Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2015

 ARXİVİMİZDƏN

«Günəş altında olan heç nə sizə... mane olmamalıdır!»

«Günəş altında olan heç nə sizə... mane olmamalıdır!»

1931-ci ilin yaz fəsli idi. Parisin məşhur Pleyel konsert zalı 23 ölkədən gəlmiş qonaqlarla dolu idi. Böyük taksilər gözəl geyimli sərnişinləri binanın qarşısında düşürürdü. Çox keçməmiş əsas zalda 3000-ə yaxın adam toplaşmışdı. Onlar konsertə gəlməmişdilər, o vaxt təbliğ işinə rəhbərlik edən Cozef Ruterford qardaşı dinləmək üçün yığışmışdılar. Onun alovlu nitqləri fransız, alman və polyak dilinə tərcümə olunurdu. Ruterford qardaşın gur səsi zalda əks-səda verirdi.

Parisdə keçirilən toplantı Fransadakı təbliğ işində dönüş nöqtəsi oldu. Ruterford qardaş müxtəlif xalqlardan olan dinləyiciləri, xüsusən də gənc məsihiləri Fransada kitabpaylayan kimi xidmət etməyə səslədi. İngiltərədən gələn Con Kuk adlı yeniyetmə bu təsirli çağırışı heç vaxt unutmamışdı: «Günəş altında olan heç nə sizə kitabpaylayan kimi xidmət etməyə mane olmamalıdır! *»

Sonralar xüsusi təyinatlı müjdəçi olan Con Kukla yanaşı, çoxları bu çağırışa hay verdi (Həv. 16:9, 10). Belə ki, 1930-cu ildə Fransada kitabpaylayanların sayı 27 nəfər idisə, 1931-ci ildə 104 nəfər oldu. Cəmi bir ilə bu qədər artımın olması görünməmiş hal idi. Ancaq həmin öncüllərin əksəriyyəti fransız dilini bilmirdilər. Bəs onlar dil baryerini necə aşırdılar? Şəraitsizliyə, tənhalığa necə qatlaşırdılar?

DİL BARYERİNİ AŞIRLAR

Əcnəbi kitabpaylayanlar Padşahlıq ümidini çatdırmaq üçün şahidlik vərəqələrindən istifadə edirdilər. Cəsarətlə Parisdə xidmət edən almandilli bir qardaş deyir: «Biz bilirdik ki, Yehova hər şeyə qadir Allahdır. Xidmət vaxtı həyəcanlanırdıq. Amma bu, insanlardan qorxduğumuz üçün deyildi. Sadəcə qorxurduq ki, bu kiçik ifadə yadımızdan çıxar: “Voulez-vous lire cette carte, s’il vous plaît? ” [Tərcüməsi «Bu vərəqəni oxuya bilərsiniz?» deməkdir] Biz əmin idik ki, son dərəcə vacib bir işi görürük».

Kitabpaylayanlar velosipedlə və motosikletlə Fransada müjdəni yayırdılar

Binalarda təbliğ edərkən çox vaxt komendantlar kitabpaylayanları qovurdular. Bir dəfə fransız dilini çox az bilən ingilisdilli iki bacı aqressiv bir qapıçı ilə üzləşdilər. Kişi onlardan kimin yanına gəldiklərini soruşdu. Bacılardan biri kişinin hirsini yatırmaq istəyirdi. Bu zaman onun gözü qapının üstündəki lövhəciyə sataşdı. Lövhəcikdə yazılmışdı: «Tournez le bouton» [Tərcüməsi «Zəngi basın» deməkdir]. Bacı elə bildi ki, bu ev sahibinin adıdır. O, şən səslə dedi: «Madam “Tournez le bouton”un yanına gəlmişik». Yumor hissinin bu şövqlü kitabpaylayanlara böyük köməyi dəyirdi.

 ŞƏRAİTSİZLİK VƏ TƏNHALIQ ONLARA MANE OLA BİLMİRDİ

1930-cu illərdə Fransa əhalisinin əksəriyyəti çətin şəraitdə yaşayırdı. Başqa ölkələrdən gəlmiş kitabpaylayanlar da istisna deyildi. Mona Bjoska adlı ingilisdilli bir bacı öncül əməkdaşı ilə hansı şəraitdə yaşadıqları barədə belə deyir: «Adətən, tutduğumuz ev həddən artıq sadə olurdu. Böyük problemlərimizdən biri də qışda otağı isitmək idi. Çox vaxt otağımız qışda buz kimi olurdu. Səhərlər bardaqda suyun üzü buz bağlayırdı. Buzu sındırıb əl-üzümüzü yuyurduq». Ancaq bu şəraitsizlik öncülləri ruhdan salmırdı. Onlardan biri öz hisslərini belə ifadə etmişdi: «Bizim heç nəyimiz yox idi, amma heç nədən korluq çəkmirdik» (Mət. 6:33).

1931-ci ildə Parisdə keçirilən toplantıya İngiltərədən gələn öncüllər

Bu cəsarətli kitabpaylayanlar tənhalığa da qatlaşmalı olurdular. 1930-cu illərin əvvəllərində Fransada təbliğçilərin sayı 700-dən çox deyildi. Üstəlik, onların əksəriyyəti bütün ölkəyə səpələnmişdi. Təkbaşına xidmət edən kitabpaylayanlara sevinclərini qorumağa nə kömək edirdi? Mona bacı öncül əməkdaşı ilə tək təbliğ edirdi. O deyirdi: «Vəziyyətə qatlaşmaq üçün biz Cəmiyyətdən gələn nəşrləri həmişə birlikdə oxuyurduq. Həmin vaxtlar təkrar söhbətlər etmirdik, heç kimlə Müqəddəs Kitab dərsi keçmirdik. Buna görə də axşamlar boş vaxtımız olurdu, oturub ailəmizə, xüsusilə də başqa öncüllərə məktub yazıb başımıza gələn hadisələri bölüşür, bir-birimizi ruhlandırırdıq» (1 Salon. 5:11).

Bu fədakar kitabpaylayanlar çətinliklərə baxmayaraq, müsbət əhval-ruhiyyəni qoruyub saxlayırdılar. Bunu həmin öncüllərin Fransada xidmət etdikdən uzun illər sonra filiala yazdıqları məktubdan görmək olar. Ani Krejin adlı məsh olunmuş bacı 1931—1935-ci illərdə həyat yoldaşı ilə birlikdə bütün Fransanı başdan-ayağa gəzmişdi. Həmin illəri xatırlayaraq bacı yazmışdı: «Bizim həyatımız xoşbəxt və macəralı keçirdi. Biz öncüllərin münasibəti çox sıx idi. Həvari Bulusun dediyi kimi, “Mən əkdim, Apollos suladı, Allah isə böyütdü”. Biz çox xoşbəxtik ki, o vaxtlar insanlara kömək edə bilmişik» (1 Kor. 3:6).

Həmin öncüllər xidmətini genişləndirmək istəyənlər üçün mətanətli və çalışqan olmaqda silinməz bir iz buraxmışlar. Bu gün Fransada təxminən 14 000 öncül var. Onların çoxu əcnəbidilli qruplarda və yığıncaqlarda xidmət edir *. Sələfləri kimi, onlar da qoymurlar ki, günəş altında olan nə isə onlara mane olsun! (Fransadakı arxivimizdən.)

^ abz. 4 Fransadakı polyak mühacirlərin gördüyü iş barədə əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 15 avqust 2015-ci il sayındakı «Yehova sizi Fransaya həqiqəti öyrənməyə gətirib» adlı məqaləyə baxın.

^ abz. 13 2014-cü ildə Fransa filialının nəzarəti altında 900-dən çox əcnəbidilli yığıncaq və qrup fəaliyyət göstərib və 70 dildə təbliğ edərək həqiqəti axtaran insanlara kömək edib.