Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2015

Oxucuların sualları

Oxucuların sualları

Əvvəllər ədəbiyyatlarımızda tez-tez kiminsə, nəyinsə və ya hansısa hadisənin başqa bir şeyin timsalı olduğu yazılırdı, amma son illər buna nadir hallarda rast gəlinir. Buna səbəb nədir?

«Gözətçi qülləsi»nin 1950-ci il 15 sentyabr sayında deyilirdi ki, Müqəddəs Kitabda hərdən hansısa insan, hadisə və ya əşya gələcəkdə olacaq başqa bir şeyin timsalıdır. Əvvəllər bizim nəşrlərdə deyilirdi ki, Dəburə, Əlihu, İftah, Əyyub, Rahab və Rəfəqə kimi sadiq kişi və qadınlar, eləcə də başqaları məsh olunmuşların və böyük izdihamın timsalıdır (Vəhy 7:9). Məsələn, əvvəllər belə hesab edilirdi ki, İftah, Əyyub və Rəfəqə məsh olunmuşları, Dəburə və Rahab isə böyük izdihamı təmsil edir. Ancaq son illər biz artıq belə müqayisələr etmirik. Nəyə görə?

Müqəddəs Yazılarda göstərilir ki, bəzi şəxslər, doğrudan da, başqalarının timsalıdır. Qalatiyalılara 4:21—31 ayələrində həvari Bulus «rəmzi məna» daşıyan iki qadından söz açır. İbrahimin qarabaşı Həcər İsrail xalqını təmsil edirdi. Bu xalqı Yehova Allaha bağlayan Musa peyğəmbərin qanunu idi. Azad qadın Sara isə Allahın «arvadını», yəni təşkilatının səmavi hissəsini təmsil edirdi. İbranilərə yazdığı məktubunda həvari Bulus padşah və kahin olan Məliksadiqi İsa ilə əlaqələndirib onların arasındakı oxşarlıqları göstərdi (İbr. 6:20; 7:1—3). Həmçinin Bulus Əşiya və oğullarını İsa və onun məsh olunmuş davamçıları ilə müqayisə etmişdir (İbr. 2:13, 14). Həvari Bulus bunları Allahdan ilham alaraq yazmışdı, buna görə də biz bu sözləri şəkk-şübhəsiz qəbul edirik.

 

Qədim İsraildə Pasxa bayramında qurban gətirilən quzu rəmzi məna daşıyırdı (Say. 9:2).

 

Bulus Məsihi «Pasxa quzumuz» adlandırdı (1 Kor. 5:7).

Lakin Müqəddəs Kitabda kiminsə başqa birinin timsalı olduğu deyiləndə belə biz onun həyatındakı hər bir təfərrüatın və ya hadisənin nəyisə təmsil etdiyini düşünməməliyik. Məsələn, həvari Bulus Məliksadiqin İsanı təmsil etdiyini demişdi. Lakin İbrahim dörd padşahı məğlub  edib qayıdarkən Məliksadiqin ona çörək və şərab gətirməsi barədə Bulus heç nə deməmişdi. Deməli, Müqəddəs Yazılar həmin hadisədə gizli məna axtarıb tapmağa heç bir əsas vermir (Yar. 14:1, 18).

Məsihin ölümündən əsrlər sonra bəzi yazıçılar yanlışlığa qapılmışdılar. Onlar hər bir şeydə nəyinsə timsalını görürdülər. Origen, Ambroz və Yeronimin təlimlərindən danışarkən bir kitabda belə deyilir: «Onlar Müqəddəs Kitabda yazılan ən xırda hadisələrdə belə rəmzi məna axtarırdılar və sözsüz ki, tapırdılar. Hətta ən sadə və adi şeylərdə də sirli bir həqiqətin gizləndiyini düşünürdülər. Hətta dirilən Xilaskarın davamçılarına görünən gecə onların tutduğu balığın sayında da cidd-cəhdlə məna axtarırdılar. Niyə məhz 153?!»

Hipponlu Avqustin İsa Məsihin 5000-ə yaxın kişini beş arpa çörəyi və iki balıqla doyuzdurmasına geniş şərh vermişdi. Arpa buğdadan aşağı hesab edildiyindən Avqustin belə qənaətə gəlmişdi ki, beş çörək Musanın beş kitabını təmsil edir. (Aşağı məhsul olan «arpa» «Əhdi-Ətiq»in «Əhdi-Cədid»dən aşağı olduğunu təmsil edir.) Bəs iki balıq? Bəzi səbəblərə görə o, balıqları padşah və kahinə bənzətmişdi. Hər bir şeydə rəmzi məna axtaran başqa bir alim deyirdi ki, Yaqubun bir kasa qırmızı şorbaya Eysdən ilk oğulluq haqqını satın alması İsanın qırmızı qanı ilə bəşəriyyət üçün səmavi mirası satın almasının timsalıdır.

Əgər bu cür şərhlər sizin üçün də qeyri-təbii səslənirsə, o zaman problemin nədə olduğunu başa düşə bilərsiniz. İnsan Müqəddəs Kitabdakı hansı hadisələrin gələcək şeylərin timsalı olduğunu, hansıların isə olmadığını bilə bilməz. Ən düzgün yol odur ki, Müqəddəs Yazılar hansısa insanın, hadisənin, yaxud əşyanın nəyinsə timsalı olduğunu deyəndə biz bunu belə də qəbul edirik. Yox əgər Müqəddəs Yazılar heç bir əsas vermirsə, biz heç bir şəxsə və ya hadisəyə nəyinsə timsalı kimi baxmamalıyıq.

Bəs belə olan halda, Müqəddəs Yazılardakı hadisələrdən və nümunələrdən necə faydalana bilərik? Romalılara 15:4 ayəsində həvari Bulusun bu sözləri yazılıb: «Əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki, dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun». Bulus deyirdi ki, onun birinci əsrdə yaşamış məsh olunmuş qardaşları Müqəddəs Yazılardakı hadisələrdən çox şey öyrənə bilərlər. Lakin Allahın bütün dövrdə yaşamış xidmətçiləri — istər məsh olunmuş olsun, istər başqa qoyunlardan olsun, istər axırzamanda yaşasın, istərsə də yox, əvvəlcədən yazılanlardan yararlana bilərlər və yararlanıblar da (Yəh. 10:16; 2 Tim. 3:1).

Müqəddəs Yazılardakı hadisələri ya məsh olunmuşlara, ya da böyük izdihama, yaxud da yalnız bir dövrə aid etməkdənsə, Allahın hər iki qrupdan olan və istənilən dövrdə yaşayan xidmətçiləri bu hadisələrdən çox şey öyrənə bilər. Misal üçün, «Əyyub» kitabında yazılanları təkcə məsh olunmuşların Birinci Dünya müharibəsi vaxtı yaşadıqları çətinliklərə aid etmək düzgün olmazdı. Allahın bir çox xidmətçiləri qadın və ya kişi, məsh olunmuş, yaxud böyük izdihamın üzvü olmasından asılı olmayaraq, Əyyub kimi, çətinliklərlə qarşılaşmışlar və Yehovadan gələn nəticəni görmüşlər. Yehovanın nə qədər mehriban və mərhəmətli Allah olduğunun şahidi olmuşlar (Yaq. 5:11).

Bir düşünün: məgər bu gün yığıncaqlarda Dəburə kimi vəfalı yaşlı qadınlar, Əlihu kimi hikmətli cavan ağsaqqallar, İftah kimi fədakar və cəsur öncüllər, Əyyub kimi səbirli mömin kişi və qadınlar yoxdur? Biz Yehovaya olduqca minnətdarıq. O, «əvvəlcədən yazılanların» hamısını qoruyub saxlayıb ki, «Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun».

Məhz bu səbəblərə görə son illər biz Müqəddəs Kitabda hadisələrin simvolik mənasını və onların necə yerinə yetməsini tapmağa çalışmırıq. Əksinə, nəşrlərimizdə bu hadisələrdən nə öyrənə biləcəyimizi işıqlandırırıq.