Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2015

Əbədi həyatı vəd edənə bənzəyin

Əbədi həyatı vəd edənə bənzəyin

«Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın» (EFES. 5:1).

1. Nəyin sayəsində biz Allahın keyfiyyətlərini əks etdirə bilərik?

YEHOVA bizi elə yaradıb ki, biz özümüzü başqasının yerinə qoya bilirik. Biz heç vaxt üzləşmədiyimiz vəziyyəti müəyyən dərəcədə təsəvvür edə bilirik. (Efeslilərə 5:1, 2 ayələrini oxuyun.) Bəs Allahın bu ənamından ağılla necə istifadə edə bilərik? Həmçinin nə edə bilərik ki, bu, bizə zərər gətirməsin?

2. Bizim əzab çəkməyimiz Yehovaya necə təsir edir?

2 Şübhəsiz, biz çox sevinirik ki, Allah məsh olunmuş sadiq məsihilərə göydə ölməzliyi, Məsihin «başqa qoyunlar»ına isə yer üzündə əbədi həyatı vəd edib (Yəh. 10:16; 17:3; 1 Kor. 15:53). Sözsüz, nə göydə, nə də yerdə bu gün adi hal olan zülm və sitəmlər olmayacaq. Yehova bizim çəkdiyimiz ağrı-acıdan agahdır. Qədimdə israillilər də Misirdə qul olan vaxt əzab çəkəndə O, bunu görürdü. Nəinki görürdü, «onlar əzab çəkəndə O da əzab [çəkirdi]» (Əşy. 63:9). Əsrlər sonra düşmənləri məbədin tikintisinə mane olanda yəhudilər vahiməyə düşmüşdülər, ancaq Allah demişdi: «Sizə toxunan  Mənim göz bəbəyimə toxunur» (Zək. 2:8). Ana öz balasını sevdiyi kimi, Yehova da Öz xalqını sevir və onlara görə hərəkətə keçir (Əşy. 49:15). Deməli, Yehova Özünü başqalarının yerinə qoyur və O, bu bacarığı bizə də verib (Zəb. 103:13, 14).

İSA ALLAHIN MƏHƏBBƏTİNİ ƏKS ETDİRİRDİ

3. İsanın şəfqətli olduğunu nə göstərir?

3 Hətta özü heç vaxt onların vəziyyətində olmasa da, İsa insanların dərdini başa düşürdü. Məsələn, din xadimləri camaatın gözünün odunu almışdı, onları aldadır, Allahın buyurmadığı qayda-qanunlarla yükləyirdilər (Mət. 23:4; Mark 7:1—5; Yəh. 7:13). İsa heç kimdən qorxmasa da, heç vaxt aldadılmasa da, bu insanların vəziyyətini başa düşürdü. Buna görə də «camaatı görəndə onların halına acıdı, çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıq idilər» (Mət. 9:36). Atası kimi, İsa da insanları sevirdi və onlara qarşı şəfqətli idi (Zəb. 103:8).

4. İnsanların iztirabını görmək İsaya necə təsir edirdi?

4 İsa insanların əzab çəkdiyini görəndə onlara məhəbbət göstərirdi. Bununla o, Atasının məhəbbətini mükəmməl şəkildə əks etdirirdi. Bir dəfə uzun sürən təbliğ səfərindən sonra İsa həvariləri ilə birlikdə sakit bir yerə gedib dincəlmək istəyirdi. Ancaq İsanın onu gözləyən camaata yazığı gəldi və «onlara çox şey öyrətməyə başladı» (Mark 6:30, 31, 34).

YEHOVANIN MƏHƏBBƏTİNİ ƏKS ETDİRƏK

5, 6. Allahın məhəbbətini əks etdirmək üçün biz başqaları ilə necə rəftar etməliyik? Nümunə çəkin. (Məqalənin əvvəlindəki şəklə baxın.)

5 Biz insanlarla rəftarımızda Allahın məhəbbətini əks etdirə bilərik. Məsələn, tutaq ki, Fuad adlı bir gənc qardaş yaşlı bir qardaş haqqında fikirləşir. Onun gözü pis gördüyündən oxuya bilmir. Üstəlik, onun üçün ev-ev təbliğ etmək də çətindir. Fuad İsanın sözləri üzərində düşünür: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31). Fuad öz-özünə fikirləşir: «Mən başqalarından özümə qarşı hansı rəftarı gözləyirəm? Məsələn, istəyərdim ki, dostlarım futbol oynayanda məni də sayıb çağırsınlar». Ancaq qoca qardaş futbol oynaya bilməz. İsanın sözünün canı o idi ki, biz özümüzdən soruşaq: «Əgər mən başqasının yerində olsaydım, mənimlə necə rəftar edilməsini istəyərdim?»

6 Fuad qoca olmasa da, üzləşmədiyi vəziyyəti başa düşə bilər. O, qoca qardaşı müşahidə edir, ona diqqətlə qulaq asır. Yavaş-yavaş başa düşür ki, qoca olmaq, güc-bəla ilə Müqəddəs Kitabı oxumaq, ev-ev təbliğ etmək nə deməkdir. Fuad qoca qardaşın nə çəkdiyini anlayanda nə kömək lazım olduğunu başa düşür və ona kömək etmək istəyir. Biz də belə davrana bilərik. Allahın məhəbbətini əks etdirmək üçün biz özümüzü həmimanlımızın yerinə qoymalıyıq (1 Kor. 12:26).

Yehovanın məhəbbətini əks etdir (7-ci abzasa baxın)

7. İnsanların dərdini necə başa düşə bilərik?

7 Başqalarının ağrı-acısını başa düşmək həmişə asan olmur. Çoxları bizim heç vaxt görmədiyimiz çətinliklərlə üzləşirlər. Bəzilərinin hansısa xəstəliyi var, kimlərsə xəsarət alıb, yaxud qocalıqdan əziyyət çəkir. Bir başqaları depressiyaya düşür, keçmişdə zorakılığa məruz qaldığı üçün və başqa səbəblərdən emosional, psixoloji sarsıntı keçirir. Elələri  də var ki, ailə üzvləri imanına şərik deyil, ya da təkbaşına uşaq böyüdür. Hər kəsin öz dərdi var, çoxunu isə biz heç vaxt çəkməmişik. Belə olan halda, biz Yehovanın məhəbbətini necə əks etdirə bilərik? İnsana diqqətlə qulaq asıb onun hisslərini, heç olmasa, bir az başa düşməyə çalışmalıyıq. Bu, bizi təşviq edəcək ki, Yehovanın məhəbbətini əks etdirib insana kömək əlimizi uzadaq. Hərəyə bir cür kömək lazım ola bilər, amma biz hər bir halda insana ruhani cəhətdən dəstək ola və nədəsə kömək edə bilərik. (Romalılara 12:15; 1 Butrus 3:8 ayələrini oxuyun.)

YEHOVA KİMİ XEYİRXAH OLUN

8. Xeyirxahlıq göstərməyə İsaya nə kömək etmişdi?

8 İsa Məsih demişdi ki, Haqq-Taala «naşükürlərə və pislərə qarşı xeyirxahdır» (Luka 6:35). İsa özü də Yehova kimi xeyirxah idi. Ona belə olmağa nə kömək edirdi? O, sözlərinin və hərəkətlərinin insanlara necə təsir edəcəyini fikirləşərək insanlarla xeyirxahlıqla davranırdı. Məsələn, bir dəfə günahkar kimi tanınan bir qadın İsaya yaxınlaşdı. O, İsanın ayaqlarına sarılıb acı-acı ağladı. İsa onun peşmançılıq keçirdiyini duydu. O bilirdi ki, əgər qadınla kobud rəftar etsə, qadın özünü lap pis hiss edəcək. İsa onu təriflədi və bağışladı. Fərisi baş verənlərdən narazı qalanda İsa onunla da mehriban danışdı (Luka 7:36—48).

9. Yehova kimi necə xeyirxah ola bilərik? Nümunə çəkin.

9 Bəs biz Yehova kimi necə xeyirxah ola bilərik? Həvari Bulus yazmışdı ki, «Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim [yaxud nəzakətlə, haş.] davranmalı»dır (2 Tim. 2:24). Nəzakətli adam dərk edir ki, həssas məsələlərdə başqalarının hisslərinə toxunmamaq üçün necə davranmaq lazımdır. Məsələn, gəlin düşünək, növbəti vəziyyətlərdə xeyirxahlıqla necə davrana bilərik: müdir öz işinə səhlənkar yanaşırsa, biz nə edəcəyik? Hansısa qardaş neçə aydan sonra birinci dəfə yığıncağa gəlibsə, ona nə deyəcəyik? Xidmətdə ev sakini hal-hazırda danışmağa vaxtı olmadığını deyəndə ona anlayışla yanaşacağıq? Evdə həyat yoldaşımız soruşanda ki, «niyə şənbə günü nə planlaşdırdığını mənə deməmisən?» ona mülayim cavab verəcəyik? Biz gərək özümüzü başqalarının yerinə qoyaq, sözlərimizin onlara necə təsir edəcəyini fikirləşək. Onda biləcəyik ki, sözdə və əməldə Yehova kimi xeyirxah olmaq üçün nə etmək lazımdır. (Məsəllər 15:28 ayəsini oxuyun.)

ALLAH KİMİ HİKMƏTLƏ DAVRANIN

10, 11. Allah kimi hikmətlə davranmağa bizə nə kömək edə bilər? Nümunə çəkin.

10 Üzləşmədiyimiz vəziyyətləri təsəvvür edə bilməyimiz bizə həmçinin Yehova kimi hikmətlə davranmağa və hərəkətlərimizin nəticəsini görməyə kömək edir. Hikmət Yehovanın əsas keyfiyyətlərindən biridir. Yehova istəyəndə müəyyən hərəkətlərin nəticəsini təfərrüatlarına kimi görə bilir. Biz Yehova qədər gələcəyi görə bilməsək də, yaxşı olar ki, edəcəyimiz işin nəticəsi barədə düşünək. İsraillilər Allaha itaətsizliyin nəticəsi haqda düşünmürdülər. Allahın onlara etdiyi yaxşılıqlara baxmayaraq, Musa bilirdi ki, onlar Yehovanın gözündə şər iş görəcəklər. O, bütün İsrail icması önündə bir nəğmə söylədi, orada belə sözlər var: «Onlar  düşüncəsiz xalqdır, hamısı qanmazdır. Kaş ki ağılları olaydı! Onda bir az düşünərdilər. Axırlarını fikirləşərdilər» (Qan. 31:29, 30; 32:28, 29).

11 Allah kimi hikmətlə davranmaq üçün biz hərəkətlərimizin nəticəsi barədə düşünməli, hətta onları təsəvvürümüzdə canlandırmalıyıq. Məsələn, görüşən vaxtlar cinsi hisslərin güclü olduğunu yaddan çıxarmamalıyıq. Gəlin heç vaxt Yehova ilə dəyərli münasibətlərimizi poza biləcək nə planlar quraq, nə də bir iş tutaq. Əksinə, gəlin Allahın Kəlamındakı bu hikmətli sözlərə müvafiq davranaq: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məs. 22:3).

PİS ŞEYLƏR HAQDA DÜŞÜNMƏYİN

12. Düşüncələr bizə necə zərər vura bilər?

12 Ağıllı adam başa düşür ki, düşüncələr od-alov kimidir. Düzgün istifadə edildikdə od faydalıdır, məsələn, odda xörək bişiririk. Amma odla ehtiyatsız davrananda evdə yanğın baş verər və sakinlər ölə bilər. Eynilə, düşüncələr də faydalıdır, bizə Yehovaya bənzəməyə kömək edə bilər. Lakin düşüncələrimiz əxlaqsız arzuları alovlandırırsa, bu, təhlükəlidir. Məsələn, əgər biz həmişə pis hərəkətlər barədə fikirləşiriksə, əvvəl-axır bunu həyata keçirəcəyik. Doğrudan da, əxlaqsız şeylər barədə düşüncələrə qərq olmaq bizi ruhani cəhətdən öldürə bilər. (Yaqub 1:14, 15 ayələrini oxuyun.)

13. Həvva təsəvvüründə necə həyatı canlandırırdı?

13 Gəlin görək ilk qadın Həvvanın ürəyində qadağan olunmuş «xeyirlə şəri bilmə ağacının meyvəsindən» yemək arzusu necə baş qaldırdı (Yar. 2:16, 17). İlan ona demişdi: «Əsla ölməzsiniz. Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Həvva «gördü ki, ağacın meyvəsi yaxşıdır və gözə xoş görünür, ağaca baxdıqca baxmaq istəyirsən». Bəs bunun nəticəsi nə oldu? O, «onun meyvəsindən götürüb yedi. Sonra əri yanında olanda ona da verdi və o da yedi» (Yar. 3:1—6). Görünür, Şeytanın sözləri Həvvanı yaman şirnikdirmişdi. Axı ona nəyin xeyir, nəyin şər olduğunu heç kim deməyəcəkdi, bunu onun özü müəyyən edəcəkdi. Ancaq belə fikirləşməyin axırı faciəvi qurtardı! Həvvanın günah etmiş əri Adəmin vasitəsilə günah, günahın da vasitəsilə ölüm dünyaya girdi (Rom. 5:12).

14. Müqəddəs Kitab bizə əxlaqsız hərəkətdən qaçmağa necə kömək edir?

 14 Düzdür, Həvva Ədən bağında əxlaqsız iş tutmamışdı. Amma İsa Məsih bizi təsəvvürümüzdə əxlaqsız səhnələr canlandırmaqdan çəkindirmişdi. O demişdi: «Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Mət. 5:28). Həvari Bulus da xəbərdarlıq etmişdi: «Cismani istəkləri necə doyuzdurmağı düşünməyin» (Rom. 13:14).

15. Biz necə xəzinə toplamalıyıq və nə üçün?

15 Digər bir zərərli düşüncə insanın öz xəyallarında var-dövlətinin başından aşdığını təsəvvür etməsidir. Belə adam Allahı razı salmaq barədə çox az fikirləşir. Əslində, «varlının dövləti... onun xəyalında qala divarıdır» (Məs. 18:11). İsa bir əhvalatda «Allahın gözündə varlanmaq əvəzinə özünə var-dövlət» toplayan adamın vəziyyətinin acınacaqlı olduğunu göstərmişdi (Luka 12:16—21). Biz Yehovanı razı salan işlər görəndə Onu sevindiririk (Məs. 27:11). Göydə xəzinə toplayıb Allahı razı salanda biz özümüz də xoşbəxt oluruq (Mət. 6:20). Sözsüz ki, Yehova ilə xoş münasibətlər bizim sahib olduğumuz ən qiymətli xəzinədir.

HƏDDƏN ARTIQ NARAHAT OLMAYIN

16. Həddən artıq narahat olmamağa bizə nə kömək edə bilər?

16 Əgər bizim başımız yerdə xəzinə toplamağa qarışsaydı, təsəvvür edin nə qədər narahatçılıq keçirərdik (Mət. 6:19). İsa məsəl çəkib göstərdi ki, «bu zəmanənin qayğıları və var-dövlətin aldadıcı qüvvəsi» Padşahlıq haqda xəbəri boğa bilər (Mət. 13:18, 19, 22). Pula, yaxud başqa bir şeyə görə narahat olan adamlar bədbin olur, ağıllarına həmişə pis fikirlər gətirirlər. Lakin həddən artıq narahat olanda insanın həm sağlamlığı, həm də ruhaniliyi zərər görür. Gəlin həmişə Yehovaya bel bağlayaq və unutmayaq ki, «nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər» (Məs. 12:25). Bizi başa düşən insanın xoş, ruhlandırıcı sözü ovqatımızı aça bilər. Yehova kimi düşünən valideynə, həyat yoldaşına və ya dosta ürəyimizi boşaldanda narahatçılığımız yüngülləşə bilər.

17. Yehova narahatçılığı dəf etməyə bizə necə kömək edir?

17 Bizim narahatçılığımızı Yehovadan yaxşı heç kim başa düşə bilməz. Həvari Bulus yazmışdı: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filip. 4:6, 7). Bəli, görün ruhaniliyimizi qorumaq üçün bizim nə qədər köməyimiz var: həmimanlılarımız, ağsaqqallar, sadiq nökər, mələklər, İsa Məsih və Yehova Allahın Özü.

18. Düşüncələr bizə necə kömək edə bilər?

18 Gördüyümüz kimi, düşüncələr bizə Yehovanın məhəbbətini və digər keyfiyyətlərini əks etdirməyə kömək edir (1 Tim. 1:11; 1 Yəh. 4:8). Biz başqalarına əsil məhəbbət göstərsək, hərəkətlərimizin nəticəsini nəzərə alsaq, bizi sevincdən məhrum edən narahatçılığı dəf etsək, xoşbəxt olacağıq. Buna görə də gəlin Allahın bizə bəxş etdiyi ənamdan ümidimizi təsəvvürümüzdə canlandırmaq üçün, Yehovanın məhəbbətini əks etdirmək üçün, həmçinin Onun kimi xeyirxah, hikmətli və xoşbəxt olmaq üçün istifadə edək (Rom. 12:12).