Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2015

Məsih. Allahın qüdrəti

Məsih. Allahın qüdrəti

«Məsih Allahın qüdrəti»dir (1 KOR. 1:24).

1. Nə üçün həvari Bulus Məsihi «Allahın qüdrəti» adlandırmışdı?

YEHOVA Öz gücünü İsa Məsih vasitəsilə ecazkar şəkildə təzahür etdirmişdi. Məsihin göstərdiyi möcüzələrdən bəziləri haqqında Müjdələrdə müəyyən təfərrüatlar qeyd olunub. Bu təfərrüatları nəzərdən keçirdikdə imanımız daha da möhkəmlənir. Sözsüz, İsa Müjdələrdə yazılanlardan daha çox möcüzə göstərmişdi (Mət. 9:35; Luka 9:11). Bəli, Allahın qüdrəti İsa vasitəsilə təzahür olunurdu. Elə həvari Bulus da haqlı olaraq demişdi ki, «Məsih Allahın qüdrəti»dir (1 Kor. 1:24). Bəs Məsihin göstərdiyi möcüzələrdən biz nə öyrənə bilərik?

2. İsanın möcüzələrindən nə öyrənə bilərik?

2 İsanın yerdə gördüyü qüdrətli işlər onun öz Padşahlığında yer üzündə edəcəyi daha böyük işlərin nümunəsi idi. İsa gələcəkdə dünya miqyasında daha böyük möcüzələr göstərəcək. Biz həmçinin İsanın möcüzələrindən onun və Atasının keyfiyyətləri haqda çox şey öyrənə bilərik. Gəlin İsanın göstərdiyi möcüzələrdən bəzilərini nəzərdən keçirək və görək bu möcüzələr bizə indi və gələcəkdə necə təsir edə bilər.

 SƏXAVƏTLİ OLMAĞI ÖYRƏDƏN MÖCÜZƏ

3. a) Hansı zərurətdən irəli gələrək İsa ilk möcüzəsini göstərdi? (b) Qanədəki möcüzə İsanın səxavətli olduğunu necə göstərdi?

3 İsa ilk möcüzəsini Cəlilənin Qanə şəhərində keçirilən toyda göstərmişdi. Görünür, həmin toyda qonaqların sayı gözləniləndən çox idi. Hər necə olsa da, şərab qurtarmışdı. Toya təşrif buyuranların arasında İsanın anası Məryəm də var idi. Sözsüz, o, öz oğlu haqqında deyilən peyğəmbərlik sözləri üzərində illərdir düşünürdü. O bilirdi ki, onun oğlu «Haqq-Taalanın Oğlu» adlanacaq (Luka 1:30—32; 2:52). İsa hələ heç bir möcüzə göstərməsə də, yəqin Məryəm inanırdı ki, oğlunda qeyri-adi qüvvə var. Məryəmlə İsa Qanədəki yeni cütlüyün halına acıyıb onları xəcalətdən qurtarmaq istədi. İsa yaxşı bilirdi ki, qonaqları razı salmaq vacibdir. Buna görə də o, təxminən 380 litr suyu əla şəraba çevirdi. (Yəhya 2:3, 6—11 ayələrini oxuyun.) Bəs bu möcüzəni göstərməyə İsa borclu idi? Qətiyyən. Sadəcə olaraq, onun insanlara canı yanırdı, həm də o, bununla Atası kimi səxavət göstərirdi.

4, 5. a) İsanın göstərdiyi ilk möcüzədən nə öyrənirik? b) Qanədəki möcüzə gələcəklə bağlı bizə nəyi öyrədir?

4 İsa suyu möcüzəvi şəkildə böyük kütləyə kifayət edəcək qədər əla növ şəraba çevirdi. Bu möcüzədən nə öyrənirik? İsanın belə bir möcüzə göstərməsi onun və Atasının insanların hisslərinə önəm verdiyinə dəlalət edir. Nə Yehova, nə də Oğlu İsa xəsis deyil. Bir təsəvvür edin: Yehova Öz qüdrətilə yeni dünyada «bütün xalqlar üçün» böyük ziyafət quracaq. (Əşiya 25:6 ayəsini oxuyun.)

5 Bir düşünün: elə vaxt olacaq ki, hər kəsin sağlam qida, rahat ev kimi zəruri tələbatları ödəniləcək. Gəlin Yehovanın cənnətdə səxavətlə bəxş edəcəyi gözəl nemətlər haqda düşünərək sevincimizi daha da artıraq.

Biz başqalarına vaxt ayıranda İsa kimi səxavətli olduğumuzu göstəririk (6-cı abzasa baxın)

6. İsa qeyri-adi gücündən kimlər üçün istifadə edirdi və bu sahədə biz ona necə bənzəyə bilərik?

6 Maraqlıdır ki, İblis İsanı daşı çörəyə çevirməyə təhrik edəndə o, bunu rədd etdi. O istəmirdi ki, özündə olan qeyri-adi gücdən öz istəklərini təmin etmək üçün istifadə etsin (Mət. 4:2—4). Lakin o, başqalarının dadına çatmaq, onların ehtiyaclarını ödəmək üçün öz gücündən istifadə edirdi. Bəs biz İsa kimi, necə fədakarlıq göstərə bilərik? O, Allahın xidmətçilərini həmişə verməyə, bölüşməyə səsləyirdi (Luka 6:38). Bəs biz başqalarını yeməyə və ruhani söhbətə dəvət etməklə səxavət göstərə bilərik? Yaxud yığıncaqdan sonra vaxt ayırıb kiməsə nədəsə kömək edə bilərik, məsələn, qardaşın çıxışını məşq etməsinə qulaq asa bilərik? Xidmətdə köməyə ehtiyacı olanlara necə dəstək olmaq olar? Beləliklə, imkan daxilində  maddi və ruhani cəhətdən başqalarına qarşı səxavətli olmaqla İsa kimi davrandığımızı göstərə bilərik.

«HAMI YEYİB DOYDU»

7. Bu pis dünya durduqca nə qaçılmazdır?

7 Kasıbçılıq həmişə olub. Yehova qədim İsrail xalqına demişdi ki, ölkədə həmişə kasıblar olacaq (Qan. 15:11). Əsrlər sonra İsa da demişdi: «Kasıblar həmişə yanınızdadır» (Mət. 26:11). İsa kasıbların yer üzündə həmişə olacağını nəzərdə tuturdu? Xeyr. O demək istəyirdi ki, bu pis dünya nə qədər ki var, kasıbçılıq həmişə olacaq. Amma İsanın göstərdiyi möcüzələrin Allahın Padşahlığında həyatın necə olacağına işarə etdiyini bilmək necə də xoşdur! O vaxt bolluq olacaq və bütün ehtiyaclar ödəniləcək!

8, 9. a) Hansı zərurətdən irəli gələrək İsa minlərlə insana möcüzəvi şəkildə yemək vermişdi? b) İsanın minlərlə insanı yedizdirməsində səni riqqətə gətirən nədir?

8 Məzmurçu duasında Yehovaya demişdi: «Əlini açırsan, hər bir məxluqu istəyinə çatdırırsan» (Zəb. 145:16). «Allahın qüdrəti» olan Məsih Atası kimi, tez-tez əlini açıb davamçılarının ehtiyaclarını ödəyirdi. Onun bu cür hərəkəti sadəcə onda olan qüdrətin təzahürü deyildi. O, insanların halına yanırdı. Gəlin Mətta 14:14—21 ayələrinə nəzər salaq. (Oxuyun.) Şagirdləri yeməklə bağlı məsləhətləşmək üçün İsanın yanına gəldilər. Onlar yəqin həm özləri ac idilər, həm də ətraf şəhərlərdən piyada gələn camaatın ac və yorğun olmasına görə narahat olurdular (Mət. 14:13). Bəs İsa nə etdi?

9 O, beş çörək və iki balıqla 5000 kişini, həmçinin çoxlu sayda qadınları və uşaqları yedizdirdi. İsanın öz qeyri-adi gücündən istifadə edərək həm böyüklərin, həm də kiçiklərin şəfqətlə qayğısına qalması bəyəm sizi valeh etmir? Camaat yeyib doymuşdu. Belə çıxır ki, yemək bol idi. İsa camaata sadəcə olaraq yavan çörək yox, tutumlu yemək verdi ki, onlar uzun yolu qət edib evlərinə çata bilsinlər (Luka 9:10—17). Hələ üstəlik, on iki səbət ağzına qədər dolu qalmışdı.

10. Tezliklə necə bir dünya olacaq?

10 Bu gün insanların ədalətsiz rəhbərliyi ucbatından minlərlə insanın zəruri ehtiyacları ödənilməmiş qalır. Hətta həmimanlılarımızdan bəziləri güc-bəla ilə dolanır, qarın dolusu yemək yeyə bilmir. Lakin tezliklə elə bir gün gələcək ki, saleh insanlar ədalətsizliyin və yoxsulluğun olmadığı bir dünyada yaşayacaq. Məgər sizin gücünüz çatsaydı, insanların tələbatlarını ödəməzdiniz? Qadir Allahın bunu etməyə həm gücü, həm də istəyi var və O, tezliklə bunu edəcək. Bəli, xoşbəxt həyat çox yaxındır! (Zəbur 72:16 ayəsini oxuyun.)

11. Nəyə görə əminsiniz ki, Məsih öz gücündən bütün dünyada istifadə edəcək və bu, sizi nəyə təşviq edir?

11 İsa yer üzündə olarkən möcüzəvi işlərini üç il yarım ərzində kiçik bir ərazidə görmüşdü (Mət. 15:24). O, Padşah kimi yer üzünü idarə edən zaman onun fəaliyyət dairəsi dünyanın hüdudlarınadək uzanacaq (Zəb. 72:8). İsanın möcüzələri bizi əmin edir ki, o, çox tezliklə öz səlahiyyətindən bizim rifahımız naminə istifadə etmək istəyir. Biz möcüzə göstərə bilməsək də, insanların diqqətini şövqlə Allahın Kəlamına yönəldə bilərik. Müqəddəs Kitab peyğəmbərlikləri xoşbəxt gələcəyə zəmanət  verir. Yehovanın Şahidləri olan bizlər gələcəklə bağlı malik olduğumuz bu dəyərli bilikləri başqalarına çatdırmağı özümüzə borc bilirik (Rom. 1:14, 15). Bu, bizi Allahın Padşahlığı haqda müjdəni başqalarına çatdırmağa təşviq edir (Zəb. 45:1; 49:3).

TƏBİƏT QÜVVƏLƏRİNİ İDARƏ EDİR

12. İsanın yerin ekosisteminə yaxşı bələd olduğunu nədən bilirik?

12 Allah yer kürəsini və onda olan hər şeyi yanında usta kimi çalışan yeganə Oğlu ilə birlikdə yaratmışdı (Məs. 8:22, 30, 31; Kol. 1:15—17). Buna görə də İsa yerin ekosisteminə yaxşı bələddir. O, yerin resuslarından düzgün şəkildə necə istifadə etməyi və onları ədalətlə necə bölüşdürməyi yaxşı bilir.

İsanın öz qeyri-adi qüvvəsindən necə istifadə etməsində sizi riqqətə gətirən nədir? (13, 14-cı abzasa baxın)

13, 14. Məsihin təbiət qüvvələrini idarə edə bildiyini göstərən nümunə çəkin.

13 İsa yer üzündə olanda təbiət qüvvələrini idarə etməklə göstərmişdi ki, o, «Allahın qüdrəti»dir. Gəlin şagirdlərin həyatına təhlükə yaradan fırtına zamanı İsanın nə etdiyinə baxaq. (Mark 4:37—39 ayələrini oxuyun.) Müqəddəs Kitab üzrə bir alim qeyd etmişdi: «[Mark 4:37 ayəsində “fırtına” kimi tərcümə olunan] Yunan sözü şiddətli qasırğa, tufan mənasında işlənir. Bu söz heç vaxt ani əsən şiddətli küləyi bildirmək üçün işlənmir. . . Bu söz əsil tufanı bildirir. Belə ki, bu zaman göyün üzünü qara buludlar alır, ildırım çaxır, şiddətli külək əsir, leysan yağır, hər şey alt-üst olur».

14 Belə bir mənzərəni təsəvvür edin: Məsih xidmətdən yorğun qayıdıb yatır. Dalğalar zərbə ilə qayığa çırpılır, köpüklü su qayığa dolur. Tufanın səsinə, dalğaların qayığı atıb-tutmasına baxmayaraq, İsa oyanmır. O, çox yorulub. Təşvişə düşən şagirdlər İsanı oyadıb deyirlər: «Batırıq» (Mət. 8:25). İsa qalxıb küləyə və dənizə əmr edir: «Dayan! Sakit ol!» Şiddətli külək dayanır. Ətrafa dərin sükut çökür (Mark 4:39). İsa necə də möhtəşəm güc nümayiş etdirir!

15. Yehova Allah təbiət qüvvələrini idarə etməyə qadir olduğunu necə göstərib?

15 Məsihin qüdrətinin mənbəyi Yehova Allahdır. Buna görə də tam əsasla inana bilərik ki, Yehova təbiət qüvvələrini idarə etməyə tam qadirdir. Bir neçə nümunəyə baxaq. Daşqından qabaq Yehova demişdi: «Düz yeddi gündən sonra elə edəcəyəm ki, yer üzünə qırx gün-qırx gecə yağış yağacaq» (Yar. 7:4). Eynilə, Çıxış 14:21 ayəsində oxuyuruq ki, Yehova bütün gecə qüvvətli şərq küləyi ilə dənizin suyunu qovdu. Yunus 1:4 ayəsində yazılıb: «Yehova dənizin üzərinə güclü külək göndərdi və dənizdə fırtına qopdu. Gəmi az qala batacaqdı». Yehovanın təbiət ünsürlərini idarə etməyə qadir olduğunu bilmək necə də xoşdur. Bəli, planetimizin gələcəyi etibarlı əllərdədir.

16. Yaradanın və Onun ilkin Oğlunun təbiət qüvvələrini idarə etməyə qadir olduğunu bilmək nəyə görə sevindiricidir?

16 Yaradanımızın və Onun yanında usta kimi çalışmış Məsihin qüdrəti barədə düşünmək insana qəlb rahatlığı verir. Onların bütün diqqəti 1000 il ərzində yerə cəmlənəndə bəşəriyyət təhlükəsizlikdə yaşayacaq. Dəhşətli təbii fəlakətlər keçmişdə qalacaq. Yeni dünyada tayfundan, sunamidən, vulkandan, zəlzələdən qorxmağa heç bir səbəb olmayacaq. Təbiət qüvvələri heç kəsi tələf etməyəcək, heç kəsə xətər yetirməyəcək, çünki Allahın çadırı insanlarla olacaq. Belə həyat necə də gözəl  olacaq! (Vəhy 21:3, 4). Əmin ola bilərik ki, Məsih Minillik hökmranlığı zamanı Allahdan aldığı qüdrətlə təbiət qüvvələrini idarə edəcək.

ALLAHDAN VƏ MƏSİHDƏN ÖRNƏK ALIN

17. Yehova Allahla İsa Məsihdən necə örnək ala bilərik?

17 Yehova Allahdan və İsa Məsihdən fərqli olaraq, biz təbii fəlakətlərin qarşısını ala bilmirik. Ancaq bizim bəzi şeylərə gücümüz çatır. Misal üçün, biz Məsəllər 3:27 ayəsində yazılanı tətbiq edə bilərik. (Oxuyun.) Bacı-qardaşlarımız çətinliklə üzləşəndə biz onlara təsəlli verə və əməli, emosional, ruhani cəhətdən kömək edə bilərik (Məs. 17:17). Məsələn, təbii fəlakətdən zərər çəkənlərə yardım əlimizi uzada bilərik. Qasırğadan evi ciddi xəsarət alan bir dul bacı deyir: «Mən Yehovanın təşkilatında olduğum üçün, təkcə əməli kömək yox, həm də ruhani kömək aldığım üçün çox xoşbəxtəm». Qasırğa zamanı evi uçan başqa bir bacının ümidi hər yandan üzülmüşdü. Kömək alandan sonra o demişdi: «Gözlərimə inanmıram. Hisslərimi ifadə etməyə söz tapmıram... Şükür sənə, Yehova!» Biz çox xoşbəxtik ki, bizim hər zaman bir-birinə əl tutan bacı-qardaşlarımız var. Sevincimizin ən böyük səbəbi isə odur ki, Yehova Allahla İsa Məsih bizim qayğımıza qalır.

18. İsanı möcüzələr göstərməyə nə sövq edirdi?

18 Bəli, xidməti zamanı İsa sübut etdi ki, o, «Allahın qüdrəti»dir. Bəs İsanı möcüzələr göstərməyə nə sövq edirdi? O, heç vaxt öz qüdrətindən başqalarında təəssürat oyatmaq üçün, yaxud öz xeyri üçün istifadə etmirdi. Əksinə, İsanın möcüzələrindən onun bəşəriyyətə olan sevgisi görünürdü. Növbəti məqalədə bu haqda danışacağıq.