Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2015

 ARXİVİMİZDƏN

«Yehova sizi Fransaya həqiqəti öyrənməyə gətirib»

«Yehova sizi Fransaya həqiqəti öyrənməyə gətirib»

ANTUAN SKALEKİ balaca olanda atı var idi. Bu at onun ayrılmaz yoldaşı idi. Onlar 500 metr dərinliyində olan mədənin alaqaranlıq tunelində kömür daşıyırdılar. Antuanın atası şaxta çökərkən xəsarət almışdı və ailə məcbur qalıb Antuanı mədəndə işləməyə göndərmişdi. O, gündə doqquz saat işləyirdi. Bir dəfə mədən uçanda Antuan az qala həyatını itirəcəkdi.

Polyak şaxtaçıların alətləri. Sen-le-Nobl yaxınlığında yerləşən Deşidəki şaxta. Antuan Skaleki burada işləyib

Antuan Fransada 1920—1930-cu illərdə doğulan bir çox polyak uşaqlardan biridir. Bəs nəyə görə polyaklar Fransaya mühacirət etmişdilər? Birinci Dünya müharibəsindən sonra müstəqillik qazanan Polşada əhali artımı ciddi problemə çevrilmişdi. Fransada isə milyondan çox kişi müharibədə həlak olmuşdu. Buna görə də şaxtaçılara böyük ehtiyac var idi. Odur ki, Fransa və Polşa hökuməti 1919-cu ilin sentyabr ayında immiqrasiya ilə bağlı saziş imzaladı. 1931-ci ildə Fransada polyakların sayı 507 800 nəfərə çatmışdı. Polyakların çoxu daş kömür mədənlərinin yerləşdiyi ərazidə məskunlaşmışdı.

Bu zəhmətkeş polyaklar köçüb gəldikləri Fransada öz mədəniyyətləri, dindarlıqları ilə seçilirdilər. Hazırda 90 yaşı olan Antuan deyir: «Babam Cozef Müqəddəs Yazılar haqda hörmətlə danışırdı. Ona bu hörməti atası aşılamışdı». Bazar günləri polyak şaxtaçı ailələri öz vətənlərində etdikləri kimi, ən yaxşı paltarlarını geyinib kilsəyə gedirdilər. Bu isə dindar olmayan fransızlarda ikrah doğururdu.

Polyakların çoxu Müqəddəs Kitab tədqiqatçılarına ilk dəfə məhz Nor-Pa-de-Kaledə rast gəlmişdi. Bu tədqiqatçılar 1904-cü ildən bəri həmin ərazidə səylə təbliğ edirdilər. 1915-ci ildə hər ay polyak dilində «Gözətçi qülləsi», 1925-ci ildə isə «Qızıl əsr» (hazırda «Oyanın!») jurnalı dərc olunmağa başladı. Bir çox ailələr Müqəddəs Yazılara əsaslanan bu jurnalları, həmçinin polyak dilində çıxan «Allahın arfası» kitabını böyük maraqla oxuyurdular.

Antuanın ailəsi Müqəddəs Kitab Tədqiqatçıları barədə dayısından eşitmişdi. O, ilk dəfə 1924-cü ildə onların yığıncağında olmuşdu. Elə həmin il  Bryue-an-Artuada Müqəddəs Kitab Tədqiqatçıları ilk dəfə polyak dilində böyük toplantı keçirmişdilər. Üstündən heç bir ay keçməmiş baş idarənin nümayəndəsi Cozef Ruterford həmin şəhərdə görüş keçirmişdi. Həmin görüşdə 2000 nəfər var idi. Əksəriyyəti polyak olan bu izdihamı görəndə Ruterford cuşa gəlib demişdi: «Yehova sizi həqiqəti öyrənmək üçün Fransaya gətirib. İndi siz və sizin övladlarınız fransızlara kömək etməlisiniz! Hələ qarşıda çox iş var. Yehova bu iş üçün təbliğçilər yetirəcək».

Yehova Allah belə də etdi. Bu polyak məsihilər şaxtada necə zəhmət çəkirdilərsə, təbliğ işinə də elə can qoyurdular. Hətta onlardan bəziləri öyrəndikləri dəyərli həqiqətləri öz həmvətənləri ilə bölüşmək üçün Polşaya qayıtdılar. Teofil Piaskovski, Ştepan Kosyak və Yan Zabuda böyük Polşa ərazisində müjdəni yaymaq üçün Fransadan gedənlərin arasında idi.

Ancaq bir çox polyakdilli təbliğçilər Fransada qaldılar və fransız dindaşları ilə çiyin-çiyinə xidmətlərini şövqlə davam etdirdilər. 1926-cı ildə Sen-le-Noblda keçirilən böyük toplantıda Polşa sektorunda 1000 nəfər, fransız sektorunda isə 300 nəfər iştirak etmişdi. 1929-cu ilin «İllik məcmuə»sində deyilir: «İl ərzində 332 polyak qardaş Yehovaya həsr olunmasının simvolu olaraq vəftiz olunmuşdur». İkinci Dünya müharibəsindən əvvəl Fransadakı 84 yığıncaqdan 32-si polyakdilli yığıncaq idi.

Fransadakı polyak bacı-qardaşlar böyük toplantıya gedirlər. Avtobusun üstündə «Yehovanın Şahidləri» yazılıb

1947-ci ildə Polşa hökuməti polyakları ölkəyə qayıtmağa dəvət etdi və bir çox Şahidlər bu dəvəti qəbul etdi. Ancaq onlar gedəndən sonra da onların və fransalı həmimanlılarının zəhməti öz bəhrəsini verirdi. Belə ki, həmin il təbliğçilərin sayında 10 faiz artım müşahidə olundu. 1948-ci ildən 1950-ci ilə qədər isə 20, 23 və hətta 40 faiz artım oldu. Bu yeni təbliğçilərə təlim vermək üçün Fransa filialı 1948-ci ildə ilk rayon nəzarətçiləri təyin etdi. Seçilmiş beş nəfərdən dördü polyak idi. Onlardan biri isə Antuan Skaleki idi.

Fransada olan bir çox Şahidlər hələ də polyak familiyası daşıyırlar. Bu, onlara həm şaxtada, həm də təbliğ işində zəhmət çəkən ulu babalarından qalıb. Bu gün də çoxlu mühacir Fransada həqiqəti öyrənir. Başqa ölkələrdən olan təbliğçilər öz ölkələrinə qayıtsalar da, yaxud yeni yurdlarında qalsalar da, polyak təbliğçilər kimi çalışqan müjdəçilərin nümunəsini izləyirlər (Fransadakı arxivimizdən).