Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2015

Yehovaya yayınmadan xidmət edin

Yehovaya yayınmadan xidmət edin

«Məryəm... [İsaya] qulaq asırdı. Martanın isə başı biş-düşə bərk qarışmışdı» (LUKA 10:39, 40).

NƏĞMƏ: 94, 134

1, 2. İsa nəyə görə Martanı çox istəyirdi, amma Martada hansı çatışmayan cəhət var idi?

MÜQƏDDƏS KİTABDA adı çəkilən Marta barədə fikirləşəndə ağlınıza nə gəlir? İsanın çox istədiyi qadınlardan yalnız onun adı çəkilsə də, İsa başqa mömin qadınları da, məsələn, anası Məryəmi, Martanın bacısı Məryəmi də çox istəyirdi (Yəh. 11:5; 19:25—27). Bəs nəyə görə İsa Martanı çox istəyirdi?

2 İsa Martanı yalnız qonaqpərvər və işgüzar olduğuna görə yox, həm də ruhani insan olduğuna görə çox istəyirdi. O, İsanın təlimlərinə inanırdı. Marta İsanın vəd olunmuş Məsih olduğuna ürəkdən iman edirdi (Yəh. 11:21—27). Eyni zamanda, bizim kimi, o da qeyri-kamil idi. Bir dəfə İsa Martagilə qonaq gəlmişdi. Marta ərk eləyib İsaya irad tutdu və dedi: «Ağa, bacım məni tək qoyub kömək eləmir, niyə ona bir söz demirsən? Ona de ki, durub mənə kömək etsin». (Luka 10:38—42 ayələrini oxuyun.) Bu hadisədən nə öyrənirik?

 MARTANIN BAŞI QARIŞIQ İDİ

3, 4. Hansı mənada Məryəm yaxşı pay seçmişdi və Marta nəyi öyrənmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 Marta ilə Məryəmin qonaqpərvərliyinin əvəzində İsa onlara ruhani ənam vermək istədi. Məryəm fürsətdən istifadə edib Böyük Ustadın ayaqları yanında oturaraq onun ağzından tökülən lətif kəlmələrə qulaq asır, bilmədiyini öyrənirdi. Marta da bacısı kimi davrana bilərdi. Sözsüz ki, İsa bütün diqqətini ona verdiyinə görə Martanı tərifləyərdi.

4 Lakin Marta İsanı layiqincə qarşılamaq üçün bişirib-düşürür, başqa işlərin dalınca qaçırdı. Amma bütün bunlar onu qaçaqaça salmışdı və o, Məryəmə əsəbiləşmişdi. İsa görürdü ki, Marta əldən-ayaqdan gedir. Buna görə də o, mehribancasına dedi: «Marta, sən çox şeyə görə narahat olub özünü yorursan». Sonra söylədi ki, bir xörək də bəs edər. Ardınca Məryəmi tərifləyib dedi: «Məryəm özünə yaxşı pay seçib və bu, ondan alınmayacaq». Yəqin ki, Məryəm çox keçməmiş həmin gün nə yediyini unudacaqdı, ancaq eşitdiyi tərifi və İsaya diqqətlə qulaq asaraq aldığı ruhani qidanı heç vaxt unutmayacaqdı. 60 ildən sonra həvari Yəhya yazmışdı: «İsa Marta ilə bacısını... çox istəyirdi» (Yəh. 11:5). Yəhyanın Allahdan ilham alaraq yazdığı bu sözlər göstərir ki, Marta İsanın məsləhətinə qulaq asmış və yerdə qalan illərində də Yehovaya sədaqətlə xidmət etmişdi.

5. Bizim zəmanə Müqəddəs Kitabın yazıldığı dövrdən nə ilə fərqlənir və ortaya hansı sual çıxır?

5 Müqəddəs Kitabın yazıldığı dövrlə müqayisədə indiki zəmanədə bizi xidmətdən yayındıracaq şeylər daha çoxdur. «Tarix boyunca hələ heç vaxt bu cür rabitə vasitələri, sürətli çap maşınları, şəkilli jurnallar, radio, televiziya, filmlər olmayıb... Hər gün yeni-yeni şeylər çıxır... Bu yaxınlaradək, bizim eranı fəxrlə “Maariflənmə erası” adlandırırdılar. Ancaq get-gedə bu era bizi maarifləndirməkdən çox, fikrimizi yayındırır». Bu sözlər 60 il bundan əvvəl Birləşmiş Ştatlarda bir qrup tələbəyə deyilmişdi. «Gözətçi qülləsi» jurnalının 1958-ci il 15 sentyabr sayında yazılmışdı: «Bu dünya sonuna yaxınlaşdıqca bizi xidmətdən yayındıran şeylər də artacaq». Bu sözlərdə böyük həqiqət var. Ortaya vacib bir sual çıxır: ibadətdən yayınmamaq və Məryəm kimi, diqqətimizi ruhani şeylərə cəmləmək üçün nə edə bilərik?

DÜNYADAN TAM ŞƏKİLDƏ BƏHRƏLƏNMƏYİN

6. Yehovanın xalqı dünyadakı texnologiyadan necə bəhrələnir?

6 Həqiqi ibadətin irəliləməsi üçün Allahın təşkilatının yer üzündəki hissəsi dünyadakı texnologiyadan bəhrələnir. Məsələn, götürək «Yaradılış fotodramı»nı. Bu, rəngli, səsli slaydlardan və hərəkətli şəkillərdən ibarət idi. Birinci Dünya müharibəsindən əvvəl və müharibə dövründə bütün dünyada milyonlarla insan bu filmdən təsəlli almışdı. Belə ki, filmin sonunda İsa Məsihin Minillik Hökmranlığının başlanması və o zaman hökm sürəcək sülh, əmin-amanlıq təsvir olunurdu. Sonralar Padşahlıq xəbəri radio ilə yayımlanaraq bütün dünyada milyonlarla insana çatdırılırdı. Bu gün müjdənin yayılması  üçün kompüter texnologiyasından və İnternetdən istifadə olunur. Beləcə, ən ucqar adalarda, eləcə də yerin dörd guşəsində yaşayan insanlar bu xəbəri eşidir.

Yol verməyin ki, vacib olmayan işlər ruhani işləri sıxışdırsın (7-ci abzasa baxın)

7. a) Dünyadakı şeylərə aludə olmaq nəyə görə təhlükəlidir? b) Biz ən çox nəyə diqqət etməliyik? (Haşiyəyə baxın.)

7 Müqəddəs Kitabda xəbərdarlıq olunduğu kimi, dünyadakı şeylərə çox aludə olmaq təhlükəlidir. (1 Korinflilərə 7:29—31 ayələrini oxuyun.) Hobbi, bədii ədəbiyyat, televiziya, gəzinti, mağazaları gəzib qiymətlərlə maraqlanmaq, ən son texnologiya əldə etmək, dəblə ayaqlaşmaq kimi şeylərdə pis heç nə yoxdur. Ancaq məsihi diqqətli olmasa, vaxtının çoxu belə şeylərə gedəcək. Sosial şəbəkələr, mesajlaşmaq, elektron poçtla məktublaşmaq, dünyada baş verən hadisələrlə və idman xəbərləri ilə tez-tez maraqlanmaq məsihini öz əsiri edə bilər (Vaiz 3:1, 6) *. Əgər biz özümüzə məhdudiyyət qoymasaq, bir də görəcəyik ki, vacib olmayan şeylər ən vacib işi — Yehovaya ibadəti kölgədə qoyub. (Efeslilərə 5:15—17 ayələrini oxuyun.)

8. Dünyadakı şeyləri sevməmək nəyə görə vacibdir?

8 Şeytan dünyanı elə bəzəyib-düzəyir ki, bizi cəlb etsin və ibadətdən yayındırsın. Bu, birinci əsrdə də belə idi, indi də belədir (2 Tim. 4:10). Buna görə də biz «dünyadakı şeyləri sevməyin» məsləhətinə qulaq asmalıyıq. Bu məsləhətə uyğun olaraq daima özümüzü yoxlayıb çatışmayan cəhətlərimizi düzəltsək, ibadətdən yayınmayacağıq və səmavi Atamıza sevgimiz böyüyəcək. Onda bizə Allahın iradəsini yerinə yetirmək daha asan olacaq və Onun lütfünü heç vaxt itirməyəcəyik (1 Yəh. 2:15—17).

GÖZÜNÜZÜ TOX SAXLAYIN

9. İsa Məsih gözlə bağlı nə demişdi və özü necə nümunə qoymuşdu?

9 İsanın Martaya verdiyi məsləhət onun təlimləri və əməlləri ilə mükəmməl surətdə uzlaşırdı. O, şagirdlərinə nəsihət etmişdi ki, gözlərini tox saxlayıb Padşahlıq işindən yayınmasınlar. (Mətta 6:22, 33 ayələrini oxuyun.)  İsanın nə var-dövləti, nə də ki ev-eşiyi var idi (Luka 9:58; 19:33—35).

10. İsa hansı nümunəni qoymuşdu?

10 İsanı da çox şey xidmətdən yayındıra bilərdi, lakin o, buna yol vermirdi. Xidmətinin əvvəlində o, Kəfərnahumda vəz etdikdən və möcüzələr göstərdikdən sonra camaat yalvarıb onu orada saxlamaq istədi. Amma İsa dedi: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:42—44). İsa sözünə sadiq qalıb eninə-uzununa bütün Fələstini gəzib təbliğ edirdi. Kamil olsa da, o da yorulurdu, hərdən dincəlmək istəyirdi (Luka 8:23; Yəh. 4:6).

11. İsa ailə məsələsi ilə ona müraciət edən kişiyə nə dedi və davamçılarına nə barədə xəbərdarlıq etdi?

11 Bu hadisədən bir qədər sonra İsa davamçılarına təqiblərə dözməklə bağlı nəsihətlər verərkən bir kişi onun sözünü kəsib dedi: «Ustad, qardaşıma de ki, mirası mənimlə bölsün». Amma İsa bu məsələyə qarışmadı. O dedi: «A qardaş, məni aranızda hakimlik, vəkillik etməyə kim qoyub?» Sonra İsa sözünə davam etdi və davamçılarına xəbərdarlıq etdi ki, var-dövlət arzusu onları xidmətdən yayındıra bilər (Luka 12:13—15).

12, 13. a) Yunan prozelitlərin marağına nə səbəb olmuşdu? b) İsa yunanların xahişinə necə cavab verdi?

12 İsanın həyatının son həftəsi çox gərgin idi (Mət. 26:38; Yəh. 12:27). O bilirdi ki, qarşıda onu məhkəmə və əzablı ölüm gözləyir. Həmçinin onun hələ görüləsi çox işi var idi. Məsələn, eramızın 33-cü ilinin nisan ayının 9-u bazar günü baş verənlərə nəzər salaq. Peyğəmbərlikdə deyildiyi kimi, İsa qoduğun belində Yerusəlimə girdi və camaat onu Yehovanın adı ilə gələn Padşah kimi alqışladı (Luka 19:38). Səhərisi gün İsa məbədə gəldi və Allahın evində öz soydaşlarını soyan acgöz alverçiləri cəsarətlə oradan qovdu (Luka 19:45, 46).

13 Yerusəlimdəki camaatın arasında yunan prozelitlər də var idi. İsanın hərəkətləri onlara çox böyük təsir bağışlamışdı. Buna görə də həvari Filipdən xahiş etdilər ki, onları İsa ilə görüşdürsün. Lakin İsa üçün həmin vaxt əsas məsələ Yehovanın iradəsi yerinə yetirmək, yəni həyatını qurban vermək idi. O istəmirdi ki, camaat arasında məşhurlaşıb özünə havadar toplasın. Sonra Allahın düşmənləri onu öldürmək istəyəndə həmin adamlar ona qahmar çıxsın. Bu səbəbdən o, tezliklə öləcəyini Andreasla Filipə bildirib dedi: «Öz canını sevən onu məhv edəcək, bu dünyada canına nifrət edən isə onu əbədi həyat üçün qoruyacaq». İsa həmin yunanların istədiyini etmədi, əksinə, bildirdi ki, onun ardınca getmək istəyənlər də öz canlarından keçməyə hazır olmalıdırlar. Eyni zamanda vəd etdi: «Mənə xidmət edən adamı Allah şərəfləndirəcək». Çox güman ki, Filip bu ürəkaçan sözləri həmin yunanlara çatdırdı (Yəh. 12:20—26).

14. İsa Məsih həyatında təbliğ işini birinci yerə qoysa da, daha nələrə vaxt ayırırdı?

14 İsanın fikri-zikri təbliğ etmək olsa da, o başqa işlərə də vaxt ayırırdı. Ən azı bir dəfə toya getmişdi. Həmin toyda möcüzə ilə suyu şəraba çevirərək toy əhlinə sevinc bəxş etmişdi (Yəh. 2:2, 6—10). O, həmçinin yaxın dostları  və müjdə ilə maraqlanan adamlarla şam edirdi (Luka 5:29; Yəh. 12:2). Ən vacibi isə dua etməyə, təklikdə qalıb düşünməyə və istirahət etməyə vaxt ayırırdı (Mət. 14:23; Mark 1:35; 6:31, 32).

HƏR CÜR YÜKÜ KƏNARA ATIN

15. Həvari Bulus hansı məsləhəti vermişdi və özü hansı nümunəni qoymuşdu?

15 Həvari Bulus məsihi həyatını yarışa bənzədərək yazmışdı: «Hər cür yükü... kənara ataq». (İbranilərə 12:1 ayəsini oxuyun.) Bulus təbliğ etdiyi şeylərə özü də əməl edirdi. O, məşhur və varlı din xadimi ola bilərdi, ancaq daha vacib şeylərin xatirinə bundan əl çəkdi. Bulus Suriya, Kiçik Asiya, Makedoniya və Yəhudiyyəni gəzib dolaşaraq müjdəni təbliğ edirdi. O, gözünü göydə yaşamaq ümidinə tikmişdi. O yazırdı: «Arxada qalan şeyləri unudub, irəlidəki şeylərə can ataraq... göylər dəvəti mükafatına doğru qaçıram» (Filip. 1:10; 3:8, 13, 14). Bulus subay olmağından istifadə edərək yayınmadan Ağaya xidmət edirdi (1 Kor. 7:32—35).

16, 17. İstər subay, istərsə də evli məsihilər həvari Bulusun qoyduğu nümunəni necə izləyə bilərlər? Nümunə çəkin.

16 Həvari Bulus kimi, Allahın digər xidmətçiləri də subay qalırlar ki, özlərini bütünlüklə Padşahlıq işinə həsr etsinlər (Mət. 19:11, 12). Belə ki, ailəli məsihilərlə müqayisədə subay məsihilərin öhdəsinə az iş düşür. İstər subay olsun, istərsə də evli, bütün məsihilər Allaha xidmət etməyə mane olan hər cür yükü kənara ata bilərlər. Bunun üçün onlar vaxt aparan vərdişlərdən əl çəkməli və qarşılarına elə məqsədlər qoymalıdırlar ki, vaxtlarının çoxunu xidmətə sərf edə bilsinlər.

17 Uelsdən olan Mark və Klar məktəbi qurtarandan sonra öncül xidmətinə başladılar və evlənəndən sonra da bu xidməti davam etdirdilər. Mark deyir: «Biz üçotaqlı evimizi satdıq və yarım günlük işdən çıxıb həyatımızı daha da sadələşdirdik ki, beynəlxalq tikintidə iştirak edək». Ötən 20 il ərzində onlar Afrikada ibadət evlərinin tikintisində iştirak etmişlər. Bir dəfə onların 15 dolları qalmışdı, amma Yehova onları darda qoymamışdı. Klar deyir: «Hər günü xidmətdə keçirmək bizə böyük məmnunluq verir. Çoxlu dostlar qazanmışıq və hələ heç nədən korluq çəkməmişik. Qurban verdiyimiz şeylər tammüddətli xidmətdə duyduğumuz sevinclə müqayisədə heç nədir». Bir çox tammüddətli xidmətçilər bu sözlərə şərikdirlər *.

18. Özümüzə hansı sualları verə bilərik?

18 Bəs sizin barənizdə nə demək olar? Əgər Padşahlıq işinə əvvəlki kimi həvəslə yanaşmadığınızı, daha vacib şeylərdən yayındığınızı hiss edirsinizsə, onda necə? Bəlkə də sizə Müqəddəs Kitabı diqqətlə mütaliə etmək, dərindən araşdırmaq lazımdır. Bunu necə etmək olar? Bu barədə növbəti məqalədə danışacağıq.

^ abz. 7 «Sadəlövh hər sözə inanar» adlı məqaləyə baxın.

^ abz. 17 Həmçinin «Gözətçi qülləsi» jurnalının 2006-cı il 1 mart sayında «Həmişə düzgün davranmağa çalışırdıq» adlı məqalədən (rus.) Heydin və Meledi Sandersonun bioqrafiyasını oxuya bilərsiniz. Avstraliyada yaşayan bu cütlük tammüddətli xidmətdə iştirak etmək üçün gəlirli bizneslərini satmışdılar. Hindistanda xüsusi təyinatlı müjdəçi kimi xidmət edərkən pulları qurtarmışdı. Bu zaman onlarla nə baş verdiyi barədə oxuyun.