Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2015

Gözləyin!

Gözləyin!

«Gecikən kimi görünsə belə, onu gözlə» (HƏB. 2:3).

NƏĞMƏ: 128, 45

1, 2. Yehovanın xidmətçilərində həmişə hansı əhval-ruhiyyə olub?

YEHOVANIN xidmətçiləri həmişə peyğəmbərliklərin yerinə yetməsini gözləyiblər. Məsələn, Ərəmya peyğəmbər Yəhudanın darmadağın ediləcəyini demişdi. Bu peyğəmbərlik e.ə. 607-ci ildə babillilərin əli ilə yerinə yetmişdi (Ərm. 25:8—11). Əşiya peyğəmbər Yehovanın sürgün olunmuş yəhudiləri yenidən Yəhudaya qaytaracağını xəbər verib demişdi: «Nə xoşbəxtdir ümidini Ona bağlayanlar» (Əşy. 30:18). Allahın qədim xalqı ilə bağlı peyğəmbərlik edən Mikə peyğəmbər də qətiyyətlə demişdi: «Mən isə gözümü Yehovaya dikəcəyəm» (Mik. 7:7). Həmçinin əsrlər ərzində Allahın xidmətçiləri Məsihlə bağlı peyğəmbərliklərin yerinə yetməsini gözləyiblər (Luka 3:15; 1 But. 1:10—12) *.

2 Allahın müasir xidmətçiləri də Məsihlə bağlı bəzi peyğəmbərliklərin yerinə yetməsini gözləyirlər. Çünki Məsih tezliklə bütün əzablara son qoyacaq. O, Allahın Padşahlığı vasitəsilə allahsız insanları məhv edəcək və sadiq insanları  Şeytanın əlində olan bu dəyişkən dünyadan xilas edəcək (1 Yəh. 5:19). Buna görə də gəlin ayıq qalaq və bu şər dünyanın sürətlə öz sonuna doğru irəlilədiyini yadımızdan çıxarmayaq.

3. Əgər sonun gəlişini çoxdandır gözləyiriksə, bizdə hansı sual yarana bilər?

3 Yehovanın xidmətçiləri olan bizlər Onun iradəsinin göydə olduğu kimi, yerdə də yerinə yetməsini həsrətlə gözləyirik (Mət. 6:10). Bəzi dindaşlarımız artıq xeyli vaxtdır ki, bu dünyanın sonunu gözləyirlər. Buna görə də onlarda sual yarana bilər: «Hansı səbəbə görə sonu gözləməliyik?» Gəlin bu sualın cavabına baxaq.

NƏYƏ GÖRƏ GÖZLƏMƏLİYİK?

4. Gözləmək üçün əsas səbəbimiz nədir?

4 Müqəddəs Kitabda birmənalı şəkildə göstərilir ki, biz bu dünyanın məhvini gözləməliyik. İsa Məsih davamçılarına oyaq qalmağı tapşırmışdı (Mət. 24:42; Luka 21:34—36). Bu da öz-özlüyündə gözləmək üçün tutarlı səbəbdir. Belə ki, bu, Məsihin əmridir! Bu sahədə Yehovanın təşkilatı nümunədir. Nəşrlərimizdə dönə-dönə məsləhət görülür ki, Yehovanın gününü bərk-bərk yadda saxlayıb gözləyək və ümidimizi Allahın vəd etdiyi yeni dünyaya bağlayaq. (2 Butrus 3:11—13 ayələrini oxuyun.)

5. Nəyə görə indi oyaq qalmaq xüsusilə vacibdir?

5 Əgər əsrlər öncə yaşamış məsihilər Yehovanın gününü gözləməli idilərsə, onda bu, bizim üçün xüsusilə vacibdir. Çünki biz Məsihin hüzuru dövründə yaşayırıq. Onun hüzurunun əlaməti 1914-cü ildən aydın görünür və dövrün yekununda yaşadığımızı sübut edir. Məsələn, İsa Məsihin peyğəmbərlik etdiyi kimi dünyanın vəziyyəti günü-gündən pisləşir və müjdə bütün dünyada təbliğ olunur (Mət. 24:3, 7—14). İsa Məsih axırzamanın nə qədər çəkəcəyini deməmişdi, buna görə də biz xüsusilə ayıq-sayıq olmalıyıq.

6. Haradan bilirik ki, son yaxınlaşdıqca vəziyyət daha da pis olacaq?

6 Bizdə sual yarana bilər: bəlkə dövrün sonu gələcəkdə, vəziyyət lap pisləşəndə olacaq? Düzdür, Müqəddəs Kitabda yazılıb ki, axırzamanda pisliklər lap çoxalacaq (2 Tim. 3:1, 13; Mət. 24:21; Vəhy 12:12). Deməli, indi vəziyyət nə qədər pis olsa da, gələcəkdə daha da betər olacaq.

7. Mətta 24:37—39 ayələrinə əsasən, axırzamanda dünyada vəziyyət necə olacaq?

7 Bəs sizcə, böyük müsibət başlamazdan əvvəl vəziyyət nə dərəcədə pisləşəcək? (Vəhy 7:14). Bəziləri elə fikirləşə bilər ki, hər ölkədə müharibə olacaq, camaat quru çörəyə möhtac qalacaq və evində xəstəsi olmayan adam qalmayacaq. Belə vəziyyətdə hətta heç nəyə inanmayan insanlar üçün də aydın olardı ki, Müqəddəs Kitabdakı peyğəmbərlik yerinə yetir. Ancaq İsa Məsih demişdi ki, əksər insanlar onun hüzuruna məhəl qoymayacaq və başları gündəlik işlərə qarışacaq, bir də görəcəklər ki, artıq son gəlib. (Mətta 24:37—39 ayələrini oxuyun.) Beləliklə, Müqəddəs Kitaba əsasən, axırzamanda dünyadakı vəziyyət o dərəcədə pis olmayacaq ki, insanlar sonun yaxın olduğuna inansın (Luka 17:20; 2 But. 3:3, 4).

8. İsanın oyaq qalmaq əmrinə əməl edənlər nəyi aydın görürlər?

8 Digər tərəfdən, Məsihin hüzurunun  əlamətinin məqsədi onun davamçılarını hansı dövrdə yaşadıqlarından xəbərdar etməkdir. Deməli, bu əlamət kifayət qədər aydın olmalıdır ki, onlar onu görüb İsanın oyaq qalın məsləhətinə əməl etsinlər (Mət. 24:27, 42). Bu əlamət 1914-cü ildən bəri sezilir. Həmin vaxtdan onun müxtəlif cəhətləri yerinə yetir. Şübhə yoxdur ki, biz indi dövrün yekununda yaşayırıq və bu müddət sonsuz olaraq davam etməyəcək. Yehova Allah artıq bu şər dünyanı məhv etmək üçün vaxt təyin edib.

9. Hansı səbəblərə görə bu şər dünyanın sonunu gözləməliyik?

9 Bəs nəyə görə məsihilər bu şər dünyanın sonunu gözləməlidirlər? Çünki onlar İsa Məsihə itaət edirlər. Həmçinin biz onun hüzurunun əlamətini görürük. Biz hər deyilənə kor-koranə inanmırıq, gözləməyimizin tutarlı səbəbi var. Müqəddəs Kitabdakı dəlillər bizi ayıq-sayıq qalmağa, sərvaxt olmağa və bu şər dünyanın sonunu gözləməyə təşviq edir.

NƏ VAXTADƏK?

10, 11. a) İsa şagirdlərini nəyə hazırlamışdı? b) Əgər son gözlədiklərindən gec gəlsəydi, İsa şagirdlərinə nə etməyi tapşırmışdı? (Məqalənin əvvəlindəki şəklə baxın.)

10 Bizlərdən çoxu onilliklərdir ki, ruhani cəhətdən ayıq-sayıqlığımızı qoruyuruq. Ancaq gəlin yol verməyək ki, ötən illər bizim əzmimizi zəiflətsin. İsa Məsih bu şər dünyanı məhv etməyə gələndə biz hazır olmalıyıq. İsa Məsihin öz davamçılarına dediyi sözləri unutmayın: «Diqqətli olun, oyaq qalın, çünki təyin edilmiş vaxtı bilmirsiniz. Bu, başqa ölkəyə yollanan bir adamın öz evinin nəzarətini nökərlərə tapşırıb hərəsinə bir iş verməsinə, qapıçıya da oyaq qalmağı buyurmasına bənzəyir. Buna görə də oyaq qalın, çünki ev sahibinin nə vaxt gələcəyini: axşam, gecə yarısında, xoruz banında, yaxud səhər tezdən gələcəyini bilmirsiniz. Elə olmasın ki, o, qəfil gələndə sizi yatmış tapsın. Sizə dediyimi hamıya deyirəm: oyaq qalın!» (Mark 13:33—37).

11 Məsihin davamçıları onun hüzurunun 1914-cü ildə başladığını biləndə anladılar ki, son istənilən vaxt gələ bilər. Odur ki, onlar təbliğ işini genişləndirərək sonun gəlişinə hazırlaşdılar. İsa bildirmişdi ki, o, gec — «xoruz banında, yaxud səhər tezdən» gələ bilər. Əgər bu, belə olsaydı, onun davamçıları nə etməli idilər? O demişdi: «Oyaq qalın». Əgər biz uzun zamandır gözləyiriksə, bu, o demək deyil ki, sona hələ çox var, yaxud da biz o günü görməyəcəyik.

12. Həbquq Yehovadan nə soruşdu və Allah ona necə cavab verdi?

12 Götürək Həbquq peyğəmbəri. Yehova ona Yerusəlimin məhv ediləcəyini xalqa söyləməyi tapşırmışdı. Artıq ondan qabaq bir çox peyğəmbərlər uzun illər idi ki, bu xəbəri bəyan edirdilər. Həbquq peyğəmbər görürdü ki, vəziyyət lap pisləşib, şər adam salehi təkləyir, haqq-ədalət əyilib. Bu səbəbdən o, Yehovadan soruşmuşdu: «Ey Yehova, nə vaxtadək imdad diləyəcəyəm?» Peyğəmbərin bu sualına Yehova birbaşa cavab vermədi, ancaq sadiq qulunu əmin etdi ki, şəhərin məhvi gecikməyəcək. Allah Həbquqa gözləməyi buyurdu. (Həbquq 1:1—4; 2:3 ayələrini oxuyun.)

13. Həbququn ağlından nələr keçə bilərdi və nəyə görə onun belə fikirləşməsi düzgün olmazdı?

13 Təsəvvür edək ki, Həbquq ruhdan  düşüb fikirləşir: «Gör nə vaxtdandır Yerusəlimin məhvi olacağını deyirlər. Bəlkə hələ çox var? Nə vacibdir ki, bu barədə peyğəmbərlik edim? Şəhər birdən-birə məhv olan deyil ki. Bunu başqaları peyğəmbərlik edər». Həbquq belə fikirləşsəydi, Yehova ondan razı qalmazdı və babillilər Yerusəlimi məhv edən vaxt həyatını itirərdi.

14. Nəyə görə əmin ola bilərik ki, gözlədiyimizə görə peşman olmayacağıq?

14 Təsəvvür edin ki, yeni dünyadasınız. Son günlərlə bağlı deyilmiş bütün peyğəmbərliklər Yehovanın dediyi kimi yerinə yetib. Hadisələrin necə baş verdiyi barədə fikirləşəndə Yehovaya etibarınız artacaq və Onun başqa vədlərini də yerinə yetirəcəyinə daha da əmin olacaqsınız. (Yuşə 23:14 ayəsini oxuyun.) Biz dövrləri və tarixləri təyin etmək ixtiyarına sahib olan Allaha şükür edəcəyik ki, vaxtilə bizə hər şeyin sonunun yaxın olduğunu yadda saxlayaraq yaşamağı nəsihət edib (Həv. 1:7; 1 But. 4:7).

GÖZLƏYƏRKƏN FƏAL OLUN

Müjdəni can-dildən təbliğ edirsiniz? (15-ci abzasa baxın)

15, 16. Nəyə görə təbliğ etmək indiki zəmanədə ən ağıllı hərəkətdir?

15 Yehovanın təşkilatı bütün həyatımızı xidmətə cəmləməyi bundan sonra da bizə xatırladacaq. Belə xatırlatmalar sadəcə başımız xidmətə qarışsın deyə edilmir, bu xatırlatmaların məqsədi həm də odur ki, biz Məsihin hüzurunun əlamətinin hazırda yerinə yetdiyini yaddan çıxarmayaq. Ağıllı adam bu dövrdə müjdəni səylə təbliğ edərək Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutmalıdır (Mət. 6:33; Mark 13:10).

16 Bir bacı demişdi: «Allahın Padşahlığı haqda müjdəni təbliğ etməklə biz, insanları dünyanın başının üstünü kəsdirən fəlakətdən xilas edə bilərik». Fəlakətdən xilas olmağın nə demək olduğunu o, öz təcrübəsindən bilir. Belə ki, 1945-ci ildə ən dəhşətli gəmi qəzalarından biri baş vermişdi: «Uilyam Qustlof» adlı gəmi batmışdı. Ancaq bacı əri ilə birlikdə xilas olmuşdu. Hətta belə bir fəlakət vaxtı da, insan nəyin vacib olduğunu nəzərdən qaçıra bilər. Bir qadın həmin vaxt fəryad edirdi: «Çamadanlarım! Çamadanlarım! Qızıllarım! Bütün qızıllarım kabinədə qaldı. Hər şeyimi itirdim!» Ancaq ondan fərqli olaraq, bəzi sərnişinlər özlərini təhlükəyə atıb buz kimi sudan insanları xilas edirdilər. Həmin fədakar sərnişinlər kimi, biz də insanlara kömək etmək üçün əlimizdən gələni edirik. Biz təbliğ  işinin vacibliyini həmişə yadda saxlayırıq və nə qədər ki gec deyil insanlara dünyanı haqlayan fəlakətdən xilas olmağa kömək edirik.

Verdiyiniz qərarlar sizə sayıq qalmağa kömək edir? (17-ci abzasa baxın)

17. Nəyə görə biz inanırıq ki, son hər an gələ bilər?

17 Dünyadakı hadisələr aydın şəkildə göstərir ki, Müqəddəs Kitab peyğəmbərliyi yerinə yetir və bu şər dünya tezliklə dağılacaq. Biz «on buynuz» və «vəhşi heyvan»ın yalan dinin dünya imperiyası olan Böyük Babili məhv etməsini gözləyirik (Vəhy 17:16). Ancaq düşünməməliyik ki, dünyadakı hadisələrin cərəyan edib o məqama çatması üçün çox vaxt lazımdır. Gəlin unutmayaq ki, Böyük Babili məhv etməyi «on buynuz»un və «vəhşi heyvan»ın ürəyinə Allah qoyacaq və bu, bir an içində, istənilən vaxt ola bilər (Vəhy 17:17). Bu dünya çox çəkən deyil. Ona görə biz İsanın bu xəbərdarlığına qulaq asmalıyıq: «Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin ki, o gün üstünüzə tor kimi qəflətən, bir an içində gəlməsin» (Luka 21:34, 35; Vəhy 16:15). Gəlin sayıqlığımızı qoruyaq, bundan sonra da Yehovaya xidmət edək və arxayın olaq ki, Yehova «Ona təvəkkül edənlər uğrunda hərəkətə keçir» (Əşy. 64:4).

18. Növbəti məqalədə biz nədən danışacağıq?

18 Bu şər dünyanın sonunu gözləyə-gözləyə gəlin Yəhudanın məsləhətinə əməl edək: «Əziz qardaşlar, özünüzü son dərəcə müqəddəs imanınızın təməli üzərində möhkəmləndirməklə və müqəddəs ruhla dua etməklə, Ağamız İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərkən Allahın məhəbbətindən ayrılmayın» (Yhd. 20, 21). Bəs biz Allahın vəd etdiyi yeni dünyanı həsrətlə gözlədiyimizi necə göstərə bilərik? Növbəti məqalədə məhz bundan danışılır.

^ abz. 1 Məsihlə bağlı deyilən bəzi peyğəmbərliklər və onların yerinə yetməsi haqda öyrənmək üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 200-cü səhifəsinə baxın.