Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2015

Yehovanın sarsılmaz məhəbbəti barədə düşüncələrə dalın

Yehovanın sarsılmaz məhəbbəti barədə düşüncələrə dalın

«Əməllərin barədə düşüncələrə dalaram» (ZƏB. 77:12).

NƏĞMƏ: 18, 61

1, 2. a) Nəyə görə Yehovanın Öz xalqını sevdiyinə əminsiniz? b) İnsanlar hansı tələbatla yaranıblar?

YEHOVANIN Öz xalqını sevdiyinə nəyə görə əminsiniz? Bu suala cavab verməzdən öncə aşağıdakı nümunələrə diqqət yetirin. Bacı-qardaşlar illərlə Teylin bacıya məsləhət görürdülər ki, özünə qarşı həddən artıq tələbkar olmasın. O deyir: «Əgər Yehova məni sevməsəydi, belə israrla məsləhət verməzdi». Həyat yoldaşı öləndən sonra iki uşağını tək böyüdən Bricit deyir: «Şeytan dünyasında uşaq böyütmək çox çətindir, ələlxüsus da, tək valideyn üçün. Ancaq əminəm ki, Yehova məni sevir. Çünki keşməkeşli vaxtlarımda O, mənə yol göstərir, heç vaxt gücüm çatmayan şeylərə yol vermir» (1 Kor. 10:13). Sandra bacı sağalmaz xəstəliyə düçar olub. Böyük toplantıların birində yaxşı tanınan bir qardaşın həyat yoldaşı ona xüsusi diqqət göstərmişdi. Sandranın həyat yoldaşı deyir: «Biz o bacını şəxsən tanımasaq da, onun qayğıkeşliyi bizi çox sevindirdi. Bacı-qardaşların göstərdiyi azacıq qayğıda belə, Yehovanın bizə olan böyük məhəbbətini görürəm».

2 İnsanlar sevib-sevilmək tələbatı ilə yaranıblar. Ancaq hansısa gözlənilməz hadisə baş verəndə, nəyəsə görə məyus  olanda, xəstələnəndə, maddi çətinliklə üzləşəndə, xidmətimizin bəhrəsini görməyəndə bəzən ruhdan düşürük və düşünürük ki, Yehova artıq bizi sevmir. Ancaq belə hallarda unutmamalıyıq ki, biz Yehova üçün qiymətliyik və O, sağ əlimizdən tutub bizə kömək edir. Əgər biz Ona sadiqiksə, O, heç vaxt bizi unutmayacaq (Əşy. 41:13; 49:15).

3. Yehovanın bizə sarsılmaz məhəbbət bəslədiyinə necə əmin ola bilərik?

3 Yuxarıda sözləri gətirilən bacı-qardaşlar inanırlar ki, çətin vaxtlarında Yehova onlarla olub. Biz də Yehovanın bizim tərəfimizdə olduğuna əmin ola bilərik (Zəb. 118:6, 7). Bu məqalədə araşdıracağıq ki, Allahın məhəbbəti 1) yaratdığı şeylərdən, 2) Kəlamından, 3) duadan və 4) fidyə qurbanlığından necə görünür. Yehovanın bizə etdiyi yaxşılıqlar barədə düşündükcə Onun bizə sarsılmaz məhəbbət bəslədiyinə əmin olacağıq və Ona olan minnətdarlığımız artacaq. (Zəbur 77:11, 12 ayələrini oxuyun.)

YEHOVANIN YARATDIQLARI BARƏDƏ DÜŞÜNÜN

4. Yehovanın yaratdıqları barədə düşünəndə nə aydın olur?

4 Xilqət Yehovanın sarsılmaz məhəbbətinə şəhadət edir. Əslində Yehovanın dünyanı yaratması artıq özlüyündə Onun məhəbbətinin təzahürüdür (Rom. 1:20). O, yer kürəsinin ekosistemini elə yaradıb ki, biz mövcud ola bilirik. Lakin Yehova sadəcə bizim mövcud olmağımızı istəmir. Yaşamaq üçün bizə yemək lazımdır. Yehova elə edib ki, yerdə sonsuz çeşiddə bitkilər bitir və bunlardan sağlam qidalar hazırlamaq olar. Hətta yemək yemək belə insana ləzzət verir! (Vaiz 9:7). Kanadada yaşayan Katrin adlı bir bacı, xüsusən də, bahar fəslində təbiəti müşahidə etməkdən zövq alır. O deyir: «Təbiətin oyanması, həqiqətən də, heyrətamizdir, güllər torpaqdan baş qaldırır, köçəri quşlar uçub gəlir, kiçik kalibri quşu da qayıdıb mətbəximin pəncərəsi qarşısındakı yem qabından dən dənləyir. Bu xoş hissləri yaşayanda əmin oluram ki, Yehova bizi sevir». Səmavi Atamız yaratdığı şeylərdən zövq alır və bizim də bunlardan həzz almağımızı istəyir (Həv. 14:16, 17).

5. Yehova məhəbbətdən irəli gələrək insanları necə yaradıb?

5 Yehova bizi elə qabiliyyətlə yaradıb ki, biz məhsuldar və mənalı işlə məşğul ola bilirik. Sözsüz ki, bu, bizim həyatımıza rəng qatır (Vaiz 2:24). Yehova niyyət etmişdi ki, insanlar törəyib-çoxalsın və bütün yer üzünü doldursun, balıqların, quşların və digər canlı məxluqların üzərində hökmranlıq etsin (Yar. 1:26—28). Üstəlik, Yehova məhəbbətdən irəli gələrək, bizə elə keyfiyyətlər bəxş edib ki, biz Ona bənzəyə bilək (Efes. 5:1).

ALLAHIN KƏLAMINI DƏYƏRLƏNDİRİN

6. Nəyə görə Allahın Kəlamını dərindən başa düşməliyik?

6 Allah Öz Kəlamını verməklə bizə böyük məhəbbət göstərib. Yehova Allah haqqında, Onun insanlarla rəftarı barədə bilməli olduğumuz şeyləri bu kitabdan öyrənə bilərik. Məsələn, Müqəddəs Yazıları oxuyanda görürük ki, O, tez-tez asilik edən israillilərlə necə davranmışdı. Zəbur 78:38 ayəsində deyilir: «Amma O, mərhəmət göstərirdi, günahlarından keçirdi, onları məhv etmirdi, dəfələrlə hirsini boğurdu, qəzəbini tam oyatmırdı». Bu ayə barədə düşünsəniz, başa düşəcəksiniz ki, qeyri-kamil olsanız da, Yehova şəxsən sizi çox sevir və qayğınıza qalır. Əmin olun, Yehova sizə laqeyd yanaşmır. (1 Butrus 5:6, 7 ayələrini oxuyun.)

7. Nəyə görə biz Müqəddəs Kitabı çox qiymətləndirməliyik?

 7 Biz Müqəddəs Kitabı çox qiymətləndirməliyik, çünki Yehova, əsas etibarilə, onun vasitəsilə bizimlə danışır. Valideynlə uşağın bir-birinə etibar etməsi, bir-birini sevməsi üçün açıq və səmimi söhbət etmələri son dərəcə vacibdir. Yehova da bizim Atamızdır. Biz Onu heç vaxt görməsək də, səsini eşitməsək də, O, Kəlamı vasitəsilə bizimlə «danışır» və biz Onu dinləməliyik (Əşy. 30:20, 21). Biz Yehova Allaha həsr olunmuş xalqıq. O, bizə rəhbərlik etmək və bizi xata-baladan qorumaq istəyir. Həmçinin O, istəyir ki, biz Onu tanıyaq və Ona etibar edək. (Zəbur 19:7—11; Məsəllər 1:33 ayələrini oxuyun.)

Yehova Yəhu peyğəmbər vasitəsilə Yəhuşafat padşahı məzəmmət etsə də, onda yaxşı şeylər də görürdü (8 və 9-cu abzasa baxın)

8, 9. Yehova bizim nəyi bilməyimizi istəyir? Bunu Müqəddəs Kitabda olan bir nümunə ilə izah edin.

8 Yehova istəyir ki, biz Onu bizi sevən, diqqətini bizim qeyri-kamilliyimizə cəmləməyən Allah kimi tanıyaq. O, bizdə yaxşı şeylər axtarır (2 Saln. 16:9). Misal üçün, Yəhuda padşahı Yəhuşafatla O, məhz belə davranmışdı. Bir dəfə İsrail padşahı Əhəb müharibə edib Ramut-Giladı aramilərdən almaq istəyirdi. Yəhuşafat padşah ağılsızlıq edib onunla yürüşə getməyə razılaşdı. 400 yalançı peyğəmbər Əhəb padşahın qələbə çalacağını desə də, Yehovanın peyğəmbəri Mikay onun hökmən məğlub olacağını söylədi. Əhəb döyüşdə öldü, Yəhuşafat isə güc-bəla ilə ölümün pəncəsindən  qurtuldu. Yerusəlimə qayıdanda görücü Hənani oğlu Yəhu onu Əhəblə ittifaqa girdiyi üçün məzəmmət etdi. Bununla belə o, Yəhuşafata dedi: «Allah səndə yaxşı şeylər görüb» (2 Saln. 18:4, 5, 18—22, 33, 34; 19:1—3).

9 Hakimiyyətinin əvvəlində Yəhuşafat padşah əmirləri, lavililəri və kahinləri göndərmişdi ki, Yəhudanın bütün şəhərlərini gəzib xalqa Yehovanın qanunlarını öyrətsinlər. Bu, çox yaxşı nəticə vermişdi, hətta ətraf xalqları da Yehovanın xofu basmışdı (2 Saln. 17:3—10). Düzdür, Yəhuşafat padşah Əhəbə qoşulmaqla ağılsız etdi, ancaq Yehova Allah onun əvvəlki yaxşı işlərinin üstündən xətt çəkmədi. Müqəddəs Kitabda yazılan bu parça bizə təsəlli verir, çünki qeyri-kamilliyimiz ucbatından biz bəzən səhvlərə yol veririk. Ancaq Yehovanı ürəkdən razı salmaq istəyiriksə, Onun bizə olan sevgisi heç vaxt soyumayacaq.

DUA ƏNAMINI QİYMƏTLƏNDİRİN

10, 11. a) Nəyə görə duaya Yehovadan olan xüsusi ənam kimi baxmalıyıq? b) Allah dualarımıza necə cavab verir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

10 Qayğıkeş ata onunla danışmaq istəyən övladlarını dinləyir. O, övladlarının narahatçılığını, qayğılarını bilmək, onların ürəyindəkilərdən agah olmaq istəyir. Biz də səmavi Atamız Yehovaya dua edəndə O, bizi dinləyir.

11 Biz Yehovaya hər vaxt dua edə bilərik. O, bizə heç bir məhdudiyyət qoymur. Yehova həmişə bizi eşitməyə hazır olan Dostumuzdur. Yuxarıda sözləri gətirilən Teylin deyir: «Adam hər şeyi Ona danışa bilər». Biz Allaha ən məhrəm hisslərimizi danışanda O, bizə Müqəddəs Kitab və jurnaldakı məqalə vasitəsilə, eləcə də dindaşımızın dili ilə cavab verə bilər. Yehova bizim yalvarışlarımızı eşidir və heç kim bizi başa düşməsə də, O, bizi başa düşür. Dualarımıza cavab verməklə Yehova bizə olan sarsılmaz məhəbbətini çox gözəl şəkildə ifadə edir.

12. Nəyə görə biz Müqəddəs Kitabda qələmə alınan dualara diqqət yetirməliyik? Nümunə çəkin.

12 Biz Müqəddəs Kitabda qələmə alınan dualardan çox şey öyrənə bilərik. Buna görə də bəzən ailəvi ibadətdə bu duaları nəzərdən keçirmək faydalı olar. Qədimdə yaşayan mömin bəndələrin öz məhrəm fikirlərini Yehova Allaha necə açdıqları barədə düşündükcə bizim də dualarımız zənginləşəcək. Məsələn, Yunus peyğəmbərin nəhəng balığın qarnında etdiyi tövbə duasını oxuyun (Yun. 1:17—2:10). Süleyman padşahın məbədin təntənəli açılışı zamanı sidqi-ürəkdən etdiyi duaya diqqət yetirin (1 Pad. 8:22—53). İsa Məsihin bizim üçün nümunə olaraq verdiyi duanın üzərində düşünün (Mət. 6:9—13). Ən vacibi isə diləyinizi həmişə Allaha bildirin. Bunun sayəsində «Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq». Sarsılmaz məhəbbətinə görə bizim Yehovaya minnətdarlığımız artacaq (Filip. 4:6, 7).

FİDYƏYƏ GÖRƏ MİNNƏTDAR OLUN

13. Fidyənin sayəsində bəşəriyyət üçün hansı imkan yaranıb?

13 İsa Məsihin fidyə qurbanlığı Yehovanın bizə lütfüdür. Bu fidyə vasitəsilə biz həyata qovuşuruq (1 Yəh. 4:9). Allahın məhəbbətini ən ali şəkildə təzahür etdirən fidyə barədə həvari Bulus yazmışdı: «Məsih təyin olunmuş vaxtda günahlı adamlar uğrunda öldü. Saleh adam uğrunda çətin ki, kimsə ölə, amma yaxşı adam uğrunda, ola bilsin, kimsə canından  keçər. Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Rom. 5:6—8). Bu lütfün sayəsində bəşəriyyət üçün Yehova Allahın razılığını qazanmaq mümkündür.

14, 15. Fidyə məsh olunmuş və yerdə yaşamağa ümid edən məsihilər üçün hansı mənanı kəsb edir?

14 Bəzi insanlar Yehovanın sarsılmaz məhəbbətini xüsusi şəkildə hiss edirlər (Yəh. 1:12, 13; 3:5—7). Onlar müqəddəs ruhla məsh olunub Allahın övladları olublar (Rom. 8:15, 16). Həvari Bulus Məsih İsa ilə vəhdətdə olan məsh olunmuş məsihilərin onunla birlikdə dirildiyini və göylərdə oturduğunu yazmışdı (Efes. 2:6). Bu, onların ruhani mövqeyini göstərir və onlar bu mövqeni müqəddəs ruhla möhürlənməyin sayəsində tutublar. Bu ruh onların mirasına, yəni onlar üçün göylərdə qorunub saxlanılan ümidə zəmanətdir (Efes. 1:13, 14; Kol. 1:5).

15 Fidyəyə iman edən insanların böyük əksəriyyətinin Yehovanın dostu olmaq, gələcəkdə isə Allahın övladları olmaq və Cənnətdə əbədi yaşamaq imkanı var. Beləliklə, fidyə Yehovanın bütün insanları sevdiyini göstərir (Yəh. 3:16). Əgər biz yer üzündə əbədi yaşamağa ümid ediriksə və Yehova Allaha sədaqətlə xidmət ediriksə, əmin ola bilərik ki, O, yeni dünyada bizə gözəl həyat bəxş edəcək. Buna görə də fidyəyə Yehovanın sarsılmaz məhəbbətinin ən böyük sübutu kimi baxmalıyıq.

YEHOVANIN MƏHƏBBƏTİNƏ HAY VERİN

16. Yehovanın bizə olan məhəbbəti üzərində düşünmək bizi nəyə sövq edəcək?

16 Yehovanın bizə olan sarsılmaz məhəbbətinin sübutlarını saymaqla qurtarmaq olmaz. Davud padşah məzmurların birində demişdi: «Fikirlərin mənim üçün çox dəyərlidir, İlahi, onların sayı-hesabı yoxdur. Saymaq istəsəm, qum dənələrindən çoxdur» (Zəb. 139:17, 18). Yehovanın məhəbbətdən irəli gələrək bizə etdiyi yaxşılıqlar barədə düşündükcə, ürəyimizdə Onu sevmək arzusu oyanacaq. Buna görə də gəlin Yehovanın yolunda heç nəyimizi əsirgəməyək.

17, 18. Yehovanı sevdiyimizi hansı üsullarla göstərə bilərik?

17 Yehovaya sevgimizi bir çox üsullarla göstərə bilərik. Məsələn, canla-başla təbliğ edərək Allahı və insanları sevdiyimizi göstəririk (Mət. 24:14; 28:19, 20). Həmçinin Yehova Allahı ürəkdən sevdiyimizi imanın sınağına dözərək nöqsansızlığımızı qorumaqla göstəririk. (Zəbur 84:11; Yaqub 1:2—5 ayələrini oxuyun.) Sınaqlarımız şiddətli olanda belə, biz əmin ola bilərik ki, Yehova çəkdiyimiz əzablardan agahdır və mütləq dadımıza çatacaq, çünki biz Onun üçün əzizik (Zəb. 56:8).

18 Yehova Allaha olan məhəbbətimiz bizi təşviq edir ki, Onun yaratdıqları və digər heyrətamiz işləri üzərində düşünək. Biz Müqəddəs Kitabı dərindən araşdırmaqla Allahı sevdiyimizi və Kəlamını yüksək qiymətləndirdiyimizi göstəririk. Məhəbbətdən irəli gələrək Yehovaya dua edib Onunla münasibətlərimizi möhkəmləndiririk. Yehovanın günahlarımız üçün verdiyi fidyə qurbanlığı üzərində düşündükcə Ona olan məhəbbətimiz daha da artır (1 Yəh. 2:1, 2). Bu və digər üsullarla Yehovanın bizə bəslədiyi sarsılmaz məhəbbətin müqabilində Onu sevdiyimizi göstərə bilərik.