Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  may 2015

Sərvaxt ol, Şeytan səni udmaq istəyir!

Sərvaxt ol, Şeytan səni udmaq istəyir!

«Sərvaxt olun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 BUT. 5:8).

1. Necə oldu ki, ruhani varlıqlardan biri Şeytan oldu?

BİR vaxtlar Yehova Allah ondan razı idi. Ancaq sonra bu ruhani varlıq insanların ona ibadət etməsini istədi. Özündəki bu yanlış arzunu boğmaq əvəzinə onu yetişdirdi, ta o vaxta qədər ki, arzu boylu qalıb günah doğdu (Yaq. 1:14, 15). Məlumdur ki, həmin varlıq Şeytandır. O, həqiqətə bağlı qalmayıb Yehovaya qarşı qiyam qaldırdı və yalanın atası oldu (Yəh. 8:44).

2, 3. «Şeytan», «İblis», «ilan» və «əjdaha» ləqəbləri Yehovanın qatı düşməni barədə bizə nəyi açıqlayır?

2 Üsyan edəndən bəri Şeytan Yehovanın qatı düşmənidir. O, bəşəriyyətə də düşmən kəsilib. Şeytana verilən ləqəblər onun nə qədər korlandığını göstərir. Şeytan sözü «əleyhdar» deməkdir və bu şər ruhani varlığın Allahın ali hakimiyyətini saymadığını, ona nifrət etdiyini, ona qarşı hiddətlə mübarizə apardığını göstərir. Şeytanın ən böyük arzusu Yehovanın hakimiyyətinin süquta uğradığını görməkdir.

3 Vəhy 12:9 ayəsindən göründüyü kimi, Şeytan həmçinin İblis də adlanır. İblis sözünün mənası «şərçi», «böhtançı» deməkdir. Şeytan Yehovanı yalançı adlandıraraq Ona qara yaxmışdı. «Qədim ilan» sözü isə Şeytanın Ədən bağında  ilandan istifadə edərək Həvvanı aldatdığı o dəhşətli günü xatırladır. «Böyük əjdaha» deyəndə isə adamın gözünün qabağına qorxulu, bədheybət bir varlıq gəlir. Bu bənzətmə Şeytana çox yaraşır, belə ki, o, vəhşicəsinə Yehovanın niyyətini puç etməyə və Onun xalqını məhv etməyə çalışır.

4. Bu məqalədə nəyi öyrənəcəyik?

4 Şeytan bizim Allaha sadiq qalmamağımız üçün dəridən-qabıqdan çıxır. Buna görə də Müqəddəs Kitab bizə nəsihət edir: «Ayıq durun, sərvaxt olun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 But. 5:8). Bu xəbərdarlığı nəzərə alaraq, bu məqalədə Şeytanın üç cəhətini nəzərdən keçirəcəyik, həmçinin Yehovanın və xalqının yağı düşmənindən özümüzü gözləməyin nəyə görə son dərəcə vacib olduğunu öyrənəcəyik.

ŞEYTAN GÜCLÜDÜR

5, 6. a) Ruhani varlıqların qüdrətli olduğunu göstərən nümunələr çəkin. b) Şeytan hansı mənada «ölüm silahlarının» sahibidir?

5 Mələk adlanan ruhani varlıqlar qüdrətlidirlər (Zəb. 103:20). Onlar həm ağılda, həm də gücdə insanlardan üstündürlər. Əlbəttə, sadiq mələklər öz güclərindən yaxşı məqsədlə istifadə edirlər. Məsələn, bir dəfə Yehovanın bir mələyi aşşurluların 185 000 döyüşçüsünü qırmışdı. Heç bir insan təkbaşına belə şücaət göstərə bilməzdi, hətta bütöv bir ordu üçün bu, çətin olardı (2 Pad. 19:35). Bir dəfə isə mələk fövqəlbəşər gücünü və zəkasını işə salaraq İsanın həvarilərini zindandan azad etmişdi. Həmin ruhani varlıq gözətçilərin gözündən yayınmış, bağlı qapıları açmış, həvariləri azad etmiş, sonra isə qapını arxalarınca bağlamışdı. Maraqlısı isə odur ki, bütün bunlar gözətçilərin qarşısında baş vermişdi! (Həv. 5:18—23).

6 Sadiq ruhani varlıqlar öz güclərindən yaxşı məqsədlə istifadə etdikləri halda, Şeytan öz gücündən çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edir. Hələ üstəlik, o, çox güclü və nüfuzludur. Müqəddəs Yazılarda o, «bu dünyanın hökmdarı» və «bu dövrün allahı» adlanır (Yəh. 12:31; 2 Kor. 4:4). Şeytan İblis hətta «ölüm silahlarının» sahibidir (İbr. 2:14). Bu o demək deyil ki, o, bütün insanları bilavasitə özü öldürür. Əvvəla, onun qaniçənliyi bu dünyaya hopub. Üstəlik, Şeytanın ucbatından bütün bəşəriyyət günah və ölümün əsirinə çevrilib, belə ki, Həvva Şeytanın yalanına uymuşdu, Adəm də Allahın itaətindən çıxmışdı (Rom. 5:12). İblis bu mənada «ölüm silahlarının» sahibidir. İsa demişkən, o, «qatildir» (Yəh. 8:44). Bəli, düşmənimiz Şeytan yaman güclüdür!

7. Cinlər güclü olduqlarını necə göstərirlər?

7 Biz Şeytana müqavimət göstərəndə təkcə ona deyil, Allahın hakimiyyəti məsələsində Şeytanın tərəfdarlarının hamısına qarşı dururuq. Bura çoxlu sayda üsyankar ruhani varlıqlar, yəni cinlər daxildir (Vəhy 12:3, 4). Vaxtaşırı cinlər öz fövqəlbəşər gücünü göstərir, işgəncə verdikləri insanları acınacaqlı hala salırlar (Mət. 8:28—32; Mark 5:1—5). Nə cinlərin, nə də onların hökmdarının gücünə barmaqarası baxma (Mət. 9:34). Yehovanın köməyi olmadan biz heç vaxt Şeytanla mübarizədə qalib gələ bilmərik.

ŞEYTAN QƏDDARDIR

8. a) Şeytanın amalı nədir? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Bu dünyanın Şeytanın qəddarlığını əks etdirdiyini nədən görürsən?

8 Həvari Butrus Şeytanı nərildəyən şirə bənzətmişdi. Bir elmi əsərdə deyilir  ki, «nərildəmək» kimi tərcümə olunan yunan sözü «həddən artıq ac olan heyvanın nəriltisini» bildirir. Bu, Şeytanın qəddarlığının necə də yerində təsvir edir. Baxmayaraq ki, bütün dünya Şeytanın hakimiyyəti altındadır, o, doymaq bilmir, daha çox qurban istəyir (1 Yəh. 5:19). Onun üçün dünya sadəcə bir «çərəz»dir. Şeytanın bütün diqqəti «əsas yemək»də — məsh olunmuşlarda və onlarla əməkdaşlıq edən «başqa qoyunlar»dadır (Yəh. 10:16; Vəhy 12:17). Şeytanın amalı Yehovanın xalqını udmaqdır. Birinci əsrdən ta bu günə qədər İsanın davamçılarının məruz qaldığı amansız təqiblər Şeytanın nə qədər qəddar olduğunu nümayiş etdirir.

9, 10. a) Şeytan Allahın İsrail xalqı ilə bağlı niyyətini puç etməyə necə çalışırdı? (Nümunələr çəkin.) b) Şeytan nəyə görə İsrail xalqını xüsusi olaraq hədəfə almışdı? c) Yehovanın xidmətçisi ciddi günaha yol verəndə Şeytan hansı hissləri keçirir?

9 Şeytan Allahın niyyətini puç etməyə çalışarkən qəddarlığını başqa cür də üzə çıxarır. Ac şir öz şikarına rəhm etmir. Şikarını parçalamazdan əvvəl ona yazığı gəlmir, heç sonra da peşmançılıq keçirmir. Şeytanın da udmağa çalışdığı kəslərə yazığı gəlmir. Məsələn, israillilər hər dəfə əxlaqsızlıq, tamahkarlıq kimi günahlara yol verəndə, yəqin Şeytan İblis haradasa yaxınlıqda pusquda dururdu. Zümrinin əxlaqsızlığının, Qihazinin acgözlüyünün acı nəticələri barədə oxuyanda nərildəyən şirin çaldığı qələbəyə görə necə sevindiyini təsəvvüründə canlandıra bilərsən? (Say. 25:6—8, 14, 15; 2 Pad. 5:20—27).

Yehovanın xidmətçisi günah iş tutanda Şeytan sevinir 10-cu abzasa baxın

10 Şeytanın qədim İsrail xalqını hədəfə almasının xüsusi səbəbi var idi. Axı Şeytanı əzəcək və Yehovanın ali hökmranlığını müdafiə edəcək Məsih bu xalqdan gələcəkdi (Yar. 3:15). Buna görə də Şeytan israillilərin yaxşılığını istəmirdi və qəddarcasına var gücü ilə çalışırdı ki, onları günaha batırıb ləkələsin. Düşünmə ki, Davud əxlaqsızlığa yol verəndə Şeytan heyfsilənmiş, yaxud Musa peyğəmbər Vəd edilmiş diyara girməkdən məhrum olanda ona yazığı gəlmişdi. Əksinə, Allahın xidmətçisi ciddi günaha  yol verəndə Şeytanın sevinci yerə-göyə sığmır. Əslində, Şeytan bu kimi qələbələrdən də istifadə edib Yehovaya acıq verir (Məs. 27:11).

11. Şeytan nə üçün Saranı hədəfə almışdı?

11 Şeytan bir nəslə xüsusilə ədavət bəsləyirdi, o nəslə ki, ondan Məsih gələcəkdi. Məsələn, Allah İbrahim peyğəmbərə ondan «böyük bir xalq» törəyəcəyini deyəndən az sonra nə baş verdiyini nəzərdən keçirək (Yar. 12:1—3). İbrahim peyğəmbərlə Sara Misirdə olanda firon Saranı evinə gətizdirdi, görünür, onu özünə arvad etmək istəyirdi. Ancaq Yehova məsələyə müdaxilə etdi və Saranın namusunu qorudu. (Yaradılış 12:14—20 ayələrini oxuyun.) İshaqın doğulmasından bir qədər əvvəl Qərarda buna oxşar hadisə baş verdi (Yar. 20:1—7). Ola bilərdi ki, bu hadisələrin arxasında Şeytan dursun? Bəlkə də o ümid edirdi ki, fironun və Əbuməlikin dəbdəbəli sarayları varlı Ur şəhərindən çıxıb çadırda yaşayan Saranı şirnikləndirər. Ola bilsin, Şeytan Saranın həm ərinə, həm də Yehovaya xəyanət edib padşahlardan biri ilə izdivaca girəcəyini güman edirdi. Müqəddəs Kitabda bu haqda heç nə deyilməsə də, əmin ola bilərik ki, Sara vəd edilmiş övladın ulu nənəsi olmaqdan məhrum edilsəydi, Şeytan çox sevinərdi. İsmətli bir qadının ailəsinin dağılması, namusunun ləkələnməsi və Yehovanın gözündən düşməsi Şeytanın heç vecinə də olmazdı. Bəli, Şeytan yaman qəddardır!

12, 13. a) Şeytan İsanın doğulmasından sonra öz qəddarlığını necə göstərdi? b) Şeytan Yehovanı sevən və Ona xidmət edən uşaqlara necə yanaşır?

12 İsa İbrahim peyğəmbərdən əsrlər sonra dünyaya gəlmişdi. Düşünmə ki, Şeytan ona qəşəng, şirin körpə kimi baxırdı. Xeyr, Şeytan bilirdi ki, bu körpə böyüyüb vəd edilmiş Məsih olacaq. İsa İbrahim peyğəmbərin övladının əsas hissəsi idi və o, vaxtı çatanda «İblisin işlərini» dağıdacaqdı (1 Yəh. 3:8). Şeytan düşünmürdü ki, körpənin canına qıymaq lap ağ olar. Şeytan mənəviyyatsızdır. O, İsaya elə körpə vaxtında hücum çəkdi.

13 Münəccimlər «yəhudilərin təzəcə anadan olmuş padşahı» barədə soruşanda Hirod padşahın qanı bərk qaraldı və uşağı öldürmək qərarına gəldi (Mət. 2:1—3, 13). Uşağın öldürüldüyünə arxayın olmaq üçün o, Beytləhmdə və onun ətrafında yaşayan iki yaşa qədər bütün oğlan uşaqlarının qətlə yetirilməsini əmr etdi. (Mətta 2:13—18 ayələrini oxuyun.) Düzdür, Allah İsanı bu tükürpədən qətliamdan qurtardı. Amma bu hadisədən aydın görünür ki, düşmənimiz Şeytan İblis insan həyatına heç bir dəyər vermir. Heç uşaqlar da onun vecinə deyil. Şeytan sözün əsil mənasında nərildəyən şirdir. Onun qəddarlığına heç vaxt barmaqarası baxma!

ŞEYTAN YALANÇIDIR

14, 15. Şeytan imansızların zehnini necə kor edir?

14 Şeytan insanları məhəbbətli Allah Yehovadan yalnız yalanlarla uzaqlaşdırmağa müvəffəq olur (1 Yəh. 4:8). O, insanları aldadır, onların Allaha ehtiyacları olduğunu dərk etmələrinə imkan vermir (Mət. 5:3). Beləcə, «imansızların zehnini kor [edir] ki, onlar Allahın bənzəri olan Məsih haqqındakı şanlı müjdənin nurunu görməsinlər» (2 Kor. 4:4).

15 İnsanları aldatmaq üçün Şeytanın istifadə etdiyi ən böyük silahlardan biri yalan dindir. İnsanların «tam sədaqət tələb edən» Yehovaya deyil, başqa bir kəsə  və ya şeyə, məsələn, əcdadlarına, təbiətə, heyvanlara ibadət etdiyini görmək Şeytana həzz verir (Çıx. 20:5). Hətta Allaha düzgün ibadət etdiyini düşünən insanların çoxu yalan etiqadların və faydasız ayinlərin buxovundadır. Bu insanlar acınacaqlı vəziyyətdədirlər. Onlar Əşiya peyğəmbərin dövründəki israillilərin gününə düşüblər. Yehova onlara deyirdi: «Niyə çörək olmayan şeyə pul verirsiniz, niyə qazancınızı qarnı doydurmayan şeylərə xərcləyirsiniz? Mənə diqqətlə qulaq asın, yaxşı şeylər yeyin, qoy canınız ləziz təamlardan ləzzət alsın» (Əşy. 55:2).

16, 17. a) Nəyə görə Məsih Butrusa: «Çəkil qabağımdan, Şeytan!» — dedi? b) Şeytan sayıqlıq məsələsində bizi necə aldada bilər?

16 Şeytan hətta Allahın sadiq xidmətçilərini də aldada bilər. Məsələn, İsa şagirdlərinə öldürüləcəyini deyəndə nə baş verdiyini yadımıza salaq. Həvari Butrus, sözsüz ki, yaxşı niyyətdən irəli gələrək İsanı kənara çəkib demişdi: «Özünə yazığın gəlsin, Ağa! Belə şey heç vaxt ola bilməz!» İsa Butrusa sərt cavab vermişdi: «Çəkil qabağımdan, Şeytan!» (Mət. 16:22, 23). Nəyə görə İsa Butrusu «Şeytan» adlandırdı? Çünki İsa nə baş verəcəyini yaxşı bilirdi. Onun fidyə olaraq canını qurban verəcəyi və İblisin yalançı olduğunu sübut edəcəyi vaxta az qalmışdı. Bəşər tarixinin həlledici məqamında İsanın özünə yazığı gəlməsinin vaxtı deyildi. Əgər belə bir vaxtda İsa sayıqlığını itirsəydi, Şeytanın arzusu çin olardı.

17 Bu dövrün sonu getdikcə yaxınlaşır və biz son dərəcə çətin bir zəmanədə yaşayırıq. Şeytan istəyir ki, bizim də özümüzə yazığımız gəlsin və bu dünyada özümüzə gün ağlayaq. Beləcə, hansı dövrdə yaşadığımızı unudub, sayıqlığımızı itirək. Yol vermə ki, bu, sənin başına gəlsin! Əksinə, oyaq qal! (Mət. 24:42). Heç vaxt sonun uzaq olduğu, yaxud da gəlməyəcəyi ilə bağlı Şeytanın yaydığı yalana uyma.

18, 19. a) Şeytan özümüzlə bağlı bizə hansı yanlış fikri aşılamaq istəyir? b) Yehova bizə ayıq-sayıq qalmağa necə kömək edir?

18 Şeytan bizi başqa bir yolla da aldatmağa çalışır. Bizi inandırmaq istəyir ki, Yehova bizi sevmir və etdiyimiz günahlar bağışlanmazdır. Bütün bunlar Şeytanın təbliğatıdır. Əslində Yehovanın məhəbbətinə layiq olmayan Şeytanın özüdür. Bağışlanmağa layiq olmayan da elə odur. Müqəddəs Kitab isə bizi arxayın edir: «Allah ədalətsiz deyil ki,.. Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun» (İbr. 6:10). Yehova Onu razı salmaq üçün etdiyimiz hər bir şeyi dəyərləndirir. Bəli, bizim xidmətdə gördüyümüz işlər hədər deyil. (1 Korinflilərə 15:58 ayəsini oxuyun.) Odur ki, gəlin Şeytanın yalanına uymayaq.

19 Gördüyümüz kimi, Şeytan güclü, qəddar və yalançıdır. Bu amansız düşmənlə mübarizədə necə zəfər çala bilərik? Yehova bizi köməksiz qoymayıb. O, Öz Kəlamında Şeytanın üsullarını açıqlayır, ona görə də «biz onun fəndlərindən bixəbər deyilik» (2 Kor. 2:11). Şeytanın fəndlərini biləndə ayıq-sayıq qalmaq bizə daha asan olur. Ancaq sadəcə bilməklə iş bitmir. Müqəddəs Kitabda deyilir: «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaq. 4:7). Növbəti məqalədə Şeytanla mübarizə aparmalı olduğumuz sahələrdən üçünü araşdıracaq və ona necə qalib gələ biləcəyimizi öyrənəcəyik.