Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2015

Onlar vəd edilən şeyləri «görürdülər»

Onlar vəd edilən şeyləri «görürdülər»

«Bu adamlar vəd edilən şeyləri almasalar da,.. o şeyləri uzaqdan görüb sevindilər» (İBR. 11:13).

1. Görmədiyimiz şeyləri təsəvvür etmək qabiliyyətinin bizə hansı faydası var? (Məqalənin əvvəlindəki şəklə baxın.)

BİZ görmədiyimiz şeyləri təsəvvürümüzdə canlandıra bilirik. Bu, Allahın ənamıdır. Bunun sayəsində gözümüzü gələcəkdə olacaq yaxşı şeylərə dikir, ağılla planlar qururuq. Yehova Allah gələcəyi görməyə qadirdir və O, Öz Kəlamı vasitəsilə gələcəkdə olacaq hadisələrdən tez-tez bizi agah edir. Biz onları görməsək də, təsəvvürümüzdə canlandıra bilirik. Görünməyən şeyləri təsəvvür etmək qabiliyyəti bizdə iman hasil edir (2 Kor. 4:18).

2, 3. a) Təsəvvürümüzdə canlandırdığımız şeylərin reallığa söykənməsi nəyə görə vacibdir? b) Bu məqalədə hansı sualları nəzərdən keçirəcəyik?

2 Görməyib təsəvvür etdiyimiz şeylər heç də həmişə reallığa söykənmir. Məsələn, balaca qızın özünü kəpənəyin üstündə uçduğunu təsəvvür etməsi sadəcə bir fantaziyadır. Yəqin ki, Hənnə də oğlu İşmuili müqəddəs çadırda xidmət etməyə aparması barədə xəyallara dalırdı. Ancaq bu, boş fantaziya deyildi, onun verdiyi qərara əsaslanırdı və ona diqqətini məqsədinə cəmləməyə kömək edirdi (1 İşm. 1:22). Biz də Allahın vədlərini təsəvvürümüzdə canlandıranda hökmən  yerinə yetəcək şeylər barədə düşünürük (2 But. 1:19—21).

3 Şübhəsiz, qədimdə Allahın bir çox mömin bəndələri Onun vəd etdiyi şeyləri təsəvvürlərində canlandırırdılar. Gələcək nemətlər barədə düşünməyin onlara hansı xeyri dəymişdi? Bəs Allahın saleh insanlara vəd etdiyi gözəl şeylər barədə düşünməyin bizə hansı faydası var?

ÜMİD ETDİKLƏRİ ŞEYLƏRİ «GÖRMƏK» ONLARI MÖHKƏMLƏNDİRİRDİ

4. Habil nəyə əsaslanaraq gələcəyi təsəvvüründə canlandırırdı?

4 Yehova Allahın ilk sadiq bəndəsi Habil Onun vəd etdiyi şeyi «görürdümü»? Habil bilirdi ki, Allah ilana bu sözləri demişdi: «Səninlə qadın arasına, sənin övladınla onun övladı arasına düşmənçilik qoyacağam. O, sənin başını əzəcək, sən isə onu dabanından çalacaqsan» (Yar. 3:14, 15). Habil bunun necə baş verəcəyini bilmirdi. Lakin, görünür, o, bu vəd barədə çox düşünürdü və başa düşürdü ki, kimsə dabanından çalınmalıdır və yalnız bu halda bəşəriyyət, Adəmlə Həvvanın günahdan əvvəl olduğu kimi, kamil ola bilər. Habil gələcəklə bağlı hər nəyi təsəvvüründə canlandırsa da, Allahın vədinə iman edirdi. Buna görə də Yehova onun qurbanını qəbul etmişdi. (Yaradılış 4:3—5; İbranilərə 11:4 ayələrini oxuyun.)

5. Nəyə görə gələcəyi xəyalında canlandırmaq Hənuqu möhkəmləndirirdi?

5 Mömin Hənuq Allaha küfr edən insanların arasında yaşasa da, iman sahibi idi. Hənuq Yehovadan ilham alaraq peyğəmbərlik edirdi: «Yehova on minlərlə müqəddəs mələyi ilə [gələcək] ki, hamı üzərində hökmünü icra etsin və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin» (Yhd. 14, 15). Yəqin ki, Allahın bu mömin bəndəsi kafir insanların olmayacağı dünyanı təsəvvüründə canlandırırdı. (İbranilərə 11:5, 6 ayələrini oxuyun.)

6. Nuh Daşqından sonra da nə haqda düşünürdü?

6 Nuh imanı sayəsində Daşqından sağ çıxdı (İbr. 11:7). Daşqından sonra o, imandan irəli gələrək heyvanlardan qurban gətirdi (Yar. 8:20). Şübhəsiz, o da Habil kimi inanırdı ki, bəşəriyyət gec-tez günahın və ölümün əsarətindən qurtulacaq. Daşqından sonrakı şər dünyada, Nəmrud Yehovaya asi çıxanda belə, Nuh imanını və ümidini itirmədi (Yar. 10:8—12). Çox güman ki, o, bəşəriyyətin zalım hökmdarlardan, günah və ölümdən azad olacağı barədə düşünüb ürəklənirdi. Biz də belə bir gözəl vaxtı «görə» bilərik. Həmin vaxt çox yaxındır! (Rom. 6:23).

VƏDLƏRİN YERİNƏ YETDİYİNİ «GÖRÜRDÜLƏR»

7. İbrahim, İshaq və Yaqub gələcəyi necə görürdülər?

7 İbrahim, İshaq və Yaqub gözəl gələcəyi təsəvvürlərində canlandırırdılar. Çünki Yehova vəd etmişdi ki, onların nəslindən gələn övlad vasitəsilə bütün xalqlar mübarək olacaq (Yar. 22:18; 26:4; 28:14). Onların nəsilləri artaraq Allahın vəd etdiyi diyarda məskən salacaqdı (Yar. 15:5—7). Ürəyində Allah xofu olan bu insanlar imanları sayəsində övladlarının həmin diyara sahib olduğunu «görürdülər». Həqiqətən də, insan kamilliyini itirən vaxtdan Yehova Öz sadiq bəndələrini əmin edir ki, Adəmin itirdiyi nemətlər yenidən onlara qaytarılacaq.

8. İbrahim peyğəmbərə sarsılmaz iman sahibi olmağa nə kömək etmişdi?

 8 Görünür, İbrahim peyğəmbər Allahın vəd etdiyi şeyləri təsəvvüründə canlandırdığı üçün Allaha iman etmiş və imandan doğan böyük işlər görmüşdü. Müqəddəs Yazılarda vurğulanır ki, İbrahim və Allahın digər mömin bəndələri «vəd edilən şeyləri almasalar da,.. o şeyləri uzaqdan görüb sevindilər». (İbranilərə 11:8—13 ayələrini oxuyun.) İbrahimin əlində ümid etdiyi şeylərin gerçək olduğuna o qədər dəlil var idi ki, o, görünməyən şeyləri «görə» bilirdi.

9. Allahın vədlərinə iman etmək İbrahimə necə kömək edirdi?

9 İbrahimin Allahın vədlərinə olan imanı onun Allahın iradəsini yerinə yetirmək əzmini möhkəmləndirirdi. O, imanla hərəkət edərək Ur şəhərini tərk etmiş və Kənanın heç bir şəhərində həmişəlik məskunlaşmamışdı. Ur kimi, həmin şəhərlərin də bünövrəsi möhkəm deyildi, onlar müvəqqəti idilər, çünki onların rəhbərləri Allahın yolunda deyildilər (Yuş. 24:2). İbrahim peyğəmbər ömür boyu «memarı və inşaatçısı Allah olan, əsil bünövrə üzərində tikilmiş şəhəri» gözləyib (İbr. 11:10). İbrahim özünü Yehovanın idarə edəcəyi daimi yerin sakini kimi görürdü. Habil, Hənuq, Nuh, İbrahim və digər mömin insanlar ölülərin dirilməsinə inanırdılar və «əsil bünövrə üzərində tikilmiş şəhəri», yəni Allahın Padşahlığının idarə etdiyi yer üzündəki həyatı gözləyirdilər. Bu kimi nemətlər üzərində düşündükcə onların Yehovaya imanı güclənirdi. (İbranilərə 11:15, 16 ayələrini oxuyun.)

10. Gələcəyə nikbin baxışı Saraya nədə kömək etdi?

10 İbrahimin arvadı Saranın da Yehovanın vədlərinə möhkəm imanı var idi. Doxsan yaşında uşaqsız olan bu qadın gələcəyə nikbin baxışı sayəsində imanla hərəkət edirdi. O, övladının Yehovanın vəd etdiyi nemətləri aldığını «görürdü» (İbr. 11:11, 12). Sara nəyə görə bu qədər əmin idi? Yehova onun əri İbrahimə demişdi: «Onu mübarək qılacağam, o, sənə oğul doğacaq; onu mübarək qılacağam, o, xalqların anası olacaq, ondan xalqların padşahları törəyəcək» (Yar. 17:16). İshaqı dünyaya gətirəndən sonra Yehovanın İbrahimə verdiyi digər vədlərin də yerinə yetəcəyini təsəvvüründə canlandırmağa Saranın tutarlı səbəbi oldu. Bizim də Allahın vəd etdiyi şeyləri təsəvvürümüzdə canlandıra bilməyimiz necə də gözəl ənamdır! Bəli, onlar mütləq yerinə yetəcək!

GÖZÜNÜ MÜKAFATDAN ÇƏKMİRDİ

11, 12. Musanın ürəyində Yehovaya məhəbbət necə yaranmışdı?

11 Yehova Allaha iman edən şəxslərdən biri də Musa peyğəmbər idi. O, Allaha dərin məhəbbət bəsləyirdi. Firon ailəsində böyüyən Musa gənc olanda asanlıqla hakimiyyətə və var-dövlətə bağlana bilərdi. Ancaq, görünür, o, öz doğma valideynlərindən Yehova Allah və Onun əsarətdə olan ibraniləri azad edib Vəd edilmiş diyara aparmaq niyyəti barədə öyrənmişdi (Yar. 13:14, 15; Çıx. 2:5—10). Deməli, Musa Allahın xalqını gözləyən gözəl gələcək haqda tez-tez düşünürdü. Belə olan halda onun ürəyində nəyə məhəbbət yaranardı — şan-şöhrətə, yoxsa Yehovaya?

12 Müqəddəs Yazılarda oxuyuruq: «Musa da böyüyəndən sonra imanı sayəsində firon qızının oğlu adlanmaqdan imtina etdi. O, günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu, çünki o, bir məsh olunmuş kimi məruz  qaldığı təhqirləri Misirin bütün xəzinələrindən daha qiymətli bir sərvət hesab etdi, çünki gözünü alacağı mükafatdan çəkmirdi» (İbr. 11:24—26).

13. Allahın vədləri haqda dərindən düşünmək Musaya necə kömək etmişdi?

13 Musa Yehovanın israillilərə verdiyi vədlər barədə dərindən düşündükcə Allaha imanı və məhəbbəti artırdı. Ürəyində Allah xofu olan digər insanlar kimi, yəqin, o da Yehovanın bəşəriyyəti ölümün əsarətindən qurtaracağı vaxt barədə düşünürdü (Əyy. 14:14, 15; İbr. 11:17—19). Bəli, Musa Allahın həm ibranilərə, həm də bütün insanlara rəhm etdiyini dərk edir və Onu sevirdi. Elə imanına və məhəbbətinə görə idi ki, Musa ömür boyu Allaha qulluq etmişdi (Qan. 6:4, 5). Hətta firon Musanı ölümlə hədələyəndə belə, o, Allaha imanı, məhəbbəti və çox ehtimal ki, gözəl gələcəyi təsəvvür etməsi sayəsində hədə-qorxular qarşısında mərd-mərdanə dura bilmişdi (Çıx. 10:28, 29).

PADŞAHLIĞI TƏSƏVVÜRÜNDƏ CANLANDIR

14. İnsanların qurduğu hansı xəyallar boş xülyadır?

14 Bu gün bir çoxları gələcəklə bağlı gerçəkliyə zidd olan xəyallar qururlar. Məsələn, kimlərsə, kasıb olmalarına baxmayaraq, nə vaxtsa var-dövlətlərinin başlarından aşacağını, dərdsiz-sərsiz yaşayacaqlarını xəyallarında canlandırırlar. Ancaq Müqəddəs Kitabda deyilir ki, bu şər dünyada insan həyatı həmişə «əzabla, qəm-qüssə ilə» keçib və keçəcək (Zəb. 90:10). İnsanlar yer üzündəki hökumətlərin bütün problemləri həll edəcəyini xəyal edirlər, amma Müqəddəs Kitab bəşəriyyət üçün yeganə ümid yerinin Allahın Padşahlığı olduğunu vurğulayır (Dən. 2:44). Çoxları elə fikirləşir ki, Allah bu şər dünyanı məhv etməyəcək, lakin Müqəddəs Kitab bunun tam əksini deyir (Səf. 1:18; 1 Yəh. 2:15—17). Yehovanın gələcəklə bağlı niyyətinə məhəl qoymayan insanların bu kimi ümidləri boş xülyadan başqa bir şey deyil.

Özünü yeni dünyada təsəvvür edirsən? (15-ci abzasa baxın)

15. a) Ümidlərini təsəvvüründə canlandırmaq məsihilərə necə kömək edir? b) Yehovanın hansı vədlərinin yerinə yetməsini səbirsizliklə gözləyirsən?

15 Ancaq biz məsihilər göydə və ya yerdə yaşayacağımızdan asılı olmayaraq, ümidimizi xəyalımızda canlandıranda ürəklənirik. Allahın vəd etdiyi şeyləri aldığını təsəvvüründə canlandırırsanmı? Allahın vədləri yerinə yetən vaxt özünün nə işlə məşğul olacağın barədə düşünəndə, sözsüz ki, sevinirsən. Yəqin, sən özünü cənnətdə görürsən. Bütün yer üzünü cənnətə çevirmək üçün başqaları ilə çiyin-çiyinə çalışdığını bir təsəvvür et. Sənin kimi, bütün insanlar Yehovanı sevir. Sən sağlam, gümrahsan, heç nəyin dərdini çəkmirsən. Yeni dünyada görülən işlərə rəhbərlik edənlərlə əməkdaşlıq etmək çox xoşdur, çünki onlar sənin yaxşılığını istəyirlər. Sən öz istedad və bacarığından sevə-sevə istifadə edirsən, çünki gördüyün hər iş insanlara fayda gətirir və Yehovanı şərəfləndirir. Məsələn, sən yenicə dirilmiş insanlara Yehova Allah haqqında öyrənməyə kömək edirsən (Yəh. 17:3; Həv. 24:15). Bütün bunlar xəyallar aləmi deyil, bunlar gələcəklə bağlı Müqəddəs Yazılardakı həqiqətlərə əsaslanır (Əşy. 11:9; 25:8; 33:24; 35:5—7; 65:22).

ÜMİDİMİZ BARƏDƏ DANIŞAQ

16, 17. Ümidimiz barədə söhbət etmək bizə necə kömək edir?

16 Yehovanın vədləri yerinə yetən vaxt nə ilə məşğul olmaq istədiyimiz barədə digər məsihilərlə söhbət edəndə gələcək  təsəvvürümüzdə daha da aydın canlanır. Düzdür, heç birimiz yeni dünyada necə yaşayacağımızı dəqiq bilmirik, amma ümid etdiyimiz şeylər barədə danışanda bir-birimizi ruhlandırır və Yehovanın vədlərinə olan imanımızı izhar edirik. Həvari Bulus Romadakı qardaşlarını ziyarət edəndə onlar qarşılıqlı olaraq ruhlanmışdılar. Bu çətin vaxtlarda yaşayan bizlər də belə davranmalıyıq (Rom. 1:11, 12).

17 Həmçinin gələcəyi xəyalımızda canlandıranda indiki çətinliklərimiz barədə çox fikirləşmirik. Görünür, həvari Butrusu öz vəziyyəti narahat edirdi, çünki o, bir dəfə İsa Məsihdən soruşmuşdu: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?» Məsih Butrusun və orada olanların gələcəyi təsəvvürlərində canlandırmalarını istəyirdi. Odur ki, onlara demişdi: «Əmin olun, hər şey yeniləşəndə və insan Oğlu öz şanlı taxtına oturanda mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsinə hakimlik edəcəksiniz. Mənim adım uğrunda evlərini, bacı-qardaşını, atasını, anasını, uşaqlarını və torpaqlarını qoyub gələn bundan yüzqat artığını alacaq və əbədi həyata qovuşacaq» (Mət. 19:27—29). Beləliklə, Butrus və digər şagirdlər bütün yer üzünü idarə edəcək və saleh insanlara xoşbəxtlik bəxş edəcək hökumətə rəhbərlik etmələri barədə düşünə bilərdilər.

18. Allahın vədlərinin yerinə yetməsi barədə düşünməyin bizə hansı faydası var?

18 Yehovanın yer üzündəki xidmətçiləri Onun vədlərinin yerinə yetməsi barədə düşünməyin xeyrini həmişə görüblər. Habilin Allahın vədləri barədə bildiyi şeylər kifayət idi ki, o, gözəl gələcək barədə düşünsün, iman etsin və ümid bəsləsin. İbrahim Allahın övladla bağlı vədinin yerinə yetdiyini «görməsi» sayəsində imandan doğan böyük işlər görmüşdü (Yar. 3:15). Musa «gözünü alacağı mükafatdan çəkmirdi», buna görə də imanla hərəkət edirdi və Yehovaya məhəbbəti daim artırdı (İbr. 11:26). Biz də Yehovanın vəd etdiyi şeyləri təsəvvürümüzdə canlandırdıqca Ona imanımız və məhəbbətimiz daha da artacaq. Növbəti məqalədə Allahın verdiyi bu ənamdan daha necə istifadə edə biləcəyimiz barədə danışacağıq.