Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2015

Mənimçün Allaha yaxınlaşmaq xoşdur

Mənimçün Allaha yaxınlaşmaq xoşdur

DOQQUZ yaşım olanda daha boy atmadım. Onda biz Kot-d’İvuarda yaşayırdıq. İndi mənim 43 yaşım var, amma boyum bir metrdir. Valideynlərim başa düşəndə ki, daha boy atmayacağam, məni təşviq etdilər ki, özümü işə verim, başım qarışsın, xarici görünüşüm barədə çox fikirləşməyim. Mən evimizin qabağında meyvə piştaxtasını açırdım və onu səliqəli saxlayırdım. Bu da müştəriləri cəlb edirdi.

Amma çox işləmək heç nəyi dəyişmədi. Boyum çox balaca idi. Ən kiçik işlər belə mənim üçün çətin idi. Məsələn, mağazada əlim piştaxtaya çatmırdı. Sanki hər şeyi boyu məndən iki dəfə böyük olan adamlar üçün düzəldirdilər. Özümə yazığım gəlirdi. Ancaq 14 yaşım olanda hər şey dəyişdi.

Bir dəfə Yehovanın iki Şahidi məndən meyvə aldı, sonra isə mənə Müqəddəs Kitabı öyrənməyi təklif etdilər, mən də təklifi qəbul etdim. Tezliklə başa düşdüm ki, Yehovanı tanımaq, Onun niyyətlərindən xəbərdar olmaq mənim boyumdan vacibdir. Bunu öyrənəndə eynim açıldı. Zəbur 73:28 ayəsi ən çox sevdiyim ayə oldu. Ayənin birinci hissəsində deyilir: «Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur».

Gözlənilmədən ailəmiz Burkina-Fasoya köçdü. Mənim həyatım kökündən dəyişdi. Kot-d’İvuarda qonşular məni piştaxtanın yanında görməyə alışmışdı. Ancaq burada mən yad idim, boyum hamıya qəribə gəlirdi. Camaat gözünü zilləyib mənə baxırdı. Elə vaxt olurdu ki, həftələrlə evdən bayıra çıxmırdım. Sonra yadıma düşdü ki, mənim üçün Yehovaya yaxınlaşmaq çox xoş idi. Yehovanın Şahidlərinin filialına məktub yazdım. Onlar da Nani adlı xüsusi təyinatlı müjdəçini mənim yanıma göndərdilər. Onun motorolleri var idi. Nə yaxşı ki, məhz onu göndərdilər.

Qumlu yollarımız həmişə sürüşkən olurdu, yağış yağanda isə hər yan palçıq olurdu. Nani mənim yanıma gələndə motorollerdən o qədər yıxılmışdı ki. Amma onu heç nə qorxutmurdu. Bir dəfə o, məni yığıncağa aparmaq istədi. Evdən çıxıb camaatın baxışlarına dözmək mənim üçün işgəncə idi. Üstəlik, motorolleri sürmək onsuz da asan deyildi, mən də minsəydim, lap çətin olacaqdı. Buna baxmayaraq, sevimli ayəmin ikinci hissəsini yadıma salıb getməyə razılaşdım. Orada deyilir: «Külli-İxtiyar Yehovaya sığındım».

 Yolda Nani ilə mən bir neçə dəfə palçığa yıxıldıq. Ancaq yığıncağa getməyimə peşman olmadım. İbadət evindəki üzügülər insanlarla bayırda gözünü mənə zilləyib baxan adamlar arasında yerlə-göy qədər fərq var idi. Doqquz aydan sonra mən vəftiz olundum.

Sevimli ayəmin üçüncü hissəsi belədir: «Onun bütün işlərini bəyan edim». Bilirdim ki, xidmətdə böyük çətinliklərlə üzləşəcəyəm. İlk dəfə ev-ev təbliğ etməyim indiyəcən yadımdadır. Uşaqlı-böyüklü hamı matdım-matdım mənə baxırdı, dalımca düşüb yerişimi ələ salırdı. Mən özümü çox pis hiss edirdim, amma öz-özümə deyirdim ki, mənim kimi onlara da Cənnət lazımdır. Ona görə də dözüb xidmətə davam etdim.

İşimi yüngülləşdirmək üçün özümə əlnən idarə olunan üçtəkərli velosiped aldım. Əməkdaşım velosipedi itələyib təpəyə qaldırırdı, təpənin üstündən üzüaşağı gedəndə isə özü də velosipedə tullanırdı. Əvvəl-əvvəl çətin olsa da, sonralar xidmətdən böyük sevinc duyurdum. Ona görə də 1998-ci ildə öncül xidmətinə başladım.

Mən çox adamla Müqəddəs Kitab dərsi keçmişəm. Onlardan dördü vəftiz olunub. Üstəlik, doğma bacılarımdan biri həqiqəti qəbul etdi. Başqalarının ruhani cəhətdən inkişaf etdiyini eşidəndə çox ruhlanırdım. Özü də məhz ruhlanmağa ehtiyacım olanda. Bir dəfə malyariyaya tutulmuşdum. Kot-d’İvuardan məktub aldım. Belə ki, bundan əvvəl Burkina-Fasoda universitet tələbəsi ilə qapı ağzında Müqəddəs Kitabı öyrənməyə başlamışdım. Sonra isə onun yanına bir qardaşı göndərmişdim. Sonralar həmin tələbə Kot-d’İvuara köçmüşdü. İndi isə o, vəftiz olunmamış təbliğçi olmuşdu. Bunu biləndə çox sevindim.

Yəqin sizə maraqlıdır ki, özümü necə dolandırıram. Əlillərə yardım edən təşkilat təklif etdi ki, mənə tikiş tikməyi öyrətsin. Müəllimlərdən biri çalışqan olduğumu görüb dedi: «Sənə mütləq sabun düzəltməyi öyrətmək lazımdır». Belə də etdilər. İndi mən evdə paltar yuyuram və sabun hazırlayıram. Sabunum hamının xoşuna gəlir, alan başqalarına da tövsiyə edir. Üçtəkərli motorollerim var, buna görə də sabunu özüm müştərilərə çatdırıram.

Təəssüflər olsun ki, deformasiyaya uğramış onurğa sümüyümün ağrıları 2004-cü ildə elə şiddətləndi ki, öncül xidmətini dayandırmalı oldum. Bununla belə, xidmətdə əlimdən gələni edirəm.

Hamı deyir ki, məni üzümdə təbəssüm olmadan təsəvvür etmək çətindir. Bəli, mən çox xoşbəxtəm. Çünki Allaha yaxınlaşmaq mənimçün xoşdur. (Nəql etdi Sara Mayqi.)