Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2015

Başqasını özünüzü sevdiyiniz kimi sevirsiniz?

Başqasını özünüzü sevdiyiniz kimi sevirsiniz?

«Başqasını özünü sevdiyin kimi sev» (MƏT. 22:39).

NƏĞMƏ: 73, 36

1, 2. Müqəddəs Yazılarda məhəbbətin vacibliyi necə göstərilir?

MƏHƏBBƏT Yehova Allahın ən başlıca keyfiyyətidir (1 Yəh. 4:16). Yehovanın ilk yaratdığı varlıq İsa Məsih milyardlarla il ərzində göydə Onunla olmuş və Onun məhəbbətinə yaxından bələd olmuşdu (Kol. 1:15). Yerdəki həyatı da daxil olmaqla, İsa bütün ömrü boyu göstərmişdi ki, Yehovanın necə məhəbbətli Allah olduğunu tam başa düşür. Üstəlik, o, özü də Yehovanın məhəbbətini əks etdirir. Beləliklə, biz əmin ola bilərik ki, Yehova Allahın və İsa Məsihin rəhbərliyinin bünövrəsində əbədiyyən məhəbbət duracaq.

2 İsadan soruşanda ki, Tövratda ən böyük əmr hansıdır, o, belə cavab vermişdi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev”. Bu, birinci və ən böyük əmrdir. İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”» (Mət. 22:37—39).

3. Biz kimlərə məhəbbət göstərməliyik?

3 Diqqət yetirdinizsə, Məsih Yehovanı sevməyin vacibliyini deyəndən dərhal sonra insanları sevməyin vacibliyini  vurğulamışdı. Bu, hər kəslə məhəbbətlə davranmağın nə qədər vacib olduğunu göstərir. Əgər biz ailəliyiksə, birinci növbədə həyat yoldaşımızı sevməliyik. Həmçinin yığıncaq üzvlərilə, Yehova Allaha ibadət edən dindaşlarımızla məhəbbətlə davranmalıyıq. Bundan başqa, xidmətdə üzləşdiyimiz insanlara da bu cür münasibət bəsləməliyik. Bəs Yehovaya ibadət edənlər və Onun Oğlunun təlimlərinə uyğun yaşayanlar başqalarına necə məhəbbət göstərirlər?

HƏYAT YOLDAŞINIZI SEVİN

4. Qeyri-kamilliyə baxmayaraq, nikahda xoşbəxtliyə necə nail olmaq olar?

4 Yehova Allah Adəmlə Həvvanı yaradıb onları bir araya gətirərək ilk nikahı təsis etdi. Onun niyyəti o idi ki, onlar xoşbəxt olsunlar, heç vaxt ayrılmasınlar və törəyib çoxalaraq bütün yer üzünü bürüsünlər (Yar. 1:27, 28). Ancaq Yehovanın hakimiyyətinə qarşı qalxan üsyan ilk nikahdan da zərərsiz ötüşmədi, bütün insanlara günah və ölüm keçdi (Rom. 5:12). Buna baxmayaraq, Müqəddəs Kitab nikahda xoşbəxtliyə nail olmağın yolunu göstərir. Orada bu məsələ ilə bağlı ən yaxşı məsləhətlər yazılıb, Müqəddəs Yazılar nikahın Banisi olan Yehova Allahdan nazil olub. (2 Timutiyə 3:16, 17 ayələrini oxuyun.)

5. Nikahda məhəbbət nə dərəcədə vacibdir?

5 Allahın Kəlamında göstərilir ki, sonsuz bağlılıq, dərin istək hissi olan məhəbbət münasibətlərin xoş olması üçün son dərəcə vacibdir. Bu, nikah üçün mütləqdir. Həvari Bulus yığıncağa göndərdiyi məktubda demişdi: «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, qürrələnmir, nalayiq davranmır, öz xeyrini güdmür, tez özündən çıxmır, ona edilən pisliyin hesabını tutmur. Haqsızlığa sevinmir, əksinə, həqiqətə şadlanır. Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür. Məhəbbət heç vaxt tükənmir» (1 Kor. 13:4—8). Allahdan ilham alaraq yazılan bu sözlərin üzərində düşünsəniz və onlara uyğun davransanız, sözsüz ki, xoşbəxt ailəyə sahib olacaqsınız.

Müqəddəs Kitab nikahda xoşbəxtliyə nail olmağın yolunu göstərir (6 və 7-ci abzasa baxın)

6, 7. a) Müqəddəs Kitabda başçılıqla bağlı nə deyilir? b) Məsihi ər arvadı ilə necə davranmalıdır?

 6 Allahın quruluşu başçılıq prinsipinə söykəndiyi üçün məhəbbət xüsusi önəm daşıyır. Həvari Bulus demişdi: «Bunu da bilməyinizi istəyirəm ki, hər kişinin başı Məsih, qadının başı kişi, Məsihin başı isə Allahdır» (1 Kor. 11:3). Ancaq başçılıq etmək ağalıq etmək demək deyil. Misal üçün, Yehova Məsihə mehribanlıqla, xeyirxahlıqla başçılıq edir. İsa da bunu qiymətləndirir, çünki o, Atasını sevdiyini demişdi (Yəh. 14:31). Yehova sevimli oğlu İsa ilə kobud davransaydı, ona ağalıq etsəydi, çətin ki, İsa Onu sevərdi.

7 Ər arvadının başçısı olsa da, Müqəddəs Kitabda deyilir ki, o, arvadına hörmət etməlidir (1 But. 3:7). Arvadına hörmət edən ər, onun tələbatlarını nəzərə alır və bəzi məsələlərdə ilk seçimi ona buraxır. Allahın Kəlamında deyilir: «Ərlər, arvadlarınızı həmişə sevin, necə ki Məsih də yığıncağı sevdi və özünü onun yolunda fəda etdi» (Efes. 5:25). İsa davamçılarının uğrunda hətta canından belə keçdi. Ər İsadan nümunə götürərək məhəbbətlə başçılıq etsə, onda arvada həyat yoldaşını sevmək, ona hörmət etmək və tabe olmaq asan olacaq. (Titusa 2:3—5 ayələrini oxuyun.)

DİNDAŞLARINIZI SEVİN

8. Yehovanın xidmətçisi öz dindaşlarına necə yanaşmalıdır?

8 Bütün yer üzündə milyonlarla insan Yehova Allaha ibadət edir, Onun adı və niyyəti barədə şahidlik edir. Yehovanın xidmətçisi öz dindaşlarına necə yanaşmalıdır? Müqəddəs Kitab bu suala belə cavab verir: «Hamıya, ələlxüsus, iman qardaşlarımıza yaxşılıq edək» (Qal. 6:10; Romalılara 12:10 ayəsini oxuyun). Həvari Butrus yazmışdı: «Siz həqiqətə itaət edib paklandıqdan sonra riyasız qardaşlıq məhəbbətinə sahib olmusunuz. Buna görə də bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin». Butrus həmçinin həmimanlılarına demişdi: «Hər şeydən ziyadə bir-birinizi hərarətlə sevin» (1 But. 1:22; 4:8).

9, 10. Nəyə görə Allahın xalqı arasında birlik var?

9 Bizim ümumdünya təşkilatımız nadir bir təşkilatdır, buna səbəb isə həmimanlılarımıza bəslədiyimiz dərin məhəbbətdir. Ən əsası isə biz Yehovanı sevib Onun qanunlarına tabe olduğumuza görə O, Kainatda ən qüdrətli güc olan müqəddəs ruhu ilə bizə dayaq olur. Bunun sayəsində birlik içində olan beynəlxalq qardaşlıq yaranıb. (1 Yəhya 4:20, 21 ayələrini oxuyun.)

10 Məsihilər arasında məhəbbətin olmasının vacibliyini vurğulayaraq həvari Bulus yazmışdı: «Şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, mülayimliyi və səbri geyinin. Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız. Bütün bunlardan ziyadə, məhəbbətə bürünün, çünki məhəbbət insanlar arasında kamil birlik yaradır» (Kol. 3:12—14). Biz çox xoşbəxtik ki, keçmişimizə və milliyyətimizə baxmayaraq, aramızda kamil birlik yaradan məhəbbət hökm sürür.

11. Yehovanın təşkilatının əsas səciyyəvi xüsusiyyətləri hansılardır?

11 Əsil məhəbbət və birlik Yehovanın  Şahidlərinin həqiqi dinə etiqad etdiklərini göstərir. Çünki İsa demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35). Həvari Yəhya yazmışdı: «Allahın övladlarını və İblisin övladlarını belə tanımaq olar: saleh iş görməyən və qardaşını sevməyən Allahdan deyil. Əvvəldən eşitdiyiniz söz budur: biz bir-birimizi sevməliyik» (1 Yəh. 3:10, 11). Məhəbbətdən doğan birlik Yehovanın Şahidlərinin Məsihin həqiqi davamçıları olduğunu göstərir. Allah bu xalqdan Padşahlıq haqda müjdəni bütün dünyada yaymaq üçün istifadə edir (Mət. 24:14).

BÖYÜK İZDİHAM TOPLANIR

12, 13. Böyük izdiham indi nə edir və yaxın gələcəkdə onları nə gözləyir?

12 Yehovanın xidmətçilərinin böyük əksəriyyəti «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət» olan böyük izdihama daxildir. Onlar Allahın taxtının və Quzunun, yəni İsa Məsihin qarşısında durublar. «Bunlar böyük müsibətdən çıxanlardır. Onlar libaslarını Quzunun qanında yuyub ağardıblar», çünki İsanın fidyə qurbanlığına iman gətiriblər. Getdikcə daha da artan böyük izdihamın üzvləri Yehovanı, Onun Oğlunu sevir və «gecə-gündüz... Ona [Allaha] qulluq edirlər» (Vəhy 7:9, 14, 15).

13 Tezliklə Allah-Taala böyük müsibətdə bu şər dünyanı məhv edəcək (Mət. 24:21; Ərəmya 25:32, 33 ayələrini oxuyun). Xidmətçilərinə sevgisindən irəli gələrək Yehova onları bir qrup halında xilas edib yeni dünyaya keçirəcək. Təxminən 2000 il bundan əvvəl deyildiyi kimi, Allah «onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4). İndiki şeylərin keçib getməsini, Cənnətdə yaşamağı səbirsizliklə gözləyirsiniz?

14. Böyük izdihamın sayı nə qədərdir?

14 1914-cü ildə axırzaman başlayanda bütün dünyada Yehovanın cəmi bir neçə min xidmətçisi var idi. Başqalarına olan sevgidən irəli gələrək, Allahın müqəddəs ruhunun köməyi ilə az sayda olan məsh olunmuşlar Padşahlıq haqda müjdəni mətanətlə bəyan edirdilər. Bu gün bu fəaliyyətin sayəsində, yer üzündə yaşamağa ümid edən böyük izdiham toplanır. Bütün dünyada Yehovanın təxminən 8 000 000 Şahidi var, yığıncaqların sayı isə 115 400-ü ötüb. Bu artım hələ də davam edir. Məsələn, 2014-cü xidmət ili ərzində 275 500 nəfər vəftiz olunmuşdu. Bu da həftədə təxminən 5300 nəfər deməkdir.

15. Hal-hazırda gedən təbliğ işinin miqyasını təsvir edin.

15 Təbliğ işi qeyri-adi sürətlə vüsət alır. Hal-hazırda Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz 700-dən çox dilə tərcümə olunur. Dünyada ən çox paylanan jurnal «Gözətçi qülləsi» jurnalıdır. Bu jurnalın hər ay 52 000 000-dan çox nüsxəsi dərc olunur. Bu jurnal 247 dildə çıxır. Müqəddəs Kitabı öyrənmək üçün olan əsas dərs vəsaitimizin 250-dən artıq dildə 200 000 000-dan çox nüsxəsi çap olunub.

16. Yehovanın təşkilatı nəyin sayəsində inkişaf edir?

16 Bu gün göz qabağında olan bu artım Yehova Allaha imanımızın və Onun nazil etdiyi Kəlamı qəbul etməyimizin bəhrəsidir (1 Salon. 2:13). Bu dövrün allahı olan Şeytanın nifrətinə və təqiblərinə  baxmayaraq, Yehovanın xalqının ruhani cəhətdən çiçəklənməsi əsil möcüzədir (2 Kor. 4:4).

BAŞQALARI İLƏ MƏHƏBBƏTLƏ DAVRANIN

17, 18. Allahın xidmətçiləri imanlarına şərik olmayanlara necə münasibət göstərməlidirlər?

17 Yehovanın xidmətçiləri Yehovaya xidmət etməyənlərə necə münasibət göstərməlidirlər? İnsanlar müjdəyə müxtəlif cür — həm yaxşı, həm də pis münasibət göstərirlər. Ancaq onların münasibətindən asılı olmayaraq, biz Müqəddəs Kitabda buyrulduğu kimi davranmalıyıq. Orada deyilir: «Qoy sözləriniz həmişə duzlu, ürəkaçan olsun. Onda hər kəsə necə cavab verməyi biləcəksiniz» (Kol. 4:6). Bizdən izahat tələb edən hər kəsin qarşısında ümidimizi «həlimliklə və dərin hörmətlə» müdafiə etməliyik, çünki biz insanları sevirik (1 But. 3:15)

18 Hətta insan müjdəni rədd edib, bizi acılasa da, biz məhəbbətlə davranmalıyıq. Biz İsa kimi olmalıyıq: «O, təhqirə təhqirlə cavab vermirdi. Əzab çəkəndə kimsəyə hədə-qorxu gəlmirdi, lakin özünü adil Hakimə [Yehovaya] tapşırırdı» (1 But. 2:23). İstər həmimanlılarımızla, istərsə də başqaları ilə münasibətdə biz həlim olmalı və növbəti məsləhətə əməl etməliyik: «Pisliyə pisliklə, təhqirə təhqirlə cavab verməyin, əksinə, xeyir-dua ilə cavab verin» (1 But. 3:8, 9).

19. Əleyhdarlarımızla bağlı İsa hansı məsləhəti vermişdi?

19 Həlimlik göstərməklə Yehovanın xalqı İsanın dağdakı vəzində verdiyi vacib məsləhətə əməl edirlər. O demişdi: «“İnsanları sev, amma düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin. Beləcə, göydəki Atanızın oğulları olacaqsınız. O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun. Yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» (Mət. 5:43—45). «Düşmənlərimiz» bizimlə hər necə rəftar etsələr də, Allahın xidmətçiləri olduğumuz üçün biz onları sevməyi öyrənməliyik.

20. Haradan bilirik ki, Cənnətdə Allaha və insanlara məhəbbət bütün dünyanı əhatə edəcək? (Məqalənin əvvəlindəki şəklə baxın.)

20 Yehovanın xalqı həyatın hər bir sahəsində Yehovanı və insanları sevdiklərini həm münasibətdə, həm də əməldə göstərməlidir. Misal üçün, bəzi insanlar müjdəyə pis münasibət göstərsələr də, dara düşəndə biz onlarla məhəbbətlə davranmalıyıq. Həvari Bulus yazmışdı: «Bir-birinizə məhəbbətdən başqa borcunuz olmasın, çünki başqasını sevən qanunu icra etmiş olur. Axı “zina etmə, adam öldürmə, oğurluq etmə, başqasının malına tamah salma” və bu kimi digər əmrlərin məğzi budur: “Başqasını özünü sevdiyin kimi sev”. Sevən adam başqasına pislik etməz. Buna görə də məhəbbət qanunun icrası deməkdir» (Rom. 13:8—10). Yehovaya xidmət edən bizlər Şeytanın əlində olan bu parçalanmış, zalım və şər dünyada insanlara əsil məhəbbət göstəririk (1 Yəh. 5:19). Sözsüz ki, yeni dünyada, Şeytan, cinlər və üsyankar insanlar məhv olandan sonra bütün əməllərin kökündə məhəbbət duracaq. Yer üzünün bütün sakinləri Yehovanı və insanları sevəndə həyat necə də gözəl olacaq.