Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2015

Talant məsəlindən nə öyrənirik?

Talant məsəlindən nə öyrənirik?

«O,.. birinə beş, o birisinə iki, digərinə isə bir talant [verdi]» (MƏT. 25:15).

1, 2. İsa talant məsəlini nəyə görə çəkmişdi?

İSA Məsih talant məsəlini çəkməklə məsh olunmuş davamçılarının üzərinə düşən məsuliyyəti aydın şəkildə göstərdi. Bu məsəlin mənasını başa düşməyimiz çox vacibdir, çünki göydə və ya yerdə yaşayacağından asılı olmayaraq, bütün həqiqi məsihilər bundan ibrət götürə bilərlər.

2 Şagirdləri İsadan onun «hüzuruna və... dövrün yekununa əlamət»in nə olacağını soruşanda o verdiyi cavabda talant məsəlini də çəkmişdi (Mət. 24:3). Deməli, bu məsəl bizim dövrümüzdə yerinə yetir və İsanın hüzurunun və Padşah kimi idarə etməsinin əlamətinin bir hissəsidir.

3. Mətta 24 və 25-ci fəsillərdəki məsəllərdən nə öyrənirik?

3 Talant məsəli Mətta 24:45—25:46 ayələrində çəkilən və bir-biri ilə əlaqəli olan dörd məsəldən biridir. Sadiq və ağıllı nökər, on qız, qoyunlar və keçilər barədə olan üç məsəli də İsa hüzurunun əlaməti ilə bağlı suala cavab verərkən çəkmişdi. Məsəllərin dördündə də İsa axırzamanda həqiqi davamçılarını başqalarından fərqləndirəcək cəhətləri vurğulamışdı. Nökər, qızlar və talant məsəli onun  məsh olunmuş davamçılarına ünvanlanıb. Sadiq nökər məsəlində İsa vurğulayır ki, axırzamanda evdəki qulluqçulara yemək vermək tapşırığı alan məsh olunmuşlardan ibarət kiçik qrup sadiq ağıllı olmalıdır. On qız məsəlində İsa göstərir ki, bütün məsh olunmuş davamçıları hazırlıqlı sayıq olmalıdır, çünki onlar İsanın gələcəyi günü və saatı bilməsələr də, onun gəlmək üzrə olduğunu bilirlər. Talant məsəlində isə İsa məsh olunmuşların məsihi məsuliyyətlərini cidd-cəhdlə icra etməli olduqlarını vurğulayır. İsa qoyunlar və keçilər barədə olan sonuncu məsəlini yerdə əbədi yaşamaq ümidi olanlara şamil edir və deyir ki, onlar sadiq olmalı, həmçinin onun yer üzündəki məsh olunmuş qardaşlarına dayaq olmalıdırlar *. Gəlin indi diqqətimizi talant məsəlinə yönəldək.

AĞA VAR-DÖVLƏTİNİ NÖKƏRLƏRİNƏ ƏMANƏT EDİR

4, 5. Məsəldəki ağa kimi təmsil edir və talantın dəyəri nə qədərdir?

4 Mətta 25:14—30 ayələrini oxuyun. Uzun müddətdir nəşrlərimizdə izah olunur ki, məsəldəki ağa İsa Məsihi, onun başqa ölkəyə getməsi isə İsanın eramızın 33-cü ilində göyə qalxmasını təmsil edir. İsa daha öncə çəkdiyi bir məsəldə başqa ölkəyə getməsinin səbəbini açıqlamışdı. O demişdi ki, padşahlıq hakimiyyətini almağa gedir (Luka 19:12). İsa göyə gedən kimi Padşahlıq hakimiyyətinə tam yiyələnmədi *. O, Allahın sağında əyləşib düşmənlərinin kətil kimi ayaqlarının altına qoyulmasını gözlədi (İbr. 10:12, 13).

5 Məsəldən görünür ki, ağanın səkkiz talantı var. Bu, o dövr üçün olduqca böyük məbləğ idi *. Başqa ölkəyə getməzdən əvvəl ağa talantları nökərlərin arasında bölüşdürür. O gözləyir ki, başqa ölkədə olduğu müddətdə nökərləri pulu dövriyyəyə buraxacaq. Bu ağa kimi, İsa da göyə getməzdən qabaq çox dəyərli bir şeyə sahib idi. Söhbət onun yer üzündə yaşayarkən həyatını həsr etdiyi işdən gedir.

6, 7. Talantlar nəyi təmsil edir?

6 İsa təbliğ və təlim işinə böyük önəm verirdi. (Luka 4:43 ayəsini oxuyun.) O, təbliğ edib bol məhsul gətirəcək bir tarla becərmişdi. O, şagirdlərinə demişdi: «Başınızı qaldırın və tarlalara baxın, məhsul yetişib, biçinə hazırdır» (Yəh. 4:35—38). İsa bunu deyəndə gələcəkdə onun şagirdi olacaq insanları tapmağı nəzərdə tuturdu. Yaxşı əkinçi kimi, İsa biçinə hazır tarlanı baxımsız qoymayacaqdı. Ona görə də göyə qalxmazdan əvvəl şagirdlərinə məsuliyyətli bir tapşırıq verdi: «Gedin... şagird hazırlayın» (Mət. 28:18—20). Beləliklə, İsa onlara qiymətli bir xəzinəni, məsihi xidmətini etibar etdi (2 Kor. 4:7).

7 Bundan hansı nəticəyə gəlirik? Davamçılarına şagird hazırlamağı tapşırmaqla İsa onlara, sanki, öz əmlakını  — talantlarını etibar etdi (Mət. 25:14). Sadə dillə desək, talantlar təbliğ etmək və şagird hazırlamaq məsuliyyətini təmsil edir.

8. Ağa nökərlərin hamısına eyni sayda talant verməsə də, onlardan nə gözləyirdi?

8 Talant məsəlində ağa bir nökərinə beş talant, o biri nökərinə iki talant, digərinə isə cəmi bir talant verdi (Mət. 25:15). O, nökərlərin hamısına eyni sayda talant verməsə də, gözləyirdi ki, hamısı çalışqan olub talantlardan gəlir əldə etsinlər. Bu, o deməkdir ki, İsa şagirdlərinin xidmətdə əllərindən gələni etmələrini gözləyir (Mət. 22:37; Kol. 3:23). Eramızın birinci əsrində, 33-cü ilin Əllinci gün bayramından etibarən, Məsihin davamçıları talantları dövriyyəyə buraxmağa başladılar. Onların cidd-cəhdlə təbliğ etməsinə və şagird hazırlamasına «Həvarilərin işləri» kitabı yazılı sübutdur * (Həv. 6:7; 12:24; 19:20).

AXIRZAMANDA TALANTLAR DÖVRİYYƏYƏ BURAXILIR

9. a) İlk iki nökər talantlarla nə etdi və bu, nəyi göstərir? b) «Başqa qoyunların» rolu nədən ibarətdir?

9 Axırzamanda, xüsusilə 1919-cu  ildən başlayaraq, Məsihin yer üzündə sadiq məsh olunmuş nökərləri onun talantlarını dövriyyəyə buraxırlar. İlk iki nökər kimi, məsh olunmuş bacı-qardaşlar xidmətdə əllərindən gələni edirlər. Kimin beş, kimin iki talant alması barədə fərziyyələr irəli sürməyə gərək yoxdur. Məsəldə hər iki nökər ağasının ona əmanət etdiyini ikiqat artırdı. Deməli, hər ikisi eyni dərəcədə çalışqanlıq göstərdi. Bəs yerdə əbədi yaşamağa ümid edənlər bu işdə hansı rolu oynayırlar? Çox vacib bir rolu! İsanın qoyunlar və keçilər məsəlindən öyrənirik ki, yer üzündə əbədi yaşamağa ümid edənlər İsanın məsh olunmuş qardaşlarına təbliğ və təlim işində kömək etmək şərəfinə layiq görülüblər. Olduqca çətin dövr olan axırzamanda hər iki qrup bir sürü kimi çiyin-çiyinə çalışaraq şagird hazırlamaq işini cidd-cəhdlə icra edir (Yəh. 10:16).

10. İsanın hüzurunun əlamətinin mühüm cəhətlərindən biri nədir?

10 Ağa haqlı olaraq nökərlərindən yaxşı nəticə gözləyir. Artıq qeyd etdiyimiz kimi birinci əsrdəki şagirdləri onun əmlakını artırmışdılar. Bəs talant məsəlinin aid olduğu bu axırzaman barədə nə demək olar? İsanın sadiq, çalışqan xidmətçiləri tarixdə görülməmiş miqyasda təbliğ edir və şagird hazırlayırlar. Onların birlikdə çəkdiyi zəhmətin sayəsində hər il Padşahlığın müjdəçiləri sırasına yüz minlərlə yeni şagird qoşulur. Beləcə, təbliğ və təlim işi İsanın Padşah kimi hüzuruna əlamətin mühüm cəhətlərindən birinə çevrilir. Sözsüz ki, Ağa öz nökərlərindən çox razıdır!

Məsih xidmətçilərinə təbliğ etmək kimi dəyərli iş etibar edib (10-cu abzasa baxın)

AĞA HESABAT TƏLƏB ETMƏYƏ NƏ VAXT GƏLƏCƏK?

11. Nəyə görə demək olar ki, İsa böyük müsibət zamanı hesabat tələb edəcək?

11 İsa böyük müsibətin sonuna yaxın nökərlərindən hesabat tələb etməyə gələcək. Nəyə görə biz belə nəticəyə gəlirik? Mətta 24 və 25-ci fəsillərdəki peyğəmbərlikdə İsa gəlişindən dönə-dönə danışıb. Böyük müsibət zamanı olacaq hökmdən danışarkən o, demişdi ki, insanlar «insan Oğlunun...  buludların üzərində gəldiyini görəcək». O: «Ağanızın hansı gün gələcəyini bilmirsiniz» və «insan Oğlu gözləmədiyiniz saatda gələcək», — deyərək axırzamanda yaşayan davamçılarını sayıq qalmağa təşviq etmişdi (Mət. 24:30, 42, 44). Odur ki, İsa: «Ağa geri qayıtdı və nökərlərdən hesabat tələb etdi», — deyəndə bu şər dünyanın sonunda hökm etmək üçün gələcəyi vaxtı nəzərdə tuturdu * (Mət. 25:19).

12, 13. a) Ağa ilk iki nökərinə nə deyir və nəyə görə? b) Məsh olunmuşlar sonuncu dəfə nə vaxt möhürlənirlər? («Öləndə hesabat verirlər» adlı çərçivəyə baxın.) c) Qoyun hökmü çıxarılanların hansı mükafatı olacaq?

12 Məsəldə ağa qayıdıb gələndə görür ki, beş talant və iki talant verdiyi nökərlər sədaqətlə çalışıb onun talantlarını ikiqat artırıblar. Ağa hər iki nökərə eyni sözü deyir: «Afərin, mənim qoçaq, sadiq nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm» (Mət. 25:21, 23). Bəs Ağa, yəni İsa gələcəkdə hökm etmək üçün calal içində gələndə biz hansı mükafatı alacağıq?

13 İlk iki nökərin təmsil etdiyi çalışqan məsh olunmuş şagirdlər böyük müsibət başlayanadək artıq sonuncu dəfə möhürlənəcəklər (Vəhy 7:1—3). Armageddondan qabaq İsa vəd etdiyi səmavi mükafatı onlara verəcək. Bəs yerdə əbədi yaşamağa ümid edən, eyni zamanda təbliğ işində Məsihin qardaşlarına kömək edən məsihilər haqda nə demək olar? Onlara qoyun və keçi məsəlinə əsasən, qoyun hökmü çıxarılacaq və Padşahlığın hakimiyyəti altında yer üzündə yaşamaq mükafatı veriləcək (Mət. 25:34).

YARAMAZ VƏ TƏNBƏL NÖKƏR

14, 15. İsa çoxlu məsh olunmuş qardaşlarının yaramaz və tənbəl olacağınımı demək istəyirdi? İzah edin.

14 Məsəldə axırıncı nökər talantı dövriyyəyə buraxmaq, heç olmasa, bankirlərə vermək əvəzinə, onu torpağa basdırdı. Bu nökər bilərəkdən ağasının ziyanına iş gördü. Ağa haqlı olaraq onu «yaramaz, tənbəl nökər» adlandırdı. Talantı onun əlindən alıb on talantı olana verdi. Yaramaz nökəri «bayıra, zülmətə» atdılar. «O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq»dı (Mət. 25:24—30; Luka 19:22, 23).

15 İsa üç nökərdən birinin talantı gizlətdiyini deməklə məsh olunmuş davamçılarının üçdə birinin yaramaz və tənbəl olacağına işarə edirdi? Gəlin  kontekstə nəzər salaq. Sadiq və ağıllı nökər məsəlində İsa o biri nökərləri döyən yaramaz nökərdən danışmışdı. İsa burada yaramaz nökər sinfinin peyda olacağını peyğəmbərlik etmirdi. Əksinə, o, sadiq nökərə xəbərdarlıq edirdi ki, özünü yaramaz nökər kimi aparmasın. Elə on qız məsəlində də İsa məsh olunmuş davamçılarının yarısının ağılsız qızlara bənzəyəcəyinə eyham vurmurdu. Əslində o, ruhani qardaşlarını xəbərdar edirdi ki, sayıqlıqlarını itirsələr və hazırlıqlı olmasalar, onlarla nə baş verəcək *. Bu kontekstdən baxanda belə çıxır ki, İsa talant məsəlində axırzamanda çoxlu məsh olunmuş qardaşının yaramaz və tənbəl olacağını demirdi. O, məsh olunmuş davamçılarına xəbərdarlıq edirdi ki, çalışqan olsunlar, yəni aldıqları talantı dövriyyəyə buraxsınlar və özlərini yaramaz nökər kimi aparmasınlar (Mət. 25:16).

16. a) Talant məsəlindən nə öyrənirik? b) Bu məqalə bizə talant məsəlinin məğzini daha dəqiq başa düşməyə necə kömək etdi? («Talant məsəlinin izahı» adlı çərçivəyə baxın.)

16 Talant məsəlindən nə öyrənirik? Birincisi, Ağa, yəni İsa məsh olunmuş nökərlərinə qiymətli bir şeyi — təbliğ və şagird hazırlamaq işini etibar edib. İkincisi, Məsih bizim hamımızdan təbliğ işini cidd-cəhdlə icra etməyi gözləyir. Əgər biz belə ediriksə, əmin ola bilərik ki, Ağa bizim imanımızı, sayıqlığımızı və sədaqətimizi mütləq mükafatlandıracaq (Mət. 25:21, 23, 34).

^ abz. 3 Sadiq və ağıllı nökərin kim olduğu«Gözətçi qülləsi» jurnalının 2013-cü il 15 iyul sayının 21 və 22-ci səhifələrindəki 8—10 abzaslarda müzakirə olunur. Qızların kim olduğu bu jurnalın ötən məqaləsində izah edilir. Qoyunlar və keçilər məsəli isə «Gözətçi qülləsi» jurnalının 1995-ci il 15 oktyabr sayının 23—28 səhifələrində (rus.) və bu jurnalın növbəti məqaləsində araşdırılır.

^ abz. 5 İsanın dövründə bir talant 6000 dinara bərabər idi. Gündə bir dinar qazanan fəhlə bir talanta sahib olmaq üçün təxminən 20 il işləməli idi.

^ abz. 8 Həvarilərin ölümündən sonra Şeytan məsihilər arasına dönüklük toxumu səpdi və bu dönüklük əsrlərlə davam etdi. Bu vaxt ərzində şagird hazırlamaq işində durğunluq yarandı. Lakin biçin vaxtı, yəni axırzamanda hər şey dəyişdi (Mət. 13:24—30, 36—43). «Gözətçi qülləsi»nin 2013-cü il 15 iyul sayının 9—12 səhifələrinə baxın.

^ abz. 15 Bu sayın «Oyaq qalacaqsınız?» adlı məqaləsinin 13-cü abzasına baxın.