Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2015

Axırzamanda özünüzü pis dostluqdan gözləyin

Axırzamanda özünüzü pis dostluqdan gözləyin

«Pis dostlar yaxşı əxlaqı pozur» (1 KOR. 15:33).

NƏĞMƏ: 73, 119

1. Biz hansı dövrdə yaşayırıq?

YAŞADIĞIMIZ zəmanə çox pis zəmanədir. Müqəddəs Kitab 1914-cü ildən başlayan bu dövrü «axırzaman» adlandırır. 1914-cü ilə kimi dünya belə çətinliklərlə üzləşməmişdi. Buna görə də Müqəddəs Kitabda axırzamanın «son dərəcə çətin bir vaxt» olduğu deyilir (2 Tim. 3:1—5). Üstəlik, dünyanın vəziyyəti getdikcə lap pisləşəcək, çünki Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu ki, «pis adamlar və fırıldaqçılar... get-gedə daha betər işlər görəcəklər» (2 Tim. 3:13).

2. Bu gün insanlar necə əylənirlər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

2 Bir çox insanların əyləncə məqsədilə baxdıqları şeylər, etdikləri hərəkətlər Allaha qətiyyən məqbul deyil. Belə ki, bu əyləncələr özündə zorakılığı, əxlaqsızlığı, cindarlığı və Allahın bəyənmədiyi digər işləri əks etdirir. Misal üçün, İnternetdə, televiziya proqramlarında, filmlərdə, romanlarda, jurnallarda çox vaxt zorakılıq və əxlaqsızlıq yaxşı bir şey kimi qələmə verilir. Bir vaxtlar pis sayılan hərəkətlər bəzi ölkələrdə hətta qanuniləşdirilib. Ancaq bu, o demək deyil ki, Allah da həmin hərəkətləri bəyənir. (Romalılara 1:28—32 ayələrini oxuyun.)

3. Allahın yolu ilə gedən insanlara bu dünyada necə baxırlar?

 3 Birinci əsrdə İsanın davamçıları natəmiz əyləncələrdən uzaq dururdular. Həm buna görə, həm də Allaha məqbul həyat sürdüklərinə görə onları şərləyir, təqib edirdilər. Həvari Butrus yazmışdı: «Onlar məəttəl qalırlar, axı siz [məsihilər] artıq onlarla birlikdə həmin pozğunluq girdabına qaçmırsınız. Buna görə də barənizdə pis danışırlar» (1 But. 4:4). Bu gün də Allahın yolu ilə gedən insanlara «alaqarğa» kimi baxırlar. Bundan başqa, «Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı» təqib olunur (2 Tim. 3:12).

«PİS DOSTLAR YAXŞI ƏXLAQI POZUR»

4. Biz bu dünyaya qarşı hansı mövqeyi tutmalıyıq?

4 Əgər biz Allahı razı salmaq istəyiriksə, dünyanı və onun işlərini sevməməliyik. (1 Yəhya 2:15, 16 ayələrini oxuyun.) Din, siyasət, kommersiya, eləcə də informasiya kanalları «bu dövrün allahı» Şeytanın əlindədir (2 Kor. 4:4; 1 Yəh. 5:19). Biz bu dünyanın təsiri altına düşmək istəmirik, ona görə də kiminlə oturub-durduğumuza fikir verməliyik. Allahın Kəlamında danılmaz bir həqiqət yazılıb: «Aldanmayın! Pis dostlar yaxşı əxlaqı pozur» (1 Kor. 15:33).

5, 6. Kimlərlə oturub-durmamalıyıq və nəyə görə?

5 Əxlaqımız pozulmasın deyə, biz əyri yolun yolçuları ilə oturub-durmamalıyıq. Bu, yalnız imanımıza şərik olmayan insanlara yox, həmçinin dildə Yehovaya ibadət edən, əməldə isə Onun qanunlarını pozan məsihilərə də aiddir. Əgər belə məsihilər günah edər, amma tövbə etməzsə, biz onlarla ünsiyyət etmirik (Rom. 16:17, 18).

6 Allahın qanunlarına itaət etməyən insanlarla oturub-dursaq, onları razı salmaq üçün əvvəl-axır biz də onlar kimi davranacağıq. Məsələn, əxlaqsız insanla dostluq etsək, biz də əxlaqsızlığa yol verə bilərik. Bəzi məsihilərlə bu baş verib. Onlardan bəziləri tövbə etmədikləri üçün yığıncaqdan kənar ediliblər (1 Kor. 5:11—13). Nə qədər ki, tövbə etməyiblər, həvari Butrusun sözlərini onlara şamil etmək olar. (2 Butrus 2:20—22 ayələrini oxuyun.)

7. Bizim yaxın dostlarımız kimlər olmalıdır?

7 Düzdür, biz Allahın qanunlarını pozan insanlarla yaxşı münasibət saxlayırıq, amma onlarla dostluq etmirik. Buna görə də subay məsihinin Allaha həsr olunmayan, Ona sadiq qalmayan və Onun əxlaq normalarına dəyər verməyən şəxslə görüşməsi düzgün olmazdı. Yehovanın qanunları ilə yaşamayan insanların yanında hörmətli olmaqdansa, məsihi nöqsansızlığını qorumaq daha vacibdir. Bizim yaxın dostlarımız Allahın iradəsini yerinə yetirən insanlar olmalıdır. İsa Məsih demişdi: «Allahın iradəsini yerinə yetirən mənim qardaşım, bacım və anamdır» (Mark 3:35).

8. Pis mühit israilliləri nəyə sürükləmişdi?

8 Pis dostluğun axırı həmişə pis qurtarır. İsraillilər bunu öz acı təcrübələrindən görmüşdülər. Yehova onları Misir əsarətindən azad edib Vəd olunmuş diyara gətirəndə oranın sakinləri ilə bağlı onlara demişdi: «Bu xalqların allahlarına səcdə qılmayın, uyub onlara ibadət etməyin. Həmin xalqların əməllərini təkrarlamayın. Əksinə, büt-allahlarını sındırıb dağıdın, dik  daşlarını parça-parça edin. Siz Allahınız Yehovaya ibadət etməlisiniz» (Çıx. 23:24, 25). Amma israillilərin əksəriyyəti Yehovanın əmrlərinə əməl etmədilər (Zəb. 106:35—39). Onlar Allaha xəyanət etdilər. Odur ki, İsa Məsih yer üzündə yaşayanda onlara demişdi: «Buna görə də Allah bu məbədi tərk edəcək» (Mət. 23:38). Yehova israilliləri rədd etdi, yeni yaranmış məsihi yığıncağını Özünə xalq seçdi (Həv. 2:1—4).

ƏQLİNİZİ NƏ İLƏ QİDALANDIRIRSINIZ?

9. Nəyə görə bu dünyanın media və əyləncə sənayesi təhlükəlidir?

9 Bu dünyanın media və əyləncə sənayesinin istehsal etdiyi şeylərin çoxu məsihilərin ruhaniliyi üçün təhlükədir. Bu kimi materiallar insanda Yehovaya və Onun vədlərinə iman hasil etmir. Əksinə, Şeytanın şər dünyasındakı ab-havanı, bu dünyaya məxsus məqsədləri əks etdirir. Buna görə də biz son dərəcə ehtiyatlı olmalıyıq, oxumağa, baxmağa, qulaq asmağa elə şeylər seçməliyik ki, bizdə dünyaya xas istəklər oyanmasın (Tit. 2:12).

10. Zərərli media və əyləncə sənayesi ilə nə baş verəcək?

10 Tezliklə zərərli media və əyləncə sənayesi mövcud olmayacaq, Şeytanın dünyası ilə birlikdə məhv olacaq. Allahın Kəlamında deyilir: «Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır» (1 Yəh. 2:17). Məzmurçu da demişdi: «Pislərin kökü kəsiləcək, Yehovaya güvənənlər isə yer üzünə sahib olacaq. Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar». Bəs bu nə qədər sürəcək? Elə məzmurçunun öz dili ilə desək, «salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəb. 37:9, 11, 29).

11. Allah Öz xalqını ruhani qida ilə necə təmin edir?

11 Bu dünyada medianın istehsal etdiyi şeylərdən fərqli olaraq, Yehovanın təşkilatının dərc etdiyi nəşrlər bizə əbədi yaşamağımız üçün düzgün həyat sürməyi öyrədir. Yehova Allaha dua edərkən İsa Məsih demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəh. 17:3). Səmavi Atamız Öz təşkilatı vasitəsilə bizə bol ruhani qida verir. Biz necə də xoşbəxtik ki, jurnallar, broşürlər, kitablar, videolar, veb-səhifələr timsalında olan bu ruhani qida bizə Allaha ibadət etməyə kömək edir. Həmçinin Allahın təşkilatı bütün dünyada 110 000-dən çox yığıncaq təşkil edib və müntəzəm olaraq bu yığıncaqların görüşləri keçirilir. Həmin görüşlərdə və böyük toplantılarda biz Müqəddəs Kitaba əsaslanan və Allaha, Onun vədlərinə imanımızı möhkəmləndirən mövzuları araşdırırıq (İbr. 10:24, 25).

«AĞANIN YOLUNDA» OLANLA AİLƏ QURUN

12. «Ağanın yolunda» olan adam deyildikdə kim nəzərdə tutulur?

12 Ailə qurmaq istəyən subay məsihilər kiminlə oturub-durduqlarına xüsusilə diqqət yetirməlidirlər. Allahın Kəlamında deyilir: «İmansızlarla eyni boyunduruğa girməyin. Axı salehliklə qanunsuzluq arasında nə əlaqə ola bilər? Yaxud nurla zülmət arasında nə ortaqlıq ola bilər?» (2 Kor. 6:14). Ailə qurmaq istəyən məsihilərə Müqəddəs Kitabda məsləhət görülür ki, onlar yalnız «Ağanın yolunda» olan, yəni özünü  Yehovaya həsr edib vəftiz olunan və Müqəddəs Kitab tələblərinə uyğun yaşayan insanla ailə qursunlar (1 Kor. 7:39). Həmimanlısı ilə ailə quran məsihi Yehovaya həsr olunmuş və iman yolunda ona dayaq olacaq həmdəm qazanır.

13. Yehova nikahla bağlı israillilərə nə əmr etmişdi?

13 Yehova xidmətçiləri üçün nəyin yaxşı olduğunu bilir. «Ağanın yolunda» olan adamla ailə qurmaq əmri yeni bir şey deyil. Görün O, Musa peyğəmbər vasitəsilə birmənalı şəkildə israillilərə nə demişdi. Yehovaya ibadət etməyən ətraf xalqlarla bağlı O, israillilərə əmr etmişdi: «O xalqlarla qohum olmayın, nə onlara qız verin, nə onlardan qız alın. Çünki onlar övladlarınızı Mənim yolumdan döndərib başqa allahlara qulluq etməyə sövq edəcəklər. Onda Yehovanın sizə qəzəbi kükrəyəcək və O, sizi tez bir zamanda məhv edəcək» (Qan. 7:3, 4).

14, 15. Süleymanın Yehovanın əmrini qulaqardına vurmasının nəticəsi nə oldu?

14 Davud padşahın oğlu Süleyman hakimiyyətinin ilkin çağlarında Allahdan hikmət diləmişdi. Allah da onu böyük hikmət sahibi etmişdi. Beləcə, Süleyman padşah çiçəklənən ölkənin hikmətli padşahı kimi hər yanda tanınırdı. Süleyman padşahı görməyə gələn Səba məlikəsi demişdi: «Gəlib öz gözlərimlə görməyincə inanmağım gəlmirdi. Sən demə, mənə gördüklərimin heç yarısını da danışmayıblar. Sən eşitdiyimdən qat-qat hikmətli, zəngin imişsən!» (1 Pad. 10:7). Amma təəssüflər olsun ki, Süleyman çox pis nümunə qoydu. Onun nümunəsindən görmək olar ki, imanda olmayan kəslə ailə qurmamaq əmrini qulaqardına vurmağın axırı necə qurtarır (Vaiz 4:13).

15 Allahın ona etdiyi yaxşılıqlara baxmayaraq, Süleyman ətraf xalqlardan olan, Yehovaya ibadət etməyən qadınlarla ailə qurmamaq əmrinə itaət etmədi. O, yadelli qadınlara könül verdi. Axırda onun 700 arvadı, 300 cariyəsi var idi. Bunun nəticəsi çox pis oldu. Qoca vaxtında bütpərəst arvadları «Süleymanın ürəyini başqa allahlara tərəf döndərdilər... O, Yehovanın bəyənmədiyi pis işlər gördü» (1 Pad. 11:1—6). Pis mühit Süleymanın hikmətini puç etdi və onu həqiqi ibadətdən döndərdi. Yehovaya ibadət etməyən kəslə ailə qurmaq istəyən məsihilər ondan özlərinə ibrət götürməlidirlər!

16. Həyat yoldaşı imanına şərik olmayan kəslərə Müqəddəs Kitab nə məsləhət görür?

16 Amma elə dindaşlarımız da var ki, həqiqətə gələndə artıq ailəli olublar və həyat yoldaşları onların imanına şərik deyil. Bəs belə olan halda nə etməli? Müqəddəs Kitabda deyilir: «Siz də, ey qadınlar, ərlərinizə tabe olun ki, Allahın sözünə itaət etməyən ərləriniz... davranışınızla sözsüz fəth edilsinlər» (1 But. 3:1, 2). Bu sözlər məsihi qadınlara ünvanlansa da, onları məsihi kişilərə də aid etmək olar. Müqəddəs Kitab aydın şəkildə deyir: yaxşı həyat yoldaşı olun və Müqəddəs Kitabda nikahla bağlı deyilənlərə uyğun yaşayın. Bəlkə də həyat yoldaşınız sizdəki dəyişikliyi görüb həqiqəti qəbul edəcək. Belə hallar az olmayıb.

YEHOVANI SEVƏNLƏRLƏ DOST OLUN

17, 18. Nuh və birinci əsrdəki məsihilər nəyin sayəsində fəlakətdən qurtulmuşdular?

17 Pis dostluq yaxşı əxlaqı pozduğu  halda, yaxşı dostlar insana yaxşı keyfiyyətlər aşılayır. Götürək Nuh peyğəmbəri. O, şər dünyada yaşasa da, ətrafındakı insanlarla dostluq etmirdi. Həmin vaxt yer üzündə insanlar tamam pozulmuşdu, ürəklərindəki fikirlər və niyyətlər ancaq pisliyə meyilli idi (Yar. 6:5). Elə buna görə də Allah daşqın göndərib həmin pis dünyanı məhv etmək qərarına gəlmişdi. Lakin «Nuh saleh insan idi. Zəmanəsinin adamlarından fərqli olaraq, o, eyibsiz adam idi. Nuh Allahın yolu ilə gedirdi» (Yar. 6:7—9).

18 Sözsüz ki, Nuh allahsız insanlarla oturub-durmurdu. O, ailəsinin üzvləri ilə birlikdə Allahın buyurduğu kimi, gəmi tikirdi. O, həm də «salehlik carçısı» idi (2 But. 2:5). Nuh, üstəlik, ailəsi ilə də vaxt keçirirdi. Beləliklə, onun başı bütünlüklə Allaha məqbul olan işlərə qarışmışdı. Bunun sayəsində, Nuh ailə üzvləri ilə birlikdə Daşqından xilas oldu. Biz onlara minnətdar olmalıyıq, çünki hamımız Yehovaya sədaqətlə xidmət edən Nuhun, arvadının, oğullarının və gəlinlərinin nəsliyik. Birinci əsrdə yaşayan sadiq və itaətkar məsihilər də allahsız insanlardan uzaq dururdular. Beləliklə, eramızın 70-ci ilində Yerusəlim darmadağın ediləndə onlar sağ qalmışdılar (Luka 21:20—22).

Dindaşlarımızla ünsiyyət edəndə biz yeni dünyadakı həyatı dadırıq (19-cu abzasa baxın)

19. Allahın rəğbətini qazanmaq üçün biz nə etməliyik?

19 Yehovanın xidmətçiləri olan bizlər Nuhdan, onun ailəsindən və birinci əsrdəki itaətkar məsihilərdən nümunə götürərək bu şər dünyaya qarışmamalıyıq. Bizim milyonlarla sadiq bacı-qardaşlarımız var. Biz onlardan özümüzə dost seçməliyik. Allahın verdiyi hikmətlə yaşayan dostlar bu çətin zəmanədə bizə iman yolunda dəyanətli olmağa kömək edəcək (1 Kor. 16:13; Məs. 13:20). Bizi gözləyən gözəl gələcək barədə bir düşünün. İndi özümüzü pis dostluqdan gözləsək, bu şər dünyanın sürətlə yaxınlaşan sonundan sağ çıxıb Yehovanın vəd etdiyi yeni dünyada yaşayacağıq.