Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2015

Oxucuların sualları

Oxucuların sualları

«Hizqiyal» kitabındakı «Məcuc ölkəsindən olan Yəcuc» kimdir? 

Uzun illər nəşrlərimizdə izah edilib ki, «Məcuc ölkəsindən olan Yəcuc» göydən atılandan sonra Şeytan İblisə verilən ləqəbdir. Bu izah «Vəhy» kitabına əsaslanırdı. Orada deyilir ki, Allahın xalqına dünya miqyasında edilən hücuma Şeytan İblis başçılıq edir (Vəhy 12:1—17). Buna görə də belə qənaətə gəlinmişdi ki, Yəcuc Şeytanın digər bir ləqəbidir.

Lakin bu izahatdan bəzi vacib suallar doğur. Məsələn, Yəcucun məğlub edildiyi vaxtdan danışarkən Yehova onunla bağlı deyir: «Səni hər cür yırtıcı quşa, vəhşi heyvana yem edəcəyəm» (Hizq. 39:4). Sonra Yehova əlavə edir: «O gün Yəcuca İsraildə . . . dəfn yeri verəcəyəm... Orada Yəcuc və onunla olan izdiham basdırılacaq» (Hizq. 39:11). Bəs yırtıcı quşlar, vəhşi heyvanlar ruhani varlığı necə yeyə bilər? Yaxud da ki, Şeytana yerdə «dəfn yeri» necə verilə bilər? Müqəddəs Kitabda aydın göstərilir ki, Şeytan nə yeyiləcək, nə də basdırılacaq, o, min illiyə dibsiz quyuya atılacaq (Vəhy 20:1, 2).

Bildiyimiz kimi, min ilin sonunda Şeytan quyudan azad ediləcək və «yerin dörd ucundan xalqları, Yəcuc və Məcucu yoldan çıxaracaq, onları savaşa toplayacaq» (Vəhy 20:8). Əgər Şeytan özü Yəcucdursa, necə ola bilər ki, o, Yəcucu yoldan çıxarsın? Odur ki, həm «Hizqiyal», həm də «Vəhy» kitabında adı çəkilən «Yəcuc» Şeytan deyil.

Bəs «Məcuc ölkəsindən olan Yəcuc» kimdir? Bunu bilmək üçün gərək biz Müqəddəs Yazıları araşdırıb Allahın xalqına hücum edənin kim olduğunu tapaq. Müqəddəs Kitabda yalnız «Məcuc ölkəsindən olan Yəcucun» hücumundan yox, həmçinin «şimal padşahının» və «dünya padşahlarının» hücumundan da bəhs edilir (Hizq. 38:2, 10—13; Dən. 11:40, 44, 45; Vəhy 17:14; 19:19). Bunlar müxtəlif hücumlardır? Çox ehtimal ki, yox. Görünür, Müqəddəs kitabda eyni hücum müxtəlif adlarla verilir. Bu qənaətə gəlməyimizin səbəbi odur ki, Müqəddəs Yazılara əsasən, dünyanın bütün xalqları Armageddona gətirib çıxaracaq bu sonuncu hücumda iştirak edəcəklər (Vəhy 16:14, 16).

Allahın xalqına edilən sonuncu hücumla bağlı bütün bu ayələri müqayisə edəndə  məlum olur ki, «Məcuc ölkəsindən olan Yəcuc» Şeytanı yox, xalqlar birliyini bildirir. Bəs bu birliyə «şimal padşahı» başçılıq edəcək? Bunu əminliklə deyə bilmərik. Amma bu fikir Yehova Allahın Yəcuc haqqında dedikləri ilə həmahəngdir: «Sən öz yerindən, uzaq şimaldan gələcəksən, yanında da çoxlu xalqlardan atlara süvar olmuş qoşun-ləşkər, böyük bir izdiham» (Hizq. 38:6, 15).

Hizqiyal peyğəmbərin müasiri olan Dənyal peyğəmbər də şimal padşahı haqda demişdi: «Lakin şərqdən və şimaldan gələn xəbərlər onu narahat edəcək və o, çoxlarını qırıb məhv etmək üçün şiddətli qəzəblə qalxacaq. Öz padşah çadırlarını böyük dənizlə dilbər diyardakı müqəddəs dağ arasında quracaq. Ancaq aqibəti çatacaq və dadına yetişən olmayacaq» (Dən. 11:44, 45). Bu, «Hizqiyal» kitabında Yəcucun fəaliyyəti barədə deyilənlərə oxşardır (Hizq. 38:8—12, 16).

Bəs bu son hücumdan sonra nə baş verəcək? Dənyal peyğəmbər bu haqda deyir: «O vaxt [1914-cü ildən bəri] xalqının himayəsində duran böyük əmir Mikayıl [İsa Məsih] [Armageddonda] ayağa qalxacaq. Onda xalqlar yaranandan bəri görünməmiş ağır bir zəmanə [böyük müsibət] gələcək. O vaxt sənin xalqın, adı kitabda yazılmış hər kəs qurtulacaq» (Dən. 12:1). Allahın təmsilçisi olan İsa Məsihin bu addımı həmçinin Vəhy 19:11—21 ayələrində də təsvir edilib.

Bəs Vəhy 20:8 ayəsində bəhs olunan «Yəcuc və Məcuc» kimdir? Min ilin sonunda baş verəcək yekun imtahan zamanı Yehovanın iradəsinə qarşı çıxanlar böyük müsibətin sonunda Allahın xalqına hücum edən xalqlar kimi, yəni «Məcuc ölkəsindən olan Yəcuc» kimi qaniçən olacaqlar. Hər iki qrupun da aqibəti eyni — əbədi məhv olacaq (Vəhy 19:20, 21; 20:9). Buna görə də min ilin sonunda qiyam edənlərin «Yəcuc və Məcuc» adlanması lap yerinə düşür.

Allahın Kəlamını dərindən araşdıran bizlər yaxın gələcəkdə kimin özünü «şimal padşahı» kimi aparacağını səbirsizliklə gözləyirik. Amma bu xalqlar birliyinə kim başçılıq edirsə etsin, biz iki şeyə əminik: 1) «Məcuc ölkəsindən olan Yəcuc» və onun ordusu məğlub olub məhv ediləcək, 2) hökmranlıq edən Padşahımız İsa Məsih Allahın xalqını xilas edəcək və onları sülh və firavanlıq dolu yeni dünyaya aparacaq (Vəhy 7:14—17).