Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2015

 BİOQRAFİYA

«Həm əlverişli, həm də çətin vaxtda» Yehova bizə yar oldu

«Həm əlverişli, həm də çətin vaxtda» Yehova bizə yar oldu

MƏN 1930-cu ilin mart ayında Malavinin Lilonqve şəhəri yaxınlığındakı Namkumba kəndində dünyaya göz açmışam. Həmin vaxt ailəm, qohum-əqrəbam Yehova Allaha sədaqətlə xidmət edirdilər. 1942-ci ildə həyatımı Allaha həsr edib gözəl çaylarımızdan birində vəftiz olundum. Mən 70 ildən çoxdur ki, həvari Bulusun Timutiyə yazdığı kimi, Allahın sözünü təbliğ etməyə, bu işi yubanmadan, həm əlverişli, həm də çətin vaxtda görməyə çalışıram (2 Tim. 4:2).

1948-ci ilin əvvəllərində Neytan Norrun və Milton Henşelin Malaviyə ilk gəlişi mənim Yehova Allaha daha çox xidmət etmək arzumu alovlandırdı. Yehovanın Şahidlərinin Bruklindəki (Nyu–York) mərkəzi idarəsindən gələn bu qardaşların ruhlandırıcı sözlərini xoş hisslərlə xatırlayıram. Palçıqlı yerdə duran təxminən 6000 adam Norr qardaşın «Bütün xalqların əbədi Hakimi» adlı ruhlandırıcı məruzəsinə diqqətlə qulaq asırdı.

Sonralar mən məsihi ailəsində böyümüş Lidasi adlı gözəl bacı ilə tanış oldum. Öyrəndim ki, onun da məqsədi Yehovaya daha çox xidmət etməkdir. 1950-ci ildə evləndik. 1953-cü ildə bizim artıq iki uşağımız var idi. Üzərimizdə uşaq böyütmək məsuliyyəti olsa da, biz qərara gəldik ki, mən daimi öncül kimi xidmət edim. İki ildən sonra xüsusi öncül təyin edildim.

Üstündən çox keçməmiş mənə yığıncaqlara rayon nəzarətçisi kimi baş çəkmək tapşırıldı. Lidasinin köməyilə mən bu xidmətdə ola-ola ailəmin həm maddi, həm də ruhani cəhətdən qeydinə qala bilirdim *. Ancaq biz istəyirdik ki, hər ikimiz Yehovaya daha çox xidmət edək. İşlərimizi yaxşı planlaşdırmağın, eləcə də uşaqlarımızın köməyi sayəsində Lidasi 1960-cı ildə öncül xidmətinə başladı.

Konqreslər bizi qarşıdakı təqiblərə hazırladı

Həmin əlverişli vaxtda müxtəlif yığıncaqlardakı bacı-qardaşlara canla-başla xidmət edirdik. Biz cənubdakı mənzərəli Mulanye dağının ətəklərindən tutmuş ölkənin demək olar ki, bütün şərq hissəsi boyunca uzanan Malavi gölünün sahillərinədək ərazidə xidmət edirdik. Xidmət etdiyimiz rayonlarda yığıncaqların və təbliğçilərin sayı durmadan artırdı.

1962-ci ildə «Cəsur xidmətçilər» adlı vilayət konqresi keçirildi. Keçmişə baxanda adam başa düşür ki, bu kimi ruhani ziyafətlər, sanki, Malavidə  yaşayan bizləri qarşıdakı çətin vaxtlara hazırlayırdı. Növbəti il Milton Henşel qardaş yenidən Malaviyə gəldi. Həmin vaxt Blantayr şəhərindən kənarda keçirilən xüsusi konqresdə təxminən 10 000 adam iştirak etmişdi. O ruhlandırıcı konqres bizləri qarşıdakı sınaqlara sinə gərmək üçün möhkəmləndirdi.

ÇƏTİN VAXTLAR BAŞLAYIR

Fəaliyyətimiz qadağan edilmişdi, hökumət filialın mülkünü müsadirə etmişdi

Yehovanın Şahidləri siyasi hərəkatlarda iştirak etmədikləri üçün 1964-cü ildə şiddətli sınaqlarla üzləşdilər. Amansız təqiblər nəticəsində yüzdən çox Padşahlıq zalı və mindən çox Şahidin evi darmadağın edildi. Lakin Malavi hökuməti 1967-ci ildə Yehovanın Şahidlərinin fəaliyyətini qadağan edənədək biz səyyar xidməti davam etdirdik. Filialın Blantayrdakı mülkü müsadirə olundu, xüsusi təyinatlı müjdəçilər ölkədən qovuldu, mən və Lidasi də daxil olmaqla, bir çox yerli Şahidlər həbsxanaya atıldı. Azad edildikdən sonra biz səyyar xidməti ehtiyatla davam etdirdik.

1972-ci ilin oktyabrında Malavi Gənclər Liqası adlı silahlı qruplaşmanın təxminən yüz üzvü bizim evimizə hücum etdi. Ancaq onlardan biri qabaqcadan qaçıb mənə xəbər vermişdi ki, məni öldürmək istəyirlər. Arvadımla uşaqlara yaxınlıqdakı banan ağacları arasında gizlənməyi tapşırdım, özüm isə qaçıb iri manqo ağacına çıxdım. Oradan evimizin və əşyalarımızın necə dağıdıldığına baxırdım.

Siyasətə qarışmadıqlarından qardaşlarımızın evlərini yandırmışdılar

Malavidə təqiblər güclənəndə minlərlə Şahid ölkədən qaçdı. Bizim ailəmiz 1974-cü ilin iyun ayınadək Mozambikin qərbindəki qaçqın düşərgəsində qaldı. Həmin vaxt Lidasi ilə məndən Mozambikin Malavi sərhədinə yaxın yerləşən Domva şəhərində xüsusi öncül kimi xidmət etməyi xahiş etdilər. Mozambik 1975-ci ildə Portuqaliyadan ayrılıb müstəqillik əldə edənə qədər biz bu xidmətdə olduq. Sonra başqa Şahidlərlə birlikdə bizi Malaviyə qaytardılar. Beləcə, təqiblə üzləşdiyimiz o günlərə geri qayıtdıq.

Malaviyə qayıdandan sonra mən paytaxt Lilonqvedəki yığıncaqlara baş çəkməyə təyin olundum. Təqiblərə və çətinliklərə baxmayaraq, xidmət etdiyimiz rayonlarda yığıncaqların sayı artırdı.

YEHOVA BİZİMLƏ İDİ

Bir dəfə biz bir kəndə gəldik. Orada siyasi iclas keçirilirdi. Partiyanın tərəfdarlarından bəziləri bizim Yehovanın Şahidi olduğumuzu bildi. Bizi məcbur etdilər ki, Malavi Gənc Pionerlər adı ilə tanınan siyasi hərəkatın üzvləri arasında oturaq. Yehovaya yalvarırdıq ki, bu çıxılmaz vəziyyətdə bizə kömək etsin və yol göstərsin.  İclas qurtaranda onlar bizi döyməyə başladılar. Bir yaşlı qadın qaça-qaça gəlib qışqırdı: «Buraxın onları. Bu adam mənim qardaşım oğludur. Buraxın onu getsin!» İclasın sədrlərindən biri: «Qoyun getsinlər!» — dedi. Biz bilmədik qadın niyə belə etdi. O, heç birimizin qohumu deyildi. Biz başa düşdük ki, Yehova duamızı eşitdi.

Partiya bileti

1981-ci ildə yenidən Malavi Gənc Pionerlərin üzvlərilə rastlaşdıq. Onlar bizim velosipedlərimizi, yükümüzü, kitablarımızı və rayonun sənədlərini əlimizdən aldılar. Biz onların əlindən qaçıb bir ağsaqqalın evinə getdik. Yenə də Yehovaya dua etdik. Onların əlindəki sənədlərdə olan məlumatlara görə narahat idik. Gənc Pionerlər sənədləri gözdən keçirəndə Malavinin hər yerindən mənə ünvanlanan məktubları görüb elə bilmişdilər ki, mən dövlət məmuruyam, ona görə də qorxuya düşüb dərhal hər şeyi olduğu kimi yerli ağsaqqallara qaytarmışdılar.

Bir dəfə isə biz qayıqla çayı keçirdik. Qayığın sahibi həmin ərazinin siyasi rəhbəri idi, ona görə də sərnişinlərin hamısının partiya biletini yoxlamaq qərarına gəldi. Bizə çataçatda axtarışda olan oğrunu tapdı. Aləm bir-birinə dəydi, bununla da partiya biletini yoxlamaq yaddan çıxdı. Yehova yenə də bizim dadımıza çatdı.

HƏBS VƏ MƏHBUSLUQ

1984-cü ilin fevralında mən Zambiya filialına çatacaq hesabatları Lilonqveyə aparırdım. Yolda polis məni saxlayıb çantamı axtardı və Müqəddəs Kitaba əsaslanan nəşrləri tapdı. Məni polis məntəqəsinə apardı və döyməyə başladı. Sonra kəndirlə sarıyıb oğurluq üstə tutulan məhbusların olduğu kameraya saldı.

Səhəri gün polis rəisi məni başqa bir otağa çəkdi və bir ərizə yazdı. Ərizədə deyilirdi: «Mən, Trofim Nsomba azad olmaq üçün Yehovanın Şahidi olmaqdan imtina edirəm». Mən dərhal: «Mən nəinki dustaq olmağa, hətta canımdan belə keçməyə hazıram. Yehovanın Şahidi olmaqdan dönmərəm», — deyib imza atmaqdan imtina etdim. Polis rəisi hiddətlənib yumruğunu masaya elə bərk vurdu ki, səsə qonşu kabinetdən bir polis qaç-qaça gəldi. Rəis ona dedi: «Bu adam əqidəsindən imtina etmir. Onda qoy Yehovanın Şahidi olduğuna imza atsın, onu Lilonqve həbsxanasına göndərək». Bütün bu vaxt ərzində həyat yoldaşım narahat idi. Yalnız dörd gündən sonra bir neçə qardaş mənim harada olduğumu ona xəbər verdi.

Lilonqvedəki polis idarəsində mənimlə mülayim rəftar etdilər. Polis rəisi bir qab düyünü mənə uzadıb dedi: «Buyur, ye. Sən bura Allahın Kəlamına görə düşmüsən. O birilər isə oğurluq  üstə». Sonra o, məni Kaçere həbsxanasına göndərdi və mən beş ay orada qaldım.

Həbsxana nəzarətçisi mənim gəlişimə çox sevindi. O, mənim həbsxanada «pastor» olmağımı istəyirdi. O, əvvəlki adamı pastorluqdan çıxarıb dedi: «Mən sənin burada Allahın Kəlamını öyrətməyini istəmirəm, sən öz kilsəndən oğurluq etdiyin üçün bura düşmüsən!» Beləcə, mənə məhbuslar üçün hər həftə təşkil edilən görüşlərdə Müqəddəs Kitabı öyrətməyi tapşırdılar.

Sonralar vəziyyət pisləşdi. Polis zabitləri Malavidəki Şahidlərin sayını öyrənmək üçün məni sorğu-suala tutdular. Məndən istədikləri cavabı almayanda huşumu itirənə qədər məni döydülər. Başqa bir dəfə mərkəzi idarəmizin yerini öyrənmək istədilər. Onlara dedim: «Problem deyil, verdiyiniz bu sadə suala cavab verərəm». Polislər sevincək səsimi yazmaq üçün maqnitofonu yandırdılar. Mən onlara Yehovanın Şahidlərinin mərkəzi idarəsinin Müqəddəs Kitabda təsvir olunduğunu söylədim. Onlar mat-məəttəl soruşdular: «Müqəddəs Kitabın harasında?»

Mən deyəndə ki, Əşiya 43:12 ayəsində, onlar ayəni açıb diqqətlə oxudular: «Siz Mənim şahidlərimsiniz, — deyir Yehova, — Allah da Mənəm». Onlar ayəni düz üç dəfə oxudular. Sonra soruşdular: «Necə ola bilər ki, Yehovanın Şahidlərinin mərkəzi idarəsi Amerikada yox, Müqəddəs Kitabda yerləşsin?» Mən cavab verdim: «Amerikadakı Yehovanın Şahidləri də bu ayəyə onların mərkəzi idarələrini təsvir edən ayə kimi baxırlar». Onlara istədikləri cavabı vermədiyimdən məni Lilonqvedən şimalda yerləşən Dzaleka həbsxanasına göndərdilər.

ÇƏTİN VAXTLARDA DUYDUĞUMUZ SEVİNC

1984-cü ilin iyul ayında mən 81 Şahidin dustaq olduğu Dzaleka həbsxanasına gətirildim. Orada 300 məhbus bir otaqda, yerdə yanaşı yatırdı. Bir müddət sonra biz qardaşlar hər gün gündəlik ayəni araşdırmaq üçün kiçik qruplara bölündük. Müzakirəni hər gün birimiz keçirirdik. Bu, bizi çox ruhlandırırdı.

Sonra həbsxana nəzarətçisi bizi digər məhbuslardan ayırdı. Bir dəfə gözətçi gizlincə bizə dedi: «Hökumət sizə nifrət etmir. Sizi iki səbəbə görə həbsdə saxlayır: hökumət qorxur ki, Gənc Pionerlər sizi öldürərlər. Həm də siz hansısa müharibə barədə təbliğ edirsiniz. Hökumət ehtiyat edir ki, birdən həmin müharibədə əsgərlər qaçar».

Məhkəmədən çıxan qardaşları aparırlar

1984-cü ilin oktyabr ayında bizi məhkəməyə çıxardılar və hər birimizə iki il iş kəsdilər. Əvvəlki kimi bizi yenə Yehovanın Şahidi olmayan məhbuslarla bir yerə saldılar. Ancaq həbsxananın nəzarətçisi hamıya elan etdi: «Yehovanın Şahidləri siqaret çəkmirlər. Ona görə də, gözətçilər, onlardan siqaret istəməyin, nə  də siqaretinizi yandırmaq üçün köz yığmağa göndərməyin. Onlar mömin insanlardır! Yehovanın Şahidlərinin hamısına gündə iki dəfə yemək verilməlidir, çünki onlar cinayət üstündə yox, Müqəddəs Kitaba inandıqlarına görə həbs olunublar».

Yaxşı ad qazanmağımızın başqa şeylərdə də bizə xeyri dəyirdi. Hava qaralanda və ya yağış yağanda məhbusları bayıra qoymurdular. Amma biz ürəyimiz istəyəndə bayıra çıxa bilirdik. Onlar bilirdilər ki, biz heç yana qaçan deyilik. Bir dəfə biz tarlalarda işləyəndə bizə nəzarət edən gözətçi özünü pis hiss elədi, onu tibbi yardım alması üçün həbsxanaya gətirdik. Həbsxana nəzarətçiləri bilirdilər ki, bizə etibar etmək olar. Beləcə, nümunəvi davranışımız sayəsində nəzarətçilərimizin dili ilə Yehovanın adı mədh olunurdu * (1 But. 2:12).

ƏLVERİŞLİ VAXTLAR QAYIDIR

1985-ci il mayın 11-də Dzaleka həbsxanasından azad edildim. Bir bilsəniz, ailəmə qovuşduğum üçün necə sevinirdim. Çətin vaxtlarda nöqsansızlığımızı qorumaqda bizə kömək etdiyi üçün Yehovaya çox minnətdarıq. Həmin vaxtları xatırlayanda həvari Bulusun hisslərini keçiririk: «Qardaşlar, sizi... başımıza gələn bəladan bixəbər qoymaq istəmirik... Hətta sağ qalacağımıza da ümid etmirdik. Bizə elə gəlirdi ki, ölüm hökmü almışıq. Ancaq bu, ona görə baş verdi ki, biz özümüzə yox, ölüləri dirildən Allaha bel bağlayaq. O, bizi ölümdən qurtardı» (2 Kor. 1:8—10).

Nsomba qardaş və həyat yoldaşı Lidasi Padşahlıq zalının qarşısında, 2004-cü il

Hərdən bizə də elə gəlirdi ki, bizimki bura qədərdir. Amma həmişə Yehovadan cəsarət və müdriklik diləyir, Onun uca adını hər zaman şərəfləndirmək üçün bizə səbir verməsini istəyirdik.

Yehova həm əlverişli, həm də çətin vaxtlarda xidmət etməyə bizə kömək edib. 2000-ci ildə Lilonqvedə inşası başa çatan filialı, eləcə də bütün Malavidə 1000-dən çox yeni Padşahlıq zalını görmək bizi vəcdə gətirir. Yehovanın verdiyi bu heyrətamiz ruhani nemətlər Lidasi ilə mənə şirin yuxu kimi gəlir *.

^ abz. 7 Azyaşlı uşaqları olan qardaşlar artıq rayon nəzarətçisi təyin olunmurlar.

^ abz. 30 Malavidəki təqiblər haqda ətraflı məlumat üçün Yehovanın Şahidlərinin 1999-cu il üçün olan «İllik məcmuə»sinin 171—223 səhifələrinə (rus.) baxın.

^ abz. 34 Məqalə çapa hazırlanarkən Nsomba qardaş 83 yaşında vəfat etdi.