Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2015

Məsihin qardaşlarına sədaqətlə kömək edənlər

Məsihin qardaşlarına sədaqətlə kömək edənlər

«Bunu bu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz» (MƏT. 25:40).

1, 2. a) İsa yaxın dostlarına hansı məsəlləri çəkmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Qoyun və keçi məsəli haqda biz nəyi bilməliyik?

İSA Məsih yaxın dostları Butrus, Andreas, Yaqub və Yəhya ilə söhbət edir. İsa artıq onlara sadiq və ağıllı nökər, on qız və talant məsəllərini danışıb. Ancaq söhbətinin sonunda bir məsəl də çəkir. O, «insan Oğlu»nun bütün xalqları mühakimə edəcəyi vaxtı təsvir edir. Bu məsəl də şagirdləri üçün olduqca maraqlıdır. Belə ki, İsa qoyun və keçi kimi təsvir olunan iki qrupdan bəhs edir. Həmçinin Padşahın qardaşları adlandırdığı üçüncü vacib qrupdan da söz açır. (Mətta 25:31—46 ayələrini oxuyun.)

2 Bu məsəl uzun illərdir Yehovanın xalqı üçün maraqlıdır. Çünki məsəldə söhbət insanların taleyindən gedir. İsa nəyə görə bəzilərinin əbədi həyat alacağını, digərlərinin isə həmişəlik məhv olacağını açıqlamışdı. Həyatımız bu məsəlin məğzini başa düşməyimizdən və buna uyğun davranmağımızdan asılıdır. Məsələ bu dərəcədə ciddi olduğundan növbəti sualların cavabı bizim üçün maraqlıdır: Yehova Öz  xidmətçilərinə bu məsəli tədricən necə açıqlayıb? Nəyə görə deyə bilərik ki, bu məsəl təbliğ işinin vacibliyini vurğulayır? Təbliğ etmək tapşırığı kimlərə verilib? Həmçinin nəyə görə Padşaha və onun «qardaşlarım» adlandırdığı kəslərə kömək etməyin indi əsil vaxtıdır?

MƏSƏLİN MƏĞZİ TƏDRİCƏN AÇIQLANIR

3, 4. a) Qoyun və keçi məsəlində hansı əsas məqamları bilməliyik? b) «Sion Gözətçi qülləsi»nin 1881-ci il sayında bu məsəl necə izah olunurdu?

3 Qoyun və keçi məsəlini düzgün başa düşmək üçün üç vacib məqamı dərk etməliyik: söhbət kimlərdən gedir, hökm vaxtı nə vaxtdır nəyin əsasında kimlərəsə qoyun, kimlərəsə keçi hökmü çıxarılacaq.

4 «Sion Gözətçi qülləsi»nin 1881-ci il sayında deyilirdi ki, həm Padşah, həm də «insan Oğlu» adlanan şəxs İsa Məsihdir. O dövrdə yaşamış Müqəddəs Kitab Tədqiqatçıları «Kral Yakovun Müqəddəs Kitabı»ndakı «qardaşlarım» sözünü Məsihlə birlikdə hakimiyyət sürəcək kəslərə, həmçinin yer üzündə kamilliyə qovuşan bütün insanlara aid edirdilər. Onlar düşünürdülər ki, qoyunların keçilərdən ayrılması Məsihin Minillik Hökmranlığı zamanı həyata keçiriləcək. Həmçinin onlar inanırdılar ki, insanlara qoyun hökmü Allahın məhəbbət qanunu əsasında yaşadıqları üçün çıxarılacaq.

5. 1920-ci illərdə məsəlin izahına necə aydınlıq gətirildi?

5 1920-ci illərin əvvəllərində Yehova Öz xalqına bu məsəli daha yaxşı başa düşməyə kömək etdi. «Gözətçi qülləsi»nin 1923-cü il 15 oktyabr sayında «insan Oğlu»nun İsa olduğu təsdiqləndi. Lakin orada Müqəddəs Yazılara əsaslanan sanballı dəlillər gətirildi ki, Məsihin qardaşları onunla birlikdə göydə idarə edəcək kəslərdir, qoyunlar isə Məsihin Padşahlığının hakimiyyəti altında yer üzündə əbədi yaşamağa ümid edən insanlardır. Qoyunların keçilərdən ayrılması vaxtına gəldikdə isə məqalədə deyilirdi ki, Məsihin qardaşları Minillik Hökmranlıq zamanı onunla birlikdə göydə idarə edəcəklər, buna görə də yer üzündə yaşayan kəslərin onlara kömək etmələri, yaxud da etməmələri qeyri-mümkün olacaq. Odur ki, qoyunların keçilərdən ayrılması Minillik Hökmranlıq başlamazdan əvvəl baş tutmalıdır. Məqalədə həmçinin deyilirdi ki, İsanı Ağa kimi qəbul etdikləri və gözəl həyatla bağlı ümidlərini Padşahlığa bağladıqları üçün insanlara qoyun hökmü çıxarılacaq.

6. 1990-cı illərin ortalarında nəyə aydınlıq gətirildi?

6 Bu yeni izahın nəticəsində Yehovanın xalqı elə düşünürdü ki, insanlara bu dövrün yekununda, Padşahlıq xəbərinə göstərdikləri münasibətə əsasən qoyun və ya keçi hökmü çıxarılır. Lakin 1990-cı illərin ortalarında bu məqama aydınlıq gətirildi. «Gözətçi qülləsi» jurnalının 1995-ci il 15 oktyabr sayının iki məqaləsində İsanın Mətta 24:29—31Mətta 25:31, 32 ayələrində yazılmış sözlərindəki oxşarlıqlar göstərilmişdi *. (Ayələri oxuyun.) Birinci məqalədə deyilirdi: «Qoyun və keçi hökmü gələcəkdə çıxarılacaq». Bəs hansı gələcəkdə? «Bu, Mətta 24:29, 30 ayələrində qeyd olunan “müsibət” başlayandan və insan Oğlu  “calal içində” gələndən sonra baş verəcək... O zaman, bu şər dünyanın sonuna yaxın İsa Məsih məhkəmə qurub hökm çıxaracaq və hökmü icra edəcək».

7. Biz indi qoyun və keçi məsəlini necə başa düşürük?

7 Bu gün qoyun və keçi məsəlini biz aydın başa düşürük. Haqqında bəhs olunan kəslərə gəlincə, Padşah və ya «insan Oğlu» İsa Məsihdir, Padşahın qardaşları onunla birgə göydə idarə edəcək məsh olunmuş kişi və qadınlardır (Rom. 8:16, 17). Qoyunlar və keçilər bütün xalqlardan olan adamları təmsil edir. Onlar müqəddəs ruhla məsh olunmayıblar. Hökmün vaxtına gəldikdə isə, bu, çox tezliklə baş verəcək böyük müsibətin sonuna yaxın olacaq. Bəs insanlara nəyin əsasında qoyun və ya keçi hökmü çıxarılacaq? Bu, onların Məsihin yer üzündəki məsh olunmuş qardaşlarına necə münasibət göstərmələrindən asılı olacaq. Biz Yehovaya minnətdarıq ki, bu dünyanın sonuna çox az qalan bir vaxtda O, bu məsələ, eləcə də Mətta 24, 25-ci fəsillərdəki digər məsəllərə tədricən aydınlıq gətirir.

MƏSƏLDƏ TƏBLİĞ İŞİ NECƏ VURĞULANIR?

8, 9. Nəyə görə qoyunlar saleh adlanırlar?

8 Düzdür, qoyun və keçi məsəlində İsa təbliğ işindən birbaşa danışmır. Bəs onda nəyə əsasən demək olar ki, məsəldə təbliğ işinin vacibliyi vurğulanır?

9 Əvvəla, unutmayaq ki, İsa məsəllərlə öyrədirdi. Aydındır ki, o, hərfi mənada qoyunları keçilərdən ayırmaqdan danışmırdı. Buna bənzər tərzdə, İsa onu nəzərdə tutmurdu ki, haqqında qoyun hökmü çıxarılan hər kəs şəxsən onun qardaşlarını yedizdirməli, içizdirməli, onlara qulluq etməli və ya dustaq olanlarına baş çəkməlidir. O, məcazi mənada qoyun olanların onun qardaşlarına münasibətindən danışırdı. İsa qoyunları ona görə saleh adlandırırdı ki, onlar Məsihin yer üzündə məsh olunmuş qardaşlarının olduğunu qəbul edir və çətin dövr olan axırzamanda onlara sədaqətlə kömək edirlər (Mət. 10:40—42; 25:40, 46; 2 Tim. 3:1—5).

10. Qoyunlar Məsihin qardaşlarına necə yaxşılıq edə bilərlər?

10 İkincisi, İsanın sözlərinin kontekstinə nəzər salın. O, hüzurunun və bu dövrün yekununun əlaməti barədə danışırdı (Mət. 24:3). Söhbətinin əvvəlində İsa bildirdi ki, əlamətin mühüm cəhətlərindən biri Padşahlıq haqda müjdənin «bütün yer üzündə təbliğ» edilməsi olacaq (Mət. 24:14). Həmçinin qoyun və keçi məsəlindən öncə talant məsəlini çəkdi. Ötən məqalədən öyrəndiyimiz kimi, İsa bu məsəllə göstərdi ki, onun məsh olunmuş şagirdləri, yəni qardaşları təbliğ işinə can qoymalıdır. Lakin İsanın hüzuru zamanı yer üzündə qalan az sayda məsh olunmuşun qarşısında çox böyük bir iş var: son gəlməzdən əvvəl «xalqların hamısına» təbliğ etmək. Qoyun və keçi məsəli göstərir ki, məsh olunmuşlara kömək ediləcək. Buna görə də qoyun hökmü çıxarılacaq kəslərin Məsihin qardaşlarına ən böyük yaxşılığı onların təbliğ işinə kömək etməkdir. Bəs məsh olunmuşlara necə kömək etmək olar? Bu, özünə yalnız maddi və emosional köməyi daxil edir, yoxsa buna başqa şeylər də daxildir?

 KİMLƏR TƏBLİĞ ETMƏLİDİR?

11. Hansı sual doğur və nə üçün?

11 Bildiyimiz kimi, bu gün İsanın səkkiz milyon şagirdinin böyük qismi məsh olunmuş deyil. İsa talantları onlara yox, məsh olunmuş nökərlərinə verib (Mət. 25:14—18). Onda sual doğur: «Təbliğ etmək tapşırığı müqəddəs ruhla məsh olunmayanlara da aiddir?» Cavab «bəli»dir. Növbəti abzaslarda buna bir neçə tutarlı səbəb gətirilir.

12. İsanın Mətta 28:19, 20 ayələrindəki sözlərindən hansı qənaətə gəlirik?

12 İsa şagirdlərinin hamısına təbliğ etməyi tapşırmışdı. Dirildikdən sonra İsa davamçılarına şagird hazırlamağı və əmr etdiyi «hər şeyə» riayət etməyi onlara öyrətməyi tapşırmışdı. Onun əmr etdiyi hər şeyə təbliğ etmək tapşırığı da daxil idi. (Mətta 28:19, 20 ayələrini oxuyun.) Elə buna görə də göydə idarə etməyə və ya yerdə yaşamağa ümid etməsindən asılı olmayaraq, Məsihin bütün şagirdləri təbliğ etməlidirlər (Həv. 10:42).

13. Yəhyanın gördüyü görüntüdən nə aydın olur və nə üçün?

13 «Vəhy» kitabı göstərir ki, həm məsh olunmuşlar, həm də digər məsihilər təbliğ işində iştirak etməlidir. İsa görüntüdə həvari Yəhyaya göstərmişdi ki, «gəlin», yəni Məsihlə birlikdə göydə idarə edəcək 144 000 məsh olunmuş insanları «həyat suyunu havayı» götürməyə dəvət edir (Vəhy 14:1, 3; 22:17). Bu məcazi su Məsihin fidyə qurbanlığı əsasında bəşəriyyəti günah və ölümdən azad etmək üçün Yehovanın gördüyü tədbirləri təmsil edir (Mət. 20:28; Yəh. 3:16; 1 Yəh. 4:9, 10). Fidyə bizim təbliğ etdiyimiz xəbərin özəyidir və məsh olunmuşlar insanlara fidyə və onun gətirdiyi faydalar barədə öyrətmək işində öndə gedirlər (1 Kor. 1:23). Ancaq Yəhya həmin görüntüdə «gəlin» sinfinə aid olmayanları da görür. Onlara da əmr edilir ki, «Gəl!» desinlər. Onlar tabe olub başqalarını da  həyat suyunu götürməyə dəvət edirlər. İkinci qrupa aid olan bu insanlar yerdə əbədi yaşamağa ümid edənlərdir. Beləliklə, bu görüntü aydın şəkildə göstərir ki, «gəl» dəvətini qəbul edən hər kəs başqalarına təbliğ etmək məsuliyyəti daşıyır.

14. Məsihin qanununa tabe olmaq özünə nəyi daxil edir?

14 Məsihin qanununa tabe olan hər kəs təbliğ etməlidir (Qal. 6:2). Yehova Ona ibadət edən hər kəsə eyni qanunu verir. Misal üçün, O, israillilərə demişdi: «Yerli üçün də, aranızda yaşayan yadelli üçün də qanun bir olacaq» (Çıx. 12:49; Lav. 24:22). Düzdür, məsihilər Musanın qanunu altında deyillər. Amma istər məsh olunmuş olaq, istər yox, hamımız Məsihin qanununa tabeyik. Bu qanun özünə İsanın bütün təlimlərini daxil edir. İsanın təlimləri içində ən alisi sevmək əmridir (Yəh. 13:35; Yaq. 2:8). Allahı, Məsihi və insanları sevdiyimizi göstərməyin ən bariz üsullarından biri isə Padşahlıq haqda müjdəni təbliğ etməkdir (Yəh. 15:10; Həv. 1:8).

15. Nəyə görə demək olar ki, İsanın təbliğ etmək əmri onun bütün davamçılarına aiddir?

15 İsanın az sayda insana dediyi sözləri çoxlu adama da aid etmək olar. Misal üçün, İsa Padşahlıq əhdini cəmi 11 həvarisilə bağlasa da, bu əhd əslində 144 000 nəfərin hamısına aiddir (Luka 22:29, 30; Vəhy 5:10; 7:4—8). Eynilə, İsa az sayda davamçısına, yəni diriləndən sonra göründüyü şagirdlərinə təbliğ etməyi tapşırmışdı (Həv. 10:40—42; 1 Kor. 15:6). Amma birinci əsrdəki bütün sadiq şagirdlər dərk edirdilər ki, İsadan şəxsən eşitməsələr də, bu əmr onlara da aiddir (Həv. 8:4; 1 But. 1:8). Bu gün də İsa Padşahlığın səkkiz milyon fəal təbliğçisindən heç kimə şəxsən heç bir tapşırıq verməyib. Lakin hər kəs başa düşür ki, Məsihə iman etməli, imanını isə şahidlik etməklə izhar etməlidir (Yaq. 2:18).

SADİQ OLMAĞIN İNDİ ƏSİL VAXTIDIR

16—18. Qoyun hökmü almaq istəyənlər Məsihin qardaşlarına necə kömək edə bilərlər və nəyə görə bunu etməyin indi əsil vaxtıdır?

16 Şeytan Məsihin yer üzündə qalan məsh olunmuş qardaşları ilə müharibə aparır. Az qalan vaxtı daha da azaldıqca o, hücumlarını lap artıracaq (Vəhy 12:9, 12, 17). Şiddətli sınaqlara məruz qalsalar da, məsh olunmuşlar tarixdə görülməmiş ən böyük təbliğ kampaniyasını həyata keçirirlər. Sözsüz ki, İsa onlara yar olur, onlara yol göstərir (Mət. 28:20).

17 Sayı artmaqda olan və qoyun hökmünü almaq istəyən məsihilər Məsihin qardaşlarına kömək etməyi özlərinə şərəf bilirlər. Onlar bunu təkcə təbliğ etməklə yox, digər üsullarla da edirlər. Məsələn, könüllü ianələr edir, Padşahlıq və konqres zallarının, filial binalarının inşasında kömək edir, eləcə də sadiq və ağıllı nökərin rəhbərlik etmək üçün təyin etdiyi kəslərə sədaqətlə itaət edirlər (Mət. 24:45—47; İbr. 13:17).

Qoyunabənzər insanlar Məsihin qardaşlarına müxtəlif üsullarla kömək edirlər (17-ci abzasa baxın)

18 Tezliklə mələklər böyük müsibətin dağıdıcı küləklərini buraxacaq. Bu hadisə Məsihin yerdə qalan qardaşlarının hamısı sonuncu dəfə möhürləndikdən sonra baş verəcək (Vəhy 7:1—3). Armageddon başlamazdan əvvəl məsh olunmuşlar göyə aparılacaqlar (Mət. 13:41—43). Ona görə də qoyun hökmü almaq istəyən hər kəs üçün Məsihin qardaşlarına sədaqətlə kömək etməyin indi əsil vaxtıdır.

^ abz. 6 Bu məsəlin ətraflı izahını «Gözətçi qülləsi» jurnalının 1995-ci il, 15 oktyabr sayının «Hökm taxtı qarşısında sən necə duracaqsan?», «Qoyunları və keçiləri hansı gələcək gözləyir?» adlı məqalələrindən (rus.) oxuya bilərsiniz.