Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2015

O, insanları sevirdi

O, insanları sevirdi

«Bəşər övladları könlümün sevinci idi» (MƏS. 8:31).

1, 2. İsanın insanlara böyük məhəbbət bəslədiyini təsdiq edən sübutlardan biri hansıdır?

ALLAHIN ilkin Oğlu Onun sonsuz hikmətinin ilk və ən mükəmməl təzahürüdür. Atasının yanında usta kimi çalışan Oğul hikmətin təcəssümü idi. Atası «göyləri hazırlayanda», «yerin təməllərini qoyanda» onun necə sevinib-şadlandığını biz təsəvvür edə bilmərik. O, bu cansız varlıqları dəyərləndirsə də, könlünün sevinci bəşər övladları idi (Məs. 8:22—31). Bəli, İsa göydə yaşayandan bəşər övladlarını sevir, onlara məhəbbət bəsləyirdi.

2 Daha sonra Allahın ilkin Oğlu Atasına və bəşər övladlarına olan sədaqətdən və böyük məhəbbətdən irəli gələrək öz xoşu ilə «özünü hər şeydən məhrum etdi» və insan kimi yer üzünə gəldi. O, bunu «bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün» etdi (Filip. 2:5—8; Mət. 20:28). Görün, o, bəşər ailəsini nə qədər çox sevir! İsa yerdə olarkən Allah ona möcüzələr göstərmək gücü vermişdi. Və bu möcüzələr onun insanlara sevgisinin nə qədər böyük olduğunu göstərirdi. Beləliklə, İsa həmin o möcüzələrlə yaxın gələcəkdə dünya miqyasında hansı işləri edəcəyini göstərmişdi.

3. Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?

 3 İsa həmçinin yer üzündə «Allahın Padşahlığı haqqında müjdəni» də insanlara çatdırırdı (Luka 4:43). Çünki o bilirdi ki, bu Padşahlıq sayəsində Atasının adı müqəddəs tutulacaq və bütün bəşəriyyətin dərdinə birdəfəlik əlac qılınacaq. Təbliğ səfərlərində İsa insanlara olan nəcib qayğısının təzahürü olaraq möcüzələr də göstərirdi. Bəs bu, nəyə görə bizim üçün əhəmiyyət kəsb edir? Ona görə ki, buradan çıxaracağımız nəticə bizdə gələcəyə əminlik və ümid doğuracaq. Gəlin İsanın göstərdiyi möcüzələrdən dördünə baxaq.

«İSTƏYİRƏM. TƏMİZLƏN»

4. İsa cüzamlı ilə rastlaşanda nə baş verdi?

4 İsanın xidmətinin qızğın vaxtı idi. O, Cəlilədə təbliğ edirdi. Oradakı şəhərlərin birində İsa acınacaqlı bir mənzərə ilə qarşılaşdı (Mark 1:39, 40). Onun qarşısında dəhşətli cüzam xəstəliyinə tutulmuş kişi durmuşdu. Həkim Luka onun «başdan-ayağadək cüzam içində» olduğunu yazıb xəstəliyinin ağır olduğunu göstərmişdi (Luka 5:12). «Həmin adam İsanı görəndə onun qarşısında üzüqoylu yıxılıb yalvarmağa başladı: “Ağa, əgər istəsən, məni təmizləyə bilərsən”». Bu kişi əmin idi ki, İsanın onu sağaltmağa gücü çatar. Amma o bilmək istəyirdi ki, İsa onu sağaltmaq istəyir, ya yox. İsa ürəkdən qopan bu yalvarışa necə cavab verdi? Görəsən, xəstəliyin eybəcər hala saldığı bu adama baxarkən İsa nə fikirləşirdi? İsa da fərisilər kimi davranmayacaqdı ki? Fərisilər bu xəstəliyə mübtəla olan insanlara qarşı daşürəkli idilər. Bəs sən necə davranardın?

5. Cüzamlını sağaldarkən İsanı «istəyirəm» deməyə nə sövq etdi?

5 Tövratda tələb olunurdu ki, cüzam xəstəliyinə tutulanlar «murdaram, murdaram» deyə qışqırsınlar. Amma, görünür, bu kişi həmin vaxt qışqırmamışdı. İsa bunu onun üzünə vurmadı. Əksinə, diqqətini onun vəziyyətinə cəmlədi (Lav. 13:43—46). Düzdür, həmin vaxt İsanın ağlından nələr keçdiyini bilmirik, amma onun keçirdiyi hisslər bizə məlumdur. İçindəki şəfqət onu inanılmaz bir hərəkətə sövq etdi. İsa əlini uzadıb cüzamlıya toxundu. Qətiyyətli, eyni zamanda şəfqətli səslə: «İstəyirəm. Təmizlən», — dedi. Elə həmin an «o adamın cüzamı keçdi» (Luka 5:13). Bəli, Yehovanın gücü sayəsində Məsih həm belə bir möcüzə göstərdi, həm də insanlara olan böyük məhəbbətini izhar etdi (Luka 5:17).

6. İsanın göstərdiyi möcüzələrdə diqqətəlayiq məqam nədir və bu möcüzələr nəyi göstərir?

6 İsa Məsih Allahın gücü sayəsində çoxlu heyrətamiz möcüzələr göstərirdi. O, yalnız cüzamı yox, insanlarda olan hər cür xəstəliyi sağaldır, hər cür qüsuru aradan qaldırırdı. Müqəddəs Kitabda oxuyuruq: «Camaat lalların danışdığını, korların gördüyünü, şikəstlərin sağaldığını, topalların yeridiyini görəndə heyrətə gəldi» (Mət. 15:31). Xəstələrin dərdinə çarə qılmaq üçün İsaya donor orqanları lazım deyildi. O, xəstə orqanın və ya bədənin xəstə hissəsinin özünü sağaldırdı. O, insanlara dərhal, bəzən isə hətta uzaqdan şəfa verirdi (Yəh. 4:46—54). Bu nümunələr nəyi göstərir? İndi göydə Padşah olan Məsihin insanları birdəfəlik sağaltmaq üçün gücü ilə yanaşı istəyinin də olduğunu. İsanın insanlarla rəftarı bizi  əmin edir ki, Müqəddəs Kitabda yazılan bu peyğəmbərlik yeni dünyada yerinə yetəcək: «O, fağır-füqəranın halına acıyacaq» (Zəb. 72:13). Bəli, İsa o zaman öz ürəyinin istəyini həyata keçirəcək, bütün xəstələrə şəfa verəcək.

«DUR, XƏRƏYİNİ DƏ GÖTÜR, GET»

7, 8. Necə oldu ki, İsa Beytzata hovuzunda iflic kişi ilə rastlaşdı?

7 Cəlilədə cüzamlı kişini sağaldandan bir neçə ay sonra İsa Yəhudiyyəyə getdi. İsa orada da Allahın Padşahlığı haqda müjdəni təbliğ edirdi. İsanın çatdırdığı xəbər və insanlarla rəftarı yəqin ki, minlərlə insanın həyatına təsir etmişdi. O, həqiqətən də, yoxsullara müjdə vermək, əsirlərə azadlığı təbliğ etmək, qəlbisınıqların yarasını sarımaq istəyirdi (Əşy. 61:1, 2; Luka 4:18—21).

8 Nisan ayı gəlib çatanda İsa Atasının əmrinə itaət edib Yerusəlimə Pasxa bayramını keçirməyə getdi. Şəhərdə həyat canlanmışdı. Belə ki, bu müqəddəs bayramı keçirmək üçün şəhərə hər yerdən adamlar gəlirdi. Məbəddən şimalda Beytzata adlanan bir hovuz var idi. İsa orada bir xəstə kişini gördü.

9, 10. a) İnsanlar nəyə görə Beytzata hovuzuna gəlirdilər? b) İsanı hovuza nə çəkib gətirmişdi və biz bundan nə öyrənirik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

9 Beytzata hovuzunun ətrafına həmişə çoxlu xəstə və şikəst adamlar toplaşırdı. Maraqlıdır, niyə? Məlum olmayan bəzi səbəblərə görə belə bir inanc var idi ki, əgər su çalxalanan vaxt xəstə hovuza girərdisə, möcüzəvi şəkildə şəfa tapardı. Təsəvvür edin, orada necə ab-hava hökm sürürdü: insanların üzündən kədər, narahatlıq, ümidsizlik yağırdı. Bəs kamil, heç bir qüsuru olmayan İsanı bura nə çəkib gətirmişdi? İnsanlara olan mərhəməti. Burada İsa onun yaşından da çox müddətdir ki, xəstə olan bir kişiyə rast gəldi. (Yəhya 5:5—9 ayələrini oxuyun.)

10 Təsəvvür edirsiniz, İsa kişidən sağalmaq istədiyini soruşanda onun gözlərində necə bir çarəsizlik yarandı. Kişi dərhal cavab verdi ki, sağalmaq istəyir, amma onu hovuza salmağa kimsəsi yoxdur. Onda İsa kişiyə qeyri-mümkün olan bir şeyi — qalxıb xərəyini götürməyi və getməyi əmr etdi. Kişi qalxıb xərəyini götürdü və gəzməyə başladı. Bəli, ürəyi riqqətə gətirən bu hadisə İsanın yeni dünyada edəcəyi möcüzələrə işarə edir. Bu möcüzədən həmçinin İsanın şəfqətli olduğu da görünür. O, köməyə ehtiyacı olanları özü axtarıb tapırdı. İsanın nümunəsi bizi təşviq edir ki, biz də bu dünyada baş verən dəhşətli işlərə görə ah-nalə edən insanları axtarıb tapaq.

«PALTARIMA KİM TOXUNDU?»

11. Mark 5:25—34 ayələrindən İsanın xəstəlikdən əziyyət çəkən insanlara şəfqətlə yanaşdığı necə görünür?

11 Mark 5:25—34 ayələrini oxuyun. Bir qadın on iki il idi ki, xəcalət içində yaşayırdı. Onun xəstəliyi ibadəti də daxil olmaqla, həyatının hər sahəsinə təsir edirdi. Qadın həkimlərin əlindən çox əzab çəkmiş, bütün varını-yoxunu müalicəyə xərcləmişdi, amma buna baxmayaraq, vəziyyəti daha da pisləşmişdi. Ancaq bir gün qadın başqa bir üsula əl atdı. O, İsanın olduğu yerə gəldi. Camaatın arasına girib İsanın paltarına toxundu (Lav. 15:19, 25). İsa özündən qüvvə çıxdığını hiss edərək ona kimin toxunduğunu soruşdu. Qadın «bərk qorxmuşdu və tir-tir əsirdi.  O gəlib İsanın ayaqlarına düşdü və həqiqəti açıb ona danışdı». Bu qadını Yehovanın sağaltdığını anlayan İsa mülayimliklə ona dedi: «Bacım, imanın səni sağaltdı. Salamat get. Qoy bu əzablı xəstəlik səni bir də narahat etməsin».

İsanın möcüzələri sübut edir ki, o, bizim qeydimizə qalır (11, 12-ci abzaslara baxın)

12. a) Yuxarıdakı məlumatlara əsasən, İsanı necə təsvir edərdiniz? b) İsa bizim üçün hansı nümunəni qoyub?

12 İsa necə də xeyirxahdır! O, xəstəlikdən əziyyət çəkən insanların halına yanır. Şeytan bizi sevilmədiyimizə, dəyərsiz olduğumuza inandırmaq istəyir. Halbuki, İsanın möcüzələri sübut edir ki, o, bizim qeydimizə qalır. Bizim necə də şəfqətli Padşahımız və Baş kahinimiz var! (İbr. 4:15). Ola bilsin, bizə xroniki xəstəlikdən əziyyət çəkən insanları başa düşmək asan deyil. Əgər özümüz heç vaxt bununla üzləşməmişiksə, bu, xüsusilə çətin ola bilər. Amma unutmamalıyıq ki, İsa heç vaxt xəstələnməsə də, xəstələri yaxşı başa düşürdü. Gəlin biz də İsadan örnək alıb başqalarına qarşı bacardığımız qədər şəfqətli olaq (1 But. 3:8).

«İSA AĞLADI»

13. İlazəri diriltməsindən İsa haqda nəyi öyrənirik?

13 İsa başqalarının dərdinə ürəkdən yanırdı. Dostu İlazərin ölümünə görə camaatın ağlaşdığını görəndə İsa bərk qəhərləndi və dərindən ah çəkdi. Hətta birazdan İlazəri həyata qaytaracağını bilə-bilə, o, bərk kədərləndi. (Yəhya 11:33—36 ayələrini oxuyun.) İsa öz hisslərini ifadə etməyə utanmırdı. Camaat İsanın İlazəri və onun ailə üzvlərini nə qədər sevdiyini gördü. Allahın verdiyi güclə dostunu həyata qaytaran  İsa necə də böyük şəfqət göstərmişdi! (Yəh. 11:43, 44).

14, 15. a) Yehova Allahın bəşəriyyətin əzablarını aradan götürmək istədiyini nə göstərir? b) «Xatirə sərdabələri» ifadəsi bizə nəyi deyir?

14 Müqəddəs Kitabda İsa «Allahın varlığının dəqiq əksi» kimi təsvir olunur (İbr. 1:3). Deməli, İsanın möcüzələri sübut edir ki, o da, Atası da xəstəliyin və ölümün gətirdiyi ağrı-acını yox etmək istəyir. Onların bu istəyi qədimdə bir neçə nəfərin dirilməsilə heç də təmin olunmayıb. İsa demişdi: «Elə bir vaxt gələcək ki, qəbirlərdə [hərfən, xatirə sərdabələrində, haş.] olanların hamısı... diriləcək» (Yəh. 5:28, 29).

15 İsanın «xatirə sərdabələri» sözünü işlətməsi məntiqlidir, çünki dirilmə Allahın hafizəsi ilə bağlıdır. Bütün kainatın Xaliqi olan Yehova Allah həyata gözlərini yummuş doğmalarımız haqqında hər şeyi, o cümlədən onların anadangəlmə və qazanılmış cəhətlərini xırdalığına kimi yadında saxlamağa qadirdir (Əşy. 40:26). Amma bu, sadəcə qadir olmaq məsələsi deyil. Yehova Allah və Onun Oğlu ölənləri yadda saxlamaq istəyir. İlazərin, eləcə də, Müqəddəs Kitabda haqqında danışılan başqa adamların dirilməsi gələcəkdə dünya miqyasında olacaq dirilməyə işarə edir.

İSANIN MÖCÜZƏLƏRİ VƏ SƏN

16. Axıradək sadiqliyini qoruyan məsihiləri gələcəkdə nə gözləyir?

16 Əgər Yehovaya axıradək sadiq qalsaq, ən böyük möcüzələrdən birinin şahidi olacağıq, yəni böyük müsibətdən sağ çıxacağıq. Armageddon müharibəsinin ardınca daha çox möcüzələr baş verəcək: insanlar sağlamlığa qovuşacaq, heç kəs ağrı nədir bilməyəcək (Əşy. 33:24; 35:5, 6; Vəhy 21:4). Təsəvvür edin, insanlar eynəyi, əsanı, qoltuq ağacını, əlil arabasını, qulaq aparatını və bu kimi şeyləri birdəfəlik atacaq. Ümumiyyətlə, Yehovanın Armageddondan sağ çıxanlara mükəmməl sağlamlıq bəxş etməsinin başqa bir səbəbi də var. Belə ki, onların görəsi çox işləri olacaq. Həmin o qıvraq adamlar Allahın bəşəriyyətə ənamı olan yer kürəsini başdan-ayağa cənnətə çevirmək üçün qollarını çırmayıb işə girişəcəklər (Zəb. 115:16).

17, 18. a) İsanın möcüzələr göstərməkdə əsas məqsədi nə idi? b) Yeni dünyada yaşamaq üçün nə etmək əzmindəsən?

17 Böyük izdihamın üzvləri İsanın keçmişdə insanları sağaltması barədə oxuyanda ruhlanır, daha böyük səbirsizliklə bütün xəstəliklərindən şəfa tapacaqları vaxtı gözləyirlər (Vəhy 7:9). Allahın ilkin Oğlunun insanlara şəfa verməsi onun insanlara necə yanaşdığını, bəşəriyyəti nə qədər çox sevdiyini göstərir (Yəh. 10:11; 15:12, 13). İsanın şəfqəti Yehovanın ayrı-ayrılıqda hər bir xidmətçisinə göstərdiyi qayğının təsirli tablosunu çəkir (Yəh. 5:19).

18 Bəşəriyyət əzab içində inildəyir, ölümün pəncəsində çırpınır (Rom. 8:22). Məhz buna görə də biz yeni dünyanı, Allahın vəd etdiyi mükəmməl sağlamlığı həsrətlə gözləyirik. Məlaki 4:2 ayəsi bizə ümid verir ki, qeyri-kamilliyin buxovundan azad olub şəfa tapanlar sevincdən «atılıb-düşəcəklər». Gəlin Allaha minnətdarlıqdan və Onun vədlərinə dərin imandan irəli gələrək, yeni dünyaya layiq olmaq üçün əlimizdən gələni edək. Bəli, İsanın möcüzələri Minillik hakimiyyəti zamanı onun bəşəriyyətə gətirəcəyi əbədi firavanlığa işarə edir. Bunu bilmək necə də sevindiricidir!