Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2015

Yehovanın əvəzolunmaz məhəbbəti

Yehovanın əvəzolunmaz məhəbbəti

«Görün Atamız bizə necə də böyük məhəbbət bəxş edib» (1 YƏH. 3:1).

NƏĞMƏ: 91, 13

1. Həvari Yəhya məsihiləri nəyə səsləyir və nə üçün?

HƏVARİ YƏHYANIN birinci məktubunun üçüncü fəslinin birinci ayəsində yazılmış sözlər insanı düşünməyə vadar edir. «Görün Atamız bizə necə də böyük məhəbbət bəxş edib» sözləri ilə həvari Yəhya məsihiləri Allahın məhəbbətinin böyüklüyü haqda, Onun Öz sevgisini necə göstərməsi barədə düşünməyə səsləyir. Yehovanın sevgisini dərk edəndə bizim də Ona sevgimiz artır, Onunla münasibətlərimiz möhkəmlənir.

2. Nəyə görə bəzilərinə Yehovanın onları sevdiyini başa düşmək çətindir?

2 Ancaq Allahın insanları sevməsi bəziləri üçün ağlasığmazdır. Onların fikrincə, Allahdan yalnız qorxmaq və Ona itaət etmək lazımdır. Yaxud yanlış dini ehkamların ucbatından bəzi insanlar elə düşünürlər ki, Allah insanları sevmir və Onu sevmək mümkün deyil. Digərlərinə isə elə gəlir ki, əməllərindən asılı olmayaraq, Allah bütün insanları sevir. Müqəddəs Kitabı öyrəndikcə sizə məlum olub ki, Yehovanın əsas keyfiyyəti məhəbbətdir və bundan irəli gələrək O, Öz Oğlunu bizim uğrumuzda qurban verib (Yəh. 3:16; 1 Yəh. 4:8). Bununla belə, keçmişiniz və ya aldığınız tərbiyə ucbatından Allahın sizi sevdiyini başa düşmək sizə çətin ola bilər.

3. Allahın bizi sevdiyini başa düşməyə bizə nə kömək edəcək?

 3 Bəs Yehovanın bizə olan məhəbbəti özünü nədə göstərir? Bu suala cavab vermək üçün Yehova Allahla bizim aramızda olan münasibəti başa düşmək lazımdır. Bütün insanları yaradan Yehovadır. (Zəbur 100:3—5 ayələrini oxuyun.) Buna görə də Müqəddəs Kitabda Adəm «Allahın oğlu» adlanır. Həmçinin İsa davamçılarına buyurmuşdu ki, Allaha «göylərdə olan Atamız» deyə xitab etsinlər (Luka 3:38; Mət. 6:9). Yehova bizə həyat verdiyi üçün Atamızdır və buna görə də O, bizə övladı kimi baxır. Sadə dillə desək, Yehova qayğıkeş Ata kimi bizi sevir.

4. a) Yehova insanlardan fərqli olaraq necə Atadır? b) Bu və növbəti məqalədə nəyi araşdıracağıq?

4 İnsan qeyri-kamildir. Buna görə də o, ata olanda nə qədər çalışsa da, Yehova kimi qayğıkeş ata ola bilmir. Əslində bəzi insanların valideynləri ilə bağlı çox acı xatirələri var. Valideynlərinin rəftarı onların mənəviyyatına, psixologiyasına dərin yaralar vurub. Bu, çox kədərli haldır, əsil faciədir. Amma Yehova belə Ata deyil (Zəb. 27:10). O, bizi sevir və qeydimizə qalır. Yehovanın sevgisini hiss etdikcə, bizim də Ona sevgimiz artacaq (Yaq. 4:8). Bu məqalədə Yehovanın Öz məhəbbətini təzahür etdirdiyi dörd sahəni araşdıracağıq. Növbəti məqalədə isə bizim Ona sevgimizi ifadə edə biləcəyimiz dörd sahəni nəzərdən keçirəcəyik.

YEHOVA BİZƏ HƏR ŞEY VERİR

5. Həvari Bulus afinalılara Allah barədə nə demişdi?

5 Həvari Bulus Afinada olanda şəhərin allahların və ilahələrin bütləri ilə dolu olduğunu görmüşdü. Oranın əhalisi elə düşünürdü ki, onlara həyatı və hər şeyi bu allahlar verib. Bulus susa bilməyib dilə gəlmişdi: «Dünyanı və onun içindəki hər şeyi yaradan Allah... hamıya həyat, nəfəs — hər şey verir... Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həv. 17:24, 25, 28). Bəli, məhəbbətdən irəli gələrək Yehova bizə yaşamaq üçün lazım olan hər şeyi verir. Gəlin görək bu sadə sözlərdə necə dərin məna var.

6. Yer kürəsi Yehovanın bizi sevdiyini necə göstərir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

6 Gəlin Yer kürəsinə nəzər salaq. Yehova onu yaradıb «bəşər oğullarına verib» (Zəb. 115:15, 16). Alimlər Yer planetinə bənzər planet tapmaq ümidi ilə külli miqdarda pul sərf edib kosmosda tədqiqatlar aparırlar. Düzdür, yüzlərlə planet kəşf olunub, amma Yer kürəsindən fərqli olaraq, onların heç biri həyatın mövcud olması üçün lazım olan mürəkkəb ekosistemə malik deyil. Yer kürəsi Allahın yaratdıqları arasında nadir incidir. Təsəvvür edin, Süd Yolu qalaktikasında və ondan kənarda mövcud olan saysız-hesabsız planetlər arasında yalnız Yer kürəsində insanın yaşaması üçün lazım olan şərait mövcuddur. Ancaq bu, azmış kimi, Yehova bu planeti gözəl, rahat və təhlükəsiz bir ev kimi yaradıb bəşəriyyətə ərmağan edib (Əşy. 45:18). Doğrudan da, Yehova bizi çox sevir. (Əyyub 38:4, 7; Zəbur 8:3—5 ayələrini oxuyun.)

7. Allah bizi necə yaradıb və bu, Onun sevgisini necə göstərir?

7 Yehova bəşəriyyət üçün gözəl bir ev yaratsa da, bilir ki, insanların xoşbəxt olması üçün onlara başqa bir şey də lazımdır. Məsələn, uşaq valideynlərinin məhəbbətini, qayğısını duyanda özünü, sözün əsil mənasında, xoşbəxt hiss edir. Yehova insanları Öz bənzərində, Onun məhəbbətini və qayğısını hiss etmək  və bu sevgiyə hay vermək bacarığı ilə yaradıb (Yar. 1:27). Bundan başqa, İsa demişdi: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mət. 5:3). Yehova həyatdan həzz almağımız üçün bizi hər şeylə, həm ruhani, həm də maddi nemətlərlə bol-bol təmin edir. Bəli, səmavi Atamız bizi çox sevir (1 Tim. 6:17; Zəb. 145:16).

YEHOVA BİZƏ HƏQİQƏTİ ÖYRƏDİR

8. Nəyə görə deyə bilərik ki, haqq Allahı bizi sevir?

8 Adətən, atalar övladlarını sevir və onları yanlış yoldan qorumaq istəyir. Ancaq valideynlərin çoxu uşaqlarını düz yola yönəldə bilmir, çünki onlar Allahın Kəlamında olan məsləhətləri rədd edirlər. Bunun da axırı çox vaxt peşmançılıq, bədbəxtlik olur (Məs. 14:12). Lakin Yehova «haqq Allahı»dır (Zəb. 31:5). O, Öz övladlarını sevir və böyük məmnuniyyətlə həqiqət nurunu saçıb onlara həyatlarının hər sahəsində, xüsusilə də, ibadət məsələsində yol göstərir. (Zəbur 43:3 ayəsini oxuyun.) Bəs Yehova hansı həqiqəti açıb və bu, Onun bizi sevdiyini necə göstərir?

Məsihi atalar Yehovadan nümunə götürüb övladlarına həqiqəti öyrədirlər və onlara səmavi Atalarına yaxınlaşmağa kömək edirlər (8—10 abzaslara baxın)

9, 10. Yehova Özü barədə və bizim haqqımızda həqiqəti açmaqla bizi sevdiyini necə göstərir?

9 Ən əsası, Yehova bizə Özü haqqında həqiqəti öyrədir. O, adını bizə açıb. Müqəddəs Kitabda bu ad digər adlardan daha çox yazılıb. Bu yolla Yehova Özünü bizə tanıdır və bizi Özünə yaxınlaşdırır (Yaq. 4:8). Yehova həmçinin bizə Öz keyfiyyətlərini, necə Allah olduğunu da göstərir. Kainat Yehovanın qüdrətindən, hikmətindən xəbər verir. Müqəddəs Yazılar isə Onun ədalətini, ələlxüsus, intəhasız məhəbbətini üzə çıxarır (Rom. 1:20). Yehova təkcə güclü, hikmətli yox, həm də ədalətli, övladlarını sevən Atadır. Biz Yehovanın gözəl keyfiyyətlərini öyrəndikcə, Ona daha da yaxınlaşırıq.

10 Bizim rifahımız naminə, Yehova həmçinin bizə özümüz haqda, Onun quruluşunda tutduğumuz yer barədə həqiqəti də açıqlayır. Bu, Onun ümumdünya ailəsinə sülh və əmin-amanlıq gətirir. Müqəddəs Kitabdan bilirik ki, insanlar sərbəst, Allaha itaət etmədən yaşamaq ixtiyarı ilə yaradılmayıblar və bu gerçəkliyi rədd etməyin axırı acınacaqlı olur (Ərm. 10:23). Bu, bizim xoşbəxtliyimiz üçün son dərəcə vacibdir. Biz yalnız Allahın hakimiyyətinə boyun əydiyimiz təqdirdə, arxayın və şad-xürrəm yaşaya bilərik. Yehovanın bu vacib həqiqəti açması Onun böyük məhəbbətinə dəlalət edir.

11. Yehovanın hansı vədi Onun bizi sevdiyini və qeydimizə qaldığını göstərir?

11 Övladlarını sevən ata onların gələcəyini düşünür, onların dolğun, mənalı həyat yaşamasını istəyir. Təəssüflər olsun ki, çoxları gələcəyə naümid baxır, yaxud da həyatlarını müvəqqəti fayda gətirən məqsədlərə sərf edirlər (Zəb. 90:10). Ancaq Yehova Atamız bizə gözəl gələcək vəd edir. Bu isə bizim həyatımıza əsil məna qatır.

YEHOVA ÖVLADLARINI TƏRBİYƏ EDİR

12. Yehovanın Qabilə və Bəruxa verdiyi məsləhət Onun sevgisini və qayğısını necə göstərir?

12 Qabil təhlükəli yolda olanda Yehova məsləhət verib onu bu yoldan çəkindirmişdi. O demişdi: «Niyə qəzəblənib qaş-qabağını salladın? Düzəlib yaxşı iş görsən, məgər gözümdə ucalmazsan?.. İndi nə edəcəksən, ona [günaha] üstün gələcəksən?» (Yar. 4:6, 7). Əfsuslar olsun ki, Qabil bu xəbərdarlığı qulaqardına vurmuş və bunun altını çəkmişdi  (Yar. 4:11—13). Ərəmya peyğəmbərin mirzəsi Bərux yorulub taqətdən düşəndə, məyusluğa qapılanda Yehova ona məsləhət verib probleminin kökünü göstərdi. Qabildən fərqli olaraq, Bərux Yehovanın məsləhətini qəbul etdi və həyatını qorudu (Ərm. 45:2—5).

13. Nəyə görə Yehova sadiq bəndələrinin sınaqlarla üzləşməsinə yol verir?

13 Həvari Bulus yazmışdı: «Yehova kimi sevirsə, onu tərbiyə edir, lazım gəlsə, oğul kimi qəbul etdiyi hər kəsi cəzalandırır» (İbr. 12:6). Tərbiyə təkcə cəza vermək demək deyil. Tərbiyənin müxtəlif formaları var. Məsələn, Müqəddəs Kitabda adları çəkilən bir çox mömin insanlar şiddətli sınaqlarla üzləşmişdilər, amma bu sınaqlar vaxtı Yehova onları tərbiyə edir, onlara təlim verirdi. Götürək, Yusifi, Musanı və Davudu. Onların həyatı haqda Müqəddəs Kitabda çox ətraflı və aydın məlumat var. Bu mömin insanlar haqda oxuyanda görürük ki, Yehova sınaqlar vaxtı onları tək buraxmamışdı. Həmin sınaqlar onlara çox şey öyrətmişdi və sonralar Yehovadan tapşırıq alarkən bunun onlara böyük köməyi dəymişdi. Bu, bizi əmin edir ki, Yehova Öz xidmətçilərini sevir və onlara qayğı göstərir. (Məsəllər 3:11, 12 ayələrini oxuyun.)

14. Yehovanın verdiyi cəza Onun məhəbbətini necə təzahür etdirir?

14 Yehovanın bizə tərbiyə verməsi Onun məhəbbətinin başqa bir cəhətini də göstərir. Günah etmiş kəslər Yehovadan cəza alanda, amma sonra tövbə edəndə Yehova onları comərdliklə əfv edir (Əşy. 55:7). Bu, nə deməkdir? Davud padşah Yehovanın əfvini belə təsirli  sözlərlə təsvir etmişdi: «Odur günahlarını bağışlayan, dərdlərinə şəfa verən, odur sənin həyatını qəbirdən qurtaran, başına məhəbbət, mərhəmət tacı qoyan. Şərq qərbdən nə qədər uzaqdırsa, günahlarımızı bizdən o qədər uzaqlaşdırdı» (Zəb. 103:3, 4, 12). Gəlin həmişə Yehovanın verdiyi məsləhəti, tərbiyəni qəbul edək və özümüzü düzəldək. Buna Yehovanın nəhayətsiz məhəbbətinin təzahürü kimi baxaq (Zəb. 30:5).

YEHOVA BİZİ HİFZ EDİR

15. Xalqının Yehova üçün əziz olduğunu nə göstərir?

15 Atanın məsuliyyətinə ailəsini xata-baladan qorumaq da daxildir. Səmavi Atamız Yehova da məhz belə edir. Məzmurçu Yehova barədə demişdi: «O, sadiq bəndələrinin canını hifz edir, onları pislərin əlindən qurtarır» (Zəb. 97:10). Gəlin belə bir nümunəyə baxaq. Biz, adətən, gözümüzü hər şeydən qoruyuruq, onun üstündə əsirik. Yehova da Öz xalqına göz bəbəyi kimi yanaşır. (Zəkəriyyə 2:8 ayəsini oxuyun.) Bəli, xalqı Allah üçün çox əzizdir.

16, 17. Yehova Öz xalqını necə hifz edir?

16 Yehova Öz xalqını müxtəlif cür qoruyur. Məsələn, O, mələklərindən istifadə edir (Zəb. 91:11). Bir dəfə bir mələk 185 000 nəfərlik Aşşur ordusunu bir gecənin içində qırıb Yerusəlimi xilas etmişdi (2 Pad. 19:35). Mələklər həvari Butrusu, Bulusu və başqalarını zindandan azad etmişdi (Həv. 5:18—20; 12:6—11). Bizim günlərdə də Yehovanın əli zəif deyil. Afrikadakı filialların birini ziyarət etmiş baş idarənin nümayəndəsi bildirmişdi ki, dini və siyasi toqquşmalar ölkəni tar-mar etmişdi. Ölkədə xaos, anarxiya hökm sürürdü. Döyüşlər, soyğunçuluq, qətl, zorlama halları baş alıb gedirdi. Bizim bacı-qardaşların çoxu öz əmlaklarını, bir sözlə hər şeylərini itirmişdilər. Bununla belə onlardan birinin də olsun canına xətər dəyməmişdi. Onların əhvalını soruşanda hamısı üzündə təbəssüm cavab vermişdi: «Şükür olsun Yehovaya, hər şey yaxşıdır». Onlar Allahın sevgisini açıq-aydın görmüşdülər.

17 Bəzi hallarda Yehova izin verir ki, düşmənlər sadiq bəndələrinin canına qıysın. Buna Stefanı nümunə gətirmək olar. Ancaq Yehova ümumilikdə xalqını İblisin hiylələrindən xəbərdar edərək onları qoruyur (Efes. 6:10—12). Allah Öz Kəlamı və təşkilatının təqdim etdiyi nəşrlər vasitəsilə bizim gözümüzü açır ki, təhlükələrdən özümüzü qoruyaq. Məsələn, gəldi-gedər var-dövlətə, əxlaqsız və zorakı əyləncələrə aludə olmayaq, İnternetdən həddən artıq istifadə etməyək. Bəli, Yehova Allah qayğıkeş Ata kimi Öz xalqının rifahını və əmin-amanlığını düşünür.

BÖYÜK ŞƏRƏF

18. Yehovanın sizi sevməsi sizdə hansı hissləri doğurur?

18 Yuxarıda sadalananlar Yehovanın bizi sevdiyini göstərən bir neçə nümunədir. Bunlar barədə düşünəndə biz də Musa peyğəmbərin keçirdiyi hissləri keçiririk. O, ibadətdə keçirdiyi uzun həyatına nəzər salaraq demişdi: «Sübh tezdən bizi məhəbbətinlə doyuzdur ki, şaqraq səsimiz yüksəlsin, ömür boyu sevincimiz aşıb-daşsın» (Zəb. 90:14). Yehovanın bizi sevdiyini dərk etmək, bu sevgini duymaq bizim üçün ən böyük şərəf, ən gözəl nemətdir. Bu barədə düşünəndə biz də həvari Yəhya kimi cuşa gəlib deyirik: «Görün Atamız bizə necə də böyük məhəbbət bəxş edib» (1 Yəh. 3:1).