Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2015

Ağsaqqallar, qardaşlara təlim verirsiniz?

Ağsaqqallar, qardaşlara təlim verirsiniz?

«Hər şeyin öz vaxtı var» (VAİZ 3:1).

1, 2. Rayon nəzarətçiləri bir çox yığıncaqlarda nəyi müşahidə etmişlər?

RAYON nəzarətçisi ağsaqqallar şurası ilə görüşünü bitirmək üzrədir. O, çalışqan, bəzisi hətta atası yaşında olan bu ağsaqqallara mehribanlıqla baxır. Bununla belə, onu narahat edən bir məqam barədə onlara sual verir: «Qardaşlar, yığıncaqdakı qardaşlara təlim vermək üçün nə etmisiniz?» Ağsaqqalların yaxşı yadındadır, rayon nəzarətçisi sonuncu dəfə baş çəkəndə tapşırmışdı ki, yığıncaqdakı qardaşlara təlim verməyə daha çox fikir versinlər. Ağsaqqallardan biri deyir: «Sözün açığı, çox az iş görmüşük». Digər ağsaqqallar da başlarını tərpədərək onun sözünü təsdiqləyirlər.

2 Əgər sən məsihi ağsaqqalsansa, yəqin həmin görüşdəki vəziyyət sənə tanışdır. Bütün dünyadakı rayon nəzarətçiləri fikir vermişlər ki, bir çox yığıncaqlarda ağsaqqallar yığıncağın qeydinə qalmaqda onlara kömək etsinlər deyə həm gənc, həm də yaşlı qardaşlara təlim vermək  üçün çox iş görməlidirlər. Bu, asan deyil. Gəlin görək niyə?

3. a) Müqəddəs Yazılar təlim verməyin vacibliyini necə göstərir və nəyə görə bu, hamımızı maraqlandırmalıdır? (Haşiyəyə baxın.) b) Nəyə görə bəzi ağsaqqallar üçün qardaşlara təlim vermək çətindir?

3 Sözsüz, sən bir ağsaqqal kimi başa düşürsən ki, qardaşlara təlim vermək vacibdir *. Bilirsən ki, yığıncaqların ruhən möhkəm olması və yeni yığıncaqların yaranması üçün daha çox qardaşa ehtiyac var. (Əşiya 60:22 ayəsini oxuyun.) Allahın Kəlamı da səni təlim verməyə təşviq edir. (2 Timutiyə 2:2 ayəsini oxuyun.) Buna baxmayaraq, yuxarıda xatırlanan ağsaqqallar kimi, bunu etmək sənin üçün çətin ola bilər. Ailə, iş, yığıncaq məsuliyyətləri və digər təxirəsalınmaz işlərə görə yığıncaqdakı qardaşlara təlim verməyə vaxtın qalmaya bilər. Bununla belə, gəlin görək qardaşlara təlim vermək işinə nə dərəcədə ciddi yanaşılmalıdır.

TƏLİM VERMƏK TƏCİLİDİR

4. Qardaşlara təlim verməyin təxirə salınmasına nə səbəb ola bilər?

4 Bəzi ağsaqqalların təlim verməyə vaxt tapa bilməmələrinə nə səbəb olur? Bəziləri düşünə bilər: «Təlim vermək vacibdir, lakin yığıncağın təxirəsalınmaz işləri qədər təcili deyil. Əgər qardaşlara təlim verməyi bir müddət təxirə salsam, yığıncağa heç nə olmaz». Düzdür, yığıncaqda dərhal həll ediləsi işlər var, ancaq təlim vermək işi yubadılsa, yığıncağın ruhaniliyi zərər görər.

5, 6. Sürücünün nümunəsindən nə öyrənirik və bunu qardaşlara təlim verməyə necə şamil etmək olar?

5 Gəlin bir nümunəyə baxaq. Sürücü bilir ki, avtomobili və mühərriki işlək vəziyyətdə saxlamaq üçün yağı müntəzəm dəyişməlidir. Bununla belə, o, fikirləşə bilər ki, yağı dəyişmək yanacaq doldurmaq qədər təcili deyil. Axı yanacaq doldurmasa, maşın dayanar, yarı yolda qalar. Sürücü fikirləşə bilər: «İndi yağı dəyişməyə vaxt yoxdur, qalsın sonraya. Onsuz da mühərrik hələ bir müddət işləyəcək». Amma bu, təhlükəlidir. Əgər sürücü günü-günə satıb mühərriyin yağını dəyişməsə, avtomobil birdəfəlik dayanacaq. Onda avtomobili təmir edib sürmək üçün çoxlu vaxt və pul lazım olacaq. Bundan nə nəticə çıxarırıq?

6 Ağsaqqalların öhdəsinə düşən bir çox məsələlər dərhal həll edilməlidir. Əks halda, yığıncaq ziyan görər. Nümunədəki sürücü avtomobilin çəninə vaxtlı-vaxtında yanacaq doldurduğu kimi, ağsaqqallar da «daha vacib şeyləri ayırd» etməlidirlər (Filip. 1:10). Ancaq bəzi ağsaqqalların başı vacib işlərə o qədər qarışa bilər ki, qardaşlara təlim verməyə, necə deyərlər, mühərriyə qulluğa biganə yanaşarlar. Ağsaqqallar qardaşlara təlim verməyi elə hey təxirə salsalar, gec-tez yığıncağın işlərini görməyə yararlı qardaşlar çatışmayacaq.

7. Qardaşlara təlim verən ağsaqqallara necə yanaşmalıyıq?

7 Beləliklə, biz düşünməməliyik ki, təlim vermək işi elə də təcili deyil.  Uzaqgörənlik edib təcrübəsi az olan qardaşlara təlim verən ağsaqqallar müdrik nökərbaşıdırlar və bütün yığıncaq üçün çox dəyərlidirlər. (1 Butrus 4:10 ayəsini oxuyun.) Bəs qardaşlara verilən təlimin yığıncağa faydası nədir?

GƏLƏCƏYƏ SƏRMAYƏ

8. a) Hansı xüsusiyyət və gerçəklik ağsaqqalları qardaşlara təlim verməyə təşviq etməlidir? b) Böyük tələbat olan ərazidə xidmət edən ağsaqqalların üzərinə hansı təxirəsalınmaz iş düşür? («Təxirəsalınmaz iş» çərçivəsinə baxın.)

8 Hətta ən təcrübəli ağsaqqallar belə təvazökarlıqla etiraf etməlidirlər ki, vaxt keçdikcə yaş öz sözünü deyəcək və onlar yığıncaq üçün çox şey edə bilməyəcəklər (Mik. 6:8). Həmçinin onlar bu reallığı da qəbul etməlidirlər ki, ola bilər, «vaxt və təsadüf» nəticəsində yığıncağın işlərini daha əvvəlki kimi görə bilməsinlər (Vaiz 9:11, 12; Yaq. 4:13, 14). Deməli, Yehovanın sürüsünün yaxşılığını düşünən uzaqgörən ağsaqqallar sədaqətlə xidmət etdikləri uzun illərin təcrübəsini yeri düşdükcə cavan qardaşlarla bölüşməlidirlər. (Zəbur 71:17, 18 ayələrini oxuyun.)

9. Gələcəkdə baş verəcək hansı hadisəyə görə qardaşlara təlim vermək olduqca vacibdir?

9 Qardaşlara təlim verən ağsaqqalların yığıncaq üçün dəyərli olmasının daha bir səbəbi var: onlar yığıncağın müdafiəsini gücləndirirlər. Necə? Onların təlim verməsinin sayəsində daha çox qardaş təkcə indi yox, xüsusilə də, böyük müsibətdə yığıncağın möhkəm və vəhdətdə olmasına kömək edə biləcək (Hizq. 38:10—12; Mik. 5:5, 6). Buna görə də, əziz ağsaqqallar, xahiş edirik, günü bu gündən qardaşlara müntəzəm olaraq təlim verin.

10. Qardaşlara təlim verməyə vaxt tapsın deyə ağsaqqal nə etməlidir?

10 Biz başa düşürük ki, yığıncağın vacib işlərini gördükləri üçün ağsaqqalların boş vaxtı qalmır. Amma ağsaqqal bu işlərə sərf etdiyi vaxtın bir qismini qardaşlara təlim verməyə ayırmalıdır (Vaiz 3:1). Bununla o, gələcəyə sərmayə qoyacaq.

YAXŞI ZƏMİN YARADIN

11. a) Müxtəlif ölkələrdən olan ağsaqqalların məsləhətlərində maraqlı məqam nədir? b) Məsəllər 15:22 ayəsinə əsasən nəyə görə ağsaqqalların verdiyi məsləhəti nəzərdən keçirmək faydalı olacaq?

11 Qardaşlara ruhani cəhətdən böyüməyə kömək edən bir qrup ağsaqqala necə təlim verdikləri barədə bu yaxınlarda sual verilib *. Bu ağsaqqallar müxtəlif ölkələrdən olsalar da, maraqlıdır ki, onların verdiyi məsləhətlər çox oxşardır. Bu, nədən xəbər verir? Müqəddəs Kitaba əsaslanan təlim, həvari Bulusun dövründə olduğu kimi, «hər yerdə, bütün yığıncaqlarda» öyrənənlər üçün faydalıdır (1 Kor. 4:17). Buna görə də bu və növbəti məqalədə həmin ağsaqqalların verdiyi bəzi məsləhətləri nəzərdən keçirəcəyik (Məs. 15:22). Asan olsun deyə, bu məqalələrdə təlim verənlər «müəllim», təlim alanlar isə «şagird» adlandırılacaq.

12. Müəllim əvvəlcə nə etməlidir və nə üçün?

12 Təlim vermək üçün müəllim yaxşı zəmin yaratmalıdır. Bağban  toxum əkməzdən əvvəl torpağı bellədiyi və ya şumladığı kimi, müəllim də şagirdə yeni şeylər öyrətməzdən əvvəl onun ürəyini hazırlamalı, yaxud ürəyində həvəs oyatmalıdır. Bəs müəllim təlim vermək üçün yaxşı zəmini necə yarada bilər? Bu işdə qədimdə yaşamış bir peyğəmbərin nümunəsi kömək edə bilər. Gəlin görək o, nə etmişdi.

13—15. a) İşmuil peyğəmbər hansı tapşırığı almışdı? b) O, bu tapşırığı necə icra etdi? (Məqalənin əvvəlindəki şəklə baxın.) c) Nə üçün ağsaqqallar İşmuilin nümunəsinə diqqət yetirməlidir?

13 Təxminən 3000 il bundan qabaq Yehova ahıl yaşlı İşmuil peyğəmbərə demişdi: «Sabah təxminən bu vaxt sənin yanına Binyamin torpağından bir adam göndərəcəyəm. Onu xalqım İsrailin başçısı olaraq məsh et» (1 İşm. 9:15, 16). İşmuil başa düşürdü ki, o, artıq xalqa başçılıq etməyəcək. O, Yehovanın buyruğu ilə öz yerinə başqasını məsh etməli idi. Yəqin peyğəmbər fikirləşirdi ki, onu bu işə necə hazırlasın. O götür-qoy edib bir tədbir tökdü.

14 Ertəsi gün İşmuil Talutu görəndə Yehova ona dedi: «Dediyim adam budur». Onda İşmuil planlaşdırdığı kimi hərəkətə keçdi. O, Talutu nahara dəvət etdi. Talutla nökərini yaxşı yerdə otuzdurdu və ətin ən yaxşı tikəsini onun qabağına qoyub dedi: «Ye. Bu pay sənin üçün ayrılıb». Sonra İşmuil yolboyu Talutla söhbət edə-edə onu evinə apardı. Dadlı yemək və xoş gəzinti onların arasında yaxşı münasibət yaratdı. İşmuil yaranan xoş münasibətdən istifadə edib Talutu evinin damına dəvət etdi və yatana qədər axşamın sərinliyində onunla «söhbətini davam etdirdi». Səhəri gün İşmuil Talutu məsh edib öpdü və ona əlavə göstərişlər verdi. Bundan sonra Talutu yola saldı. Beləcə, peyğəmbər Talutu sonrakı hadisələrə hazırladı (1 İşm. 9:17—27; 10:1).

15 Düzdür, İşmuil Talutu xalqın başçısı kimi məsh etmişdi. Bu, qardaşa ağsaqqal və ya yığıncaq xidmətçisi olması üçün təlim verməkdən fərqli şeydir. Bununla belə, bugünkü ağsaqqallar İşmuildən çox şey öyrənə bilərlər. Gəlin bunlardan ikisini nəzərdən keçirək.

HƏVƏSLİ MÜƏLLİM VƏ ƏSİL DOST OLUN

16. a) Xalq padşah istəyəndə İşmuil hansı hissləri keçirdi? b) İşmuil Talutu hansı əhval-ruhiyyə ilə məsh etdi?

16 Candərdi yox, həvəslə edin. İşmuil eşidəndə ki, israillilər özlərinə padşah istəyir, məyus oldu, ona elə gəldi ki, xalq onu rədd edir (1 İşm. 8:4—8). O, heç cür xalqın tələbini yerinə yetirmək istəmirdi. Buna görə Yehova düz üç dəfə ona dedi ki, xalqın istəyini yerinə yetirsin (1 İşm. 8:7, 9, 22). Buna rəğmən, İşmuil onun yerini tutacaq adama ürəyində nə qəzəbləndi, nə də kin saxladı. Yehova Talutu məsh etməyi buyuranda peyğəmbər bunu borc hissindən irəli gələrək, candərdi yox, ürəkdən, həvəslə yerinə yetirdi.

17. Ağsaqqallar İşmuildən nədə örnək alırlar və bu, onlarda hansı hissləri doğurur?

17 İşmuil kimi, bu gün də təcrübəli ağsaqqallar təlim verdikləri qardaşlara xoş münasibət bəsləyirlər (1 But. 5:2). Bu cür ağsaqqallar qardaşlara həvəslə təlim verirlər. Yığıncaqdakı bəzi məsuliyyətləri onlara ötürməli  olacaqlarından qorxmurlar. Comərd müəllimlər həvəslə öyrənən şagirdlərə rəqib kimi yox, əməkdaş kimi, yığıncaq üçün dəyərli hədiyyə kimi baxırlar (2 Kor. 1:24; İbr. 13:16). Bu cür xeyirxah müəllimlər təlim verdikləri qardaşların yığıncağa fayda verdiyini görəndə ürəkləri dağa dönür! (Həv. 20:35).

18, 19. Ağsaqqal şagirdin ürəyini necə hazırlaya bilər və nəyə görə bu, çox vacibdir?

18 Sadəcə müəllim olma, həm də dost ol. İşmuil peyğəmbər Talutu görəndə tələm-tələsik yağı başına töküb onu yola sala bilərdi. Düzdür, Talut padşah kimi məsh olunacaqdı, amma tamamilə hazırlıqsız olacaqdı. İşmuil isə vaxt ayırıb yavaş-yavaş onun ürəyini hazırladı. Dadlı yeməkdən, xoş gəzintidən, uzun söhbətdən və istirahətdən sonra peyğəmbər hiss elədi ki, artıq Talutu məsh etməyin vədəsi yetişib.

Qardaşlara təlim vermək onlarla dostlaşmaqdan başlayır (18, 19-cu abzaslara baxın)

19 Eynilə, bu gün də müəllimlər təlim verəndə əvvəlcə vaxt ayırıb xoş ab-hava yaratmalı, şagirdlə dostlaşmalıdır. Yaşadıqları ölkədən, yerli şəraitdən və adət-ənənədən asılı olaraq, ağsaqqallar müxtəlif üsullarla xoş münasibət yarada bilərlər. Ancaq harada yaşamağından asılı olmayaraq, işin çox olduğu halda belə, şagirdə vaxt ayırırsansa, sanki, ona deyirsən: «Sən mənim üçün dəyərlisən». (Romalılara 12:10 ayəsini oxuyun.) Həvəslə öyrənən hər bir şagird əməldə göstərilən bu məhəbbəti dərhal duyacaq və çox qiymətləndirəcək.

20, 21. a) Yaxşı müəllim necə olmalıdır? b) Növbəti məqalədə nəyi araşdıracağıq?

20 Ağsaqqallar, yadda saxlayın ki, yaxşı müəllim təkcə öyrətməyi sevmir, həmçinin öyrətdiyi adamı da sevir. (Yəhya 5:20 ayəsi ilə müqayisə edin.) Şagird müəllimdəki bu vacib cəhəti dərhal duyur və bu, onun təlimə münasibətinə böyük təsir göstərir. Ona görə də, əziz ağsaqqallar, təlim verərkən sadəcə müəllim olmayın, dost olun (Məs. 17:17; Yəh. 15:15).

21 Şagirdin ürəyini hazırladıqdan sonra ağsaqqal ona lazımi şeyləri öyrətməlidir. Bəs o, hansı üsullardan istifadə edə bilər? Bunu növbəti məqalədə araşdıracağıq.

^ abz. 3 Bu və növbəti məqalə, xüsusilə, ağsaqqallara ünvanlansa da, burada yazılanlardan yığıncağın hər bir üzvü nəticə çıxarmalıdır. Bu məqalələrdən bütün vəftiz olunmuş qardaşlar görəcəklər ki, yığıncağın işinə yararlı olmaq üçün təlim almalıdırlar. Onların təlim almaları isə bütün yığıncağa fayda gətirəcək.

^ abz. 11 Bu ağsaqqallar Avstraliya, Banqladeş, Belçika, Birləşmiş Ştatlar, Braziliya, Cənubi Afrika, Fransa, Fransa Qvianası, Koreya, Meksika, Namibiya, Nigeriya, Reyunyon, Rusiya və Yaponiyadandır.