Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  noyabr 2015

Yehovanın səxavətini qiymətləndirin

Yehovanın səxavətini qiymətləndirin

YEHOVA səxavətli Allahdır (Yaq. 1:17). Ulduzlu səmadan tutmuş yeri bürüyən yaşıl libasa kimi bütün xilqət Onun səxavətini tərənnüm edir (Zəb. 65:12, 13; 147:7, 8; 148:3, 4).

Məzmurçu Yaradanın yaratdıqlarını o qədər qiymətləndirirdi ki, nəğmə qoşub onları vəsf etmişdi. 104-cü məzmuru oxuyun. Çox güman, siz də həmin məzmurçunun hisslərinə şərik olacaqsınız. O yazmışdı: «Ömrüm boyu Yehovanın şəninə nəğmə deyərəm, nə qədər ki varam, Allahımı nəğmələrdə tərənnüm edərəm» (Zəb. 104:33). Yəqin ki, bu sözlər sizin ürəyinizdən xəbər verir.

MÜKƏMMƏL SƏXAVƏT NÜMUNƏSİ

Yehova istəyir ki, biz Onun nümunəsini izləyək. O, səxavətli olmağın nəyə görə vacib olduğunu da göstərir. Görün həvari Bulus Allahdan ilham alaraq nə yazmışdı: «Bu dövrdə varlı olanlara əmr et ki, təkəbbürlü olmasınlar və ümidlərini gəldi-gedər var-dövlətə yox, həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən Allaha bağlasınlar. Yaxşılıq etsinlər, xeyirli işlərlə zəngin olsunlar, səxavətli olsunlar, əl tutmağa hazır olsunlar, əsil həyatdan bərk-bərk yapışmaqdan ötrü özləri üçün salamat qalacaq xəzinə yığsınlar, yəni gələcək üçün möhkəm təməl qoysunlar» (1 Tim. 6:17—19).

Həvari Bulus Korinfdəki yığıncağa yazdığı ikinci məktubda vurğulamışdı ki, hansı əhval-ruhiyyə ilə vermək lazımdır. Bulus demişdi: «Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülərüzlə verəni sevir» (2 Kor. 9:7). Sonra həvari Bulus əliaçıqlığın hər kəsə fayda gətirdiyini göstərmişdi. Belə ki, alanın ehtiyacı ödənilir, verən isə bolluca ruhani bərəkət alır (2 Kor. 9:11—14).

Bulus məktubunun bu hissəsinin sonunda Allahın səxavətini sübut edən ən güclü dəlili gətirmişdi: «Bu füsunkar ənam üçün Allaha şükürlər olsun!» (2 Kor. 9:15). Aydındır ki, bu ənam Yehovanın İsa Məsih vasitəsilə Öz xalqına etdiyi bütün yaxşılıqların cəmini özünə daxil edir. Bu, o qədər uca, alidir ki, onun dəyərini sözlərlə ifadə etmək mümkün deyil.

Bizim üçün indiyədək etdiklərinə və gələcəkdə edəcəkləri şeylərə görə Yehova Allaha və İsa Məsihə minnətdarlığımızı necə göstərə bilərik? Bunun üsullarından biri pak ibadət uğrunda vaxtımızdan, gücümüzdən və vəsaitimizdən keçməkdir. Bunun ölçüsü heç bir önəm daşımır, əsas məsələ səxavətlə verməkdir (1 Saln. 22:14; 29:3—5; Luka 21:1—4).