Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  oktyabr 2015

Ruhani şeylər barədə düşünün

Ruhani şeylər barədə düşünün

«Bütün bunlar barəsində dərindən düşün və özünü bunlara tamamilə həsr et ki, hamı səndəki inkişafı aydın görsün» (1 TİM. 4:15).

NƏĞMƏ: 57, 52

1, 2. İnsan beyni nəyə görə unikaldır?

İNSAN dilin sayəsində oxuyur, yazır, danışır, deyilənləri başa düşür, dua edir və Yehovaya həmd-səna söyləyir. Bunların hər biri heyrətamizdir və hər biri üçün beynin müəyyən hissəsi və sinir sistemi cavabdehdir. Alimlər hələ də beynin göstərdiyi bu möcüzəni başa düşə bilmirlər. Unikal beynimiz sayəsində biz dil öyrənirik. Linqvistika üzrə bir professor demişdi: «Uşaqların dil öyrənməsi insanları başqa canlılardan fərqləndirən cəhətlərdən biridir».

2 Dil qabiliyyəti Allahın insana bəxş etdiyi gözəl ənamdır (Zəb. 139:14; Vəhy 4:11). Allahın bizə bəxş etdiyi beyin başqa bir səbəbdən də unikaldır. Heyvanlardan fərqli olaraq, insanlar Allahın bənzərində yaradılıblar. Biz insanlarda iradə azadlığı var, yəni biz qərar verə bilirik. İnsan istəsə, dil qabiliyyətindən Allahı ucaltmaq üçün istifadə edə bilər (Yar. 1:27).

3. Hikmətli olmağımız üçün Yehova bizə hansı hədiyyəni verib?

3 Dilin Yaradanı Onu şərəfləndirmək istəyən insanlara gözəl bir hədiyyə, Müqəddəs Kitab bəxş edib. Bu kitab tam və ya qismən təxminən 2800-dən çox dildə mövcuddur. Müqəddəs Yazıların dərinliyinə vardıqca siz əqlinizi Allahın fikirləri ilə dolduracaqsınız (Zəb. 40:5; 92:5;  139:17). Beləcə, sizə hikmət verməyə qadir olan şeylər barədə düşünəcəksiniz. Bu isə sizi xilasa çatdıracaq. (2 Timutiyə 3:14—17 ayələrini oxuyun.)

4. Düşünmək nə deməkdir və hansı sualları nəzərdən keçirəcəyik?

4 Düşünmək yaxşı və ya pis bir şeyə diqqətini cəmləyib onun haqqında fikirləşmək, düşünüb-daşınmaq deməkdir (Zəb. 77:12; Məs. 24:1, 2). Düşünmək üçün iki ən yaxşı mövzu Yehova Allah və Onun Oğlu İsa Məsihdir (Yəh. 17:3). Ancaq sizdə sual yarana bilər: oxumaqla düşünmək arasında hansı əlaqə var? Nələr barədə düşünə bilərik? Düşünməyə necə vərdiş edə bilərik və necə edə bilərik ki, düşünmək bizə zövq versin?

ELƏ OXUYUN Kİ, FAYDALANASINIZ

5, 6. Oxuduqlarınızı anlamağa və yadda saxlamağa nə kömək edə bilər?

5 Beyinin sayəsində insan heyrətamiz işlər görür və bunların çoxunu icra edərkən heç fikirləşmir də. Məsələn, nəfəs almaq, gəzmək, velosiped sürmək, onbarmaq yazmaq (klaviaturaya baxmadan çap etmək) üçün bizdən düşünmək tələb olunmur. Heyif ki, bəzən oxuyanda da düşünmədən oxuyuruq. Buna görə də fikrimizi oxuduğumuz şeylərə cəmləmək, onların mənasını təhlil etmək çox vacibdir. Abzasın sonuna, yaxud yeni yarımbaşlığa çatanda dayanıb fikirləşin, görün oxuduqlarınızı düz başa düşmüsünüz, ya yox. Ancaq bəzi şeylər diqqətinizi yayındıra bilər, yaxud özünüz diqqətinizi cəmləməkdə çətinlik çəkə bilərsiniz. Belə olan halda oxumağınız hədər gedəcək. Bəs onda nə etmək olar?

6 Elmi araşdırmalar göstərir ki, mütaliə zamanı səslə oxuyanda material daha yaxşı yadda qalır. Sözsüz ki, bizim beynimizi Yaradan bunu bilir. Məhz buna görə O, Yuşəyə buyurmuşdu ki, Tövratı «alçaq səslə» (haşiyə) oxusun. (Yuşə 1:8 ayəsini oxuyun.) Müqəddəs Kitabı pəsdən, alçaq səslə oxuduqca özünüz görəcəksiniz ki, oxuduqlarınız yaddaşınıza həkk olunur. Bu, sizə həmçinin diqqətinizi cəmləməyə kömək edəcək.

7. Allahın Kəlamı barədə düşünmək üçün ən yaxşı vaxt nə vaxtdır? (Məqalənin əvvəlindəki şəklə baxın.)

7 Oxumaq çətin deyil, amma düşünmək, diqqətimizi oxuduqlarımıza cəmləmək heç də asan deyil. Qeyri-kamil insan da adətən asan şeyə, beynini yormamağa meyilli olur. Buna görə də yaxşısı budur, yorğun olmayanda, sakit və rahat şəraitdə oturub düşünəsiniz. Davud padşah gecə, yatağında düşünürdü (Zəb. 63:6). Kamil əqlə malik olan İsa Məsih də düşünmək və dua etmək üçün sakit yer seçirdi (Luka 6:12).

YAXŞI ŞEYLƏR BARƏDƏ DÜŞÜNÜN

8. a) Allahın Kəlamı ilə yanaşı başqa nə barədə düşünməliyik? b) Bir-birimizlə Yehova barədə danışanda bu, Ona necə təsir edir?

8 Müqəddəs Kitabdan oxuduğunuz şeylərlə yanaşı digər şeylər barədə də düşünə bilərsiniz. Misal üçün, Yehovanın yaratdığı ecazkar şeylərə baxanda dayanıb düşünün. Onda kəramətinə görə ürəyiniz Yehovaya şükranla dolacaq. Əgər yanınızda kimsə olsa, istər-istəməz hisslərinizi onunla bölüşəcəksiniz (Zəb. 104:24; Həv. 14:17). Biz belə şeylər barədə fikirləşəndə, bunlara görə şükür edəndə və bu barədə bir-birimizlə  danışanda Yehovaya xoş olur. Belə ki, Onun Öz Kəlamında bizim günlərlə bağlı belə bir vəd var: «O vaxt Yehovadan qorxanlar bir-birilə danışırdı, hər kəs yoldaşı ilə danışırdı. Yehova da diqqətlə qulaq asırdı. Yehovadan qorxanlar və Onun adını düşünənlər haqqında Onun önündə xatirə kitabı yazıldı» (Məl. 3:16).

Müqəddəs Kitabı öyrətdiyiniz adamların ehtiyacları və şəraiti barədə düşünürsünüz? (9-cu abzasa baxın)

9. a) Bulus Timutiyə nə barədə düşünməyi söyləmişdi? b) Xidmətə hazırlaşarkən nələr barədə düşünə bilərik?

9 Həvari Bulus Timutiyə danışığının, rəftarının və təlimlərinin başqalarına necə təsir edəcəyi barədə düşünməyi söyləmişdi. (1 Timutiyə 4:12—16 ayələrini oxuyun.) Timuti kimi, biz də bu şeylər barədə düşünə bilərik. Misal üçün, Müqəddəs Kitab dərsinə hazırlaşarkən düşünməliyik. Dərs keçəcəyimiz hər kəs üçün ayrı-ayrılıqda suallar və nümunələr fikirləşməliyik ki, onlara inkişaf etməyə kömək edək. Vaxt ayırıb bu cür şeylər barədə düşünməyin çox gözəl bəhrəsi olacaq. Belə ki, həm özümüzün imanı möhkəmlənəcək, həm də dərsi daha yaxşı və şövqlə keçəcəyik. Eyni şeyi xidmətə hazırlaşmaq barədə də demək olar. (Üzeyir 7:10 ayəsini oxuyun.) Xidmətə çıxmazdan qabaq «Həvarilərin işləri» kitabından bir fəsil oxusanız, xidmət etmək həvəsiniz alovlanacaq. Xidmətdə oxumağı planlaşdırdığınız ayələr, paylayacağınız nəşrlər barədə düşünsəniz, xidmətiniz daha səmərəli alınacaq (2 Tim. 1:6). Sahənizdəki insanlar barədə düşünün. Fikirləşin, onlarda necə maraq oyada bilərsiniz. Bu cür hazırlaşsanız, Müqəddəs Kitabla yaxşı şahidlik edib Allahın ruhunun gücünü göstərə biləcəksiniz (1 Kor. 2:4).

10. Ruhani şeylər barədə düşünməyin daha hansı müsbət tərəfləri var?

 10 Heç yığıncaqda, böyük toplantılarda məruzələrə qulaq asarkən qeydlər aparırsınız? Bu qeydləri nəzərdən keçirib Allahın Kəlamı və təşkilatı barədə öyrəndikləriniz haqda düşünün. Bundan başqa «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını, böyük toplantılarda aldığımız nəşrləri oxuyub, üzərində düşünə bilərik. «İllik məcmuə»ni oxuyarkən bir hadisədən başqasına keçməzdən əvvəl dayanıb düşünün, hadisədən özünüzə dərs götürün. Nəşrləri oxuyarkən əsas fikirləri xətləmək, səhifənin kənarında qeydlər aparmaq olar. Bunun təkrar söhbətlər zamanı, ağsaqqal kimi dindaşlarınıza baş çəkərkən, yaxud məruzə hazırlayarkən köməyi dəyəcək. Ən əsası, Müqəddəs Kitaba əsaslanan nəşrləri oxuyarkən dayanıb düşünsəniz, materialı yaxşı mənimsəyəcəksiniz, həmçinin öyrəndiyiniz dəyərli fikirlərə görə bu fasilələr vaxtı Yehovaya şükür edə bilərsiniz.

MÜQƏDDƏS KİTAB ÜZƏRİNDƏ HƏR GÜN DÜŞÜNÜN

11. Ən əsası nəyin üzərində düşünməliyik və nəyə görə? (Haşiyəyə baxın.)

11 Sözsüz ki, ən əsası biz Allahın Kəlamı üzərində düşünməliyik. Tutaq ki, sizin əliniz heç cür Müqəddəs Kitaba çatmır *. Amma heç kim sizə hafizənizdə olanları, məsələn, ayələri, Padşahlıq nəğmələrinin sözlərini fikirləşməyi qadağan edə bilməz (Həv. 16:25). Üstəlik, Allahın ruhu öyrəndiyiniz yaxşı şeyləri sizin yadınıza salacaq (Yəh. 14:26).

12. Müqəddəs Kitabı hansı cədvəl üzrə oxumaq olar?

12 Həftənin bəzi günlərini Müqəddəs Kitabı «Teokratik Xidmət Məktəbi»nin cədvəli üzrə oxumaq və düşünmək üçün ayırmaq olar. Digər günlərdə İsa Məsihin təlimləri və gördüyü işlər barədə düşünə bilərsiniz. Bunda sizə İsa Məsihin həyatı və xidmətindən bəhs edən dörd Müjdənin böyük köməyi dəyə bilər (Rom. 10:17; İbr. 12:2; 1 But. 2:21). Bizdə həmçinin İsanın həyatında baş verən hadisələri xronoloji ardıcıllığı ilə təsvir edən nəşr var. Bu nəşrin fəsillərində Müjdələrdən paralel ayələr gətirilir. Onları diqqətlə oxuyub fikirləşəndə çox böyük fayda almaq olar (Yəh. 14:6).

DÜŞÜNMƏK NƏYƏ GÖRƏ VACİBDİR?

13, 14. Ruhani şeylər barədə düşünmək nəyə görə vacibdir və bu, bizi nə etməyə təşviq edəcək?

13 Ruhani şeylər barəsində düşünmək insanı məsihi kimi yetkinləşdirir (İbr. 5:14; 6:1). Yehova və Məsih barədə az düşünən insan imanını möhkəm saxlaya bilməyəcək. Belə adam tədricən həqiqətdən uzaqlaşacaq (İbr. 2:1; 3:12). İsa xəbərdarlıq etmişdi ki, əgər biz yaxşı və gözəl ürəkli insanlar olmasaq, Allahın Kəlamını ürəyimizdə qoruya bilməyəcəyik. Əksinə, başımız həyatın qayğılarına, var-dövlətə və zövq-səfaya qarışacaq, gətirdiyimiz bəhrələr yetişməyəcək (Luka 8:14, 15).

14 Buna görə də gəlin həmişə Allahın Kəlamı üzərində düşünək. Bu, bizi Yehovanın calalını, keyfiyyətlərini, sifətlərini əks etdirməyə sövq edəcək (2 Kor. 3:18). Bizə bundan başqa nə lazımdır ki? Allahı yaxından tanımaq, Onun calalını əks etdirmək çox böyük şərəfdir.  Eyni zamanda sonu olmayan bir prosesdir. Belə ki, biliyimiz artdıqca Ona daha çox bənzəməyə çalışacağıq (Vaiz 3:11).

15, 16. a) Ruhani şeylər barədə düşünməyin şəxsən sizə hansı faydası var? b) Bəzən düşünməyə nə mane olur, ancaq nəyə görə qətiyyətli olmalıyıq?

15 Ruhani şeyləri düşünəndə həqiqətə olan şövqümüz sönməyəcək. Beləcə, biz bacı-qardaşlarımız və həqiqətlə maraqlanan insanlar üçün təravət mənbəyi olacağıq. Yehovanın ən böyük hədiyyəsi olan fidyə qurbanlığı barədə dərindən düşündükcə Müqəddəs Atamız Yehova ilə aramızda olan sıx münasibəti daha çox dəyərləndirəcəyik (Rom. 3:24; Yaq. 4:8). Cənubi Afrikada yaşayan Mark məsihi bitərəfliyinə görə üç il həbsxanada yatmışdı. O deyir: «Düşünməyi macəra ilə müqayisə etmək olar. Ruhani şeylər barədə nə qədər çox düşünürüksə, Yehova Allah haqqında bir o qədər çox yeni şeylər kəşf edirik. Məyusluğa qapılanda, gələcəyə görə narahat olanda Müqəddəs Kitabı əlimə alıb oxuyuram və düşünürəm, onda elə bil ürəyimə sərin su səpilir».

16 Həqiqətən də, bu gün o qədər şey bizim başımızı qatır ki, bəzən ruhani şeylər barədə düşünməyə vaxt qalmır. Afrikadan olan Patrik adlı digər qardaş deyir: «Mənim beynim sanki poçt qutusudur. İçində yaxşı, pis, hər cür məlumat var. Onları hər gün seçib təmizləmək lazımdır. Hərdən görürəm ki, fikirlər məni çulğayır. Onda Yehovaya dua edirəm və özümə gəlirəm. Düzdür, bunun üçün bir az vaxt lazım olur, yəni, dərhal ruhani şeyləri fikirləşə bilmirəm. Amma fikirləşməyə başlayanda özümü Yehovaya çox yaxın hiss edirəm. Onda sanki zehnim açılır və həqiqəti daha yaxşı başa düşürəm» (Zəb. 94:19). Doğrudan da, Müqəddəs Yazıları hər gün diqqətlə araşdıranlar və oxuduqları üzərində düşünənlər bunun xeyrini görürlər (Həv. 17:11).

NECƏ VAXT TAPMALI?

17. Siz düşünməyə necə vaxt tapırsınız?

17 Bəzi məsihilər səhər tezdən durub oxuyur, düşünür və dua edir. Başqaları bunu nahar fasiləsində edirlər. Bəlkə sizə səhər tezdən, yaxud yatmazdan əvvəl Müqəddəs Kitabı oxumaq daha rahat olar? Bacı-qardaşlardan bəziləri Müqəddəs Kitabı həm səhər, həm də axşam, yatmazdan əvvəl oxuyur. Nə vaxt oxumağımızsan asılı olmayaraq, biz Allahın Kəlamını, «gecə-gündüz», yəni müntəzəm oxumalıyıq (Yuş. 1:8). Vaxtımızın qədrini bilməliyik, yəni lazımsız şeylərə sərf etdiyimiz vaxtdan kəsib Müqəddəs Kitabın üzərində düşünməliyik (Efes. 5:15, 16).

18. Allahın Kəlamı üzərində düşünən və öyrəndiklərinə əməl edən kəslərə Yehova nə vəd edir?

18 Müqəddəs Kitabda vəd olunur ki, Yehova Onun Kəlamı üzərində düşünənlərə və öyrəndiklərinə əməl edənlərə bol-bol nemət bəxş edəcək. (Zəbur 1:1—3 ayələrini oxuyun.) İsa demişdi: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28). Ən əsası, ruhani şeylər barədə hər gün düşünsək, bizə heyrətamiz beyin bəxş edən Ulu Yaradana əməllərimizlə şərəf gətirəcəyik. O isə bizə indi xoşbəxtlik, yeni dünyada isə əbədi həyat bəxş edəcək (Yaq. 1:25; Vəhy 1:3).

^ abz. 11 «Gözətçi qülləsi» jurnalının 2006-cı il, 1 dekabr sayındakı «Möhkəm qalmaq üçün mübarizə aparırdıq» adlı məqaləyə (rus.) baxın.