif vəsaitlər verib. Bəzi vəsaitlər onilliklər ərzində istifadə edilib, bir başqaları isə indiyədək işlənir. Ancaq bu vəsaitlərin hamısı bizə müjdəçi kimi püxtələşməyə kömək edib.

5. Şahidlik vərəqəsi nədir və ondan necə istifadə olunurdu?

5 Padşahlığın müjdəçiləri 1933-cü ildə şahidlik vərəqəsindən istifadə etməyə başladılar. Bu vərəqə çoxlarına təbliğ etməyə başlamağa kömək etdi. Eni təxminən 8, uzunluğu 13 santimetr olan vərəqələrdə Müqəddəs Kitaba əsaslanan qısa məlumat yazılırdı. Vaxtaşırı vərəqələr yenilənir və orada Müqəddəs Kitaba əsaslanan başqa məlumatlar yer alırdı. Təqdimə çox sadə olurdu. Erlenmayer qardaş ilk dəfə bu cür şahidlik edəndə təxminən on yaşı var idi. O deyir: «Adətən, giriş sözləri belə olurdu: “Bu vərəqəni oxuya bilərsiniz?”» Ev sakini vərəqəni oxuduqdan sonra biz ona ədəbiyyat verir və çıxıb gedirdik.

6. Şahidlik vərəqəsi hansı məqsədə xidmət edirdi?

6 Şahidlik vərəqəsinin çox sahədə köməyi dəymişdi. Məsələn, bəzi təbliğçilər utancaq idilər, təbliğ etmək istəsələr də, bilmirdilər nə desinlər. Başqaları isə çox danışmağı sevirdi. Onlar bir neçə dəqiqəyə bütün bildiklərini danışırdılar, amma çox vaxt bunu nəzakətlə etmirdilər. Ancaq yığcam və aydın yazılmış şahidlik vərəqəsi ilə təbliğçi yaxşı şahidlik edə bilirdi.

7. Şahidlik vərəqələri ilə təbliğ edəndə hansı çətinliklər olurdu?

7 Lakin bunun da özünəməxsus çətinlikləri var idi. Yehovaya uzun müddət xidmət etmiş Qreys Estep bacı deyirdi: «Bəzən bizdən soruşurdular: “Burada nə yazılıb? Özünüz deyə bilməzsiniz?”» Bəzi adamlar oxumağı bacarmırdı. Elələri də var idi ki, vərəqəni alıb qapını bağlayırdılar. Ev sakini müjdəyə pis yanaşanda vərəqəni cırıb atırdı. Buna baxmayaraq, şahidlik vərəqəsi sayəsində qardaşlarımız təbliğ etməyi öyrənirdi və Padşahlığın müjdəçiləri kimi tanınırdılar.

8. Patefondan necə istifadə olunurdu? (Məqalənin əvvəlindəki şəklə baxın.)

8 1930-cu ildən 1940-cı ilin əvvəllərinə qədər digər bir vəsaitdən — patefondan istifadə olunmuşdu. Qardaşlar onun adını Harun qoymuşdular, çünki  o, təbliğçilərin yerinə danışırdı. (Çıxış 4:14—16 ayələrini oxuyun.) Təbliğçi ev sahibinin izni ilə Müqəddəs Kitaba əsaslanan dörd dəqiqə yarımlıq nitqi patefonda oxutdururdu, sonra isə ədəbiyyat təklif edirdi. Bəzən isə bütün ailə yığışıb Müqəddəs Kitabdan olan xəbərə qulaq asırdı. 1934-cü ildə Gözətçi Qülləsi Cəmiyyəti məxsusi olaraq təbliğ xidməti üçün patefon düzəltməyə başladı. Sonda yazıya alınmış mövzuların sayı 92-ə çatmışdı.

9. Patefonla təbliğ etməyin hansı faydası oldu?

9 Hilari Qoslin adlı bir nəfər nitqlərin birinə qulaq asandan sonra təbliğçidən patefonu bir həftəlik aldı ki, qonşuları da müjdəyə qulaq assın. Təbliğçi növbəti dəfə gələndə gördü ki, onu yeni maraqlananlar gözləyir. Tədricən onlardan bir neçəsi özünü Yehovaya həsr etdi. Hilarinin iki qızı isə Gilad Məktəbinə dəvət aldı və başqa ölkəyə təyin olundu. Şahidlik vərəqəsi kimi, patefon da bir çoxlarına təbliğ etməyə başlamağa kömək etdi. Sonralar Padşah təbliğçilərə öz dilləri ilə təbliğ etməyi öyrətdi.

TƏBLİĞ ÜSULLARI

10, 11. Həqiqətin yayılmasında hansı üsullardan istifadə olunmuşdu və nəyə görə bu üsullar effektiv idi?

10 Padşahın rəhbərliyi altında Allahın xalqı müjdəni daha çox insana çatdırmaq üçün müxtəlif üsullardan istifadə edib. Biçinçilərin az olduğu dövrdə bu xüsusilə vacib idi. (Mətta 9:37 ayəsini oxuyun.) XX əsrin əvvəllərində Yehovanın xidmətçilərinin az olduğu yerlərdə daha çox insana müjdəni çatdırmaq üçün qəzetlərdən istifadə olunurdu. Çarlz Teyz Rassel qardaş hər həftə qəzet sindikatına (sahibkarlar ittifaqı) teleqrafla moizə göndərirdi. Sindikat da həmin moizəni Birləşmiş Ştatlar, Kanada və Avropadakı qəzet redaksiyalarına göndərirdi. 1913-cü ilə qədər Rassel qardaşın moizələri 2000 qəzetdə çap olunmuşdu və onları 15 000 000 insan oxumuşdu.

11 Rassel qardaşın ölümündən sonra müjdəni yaymaq üçün daha bir effektiv üsul meydana çıxdı. 1922-ci il aprelin 16-da Cozef Ruterford qardaş radioda ilk çıxışlarından birini etdi. Bu çıxışa təxminən 50 000 insan qulaq asmışdı. 1924-cü il fevralın 24-də təşkilatın ilk radiostansiyası WBBR istifadəyə verildi. Bu yeni təbliğ üsuluna dair «Gözətçi qülləsi»nin 1 dekabr 1924-cü il sayında deyilmişdi: «Radio həqiqət xəbərini yaymaq üçün indiyədək istifadə olunan ən ucuz və sərfəli üsuldur». Qəzet kimi, radionun da təbliğçilərin az olduğu ərazilərdə xoş xəbərin geniş kütləyə çatdırılmasında böyük köməyi dəymişdi.

Padşahlıq təbliğçilərinin çoxu ictimai yerlərdə şahidlik edir və insanları jw.org saytına yönəldir (12 və 13-cü abzasa baxın)

12. a) İctimai şahidliyin hansı növü lap çox xoşunuza gəlir? b) İctimai şahidlik etməyə qorxursunuzsa, sizə nə kömək edə bilər?

12 Hal-hazırda isə biz ictimai yerlərdə — avtobus, maşın dayanacaqlarında, stansiyalarda, iş yerlərində, meydanlarda və ticarət yerlərində şahidliyə xüsusi diqqət ayırırıq. Əgər bu xidmətin hansısa növündə iştirak edərkən həyəcanlanırsınızsa, onda bu barədə dua edə bilərsiniz. Həmçinin uzun müddət səyyar nəzarətçi kimi xidmət edən Anjelo Manera qardaşın sözlərinə diqqət yetirin. O demişdi: «Biz hər yeni xidmət növünə Yehovaya  xidmət etmək, Ona sadiqliyimizi, nöqsansızlığımızı sübut etmək imkanı kimi baxırdıq və istəyirdik ki, O, necə deyir, elə də xidmət edək». Hətta bizə rahat olmasa da, xidmətin yeni növündə iştirak edəndə Yehovaya etibarımız və imanımız güclənir. Bu isə bizim ruhaniliyimizi möhkəmləndirir. (2 Korinflilərə 12:9, 10 ayələrini oxuyun.)

13. jw.org vebsaytı sayəsində nəyə nail olunur və saytla bağlı hansı maraqlı hadisə ilə üzləşmisiniz?

13 Bir çox təbliğçilər insanları jw.org vebsaytına yönəldirlər. Bu saytda 700-dən çox dildə Müqəddəs Kitaba əsaslanan nəşrləri oxumaq və yükləmək mümkündür. Hər gün 1,6 milyondan çox insan saytımıza daxil olur. Radio kimi, vebsaytın sayəsində də müjdə hətta ən ucqar ərazilərdə yaşayan insanlara çatır.

MƏKTƏBLƏR

14. Nəyə görə Padşahlığın təbliğçilərinə təlim vermək lazım idi və onlara səriştəli müəllim olmağa hansı məktəb kömək etdi?

14 Müjdənin yayılması üçün istifadə olunan vəsaitlərin və üsulların bəzilərini nəzərdən keçirdik. Bəs təlim barədə nə demək olar? Tutalım ki, kimsə patefonda nitqə qulaq asandan sonra etirazını bildirirdi, yaxud şahidlik vərəqəsini oxuyandan sonra xəbərlə maraqlanırdı. Belə olan halda təbliğçi etiraza nəzakətlə cavab verməyi, Allahı axtaran insanları öyrətməyi bilməli idi. Sözsüz ki, Allahın müqəddəs ruhunun təşviqi ilə Neytan Norr qardaş başa düşdü ki, təbliğçilərə xidmətdə düzgün danışmağı öyrətmək lazımdır. Beləliklə, 1943-cü ildə yığıncaqlarda Teokratik Xidmət Məktəbi təsis olundu. Bu məktəb bizə səriştəli müəllimlər olmağa kömək edir.

15. a) Teokratik Xidmət Məktəbində çıxış edənlərin bəziləri hansı hissləri keçirmişlər? b) Yehovanın Zəbur 32:8 ayəsindəki vədini öz üzərinizdə necə hiss etmisiniz?

15 Çoxları auditoriya qarşısında danışmağa öyrəşməmişdi. Xulio Ramu qardaş məktəbdə ilk çıxışını 1944-cü ildə etmişdi. Mövzu Müqəddəs Kitabın cəmi dörd ayəsində adı çəkilən Duəq haqda idi. Çıxışını bu ayələr əsasında quran Xulio qardaş deyir: «Mənim dizlərim, əllərim əsirdi, dişlərim bir-birinə dəyirdi. Çıxışımı üç dəqiqəyə qurtardım. Bu, kürsüdən etdiyim ilk çıxış idi,  bununla belə, səhnədən yarımçıq düşmədim». Uşaqlar da məktəbə yazılırdılar. Onlardan bəziləri üçün yığıncaq qarşısında çıxış etmək çətin idi. Yuxarıda adını çəkdiyimiz Anjelo Manera qardaş orta məktəbə təzə gedən balaca oğlanın ilk çıxışından danışaraq demişdi: «O, elə həyəcanlı idi ki, ağzını açan kimi ağlamağa başladı. Amma çıxışı yarımçıq qoymadı, ağlaya-ağlaya axıra çatdırdı». Ola bilsin, siz də yığıncaqda cavab verməyə utanırsınız, yaxud da bacarmayacağınızdan qorxaraq tapşırıqla çıxış etmirsiniz. Yehovadan kömək istəyin. O, Teokratik Xidmət Məktəbində oxuyan əvvəlki şagirdlərə necə kömək etmişdisə, sizə də elə kömək edəcək. (Zəbur 32:8 ayəsini oxuyun.)

16. Gilad məktəbinin əvvəllər məqsədi nə idi, bəs indi hansı məqsədə xidmət edir?

16 Yehova Öz xalqına təkcə Teokratik Xidmət Məktəbində təlim vermir. Xüsusi təyinatlı müjdəçilər və başqaları Gilad məktəbində oxuyaraq böyük fayda əldə ediblər. Orada dərs deyən müəllimlərdən birinin sözlərinə əsasən, məktəbin məqsədi «şagirdlərin ürəyində müjdəçilik işində iştirak etmək arzusunu daha da alovlandırmaqdır». Gilad məktəbi 1943-cü ildə təsis olunmuşdu və o vaxtdan etibarən 8500 nəfər bu məktəbin məzunu olub. Giladda təlim almış xüsusi təyinatlı müjdəçilər 170-dən çox ölkədə xidmət etmişlər. 2011-ci ildən məktəbə artıq xüsusi tammüddətli xidmətdə olanlar — xüsusi öncüllər, səyyar nəzarətçilər, beytellilər, Giladda oxumamış xüsusi təyinatlı müjdəçilər dəvət olunurlar.

17. Gilad məktəbindəki təlim nə dərəcədə effektiv olub?

17 Bu təlim nə dərəcədə effektiv olub? Bir nümunəyə baxaq. 1949-cu ilin avqustunda Yaponiyada yerli təbliğçilərin sayı on nəfərdən az idi. Həmin ilin sonunda orada Gilad məktəbini qurtarmış 13 xüsusi təyinatlı müjdəçi təbliğ edirdi. Bu gün Yaponiyada təxminən 216 000 nəfər təbliğçi var və onların təqribən 42 faizi öncül kimi xidmət edir.

18. Yehovanın xalqının ruhani cəhətdən inkişafına kömək edən məktəblərdən bəzilərinin adını çəkin.

18 Digər məktəblər, məsələn, Padşahlıq Xidməti Məktəbi, Öncül Məktəbi, Padşahlıq müjdəçiləri məktəbi, Rayon Nəzarətçiləri və Həyat Yoldaşları üçün Məktəb, Filial Komitələrinin üzvləri və Həyat Yoldaşları üçün Məktəb Yehovanın xalqının ruhaniliyinin və bacarığının artmasında misilsiz rol oynayır. Bəli, Padşah öz təbəələrinə təlim verir.

19. Rassel qardaş təbliğ işi ilə bağlı nə demişdi və bu, necə yerinə yetdi?

19 Allahın Padşahlığının qurulmasından artıq 100 ildən çox vaxt keçib. Padşahımız İsa Məsih bizə hələ də təlim verir. 1916-cı ildə ölümündən bir qədər əvvəl Çarlz Teyz Rassel qardaş uzaqgörənliklə təbliğ işinin çox böyük vüsət alacağını söyləmişdi. O, yaxın bir dostuna belə demişdi: «İş sürətlə artır, hələ bundan sonra da artacaq. Çünki Padşahlıq haqda müjdə bütün dünyaya təbliğ olunmalıdır» («Marşda iman», A. Makmillan, səh. 69). O, haqlı idi. Biz çox xoşbəxtik ki, sülh Allahı bu möhtəşəm işi icra etmək üçün bizi hər şeylə təchiz edir, Onun iradəsini yerinə yetirmək üçün bizə hər cür yaxşı şeyi verir.

^ abz. 2 Görünür, həmin vaxt orada olanların əksəriyyəti sonradan məsihi oldular. Çünki həvari Bulus korinflilərə yazdığı məktubunda onları qardaş adlandıraraq demişdi: «Onlardan çoxu indi də sağdır, bəziləri isə ölüm yuxusuna gediblər». Bundan görünür ki, Bulus və birinci əsrdəki başqa məsihilər bu əmri öz qulaqları ilə eşidənlərin çoxu ilə tanış idilər.