Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2015

 BİOQRAFİYA

Həyatımı zənginləşdirən nemətlər

Həyatımı zənginləşdirən nemətlər

MƏN 1927-ci ildə Kanadanın Saskaçevan əyalətinin balaca Voko şəhərində anadan olmuşam. Ailədə yeddi uşaq idik, dörd qardaş, üç bacı. Odur ki, uşaqlıqdan adamların içində olmağa alışmışam.

1930-cu illərdə baş verən və Böyük böhran kimi tanınan iqtisadi böhranın fəsadları bizim ailəmizdən də yan keçməmişdi. Biz varlı deyildik, ancaq ac da qalmırdıq. Toyuq-cücəmiz, inəyimiz var idi. Buna görə də heç vaxt yumurtadan, süddən, qaymaqdan, pendirdən və yağdan korluq çəkmirdik. Yəqin başa düşürsünüz ki, ailəmizdə heç kəs işsiz qalmırdı.

Həmin vaxtla bağlı mənim çox gözəl xatirələrim var. Otağı bürüyən xoş alma ətri hələ də burnumdadır. Atam payızda şəhərə kənd təsərrüfatı məhsullarını satmağa aparanda çox vaxt evə ağacdan təzə dərilmiş bir yeşik alma ilə qayıdırdı. Hər gün dadlı, sulu alma yemək bizim üçün əsil bayram idi.

AİLƏMİZ HƏQİQƏTİ ÖYRƏNİR

Ailəmiz həqiqət barədə öyrənəndə mənim altı yaşım var idi. Ailəmizin ilk övladı Coni doğulandan az sonra ölmüşdü. Dərddən ürəyi qubar bağlayan valideynlərim keşişdən Coninin harada olduğunu soruşmuşdular. Keşiş də demişdi ki, uşaq vəftiz olunmadığına görə behiştə düşməyib, ərafdadır. Əgər pul versələr, dua edər ki, Coni ərafdan çıxıb behiştə getsin. Atamla anam elə məyus olmuşdular ki, bir də həmin keşişlə danışmamışdılar. Ancaq onları hələ də Coni ilə nə baş verdiyi narahat edirdi.

Bir dəfə Yehovanın Şahidləri tərəfindən dərc olunan «Ölülər haradadır?» bukleti anamın əlinə keçdi. Anam onu birnəfəsə oxudu. Atam evə gələndə həyəcanla ona dedi: «Bilirsən, Coni haradadır? O yatır, ancaq gün gələcək ayılacaq». Həmin axşam atam da bukleti başdan-ayağa qədər oxudu. Atamla anam biləndə ki, Müqəddəs Kitabda ölülərin yuxuya getdiyi, gələcəkdə diriləcəyi yazılıb çox təsəlli tapdılar (Vaiz 9:5, 10; Həv. 24:15).

Onların tapdığı həqiqət həyatımızı yaxşılığa doğru dəyişdi. Bizə həm təsəlli, həm də xoşbəxtlik gətirdi. Onlar Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə və Vokodakı kiçik yığıncağa getməyə başladılar. Həmin yığıncağın üzvlərindən əksəriyyəti ukraynalı idi. Tezliklə atamla anam xoş xəbəri təbliğ etməyə başladılar.

Üstündən çox keçməmiş biz Britaniya Kolumbiyasına köçdük. Oradakı yığıncaq bizi çox xoş qarşıladı. Bazar günləri keçirilən «Gözətçi qülləsi»nə ailəlikcə hazırlaşmağımız şirin xatirə kimi hələ də yadımdadır. Vaxt ötdükcə hamımızın ürəyində Yehovaya və Müqəddəs Kitaba qarşı məhəbbət alovlanırdı. Həyatımız getdikcə mənalı  olurdu, Yehovanın xeyirxah əlini üzərimizdə hiss edirdik.

Sözsüz ki, biz uşaqlar üçün etiqadımız barədə danışmaq asan deyildi. Ancaq bir şeyin bizə əməlli-başlı köməyi dəyirdi. Kiçik bacım İva ilə mən tez-tez ayın təqdiməsinə hazırlaşırdıq və Xidməti görüşdə səhnəcikdə onu göstərirdik. Utancaq olsaq da, belə-belə biz insanlarla Müqəddəs Kitab barədə danışmağı öyrənirdik. Təbliğ etməyi bu cür öyrəndiyimizə görə mən çox sevinirəm.

Uşaqlığımın ən yaddaqalan xatirələrindən biri tammüddətli xidmətçilərin bizimlə qalmasıdır. Məsələn, rayon nəzarətçisi Cek Neyton yığıncağımıza baş çəkən vaxt bizdə qalanda sevincdən uçurduq *. Böyük maraqla onun danışdığı əhvalatlara qulaq asırdıq, o, bizi tərifləyəndə isə ürəyimiz Yehovaya xidmət etmək istəyi ilə alışıb-yanırdı.

Yadımdadır, o vaxtlar belə deyirdim: «Mən böyüyəndə Neyton qardaş kimi olmaq istəyirəm». Sonralar anladım ki, onun nümunəsi mənə tammüddətli xidmətə hazırlaşmağa kömək etmişdi. 15 yaşım olanda Yehovaya xidmət etmək artıq qəti qərarım idi. 1942-ci ildə İva ilə mən vəftiz olunduq.

İMAN SINAĞI

İkinci Dünya müharibəsi zamanı, vətənpərvərliyin hökm sürdüyü bir vaxtda təəssübkeşliyi ilə seçilən məktəb müəlliməsi miss Skot iki bacımı və qardaşımı bayrağa təzim etmədiklərinə görə məktəbdən qovdu. Sonra o, mənim müəlliməmlə əlaqə saxladı və ona təzyiq göstərməyə başladı ki, məni də məktəbdə qovsun. Ancaq mənim müəlliməm ona dedi: «Biz azad ölkədə yaşayırıq və vətənpərvərlik tədbirlərindən imtina etməyə haqqımız var». Miss Skotun təkidinə baxmayaraq, müəlliməm qəti şəkildə dedi: «Bu, mənim son sözümdür».

Miss Skot ona cavab verdi: «Xeyr, bu, sənin son sözün deyil. Əgər Melitanı qovmasan, mən səndən şikayət edəcəyəm». Onda müəllimə valideynlərimə başa saldı ki, düzgün etməsə də, işini itirməmək üçün məni qovmağa məcburdur. Ancaq biz dərs materialını aldıq ki, evdə məşğul olaq. Bundan qısa müddət sonra biz təxminən 32 kilometr aralıda yerləşən əraziyə köçdük və oradakı məktəbə getdik.

Müharibə illərində ədəbiyyatlarımıza qadağa qoyuldu. Buna baxmayaraq, biz yenə də ev-ev təbliğ edirdik, ancaq təkcə Müqəddəs Kitabla. Bunun sayəsində biz birbaşa Müqəddəs Kitabla təbliğ etməyi öyrəndik. Bu isə öz növbəsində bizə ruhən böyüməyə və Yehovanın köməyini duymağa kömək etdi.

TAMMÜDDƏTLİ XİDMƏT

Mən yaxşı saç ustası idim, hətta buna görə mükafatlar da almışdım

İvayla mən məktəbi bitirən kimi öncül xidmətinə başladıq. Əvvəlcə, mən ərzaq mağazasında işlədim. Bir müddətdən sonra altıaylıq bərbərlik kursuna getdim. Bundan qabaq da evdə saç kəsirdim. Həftədə iki gün salonda işləməyə başladım, həmçinin ayda iki dəfə saç kəsməyi öyrədirdim. Beləcə, tammüddətli xidmət edib özümü dolandırırdım.

1955-ci ildə Nyu-York (ABŞ) və Nürnberq (Almaniya) şəhərlərində keçiriləcək «Zəfər çalan Padşahlıq» adlı böyük toplantıya getmək istəyirdim. Ancaq Nyu-Yorka yola düşməzdən qabaq baş  idarədən olan Neytan Norr qardaşla tanış oldum. O, həyat yoldaşı ilə birlikdə Kanadanın Vankuver şəhərində keçirilən böyük toplantıda iştirak edirdi. Məndən xahiş etdilər ki, onun həyat yoldaşının saçını düzəldim. Norr qardaş əl işimi bəyəndi və məni görmək istədi. Söhbət vaxtı ona dedim ki, Almaniyadan qabaq Nyu-Yorka getməyi planlaşdırıram. O, məni doqquz günlüyə Bruklindəki Beyteldə xidmət etməyə dəvət etdi.

Bu səyahət mənim həyatımı dəyişdi. Nyu-Yorkda Teodor (Ted) Yaraç adlı cavan qardaşla tanış oldum. Tanışlığımızdan az sonra o, məndən soruşdu: «Sən öncülsən?» Mən təəccüblə: «Yox», — deyə cavab verdim. Rəfiqəm Ləvon söhbətimizi eşidib dedi: «Hə, öncüldür». Çaş-baş qalan Ted Ləvondan soruşdu: «Hansınız yaxşı bilirsiniz, sən, yoxsa o?» Mən başa saldım ki, bundan qabaq öncül idim, böyük toplantıdan qayıdandan sonra yenidən öncüllüyə başlayacağam.

RUHƏN YETKİN HƏYAT YOLDAŞIM

Ted 1925-ci ildə Kentukki ştatında (ABŞ) anadan olub və 15 yaşında həyatını Yehovaya həsr edərək vəftiz olunub. Ailəsinin heç bir üzvünün həqiqətdə olmamasına baxmayaraq, iki ildən sonra öncül xidmətinə başlayıb. Beləcə, o, təxminən 67 illik tammüddətli xidmətə qədəm qoyub.

1946-cı ilin iyul ayında 20 yaşlı Ted Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladın yeddinci sinfinin məzunu oldu. Bundan sonra Ohayo ştatının Klivlend şəhərində səyyar nəzarətçi kimi xidmət etdi. Təxminən dörd il sonra o, Avstraliyaya filial xidmətçisi təyin olundu.

Ted də Nürnberqdə (Almaniya) keçirilən böyük toplantıya gəlmişdi. Biz orada birgə vaxt keçirdik. Bununla da məhəbbət macəramız başladı. Mən çox şad idim ki, onun həyatının amalı Yehovaya xidmət etmək idi. O, çox məqsədyönlü, ciddi, eyni zamanda xeyirxah və mehriban insan idi. Mən görürdüm ki, o, başqalarının mənfəətini özünkündən üstün tutur. Böyük toplantıdan sonra Ted Avstraliyaya, mən isə Vankuverə qayıtdım. Ancaq biz bir-birimizlə məktublaşırdıq.

1951-ci ildə Avstraliyaya təyin olunan Ted orada təxminən beş il xidmət etdikdən sonra Birləşmiş Ştatlara qayıtdı, sonra Vankuverə gəlib öncül xidmətinə başladı. Mən çox sevinirdim ki, ailəm də Tedi bəyənir. Böyük qardaşım Maykl məni göz bəbəyi kimi qoruyurdu. Hansısa cavan qardaş mənə maraq göstərəndə o, narahat olurdu. Ancaq Mayklın Tedə qanı qaynadı. O dedi: «Melita, o, yaxşı oğlandır. Onun qədrini bil, ağıllı ol, onu itirmə».

1956-cı ildə ailə qurandan sonra biz uzun illər tammüddətli xidmətdə olmuşuq

Mən də mehrimi Tedə salmışdım. Biz 1956-cı il dekabrın 10-da ailə qurduq. Əvvəlcə Vankuverdə, sonra Kaliforniyada öncül kimi xidmət etdik, daha sonra isə Missuri və Arkanzasa rayon xidmətinə təyin olunduq. Haradasa 18 il Birləşmiş Ştatların böyük hissəsində səyyar xidmətdə olduq. Bu müddətdə biz hər həftə başqa-başqa adamların evində qalırdıq. Xidmətdə başımıza maraqlı hadisələr gəlirdi, həmçinin bacı-qardaşlarla xoş ünsiyyət edirdik. Buradan-ora, oradan-ora köçsək də, aldığımız mükafatlar narahatçılıqlarımızı artıqlaması ilə ödəyirdi.

Teddə ən çox xoşuma gələn şey o idi ki, o, Yehova ilə münasibətlərinin üstündə əsirdi. Ted Kainatdakı ən ali Varlığa xidmət etməyi çox dəyərləndirirdi. Biz birgə Müqəddəs Kitabı oxuyub araşdırmağı sevirdik. Axşam yatmazdan qabaq çarpayının yanında dizüstə çökürdük və Ted bizim üçün dua edirdi, sonra isə ayrılıqda dua edirdik. Ted hansısa ciddi məsələyə görə narahat olanda  mən həmişə bunu hiss edirdim: o, yatağından durur, yenidən diz çökür və sakitcə uzun-uzadı dua edirdi. Onun istər böyük, istərsə də kiçik məsələlərə görə Yehovaya dua etməsinə heyran qalırdım.

Evliliyimizdən bir neçə il sonra Ted mənə bildirdi ki, İsa Məsihi anma mərasimində simvollardan qəbul edəcək. O dedi: «Mən neçə vaxtdır dua edirəm ki, atdığım bu addımın Yehovanın iradəsinə uyğun olduğuna tam əmin olum». Tedin göydə xidmət etmək üçün Allahın ruhu ilə məsh olunması məni elə də təəccübləndirmədi. Mən buna Məsihin qardaşlarından birinə dəstək olmaq üstünlüyü kimi baxırdım (Mət. 25:35—40).

YENİ XİDMƏT NÖVÜ

1974-cü ildə gözləmədiyimiz bir halda Tedi Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü olmağa dəvət etdilər. Bir qədər sonra bizi Bruklin Beytelində xidmət etməyə çağırdılar. Ted Rəhbərlik Şurasının üzvü kimi daşıdığı məsuliyyətləri icra edir, mən isə həm xadimə, həm də saç ustası kimi çalışırdım.

Tedin vəzifəsinə müxtəlif filiallara baş çəkmək də daxil idi. O, Dəmir pərdə arxasında olan ölkələrdəki təbliğ işi ilə xüsusilə maraqlanırdı. Bir dəfə biz İsveçdə çoxdan arzusunda olduğumuz məzuniyyətdə olanda Ted dedi: «Melita, Polşada təbliğ qadağandır. Elə istəyirəm ki, oradakı qardaşlara kömək edim». Biz viza alıb Polşaya getdik. Ted orada təbliğ işinə baxan qardaşlarla görüşdü. Söhbətlərini heç kəs eşitməsin deyə onlar yolu əllərinə alıb gəzə-gəzə söhbət etdilər. Qardaşlar dörd gün səhərdən-axşama qədər görüşüb məsələləri həll etdilər. Ancaq ruhani ailəsinə kömək etdiyi üçün Ted çox xoşbəxt idi. Onu belə görmək məni də xoşhal edirdi.

Biz Polşaya növbəti dəfə 1977-ci ilin noyabr ayında getdik. Frederik Frans, Daniel Sidlik və Ted Rəhbərlik Şurasının Polşaya gələn ilk rəsmi nümayəndələri idi. Təbliğ işi orada hələ də qadağan idi, amma onlar müxtəlif şəhərlərdə nəzarətçilərlə, öncüllərlə və çoxdanın Şahidləri ilə söhbət etməyə müvəffəq oldular.

Ted başqa qardaşlarla birgə Moskvada Ədliyyə Nazirliyinin qarşısında (təbliğ işi rəsmi qeydiyyatdan keçəndən sonra)

Növbəti il Milton Henşel və Ted Polşada dövlət rəsmiləri ilə görüşdülər. Onlar artıq bizə və fəaliyyətimizə qarşı nisbətən tolerant mövqe tutmuşdular. 1982-ci ildə Polşa hökuməti qardaşlarımıza birgünlük toplantı keçirməyə icazə verdi. Növbəti il daha böyük toplantılar keçirildi. Bu toplantılar əsas etibarilə icarəyə götürülmüş zallarda keçirilirdi. Qadağa 1985-ci ilə qədər davam etsə də, bizə böyük stadionlarda dörd böyük toplantı keçirməyə icazə verdilər. 1989-cu ilin may ayında daha böyük toplantılar keçirmək üçün tədbirlər  görülərkən Polşa hökuməti Yehovanın Şahidlərini rəsmi olaraq tanıdı. Tedin sevincinin həddi-hüdudu yox idi.

Polşada keçirilən vilayət toplantısı

TEDİN SƏHHƏTİ PİSLƏŞİR

2007-ci ildə biz Cənubi Afrikadakı filialın həsr olunmasına gedirdik. İngiltərədə Tedin təzyiqi qalxdı və həkim məsləhət gördü ki, səfəri təxirə salaq. Ted özünə gələndən sonra biz Birləşmiş Ştatlara qayıtdıq. Lakin bir neçə həftə sonra Tedin sağ tərəfi iflic oldu.

Tedin sağalması ləng gedirdi. Əvvəl-əvvəl o, ofisinə gedə bilmirdi. Yaxşı ki, nitqinə heç nə olmamışdı. Xəstə olmağına baxmayaraq o, işlərini görməyə çalışırdı, hətta Rəhbərlik Şurasının həftəlik görüşlərinə telefonla qoşulurdu.

Ted Beyteldə aldığı yüksək səviyyəli müalicəyə görə çox minnətdar idi. Yavaş-yavaş o, hərəkət etməyə başladı. O, bəzi teokratik tapşırıqlarını yerinə yetirə bilirdi və həmişə də yaxşı əhval-ruhiyyədə olurdu.

Üç il sonra onu ikinci dəfə iflic vurdu və 2010-cu il 9 iyun, çərşənbə günü Ted vəfat etdi. Düzdür, mən həmişə başa düşürdüm ki, Ted yer üzündəki həyatını başa vurmalıdır, ancaq onu itirməyin nə dərəcədə ağır olduğunu, onun üçün nə qədər darıxdığımı sözlərlə ifadə edə bilmərəm. Bununla belə, Tedə dayaq olduğum üçün mən hər gün Yehovaya şükür edirəm. Biz 53 ildən çox birlikdə tammüddətli xidmət etmişdik. Mən Ted kimi ömür-gün yoldaşına görə Yehovaya minnətdaram. O, mənə səmavi Atama yaxınlaşmağa çox kömək edib. İndi isə əminəm ki, yeni təyinatı ona çox böyük sevinc və xoşbəxtlik bəxş edir.

HƏYATIN YENİ ÇƏTİNLİKLƏRİ

Beyteldə gözəllik salonunda işləmək və təlim vermək mənə çox xoş idi

Tedlə birgə keçirdiyim zəngin və xoşbəxt illərdən sonra yeni həyata alışmaq asan deyil. Tedlə mən Beyteldə, ibadət evində qonaqları qarşılamağı çox sevirdik. Artıq nə Ted var, nə də ki əvvəlki sağlamlığım. Artıq adamlarla çox vaxt keçirə bilmirəm. Buna baxmayaraq, Beyteldə və yığıncaqda bacı-qardaşlarla bir yerdə olmaq mənə çox xoşdur. Beytel işi asan deyil, amma Allaha bu cür xidmət etmək böyük sevinc mənbəyidir. Təbliğə olan sevgim zərrə qədər də olsun azalmayıb. Yorulsam da, ayaqlarım sözümə baxmasa da, küçədə təbliğ etməkdən, Müqəddəs Kitab dərsi keçməkdən böyük məmnunluq duyuram.

Dünyada baş verən dəhşətləri görəndə çox sevinirəm ki, ömrümü gözəl bir həmdəmlə Yehovaya xidmətdə keçirmişəm. Yehovanın nemətləri mənim həyatımı zəngin edib! (Məs. 10:22).

^ abz. 13 Cek Neytonun bioqrafiyasını «Gözətçi qülləsi» jurnalının 1990-cı il 1 sentyabr sayının 10—14 səhifələrindən (rus.) oxuya bilərsiniz.