Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  iyul 2015

Əməyini kimin görməsi önəmlidir?

Əməyini kimin görməsi önəmlidir?

TİKİNTİ işi Bəsalillə Öhlüyab üçün yad deyildi. Misirdə qul olanda onlar o qədər kərpic kəsmişdilər ki, artıq sayını itirmişdilər. Ancaq həmin illər geridə qalmışdı. Onlar ən ali Varlıqdan buyruq alıb usta təyin olunmuşdular və müqəddəs çadırın düzəldilməsinə başçılıq edəcəkdilər (Çıx. 31:1—11). Bununla belə, onların düzəltdiyi bəzi gözəl əşyaları tarix boyunca cəmi bir neçə nəfər görəcəkdi. Bəs bu, onları narahat edirdi? Düzəltdikləri əşyaları kimin görməsinin onlar üçün bir əhəmiyyəti var idi? Bəs sənin üçün əməyini kimin görməsi önəmlidir?

ÇOX AZ ADAMIN GÖRDÜYÜ NƏFİS ƏŞYALAR

Müqəddəs çadırın bəzi əşyaları sözün əsil mənasında şah əsər idi. Məsələn, götürək əhd sandığının üstündə olan qızıl kərrubları. Həvari Bulus onları «şanlı» adlandırmışdı (İbr. 9:5). Təsəvvür edin, döymə qızıldan düzələn bu heykəllər necə gözəl idi (Çıx. 37:7—9).

Əgər Bəsalillə Öhlüyabın düzəltdiyi əşyalar bu gün tapılsaydı, ən yaxşı muzeylərdə sərgilənərdi və onlara milyonlarla insan heyran-heyran tamaşa edərdi. Bəs həmin əşyalar düzələn vaxt onların gözəlliyini nə qədər adam görmüşdü? Kərrublar Ən müqəddəs yerdə yerləşirdi. Odur ki, onları yalnız ildə bir dəfə, Kəffarə günündə ora girən baş kahin görürdü (İbr. 9:6, 7). Bu səbəbdən onları cəmi bir neçə nəfər görmüşdü.

TƏRİFSİZ DUYULAN MƏMNUNLUQ

Özünü Bəsalillə Öhlüyabın yerinə qoy. Tutaq ki, sən zəhmət çəkib belə heyrətamiz sənət əsərləri ərsəyə gətirmisən və bilirsən ki, onları çox az adam görəcək. Onda hansı hissləri keçirərdin? Bu gün insanlar nailiyyəti başqalarından tərif eşitməkdə, hamını heyran qoymaqda görür. Bu, onlar üçün əməklərinin dəyərini ölçən meyardır. Amma Yehovanın xidmətçiləri belə düşünmür. Bəsalil və Öhlüyab kimi, biz də məmnunluğu Yehovanın iradəsini yerinə yetirməkdən və Onun razılığını qazanmaqdan duyuruq.

İsanın günlərində din rəhbərləri, adətən, elə dualar edirdilər ki, insanlarda təəssürat oyatsınlar. Ancaq İsa başqa şeyi tövsiyə etmişdi: duanı  başqalarından tərif almaq niyyətilə yox, sidqi-ürəkdən et. «Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək» (Mət. 6:5, 6). Aydındır ki, əsas məsələ insanların yox, Yehovanın dualarımız haqqında nə fikirləşməsidir. Dualarımızın həqiqi dəyəri Onun fikrindən asılıdır. Bu, Yehovaya xidmətdə etdiyimiz hər şeyə aiddir. Gördüyümüz işi əhəmiyyətli edən insanların tərif sözləri deyil. Əksinə, bu iş «gizli dərgahından hər şeyi görən» Yehovanı razı salır.

Müqəddəs çadır hazır olanda «bulud Hüzur çadırını bürüdü və çadır Yehovanın calalı ilə doldu» (Çıx. 40:34). Bu, Yehovanın razılığına dəlalət edirdi. Görəsən, həmin an Bəsalillə Öhlüyab hansı hissləri keçirirdi? Onların adı düzəltdikləri şeylərə həkk olunmasa da, Yehovanın onların əməyinə bərəkət verdiyini bildikləri üçün yəqin çox sevinirdilər (Məs. 10:22). Düzəltdikləri şeylərin illər keçdikcə ibadətdə işləndiyini görəndə, sözsüz ki, fərəhlənirdilər. Yeni dünyada diriləndə isə çadırın təxminən 500 il ərzində həqiqi ibadətdə istifadə olunduğunu biləndə yəqin onlar heyrətə gələcəklər.

Təvazökarlıqla və ürəkdən etdiyin xidməti heç kəs görməsə də, Yehova görür

Bu gün Yehovanın təşkilatında multiplikatorların, rəssamların, musiqiçilərin, fotoqrafların, tərcüməçilərin və yazıçıların gördüyü bütün işlər anonimdir. Bu mənada, onların əməyini heç kim görmür. Eyni şeyi bütün dünyada olan 110 000-dən çox yığıncaqda görülən işlərin əksəriyyəti barədə də demək olar. Hər ayın sonunda hesablara cavabdeh qardaşın lazımi sənədləri doldurduğunu, yaxud katibin yığıncağın təbliğ xidməti haqqında hesabatı hazırlamasını kim görür? Bəs qardaş və ya bacı ibadət evlərində nəyisə təmir edəndə onu kim görür?

Həyatlarının sonunda Bəsalillə Öhlüyabın nə medalı, nə də fəxri fərmanı yox idi ki, camaata göstərib gördükləri gözəl, keyfiyyətli işlə öyünsünlər. Ancaq onlar qat-qat dəyərli şeyi — Yehovanın razılığını qazanmışdılar. Biz əmin ola bilərik ki, onların əməyi Yehovanın gözündən yayınmamışdı. Gəlin biz də onlar kimi, təvazökarlıqla və ürəkdən xidmət edək.