Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2015

Vicdanınız etibarlı bələdçidir?

Vicdanınız etibarlı bələdçidir?

«Bu göstərişin məqsədi odur ki, hamımızda sidqi-ürəkdən gələn, təmiz vicdandan... doğan məhəbbət olsun» (1 TİM. 1:5).

NƏĞMƏ: 57, 48

1, 2. Vicdan ənamını bizə kim verib və bu ənama görə nə üçün şükür etməliyik?

YEHOVA ALLAH insanları iradə azadlığı ilə, yəni seçim etmək azadlığı ilə yaradıb. Allah ilk insan cütünə, eləcə də onların gələcək nəsillərinə yaxşı bir bələdçi — vicdan verib. Vicdan nəyin səhv, nəyin düz olduğunu deyən daxili hissdir. Əgər onu düzgün işlətsək, onda o, bizə yaxşı işlər görməyə, pis işlərdən isə uzaq durmağa kömək edə bilər. Beləliklə, vicdan Allahın bizə olan məhəbbətinin sübutudur. Bəşəriyyətə vicdan bəxş etməklə Allah həm də göstərmişdi ki, insanların yaxşı işlər görməsini istəyir.

2 Bu gün də insanlarda vicdan var. (Romalılara 2:14, 15 ayələrini oxuyun.) Müasir dövrdə çoxları Müqəddəs Kitaba zidd davransalar da, yaxşılıq edən, pisliyə isə nifrət edən insanlar hələ də var. Vicdan bir çox insanları amansız vəhşiliklər törətməkdən saxlayır. Təsəvvür edin, əgər heç kəsin vicdanı olmasaydı, dünya nə kökə düşərdi? Bu gün eşitdiyimiz pis xəbərlər toya getməli olardı. Şükür Onun böyüklüyünə, nə yaxşı ki, O, bizə vicdan verib!

3. Tərbiyə olunmuş vicdanın hansı faydası var?

 3 Dünyadakı insanlardan fərqli olaraq, Yehovanın xalqı vicdanı tərbiyə etməyin vacib olduğunu düşünür. Onlar istəyirlər ki, vicdanlarının səsi Müqəddəs Kitabın haqq-nahaq, xeyir-şər məfhumu ilə uzlaşsın. Düzgün tərbiyə olunmuş vicdan məsihi yığıncağına böyük fayda gətirir. Lakin vicdanı tərbiyə etmək və onu əldə rəhbər tutmaq üçün təkcə Müqəddəs Kitabı öyrənmək bəs eləmir. Müqəddəs Kitabda yaxşı vicdan iman və məhəbbətlə əlaqələndirilir. Həvari Bulus yazmışdı: «Bu göstərişin məqsədi odur ki, hamımızda sidqi-ürəkdən gələn, təmiz vicdandan və riyasız imandan doğan məhəbbət olsun» (1 Tim. 1:5). Biz vicdanımızı tərbiyə etdikcə və onun səsinə qulaq asdıqca Yehovaya məhəbbətimiz dərinləşəcək, imanımız möhkəmlənəcək. Bizim vicdanımız ruhani cəhətdən nə dərəcədə möhkəm olduğumuzu, ürəyimizin vəziyyətini və Yehovanı nə qədər çox razı salmaq istədiyimizi bəlli edir. Bəli, daxildən gələn bu səs bizim əslində necə insan olduğumuzu göstərir.

4. Vicdanımızı necə tərbiyə edə bilərik?

4 Bəs vicdanımızı necə tərbiyə edə bilərik? Əsas etibarilə, Müqəddəs Kitabı müntəzəm surətdə və dua edərək mütaliə etməklə, oxuduqlarımızın üzərində düşünməklə və öyrəndiklərimizi həyatımızda tətbiq etməklə. Aydındır ki, bu, bilik toplamaq və qaydaları öyrənməkdən daha böyük məna kəsb edir. Müqəddəs Kitabı mütaliə etdikcə bizim Yehova, Onun varlığı, sifətləri və nələri sevib-sevmədiyi barədə tam təsəvvürümüz olacaq. Vicdanımız Yehova Allahın qayda-qanunları ilə həmahəng olacaq. Biz vicdanımızı nə qədər çox tərbiyə etsək, bir o qədər də Yehova Allaha bənzəməyə çalışacağıq.

5. Bu məqalədə nəyi araşdıracağıq?

5 Bununla belə bizdə sual yarana bilər: «Yaxşı tərbiyə olunmuş vicdan qərar verərkən bizə necə kömək edə bilər? Həmimanlılarımızın vicdanlarına uyğun olaraq verdikləri qərarlara necə hörmət edə bilərik? Vicdan bizi canla-başla yaxşı işlər görməyə necə təşviq edə bilər?» Bu sualları yadda saxlayaraq gəlin vicdanımızın yaxşı bələdçi ola biləcəyi üç sahəyə baxaq: 1) müalicə, 2) əyləncə və 3) təbliğ işi.

DƏRRAKƏLİ OLUN

6. Müalicə ilə bağlı hansı qərarları verməliyik?

6 Müqəddəs Kitab bizi zərərli işlərdən uzaq durmağa və yeyib-içmək kimi məsələlərdə tarazlı olmağa təşviq edir (Məs. 23:20; 2 Kor. 7:1). Müqəddəs Kitab prinsiplərini tətbiq edərək, hətta qocalığa və xəstəliyə baxmayaraq, biz müəyyən qədər sağlamlığımızı qoruya biləcəyik. Bəzi ərazilərdə ənənəvi tibb və digər alternativ müalicə üsulları əlçatandır. Bacı-qardaşlar müntəzəm olaraq filiallara bu və ya digər müalicə üsulu ilə bağlı məktub yazıb soruşurlar: «Yehovanın xidmətçisi özünü bu cür müalicə edə bilər?»

7. Müalicə ilə bağlı hansı qərarı verməliyik?

7 Nə filial komitəsinin, nə də yığıncaq ağsaqqallarının məsihinin yerinə, hətta özü bunu xahiş etsə belə, müalicə ilə bağlı qərar vermək ixtiyarı yoxdur (Qal. 6:5). Sözsüz ki, düzgün qərar qəbul etməsi üçün ağsaqqallar həmin adama Yehovanın baxışını açıqlamalıdırlar. Məsələn, məsihi Müqəddəs Kitabın qandan uzaq durmaq əmrini yadda saxlamalıdır (Həv. 15:29). Bu əmrə əsasən, xalis qan və qanın dörd əsas komponentindən istifadə edərək aparılan müalicə yolverilməzdir. Bunu bilən məsihinin vicdanı onun hətta bu komponentlərin kiçik fraksiyalarını qəbul edib-etməməsinə  təsir edə bilər *. Bəs müalicə olunmağı planlaşdıranda Müqəddəs Kitabın digər məsləhətləri bizə necə bələdçilik edə bilər?

8. Filippililərə 4:5 ayəsi müalicə ilə bağlı məsələlərdə bizə necə kömək edə bilər?

8 Məsəllər 14:15 ayəsində deyilir: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər». Bəzi xəstəliklərin müalicəsi yoxdur. Buna görə də gurultulu vədlər verən, amma nəticəsi sübut olunmayan müalicə üsullarından ehtiyatlı olmalıyıq. Bulus yazmışdı: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filip. 4:5). Dərrakəli olmaq bizi ruhani işləri arxa plana atıb müalicəyə həddən artıq çox vaxt sərf etməkdən çəkindirəcək. Fikrimiz-zikrimiz özümüzü müalicə etdirmək olsa, bu, xudbinliyə gətirib çıxarar (Filip. 2:4). Ən vacibi ruhani işlərdir, sağlamlıq məsələsinə gəldikdə isə biz dərrakəli olmalıyıq, çox şey gözləməməliyik. (Filippililərə 1:10 ayəsini oxuyun.)

Öz fikrinizi başqalarına yeridirsiniz? (9-cu abzasa baxın)

9. Romalılara 14:13, 19 ayələri səhhətlə bağlı qərarlarımıza necə təsir edir və nə aramızdakı sülhü təhlükə altına qoya bilər?

9 Dərrakəli məsihi öz fikrini başqalarına yeritməməlidir. Avropa ölkələrinin birində bir ər-arvad müəyyən pəhrizi və qida əlavələrini cidd-cəhdlə reklam edirdilər. Bəzi bacı-qardaşlar onların sözünə uydular, digərləri isə yox. Bir qədər sonra gözlənilən nəticə əldə olunmadıqda bacı-qardaşlar arasına narazılıq düşdü. Həmin ər-arvadın özlərinin müəyyən pəhrizi saxlamağa və qida əlavələrini qəbul etməyə ixtiyarı var idi. Amma müalicəyə görə yığıncaqdakı sülhü təhlükə altına atmaq nə dərəcədə düzgün idi? Qədim Romadakı məsihilər arasında bir ara bəzi qidalarla, müəyyən günlərlə bağlı fikir ayrılığı mövcud idi. Həmin vaxt həvari Bulus müəyyən günləri qeyd etməklə bağlı onlara yazmışdı: «Kimsə bir günü o birisindən vacib sayır, digəri üçün isə bütün günlər eynidir. Qoy hər kəs inandığı şeyin doğru olub-olmadığına tam əmin olsun». Bəli, başqalarının imanını sarsıtmamaq çox vacibdir. (Romalılara 14:5, 13, 15, 19, 20 ayələrini oxuyun.)

10. Nəyə görə biz başqalarının qərarlarına hörmətlə yanaşmalıyıq? (Məqalənin əvvəlindəki şəklə baxın.)

10 Əgər biz dindaşımızın hansısa şəxsi məsələdə vicdanına uyğun olaraq verdiyi qərarı başa düşə bilmiriksə, o dəqiqə onu qınamamalı və ya fikrini dəyişməyə məcbur etməməliyik. Ola bilsin, onun vicdanı hələ zəifdir, hələ tərbiyə olunmalıdır və yaxud müəyyən məsələlərdə çox həssasdır (1 Kor. 8:11, 12). Digər tərəfdən, bəlkə, biz özümüz vicdanımızı yoxlamalıyıq, bəlkə, vicdanımızı ilahi prinsiplərlə bir az da tərbiyə etməliyik? Müalicə mə sələsində hər birimiz şəxsən qərar verməliyik və bu qərarın arxasında duran məsuliyyəti qəbul etməliyik.

ƏYLƏNCƏ

11, 12. Əyləncə seçimində Müqəddəs Kitabın hansı məsləhətini yerinə yetirə bilərik?

11 Yehova Allah insanları elə yaradıb ki, onlar əyləncələrdən zövq alıb faydalanırlar. Süleyman padşah gülməyin və rəqs etməyin öz vaxtı olduğunu yazmışdı (Vaiz 3:4). Ancaq hər əyləncə faydalı, ürəkaçan və xoş deyil. Əyləncəyə həddən artıq çox vaxt sərt etmək və yaxud tez-tez əylənmək düzgün deyil. Bizim vicdanımız Yehovaya məqbul tərzdə əylənməyə və ondan faydalanmağa necə kömək edə bilər?

12 Müqəddəs Kitab bizi «günahlı bədənin əməlləri» adlanan bəzi hərəkətlərdən çəkindirir. Bunlar «əxlaqsızlıq, natəmizlik, azğınlıq, bütpərəstlik, cindarlıq, ədavət, münaqişə, kin, qəzəb, nifaq, parçalanma, təriqətçilik, paxıllıq, sərxoşluq, kef məclisləri və sairədir». Həvari Bulus yazmışdı ki, «belə işlərlə məşğul olanlar Allahın Padşahlığına girməyəcəklər» (Qal. 5:19—21). Buna uyğun olaraq, biz özümüzə sual verə bilərik: «Vicdanım məni aqressivliyi, rəqabəti, millətçiliyi və ya zorakılığı təcəssüm etdirən idman növlərindən qaçmağa vadar edirmi? Pornoqrafik səhnələri olan və ya əxlaqsızlığı, sərxoşluğu, yaxud da cindarlığı yaxşı şey kimi təqdim edən filmlərə baxmaq istəyəndə vicdanım susmur ki?»

13. 1 Timutiyə 4:8 və Məsəllər 13:20 ayələrində verilən məsləhətlər əyləncə məsələsində necə kömək edə bilər?

13 Həmçinin Müqəddəs Kitabdakı prinsiplər bizə əyləncə məsələsində vicdanımızı tərbiyə etməyə kömək edir. Bu prinsiplərdən biri odur ki, fiziki məşqin bir qədər faydası var (1 Tim. 4:8). Çoxları görür ki, müntəzəm olaraq idmanla məşğul olanda səhhətləri yaxşılaşır, gümrah olurlar. Bəs əgər biz başqaları ilə bir yerdə idman etmək istəyiriksə, kimi gəldi seçəcəyik? Məsəllər 13:20 ayəsində deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar». Aydındır ki, Müqəddəs Kitaba əsasən tərbiyə olunmuş vicdanımızı əldə rəhbər tutmaq və əyləncə seçimində diqqətli olmaq çox vacibdir.

14. Bir ailə Romalılara 14:2—4 ayələrindəki prinsipi necə tətbiq etmişdi?

14 Kristian və Daniellanın iki yeniyetmə övladı var. Kristian deyir: «Bir dəfə ailəvi ibadət axşamında biz əyləncə barədə söhbət edirdik. Hamımız razılaşdıq ki, bəzi əyləncələr yaxşıdır, digərləri isə məsihiyə yaraşmır. Yaxşı dost barədə danışanda qızımın biri şikayətləndi ki, məktəbdə tənəffüs vaxtı bəzi Şahidlərin davranışı, onun fikrincə, heç də düzgün deyil və onda elə hiss olur ki, o da onlar kimi davranmalıdır. Biz belə qənaətə gəldik ki, hər kəsin öz vicdanı var və nə etməyi, kiminlə oturub-durmağı seçərkən biz vicdanımızın səsinə qulaq asmalıyıq». (Romalılara 14:2—4 ayələrini oxuyun.)

Müqəddəs Kitaba əsasən tərbiyə olunmuş vicdan sizə təhlükələrdən qaçmağa kömək edəcək (14-cü abzasa baxın)

15. Əylənməyi planlaşdırarkən Mətta 6:33 ayəsi bizə necə kömək edə bilər?

15 Əyləncə məsələsi ilə bağlı bir məqam da var: əyləncə ilə nə vaxt məşğul olmaq lazımdır? Siz teokratik işlərdən, məsələn, yığıncaq görüşlərindən, təbliğdən və mütaliədən sonra asudə vaxtlarınızda əyləncə ilə məşğul olursunuz, yoxsa əyləncədən başınız ayılanda teokratik işlərlə məşğul olursunuz?  Nəyə üstünlük verirsiniz? İsa Məsih demişdi: «Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun, onda bütün bunlar sizə veriləcək» (Mət. 6:33). Vaxtınızı planlaşdırarkən vicdanınız İsanın bu məsləhətini yadınıza salırmı?

YAXŞI İŞLƏRƏ CAN ATIN

16. Vicdanımız bizi təbliğ işinə necə təşviq edir?

16 Yaxşı vicdan bizi sadəcə günahdan çəkindirmir, o, bizi yaxşı işlər görməyə səsləyir. Yaxşı işlərin arasında ən vacibi ev-ev təbliğ etmək və hər fürsətdən istifadə edərək qeyri-rəsmi şahidlik etməkdir. Həvari Bulusun vicdanı onu bu cür davranmağa sövq edirdi. O yazmışdı: «Bu, mənim borcumdur. Əgər təbliğ etmirəmsə, vay halıma!» (1 Kor. 9:16). Biz onun kimi davrandıqca vicdanımız bizimlə danışıb bizi düzgün davrandığımıza əmin edəcək. Üstəlik, xoş xəbəri təbliğ edəndə biz söhbət etdiyimiz insanların da vicdanına müsbət təsir edirik. Həvari Bulus demişdi: «İnsanlara həqiqəti açıb Allahın qarşısında hər insanın vicdanı üçün yaxşı örnək oluruq» (2 Kor. 4:2).

17. Bir gənc bacı öz vicdanına uyğun necə davrandı?

17 Jaklinin 16 yaşı olanda bir dəfə biologiya dərsində təkamül nəzəriyyəsi keçirilirdi. O deyir: «Mənim vicdanım yol vermədi ki, dərsdə adətən olduğu kimi tam iştirak edim. Mən təkamül nəzəriyyəsi ilə razılaşa bilməzdim. Müəllimə öz mövqeyimi izah etdim. Müəllim bunu çox yaxşı qarşıladı və gözləmədiyim bir halda, mənə bütün sinfin qarşısında yaradılış mövzusunda danışmağı təklif etdi». Jaklin Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanının səsinə qulaq asıb ona uyğun davrandığına görə çox sevinirdi. Sizin də vicdanınız sizi yaxşı işlər görməyə təşviq edirmi?

18. Nəyə görə biz yaxşı və etibarlı vicdana sahib olmaq istəyirik?

18 Bizim məqsədimiz Yehovanın qanunlarına və yollarına uyğun yaşamaqdır. Bu məsələdə vicdanın böyük köməyi dəyə bilər. Biz müntəzəm olaraq Allahın Kəlamına baş vursaq, orada tapdığımız fikirlərin üzərində düşünsək və onları həyatımızda tətbiq etsək, vicdanımızı tərbiyə edəcəyik. Belə olan halda, vicdan bizə məsihi həyatında yaxşı bələdçi olacaq.

^ abz. 7 «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 215—218 səhifələrinə baxın.