Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2015

Yehovanı sevdiyinizi göstərin

Yehovanı sevdiyinizi göstərin

«Biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi» (1 YƏH. 4:19).

NƏĞMƏ: 56, 138

1, 2. Həvari Yəhyanın sözlərinə əsasən, Allah bizə Onu sevməyi necə öyrədir?

ATA övladlarına nəyisə öyrətmək istəyirsə, birinci növbədə özü onlara nümunə qoymalıdır. Həvari Yəhya yazmışdı: «Biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi» (1 Yəh. 4:19). İdeal ata obrazı olan Yehova Öz məhəbbətilə nümunə qoyub göstərir ki, biz Onu necə sevməliyik.

2 Bəs əvvəlcə Yehovanın bizi sevdiyi nədən görünür? Həvari Bulus yazmışdı: «Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Rom. 5:8). Belə bir qurban verməklə, yəni imanlı insanların uğrunda Oğlunu fidyə olaraq verməklə Yehova əsil məhəbbətin nə demək olduğunu göstərdi. Əsil məhəbbət özünü səxavətdə, fədakar əməllərdə göstərir. Allahın bu comərd hərəkəti sayəsində bizim üçün Ona yaxınlaşmaq, Onun məhəbbətini duymaq və bunun müqabilində Ona məhəbbət göstərmək mümkün olub (1 Yəh. 4:10).

3, 4. Allah sevgisi necə izhar olunmalıdır?

3 Məhəbbət Allahın ən əsas keyfiyyətidir. Buna görə də bir nəfər İsadan soruşanda ki, Allahın ilk əmri hansıdır, o, belə cavab vermişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:30).  İsanın sözlərindən öyrənirik ki, Allaha məhəbbət ilk növbədə ürəkdə olmalıdır. Allahı bütün qəlbimizlə sevməyincə Onu razı sala bilmərik. Amma ayədən göründüyü kimi, varlığımız, ağlımız və gücümüz də kənarda qalmamalıdır. Bu o deməkdir ki, əsil Allah sevgisi sadəcə ürəkdə duyulan hiss deyil. Allahı seviriksə, Onun yolunda ruhani və fiziki qabiliyyətlərimizi də işə salmalıyıq. Mikə peyğəmbərin sözlərinə əsasən, Yehova Allah bizdən məhz bunu istəyir. (Mikə 6:8 ayəsini oxuyun.)

4 Səmavi Atamıza əsil məhəbbət bəslədiyimizi necə göstərə bilərik? Biz Onun yolunda heç nəyimizi əsirgəməməliyik. İsa Məsihin dediyi kimi, fiziki, emosional və ruhani qabiliyyətlərimizi Ona fəda etməyə hazır olmalıyıq. Keçən məqalədə Yehovanın Öz övladlarına məhəbbətini izhar etdiyi dörd sahəni nəzərdən keçirdik. İndi isə gəlin görək Yehova bizdən nə gözləyir, biz Ona sevgimizi necə göstərə bilərik və Ona olan məhəbbətimizi alovlandırmaq üçün nə edə bilərik.

YEHOVAYA ŞÜKR EDİN

5. Yehovanın etdiklərinin müqabilində biz nə etməliyik?

5 Kimsə sizə hədiyyə verəndə nə edirsiniz? Yəqin ki, necəsə minnətdarlığınızı bildirirsiniz. Üstəlik, ondan necəgəldi yox, yaxşı istifadə edirsiniz. İsa Məsihin şagirdi Yaqub yazmışdı: «Hər bir gözəl pay və hər bir kamil nemət yuxarıdan, səmavi nurların Atasından nazil olur. O, kölgə kimi dəyişkən deyil» (Yaq. 1:17). Yehova yaşamağımız və xoşbəxt olmağımız üçün usanmadan bizi hər şeylə təmin edir. Bu, bizi Onu sevməyə təşviq etmir?

6. Yehovanın nemətlərindən məhrum olmamaq üçün israillilər nə etməli idilər?

6 Yehova əsrlər boyunca israillilərin nazını çəkmiş, həm ruhani, həm də maddi nemətləri başlarından tökmüşdü (Qan. 4:7, 8). Bu nemətləri həmişə dadmaq üçün onlar Allahın qanunlarına itaət etməli, o cümlədən, torpağın gətirdiyi «ilk məhsulun ən yaxşısını» müntəzəm olaraq Yehovaya təqdim etməli idilər (Çıx. 23:19). Bununla da israillilər məhəbbətinə və nemətlərinə görə Yehovaya minnətdar olduqlarını göstərə bilərdilər. (Qanunun təkrarı 8:7—11 ayələrini oxuyun.)

7. Öz sərvətimizlə Yehovanı necə şərəfləndirə bilərik?

7 Bəs bizim barəmizdə nə demək olar? Bu gün bizdən qurban gətirmək tələb olunmasa da, öz sərvətimizi Allahın yolunda sərf etməklə Allahı sevdiyimizi göstərə bilərik (Məs. 3:9). Yəni biz sahib olduğumuz şeylərlə Allahı şərəfləndiririk. Məsələn, biz Padşahlıq işini həm yaşadığımız yerdə, həm də dünya miqyasında maddi cəhətdən dəstəkləyirik. İmkanlı və ya imkansız olmağımızdan asılı olmayaraq, bu yolla Allahı sevdiyimizi göstərə bilərik (2 Kor. 8:12). Ancaq Yehovaya məhəbbəti başqa cür də təzahür etdirmək olar.

8, 9. Yehovanın vədlərinə etibar etmək Onu sevməklə necə bağlıdır? Nümunə çəkin.

8 Yadınızdadırsa, İsa öz davamçılarına yeməyə-geyməyə görə narahat olmamağı, Padşahlığı hər şeydən üstün tutmağı buyurmuşdu. O demişdi ki, səmavi Atamız nəyə ehtiyac duyduğumuzu bilir (Mət. 6:31—33). Allahın bu vədinə nə dərəcədə etibar etməyimiz Ona olan məhəbbətimizin dərinliyini göstərir, çünki məhəbbət və etibar bir-biri ilə sıx bağlıdır. Etibar olmayan yerdə sevgidən danışmaq  olmaz (Zəb. 143:8). Buna görə də özümüzdən soruşa bilərik: «Məqsədlərimdə və həyat tərzimdə Yehovanı əsil məhəbbətlə sevdiyim əks olunur? Yaşadığım hər gün Yehovanın ehtiyaclarımı ödəməyə qadir olduğuna inandığımı göstərir?»

9 Mayk adlı məsihi də Allahı bu cür sevir və Ona etibar edir. Gənc olanda Maykın ən böyük arzusu başqa ölkədə xidmət etmək idi. O evləndi, iki övladı oldu, ancaq bu arzusu sönmədi. Tələbat olan yerlərdə xidmət edən bacı-qardaşlar barədə oxuyanda Maykın ailəsi həvəslənib həyatını sadələşdirmək qərarına gəldi. Onlar böyük evlərini satıb bina evinə köçdülər. Maykın təmizlik işi ilə bağlı biznesi var idi. O, biznesini kiçiltdi və araşdırıb öyrəndi ki, xarici ölkədən İnternet vasitəsilə biznesini necə idarə edə bilər. Nəhayət ki, o, ailəlikcə başqa ölkəyə köçə bildi. İki il sevinclə orada xidmət edəndən sonra Mayk dedi: «Biz İsanın Mətta 6:33 ayəsində yazılan sözlərinin doğruluğunu öz üzərimizdə hiss etdik».

HƏQİQƏT BARƏDƏ DÜŞÜNCƏLƏRƏ DALIN

10. Davud padşahın nümunəsindən göründüyü kimi, Yehova barədə öyrəndiklərimiz haqda düşünməyin hansı faydası var?

10 Təxminən üç min il əvvəl Davud padşah səmanı seyr edəndə ilhamlanaraq yazmışdı: «Göylər Allahın əzəmətini bəyan edir, asiman əllərinin işindən danışır». Daha sonra Allahın qanunundakı hikmətdən təsirlənərək demişdi: «Yehovanın qanunu kamildir, cana qüvvət verir, Yehovanın öyüdləri etibarlıdır, naşı adamı müdrik edir». Davud bu cür düşüncələrə dalandan sonra yazmışdı: «Qoy ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələr Səni məmnun etsin, ey Yehova, qayam, xilaskarım!» Bəli, Allahın işləri barədə düşünməyin sayəsində Davudla Allah arasında isti və sıx münasibət yaranırdı (Zəb. 19:1, 7, 14).

11. Allahı seviriksə, Müqəddəs Yazılardan aldığımız biliyi necə işlətməliyik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

11 Bu gün biz Yehovanın yaratdıqları barədə və niyyəti ilə bağlı gördüyü işlər haqda daha çox bilirik. Dünya insanlara ali təhsil almağı təlqin edir. Ancaq təcrübə göstərir ki, çox vaxt ali təhsil dalınca gedənlərin Allaha məhəbbəti soyuyur və imanı tükənir. Müqəddəs Kitab isə bizi təkcə biliyi sevməyə yox, həmçinin hikmət və dərrakə qazanmağa səsləyir. Bu o deməkdir ki, biz Allahın verdiyi biliyi düzgün işlətməyi öyrənməli, həm özümüzə, həm də başqalarına fayda verməliyik (Məs. 4:5—7). Allah «istəyir ki, hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:4). Biz Padşahlıq müjdəsini təbliğ etməyə, insanlara Allahın bəşəriyyət üçün olan möhtəşəm niyyətini öyrətməyə can qoymaqla Onu sevdiyimizi göstəririk. (Zəbur 66:16, 17 ayələrini oxuyun.)

12. Bir bacı Yehovadan aldığı hədiyyəyə necə yanaşmışdı?

12 Hətta uşaqlar da ruhani biliyi qiymətləndirməklə Yehovanı sevdiklərini göstərə bilərlər. Şanon adlı bacı deyir ki, 11 yaşı olanda valideynləri onu və 10 yaşlı bacısını «Allaha sədaqət» adlı vilayət toplantısına aparmışdı. Proqramın bir hissəsində uşaqlara onlar üçün ayrılmış yerdə oturmağı tapşırdılar. O, bir az həyəcan keçirsə də, gedib orada əyləşdi. Bir qədər sonra gənclərin hər birinə «Gənclərin sualları. Praktiki məsləhətlər» adlı gözəl bir  kitab hədiyyə etdilər. Bu, onun üçün gözlənilməz sürpriz oldu. Aldığı bu hədiyyə Şanonun Yehova ilə münasibətinə necə təsir etdi? Şanon deyir: «O vaxt mən axır ki, Yehovanın real olduğunu və şəxsən məni çox, lap çox sevdiyini başa düşdüm. Biz necə də xoşbəxtik ki, Uca Allahımız Yehova bizə səxavətlə belə gözəl, mükəmməl hədiyyələr verir».

ALLAHIN MƏSLƏHƏT VƏ TƏRBİYƏSİNİ QƏBUL EDİN

13, 14. Yehovanın məsləhətinə olan münasibətimiz Onu sevdiyimizi necə göstərir?

13 Məsəllər 3:12 ayəsində deyilir: «Ata əziz oğlunu, Yehova da sevdiyi kəsi tənbeh edər». Bəs Yehova bizi tərbiyə edəndə buna necə yanaşmalıyıq? Həvari Bulus gerçəkliyi göstərərək yazmışdı ki, «cəza o anda insana sevinc yox, ağrı gətirir». Bu sözlərlə Bulus tərbiyənin dəyərini və vacibliyini azaltmırdı, çünki ardınca belə demişdi: «Sonradan isə bu yolla tərbiyə olunmuş adamlarda salehliyin sülh bəhrəsini yetişdirir» (İbr. 12:11). Əgər biz Yehovanı seviriksə, Ondan məsləhət alarkən şikayətlənməməli, inciməməliyik. Bəziləri üçün bu, çox çətindir. Ancaq Allahı sevdiyimiz üçün biz Onun məsləhətini qəbul edib düzəlirik.

14 Məlaki peyğəmbərin günlərində bir çox yəhudilər Allahın məsləhətini qulaqardına vururdular. Onlar Yehovanın təqdimələrlə bağlı verdiyi qanunları veclərinə almırdılar. Ona görə də Yehova onları sərt şəkildə məzəmmət etdi. (Məlaki 1:12, 13 ayələrini oxuyun.) Vəziyyət nə dərəcədə cidd idi? Görün Yehova nə demişdi: «Üzərinizə lənət yağdıracağam,.. xeyir-duanızı lənətə döndərəcəyəm. Artıq xeyir-duanızı lənətə döndərmişəm, çünki əmrimə laqeydlik göstərirsiniz» (Məl. 2:1, 2). Göründüyü kimi, Yehovanın məsləhətini rədd etsək, yaxud onu vacib saymasaq, Yehova ilə dostluğumuzu itirəcəyik.

Bu dünyanın yox, Allahın məsləhətilə oturub-durun (15-ci abzasa baxın)

15. Biz özümüzü hansı əhval-ruhiyyədən qorumalıyıq?

15 Xudbinliyin, eqoistliyin hökm sürdüyü  indiki zəmanədə tərbiyə və məsləhət barədə danışmaq hələm-hələm asan deyil, o ki qaldı, onu qəbul edəsən. Məsləhəti, tərbiyəni qəbul edənlər də çox vaxt bunu deyinə-deyinə edirlər. Ancaq məsihilərə bu zəmanəyə uyğunlaşmamaq məsləhət görülür. Biz Allahın kamil iradəsini dərk etməli və ona uyğun davranmalıyıq (Rom. 12:2). Yehova təşkilatı vasitəsilə vaxtlı-vaxtında həyatın müxtəlif sahələri ilə bağlı bizə məsləhətlər verir. Məsələn, əks cinslə münasibətdə özümüzü necə aparmalıyıq, kimlərlə oturub-durmalıyıq, necə əylənməliyik. Bu məsləhətlərə canla-başla əməl etməklə Yehovaya minnətdar olduğumuzu və Onu sidqi-ürəkdən sevdiyimizi göstəririk (Yəh. 14:31; Rom. 6:17).

YEHOVAYA ETİBAR EDİN

16, 17. a) Qərar qəbul edərkən nə üçün Yehovanın fikrini nəzərə almalıyıq? b) İsraillilərin hərəkəti Yehovanı ürəkdən sevmədiklərini və Ona etibar etmədiklərini necə göstərdi?

16 Adam balaca olanda təhlükə hiss edən kimi qeyri-iradi olaraq valideynlərinə sığınır. Böyüdükcə isə daha çox öz ağlına güvənir, özü qərar verir. Ancaq valideynləri ilə yaxın münasibəti olan adam böyüyəndə də qərar verməzdən əvvəl onlarla məsləhətləşir, onların fikrini öyrənir. Yehova ilə münasibətlərə gəldikdə də bu belədir. Allahın iradəsini nəzərə almadan qərar qəbul etsək, bu, Allahı kifayət qədər sevmədiyimizi və Ona etibar etmədiyimizi göstərəcək. Ancaq Yehovaya üz tutsaq, O, bizə Öz ruhunu verib qəlbimizdə həm arzu oyadacaq, həm də fəaliyyət göstərməyimiz üçün bizə güc verəcək (Filip. 2:13).

17 İşmuil peyğəmbərin günlərində israillilər filiştlilərlə döyüşdə ağır məğlubiyyətə uğradılar. Çıxılmaz vəziyyətdə olan Allahın xalqı köməyə möhtac idi. Onlar dedilər: «Gəlin Şilodan Yehovanın Əhd sandığını gətirək. Qoy yanımızda olsun və bizi düşmənin əlindən qurtarsın». Amma bunun axırı pis qurtardı. «Çox böyük qırğın oldu və İsrail tərəfindən 30 000 piyada döyüşçü həlak oldu. Üstəlik, Allahın sandığı düşmən əlinə keçdi» (1 İşm. 4:2—4, 10, 11). İlk baxışdan elə görünə bilər ki, Əhd sandığını aparmaqla israillilər Yehovaya pənah aparmışdılar. Əslində isə onlar Yehovadan məsləhət almadılar, öz bildikləri kimi hərəkət etdilər, nəticəsi də acınacaqlı oldu. (Məsəllər 14:12 ayəsini oxuyun.)

18. Müqəddəs Kitabda Yehovaya etibar etməklə bağlı nə deyilir?

18 Zəbur 42:5, 6 ayələri göstərir ki, insan əslində necə əhval-ruhiyyədə olmalıdır. Orada yazılıb: «Sən Allahı gözlə, çünki mən hələ Allahımı, Ulu Xilaskarımı ucaldacağam. Ey Allahım, köksümdə qəlbim qırılıb. Buna görə... yada salıram Səni». Bu sözlərdə necə də dərin hisslər, böyük məhəbbət əks olunub! Siz də səmavi Atanızı bu cür sevir, Ona güvənirsiniz? Hətta bu belə olsa da, Ona etibarınızı daha da artıra bilərsiniz. Müqəddəs Kitabda deyilir: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər» (Məs. 3:5, 6).

19. Yehovanı sevdiyinizi necə göstərəcəksiniz?

19 Yehova ilk olaraq Özü bizi sevməklə göstərdi ki, biz Onu necə sevməliyik. Gəlin Onun mükəmməl nümunəsini həmişə yadımızda saxlayaq. Ömür boyu Onu bütün qəlbimizlə, bütün varlığımızla, bütün ağlımızla və var gücümüzlə sevdiyimizi göstərək (Mark 12:30).