Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUL 2015

Əziyyətli günlərdə Yehovaya xidmət

Əziyyətli günlərdə Yehovaya xidmət

«SƏHHƏTİM get-gedə lap korlanır», — deyə 70 yaşlarında olan Ernst * qardaş gileylənir. Bu vəziyyət sizə də tanışdır? Əgər get-gedə yaşlanır, sağlamlığınızı və gücünüzü itirirsinizsə, onda yəqin «Vaiz» kitabının 12-ci fəslində qocalığı təsvir edən sözləri siz də öz üzərinizdə hiss edirsiniz. Birinci ayədə qocalıq günləri «əziyyətli günlər» adlanır. Amma bu, o demək deyil ki, siz əzablı həyata məhkum olunmusunuz. Siz hələ də Yehovaya sevinclə xidmət edərək dolğun həyat yaşaya bilərsiniz.

İMANINIZI MÖHKƏM SAXLAYIN

Əziz yaşlı bacı və qardaşlar, bu kimi çətinliklərlə üzləşən tək siz deyilsiniz. Qədimdə Yehovanın yaşlı xidmətçiləri də oxşar çətinliklərlə üzləşirdilər. Məsələn, İshaq, Yaqub və Əxiyyə gözlərinin nurunu itirmişdi (Yar. 27:1; 48:10; 1 Pad. 14:4). Sara özü haqqında düşünürdü ki, hay-hayı gedib, vay-vayı qalıb (Yar. 18:11, 12). Davud padşahın «canı qızmırdı» (1 Pad. 1:1). Varlı Bərzillay nə yediyinin-içdiyinin dadını bilirdi, nə də musiqidən zövq alırdı (2 İşm. 19:32—35). İbrahim və Naimə isə həyat yoldaşını itirməyin acısını yaşamışdı (Yar. 23:1, 2; Rut 1:3, 12).

Bəs onlara Yehovaya sadiq qalmağa və sevinclərini qorumağa nə kömək etmişdi? İbrahim Allahın vədinə inandığı üçün ixtiyar çağında «imanı ona güc verdi» (Rom. 4:19, 20). Bizə də möhkəm iman lazımdır. Belə iman yaşdan, qabiliyyətdən və şəraitdən asılı deyil. Məsələn, həzrəti Yaqub qocalıb gözlərinin nurunu itirəndə, yatağa düşəndə belə Allahın vədlərinə imanı zərrə qədər də zəifləməmişdi (Yar. 48:1—4, 10; İbr. 11:21). Əzələ zəifliyindən əziyyət çəkən 93 yaşlı İnes bacı deyir: «Mən hər gün Yehovanın xeyirxah əlini hiss edirəm. Hər gün cənnət barədə düşünürəm. Bu, mənə ümid verir». Necə də gözəl, müsbət əhval-ruhiyyədir!

Biz dua edərək, Allahın Kəlamını araşdıraraq və yığıncaqlara gedərək imanımızı möhkəmləndiririk. Ahıl yaşda olan Dənyal peyğəmbər gündə üç dəfə dua edir və Allahın Kəlamını mütaliə edirdi (Dən. 6:10; 9:2). Yaşlı dul qadın Hənnə də «həmişə məbəddə olurdu» (Luka 2:36, 37). Siz də imkan daxilində yığıncaqlara gələndə və bacardığınız qədər görüşlərdə iştirak edəndə təkcə özünüz ruhlanmırsınız, hamını ruhlandırırsınız. Hətta çox şey edə bilməsəniz də, sizin dualarınız həmişə Yehovaya xoş gedir (Məs. 15:8).

Bir-birinizi ruhlandırın

Sözsüz ki, yaşlı bacı-qardaşların çoxu oxumaq, yığıncağa getmək istəyir. Amma gözləri zəiflədiyi, gücü tükəndiyi üçün bu, get-gedə daha da çətinləşir, hətta ola bilsin, qeyri-mümkün olur. Əgər sizdə də vəziyyət belədirsə, nə bacarırsınızsa, onu edin. Yığıncağa gedə bilməyən bacı-qardaşların çoxu proqrama telefonla qulaq asır. 79 yaşlı İnqe bacının gözləri pis görür. Buna görə də yığıncaqdan bir qardaş görüşdə araşdırılan materialı iri şriftlərlə çap edib ona verir, o da beləcə yığıncağa hazırlaşır.

Amma sizdə başqalarının arzusunda olduğu bir şey var. Bu, vaxtdır. Siz əlinizdə olan vaxtdan istifadə edib Müqəddəs Kitaba əsaslanan nəşrlərə və bədii qiraətə qulaq asa bilərsiniz. Həmçinin iman bacı-qardaşlarınıza zəng edib onlarla «ruhani ənam»ı bölüşə və bir-birinizi ruhlandıra bilərsiniz (Rom. 1:11, 12).

XİDMƏTDƏ FƏAL QALIN

Təbliğ edin

Yaşı 90-a yaxınlaşan Krista bacı ürək yanğısı ilə deyir: «Əvvəlki kimi fəal xidmət edə bilməmək adamı yandırıb-tökür». Bəs yaşlılara sevinclərini qorumağa nə kömək edə bilər? «Müsbət əhval-ruhiyyə  — deyə 75 yaşlı Peter qardaş deyir. — Adam gərək daha edə bilmədiyi şeylərə görə oturub-durub heyifsilənməsin. Bacardığı şeylərə görə şükür etsin».

Bəlkə, fikirləşəsiniz, şəraitiniz hansı üsulla şahidlik etməyə imkan verir? Haydi bacı daha əvvəlki kimi, ev-ev təbliğ edə bilmir. Ona görə də yaşı səksəni haqlamış bu bacı kompüteri öyrənib ki, məktub yazıb şahidlik etsin. Bəzi yaşlı təbliğçilər parklarda, yaxud dayanacaqlarda oturub Müqəddəs Kitab haqda söhbət edirlər. Yaxud əgər siz xəstəxanada yatırsınızsa, ora xidmət sahəniz kimi baxıb tibb işçilərinə, yaxud digər xəstələrə təbliğ edə bilərsiniz.

Qonaqpərvər olun

Davud padşah qoca vaxtında da həqiqi ibadəti cani-dildən dəstəkləmişdi. O, məbədin inşası üçün çoxlu qızıl-gümüş və başqa şeylər ianə etmiş, həmçinin tikinti üçün tədbirlər görmüşdü (1 Saln. 28:11—29:5). Siz də ümumdünya Padşahlıq işinə dəstək ola bilərsiniz. Məsələn, yığıncağınızdakı öncülləri və digər çalışqan təbliğçiləri xoş sözlərlə ruhlandıra, kiçik hədiyyələrlə sevindirə, yaxud yüngül qəlyanaltıya dəvət edə bilərsiniz. Həmçinin gənclər, ailələr, tammüddətli xidmətçilər, xəstələr və çoxlu məsuliyyəti olan bacı-qardaşlar üçün dua edə bilərsiniz.

Əziz yaşlı bacı-qardaşlar, siz və sizin etdiyiniz xidmət çox dəyərlidir. Səmavi Atamız heç vaxt sizi lazımsız bilib atmaz (Zəb. 71:9). Yehova sizi sevir və dəyərləndirir. Tezliklə elə bir vaxt yetişəcək ki, yaşımızın üstünə gələn yaş özü ilə ağrı-acı, əziyyət gətirməyəcək. Əksinə, biz gümrah, tam sağlam şəkildə mehriban Allahımız Yehovaya əbədiyyət boyunca xidmət edəcəyik!

^ abz. 2 Bəzi adlar şərtidir.