Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  mart 2015

«Sən belə məsləhət bildin»

«Sən belə məsləhət bildin»

«Bunları hikmətli və ağıllı adamlardan bərk-bərk gizlədib körpələrə açdın» (LUKA 10:21).

1. İsa Məsih nəyə görə müqəddəs ruhla dolub sevincdən cuşa gəlmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

TƏSƏVVÜR EDİN, İsa Məsih müqəddəs ruhla dolub sevincdən cuşa gəlir. Onun üzü gülür, gözləri parlayır. İsanı belə sevindirən nə idi? O, bir az əvvəl 70 şagirdini Padşahlıq haqda müjdəni təbliğ etməyə göndərmişdi. Onun üçün çox maraqlı idi, görəsən, şagirdləri bu tapşırığın öhdəsindən necə gələcəklər. Belə ki, ağıllı və yüksək təhsilli mirzələr və fərisilər müjdəyə düşmən kəsilmişdilər. Onların təsiri altında bir çoxları İsaya adi bir dülgər, şagirdlərinə isə savadsız, sadə adamlar kimi baxırdılar (Həv. 4:13; Mark 6:3). Bütün bunlara rəğmən, şagirdlər tapşırıqlarını icra edib qayıdanda böyük sevinc içində idilər. Onlar insanların, hətta cinlərin maneələrinə baxmayaraq, müjdəni təbliğ etmişdilər. Görəsən, onlara sevinc və cəsarət verən nə idi? (Luka 10:1, 17—21 ayələrini oxuyun.)

2. a) İsanın şagirdləri hansı mənada körpələrə bənzəyirdi? b) Məsihin davamçıları nəyin sayəsində vacib ruhani həqiqətləri dərk edə bilirdilər?

2 Gəlin İsanın Yehova Allaha dediyi sözlərə diqqət yetirək. O demişdi: «Ey Ata, ey yerin, göyün Sahibi! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı  adamlardan gizlədib körpələrə açdın. Bəli, Ata, çünki Sən belə məsləhət bildin» (Mət. 11:25, 26). Sözsüz ki, İsa şagirdlərinin hərfi mənada körpə olduğunu demirdi. O bilirdi ki, onun şagirdləri öz gözündə müdrik olan ağıllı və təhsilli insanlarla müqayisədə körpələrə oxşayır. Ən əsası, İsa şagirdlərini öyrədirdi ki, həmişə uşaq kimi təvazökar və öyrənməyə hazır olsunlar (Mət. 18:1—4). Bəs təvazökar olmağın onlara xeyri nə idi? Yehova Öz müqəddəs ruhu vasitəsilə vacib ruhani həqiqətləri başa düşməyə onlara kömək edirdi. Halbuki, onlara həqarətlə baxan müdrik və ağıllı kəslər Şeytanın və öz qürurlarının badına gedib kor qalmışdılar.

3. Bu məqalədə nəyi araşdıracağıq?

3 İsanın bu qədər sevinməsini anlamaq olar. Onun sevinməyinə səbəb savadından və bacarığından asılı olmayaraq, Yehovanın həlim insanlara dərin ruhani həqiqətləri necə açması idi. Səmavi Atasının bu üsulla öyrətməyi məsləhət bilməsi İsaya çox xoş idi. Bəs Yehova dəyişib? O, indi də bu üsulla öyrətməyə üstünlük verdiyini necə göstərir? Bu sualları nəzərdən keçirdikcə, biz də İsa kimi, böyük məmnunluq duyacağıq.

DƏRİN HƏQİQƏTLƏR ASAN BAŞA DÜŞÜLÜR

4. Nəyə görə «Gözətçi qülləsi»nin sadələşdirilmiş nəşri gözəl hədiyyədir?

4 Son illər Yehovanın təşkilatı ruhani həqiqətləri getdikcə daha aydın və sadə tərzdə öyrədir. Gəlin üç nümunəyə baxaq. Birincisi, «Gözətçi qülləsi»nin sadələşdirilmiş nəşridir *. Bu nəşr dillə bağlı problemi olan və yaxud yaxşı oxuya bilməyənlər üçün gözəl hədiyyədir. Ailə başçıları fikir vermişlər ki, uşaqlar ruhani qidanın verildiyi əsas vəsait olan bu jurnalı indi daha maraqla öyrənirlər. Bir çoxları Rəhbərlik Şurasına məktub yazıb öz minnətdarlıqlarını bildirmişlər. Bir bacı yazmışdı ki, o, «Gözətçi qülləsi»nin müzakirəsində şərh vermirdi. O deyir: «Mən ağzıma su alıb otururdum». Amma sadələşdirilmiş nəşrdən istifadə etdikdən sonra hər şey dəyişdi. Bacı məktubunda əlavə edir: «İndi mən hər görüşdə bir neçə dəfə şərh verirəm. Daha məndə qorxu yoxdur. Yehova Allaha və sizə çox minnətdaram».

5. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenilənmiş nəşrinin hansı üstünlükləri var?

5 İkincisi, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin ingiliscə yenilənmiş nəşridir *. Bu nəşrin buraxılışı 2013-cü il oktyabrın 5-i keçirilmiş illik görüşdə elan edildi. Bu Müqəddəs Kitabda bir çox ayələrdə daha az sözdən istifadə olunub, amma bu, mənanın dolğun və aydın verilməsinə mane olmayıb. Məsələn, Əyyub 10:1 ayəsində sözlərin sayı 27-dən 19-a, Məsəllər 8:6 ayəsində isə 20-dən 13-ə endirilib. Bu yeni nəşrdə hər iki ayə daha aydındır. On illərdir Yehovaya sədaqətlə xidmət etmiş bir məsh olunmuş qardaş deyir: «Yeni nəşrdə “Əyyub” kitabını oxudum. Mənə elə gəlir ki, bu kitabı indi başa düşdüm». Bir çox bacı-qardaşlar buna oxşar fikirlər söyləyiblər.

6. Mətta 24:45—47 ayələrinin yeni izahı barədə nə düşünürsünüz?

 6 Üçüncüsü, son vaxtlar təlimlərimizdə edilən dəyişikliklərdir. Misal üçün, «Gözətçi qülləsi»nin 2013-cü il 15 iyul sayında «sadiq və ağıllı nökər» təliminə aydınlıq gətirildi (Mət. 24:45—47). İzah olundu ki, sadiq nökər Rəhbərlik Şurasıdır, «evdəki qulluqçular» isə ruhani qida ilə təmin olunan hər kəsdir. Bura həm məsh olunmuşlar, həm də «başqa qoyunlar» daxildir (Yəh. 10:16). Bu cür həqiqətləri öyrənmək və yenilərə öyrətmək necə də xoşdur! Bəs Yehova sadə və aydın tərzdə öyrətməyi məsləhət bildiyini daha necə göstərir?

MÜQƏDDƏS KİTAB ƏHVALATLARININ SADƏ VƏ AYDIN İZAHI

7, 8. Müqəddəs Kitabda peyğəmbərlik təsviri ilə bağlı hansı nümunələr var?

7 Əgər siz Yehovaya uzun illərdir xidmət edirsinizsə, yəqin fikir vermisiniz ki, Müqəddəs Kitabdakı bir çox əhvalatlara nəşrlərimizdə verilən izahatlar getdikcə dəyişilir. Əvvəllər nəşrlərimizdə Müqəddəs Kitab əhvalatlarının gələcəkdə baş verəcək hadisələrin timsalı olduğu barədə daha tez-tez danışılırdı. Bəs bu cür yanaşma Müqəddəs Yazılara əsaslanırmı? Əlbəttə. Məsələn, İsa Məsih «Yunus peyğəmbərin əlamətindən» danışmışdı. (Mətta 12:39, 40 ayələrini oxuyun.) O izah etmişdi ki, Yunusun bir müddət balığın qarnında qalması onun qəbirdə qalmasının peyğəmbərlik təsviridir. Belə ki, Yehova Yunusu balığın qarnında sağ saxlamasaydı, ora onun üçün qəbir olardı.

8 Müqəddəs Kitabda başqa peyğəmbərlik təsvirləri də yer alır. Həvari Bulus onların bir neçəsindən bəhs etmişdi. Misal üçün, İbrahim peyğəmbərin Həcər və Sara ilə münasibəti Yehovanın İsrail xalqı ilə və Öz təşkilatının səmavi hissəsilə münasibətinin peyğəmbərlik təsviri idi (Qal. 4:22—26). Eynilə, çadır, məbəd, Kəffarə günü, baş kahin və Musanın qanununun digər məqamları «gələcək nemətlərin kölgəsi» idi (İbr. 9:23—25; 10:1). Bu kimi peyğəmbərlik təsvirlərini araşdırmaq insanı valeh edir və imanını möhkəmləndirir. Bəs Müqəddəs Yazılarda olan hər personajın, hadisənin və ya əşyanın nəyinsə və ya kiminsə timsalı olduğu qənaətinə gəlmək düzgündürmü?

9. Nabutun əhvalatı əvvəllər necə izah olunurdu?

9 Əvvəllər bu cür yanaşmadan tez-tez istifadə edirdik. Məsələn, götürək Nabutun əhvalatını. Əhəb padşah onun üzüm bağını ələ keçirmək istəyirdi. Buna görə də padşahın arvadı zalım İzəbilin əmri ilə Nabuta ədalətsiz hökm çıxarıb onu edam etdilər (1 Pad. 21:1—16). 1932-ci ildə bu hadisə peyğəmbərlik təsviri kimi izah olunmuşdu. Əhəb və İzəbilin Şeytan və onun təşkilatını, Nabutun isə İsanı təmsil etdiyi, onun ölümünün İsanın edam edilməsinin peyğəmbərlik təsviri olduğu deyilmişdi. Lakin 1961-ci ildə nəşr edilmiş «Qoy adın müqəddəs tutulsun» adlı kitabda izah edilmişdi ki, Nabut məsh olunmuşları, İzəbil isə Xristian aləmini təmsil edir. İzəbilin Nabutu sıxışdırması məsh olunmuşların axırzamanda üzləşdikləri təqibləri təsvir edir. Müqəddəs Kitab əhvalatlarının bu cür izahatı uzun illər Allahın xalqının imanını möhkəmləndirdi. Bəs indi yanaşma tərzimizi niyə dəyişdik?

10. a) Müqəddəs Kitab əhvalatlarını izah edərkən ağıllı nökər nədən ehtiyat edir? b) Bu gün ədəbiyyatlarımızda əsas diqqət nəyə yönəldilir?

10 İllər keçdikcə Yehova «sadiq və  ağıllı nökər»ə daha da ağıllı olmağa kömək edir. Əgər Müqəddəs Yazılar buna əsas vermirsə, ağıllı nökər Müqəddəs Kitab əhvalatlarını peyğəmbərlik təsviri kimi izah etməyə ehtiyat edir. Bundan əlavə, simvolik mənalarla bağlı verilən köhnə izahatları anlamaq çoxlarına çətin gəlir. Belə izahatlarda verilən təfərrüatları (kim kimin timsalıdır və nə üçün) başa düşmək, yadda saxlamaq və tətbiq etmək çətindir. Ən çox narahatçılıq doğuran odur ki, Müqəddəs Kitab əhvalatında peyğəmbərlik mənasını axtararkən onun əxlaqi və praktiki dəyəri kölgədə qala, yaxud da tamamilə nəzərdən qaça bilər. Buna görə də ədəbiyyatlarımızda bu gün Müqəddəs Kitab əhvalatları daha sadə və praktiki şəkildə izah olunur. İman, dözüm, möminlik və digər vacib keyfiyyətlərlə bağlı nəticələr çıxarılır *.

Nabut bizim üçün gözəl örnəkdir (11-ci abzasa baxın)

11. a) Nabutun əhvalatı indi necə izah edilir və nəyə görə o, hər birimiz üçün örnəkdir? b) Nəyə görə son illər ədəbiyyatlarımızda timsallarla bağlı izahatlar az verilir? (Bu saydakı «Oxucuların sualları»na baxın.)

11 Bəs indi Nabutun əhvalatı necə izah olunur? Əlbəttə ki, daha aydın və sadə tərzdə. Bu mömin bəndə İsanın və ya məsh olunmuşların timsalı olduğu üçün yox, Allah qarşısında nöqsansızlığını qoruduğu üçün ölmüşdü. Kimlərsə, öz səlahiyyətindən sui-istifadə etsə də, o, yenə də Yehovanın qanununa bağlı qaldı (Say. 36:7; 1 Pad. 21:3). Onun nümunəsi bizim üçün örnəkdir, çünki hər birimiz bu kimi hallarla üzləşə bilərik. (2 Timutiyə 3:12 ayəsini oxuyun.) Hər kəs imanı möhkəmləndirən bu cür nümunələri asan başa düşə, yadda saxlaya və onlar kimi davrana bilər.

12. a) Müqəddəs Kitab əhvalatları ilə bağlı hansı qənaətə gəlmək düzgün olmazdı? b) Nəyin sayəsində Allahın dərin sirlərini aydın izah edə bilirik? (Haşiyəyə baxın.)

12 Amma biz düşünməməliyik ki, Müqəddəs Kitab əhvalatlarının yalnız praktiki faydası var. Bu gün ədəbiyyatlarımızda bir şeyin başqa bir şeyi xatırlatdığı və ya təsvir etdiyi deyilir.  Əhvalatların hamısını sərt çərçivəyə salıb onlara yalnız peyğəmbərlik mənası vermirik. Məsələn, haqlı olaraq deyə bilərik ki, Nabutun təqiblər və ölüm qarşısında nöqsansızlığı Məsihin və məsh olunmuşların nöqsansızlığını xatırladır. Ancaq onun nümunəsi bizə Məsihin «başqa qoyunları»nın da sədaqətini xatırlada bilər. Bu cür sadə və aydın müqayisə məhz Yehovanın məsləhət bildiyi təlim üsuludur *.

İSANIN MƏSƏLLƏRİNƏ SADƏ YANAŞMA

13. İsanın məsəllərinin indi daha sadə və aydın izah olunduğuna dair nümunələr çəkin.

13 İsa Məsih dünyada ən böyük Müəllim olub. Onun üstünlük verdiyi təlim üsullarından biri də məsəl çəkmək idi (Mət. 13:34). Məsəl fikri yaxşı başa düşməyə və ürəyə həkk etməyə kömək edən təsviri vasitədir. Ədəbiyyatlarımızda İsanın məsəlləri illər keçdikcə daha sadə və aydın şəkildə izah olunur. Məsələn, «Gözətçi qülləsi»nin 2008-ci il 15 iyul sayında maya, xardal toxumu və tor haqda məsəlin izahına gətirilən aydınlıq bizi valeh etdi. İndi biz bu məsəlin Allahın Padşahlığına və bu pis dünyada İsa Məsihin davamçılarının müvəffəqiyyətlə toplanmasına aid olduğunu aydın bilirik.

14. a) Səməriyyəli haqda məsəl əvvəllər ədəbiyyatımızda necə izah edilirdi? b) İsanın bu məsəlini indi necə başa düşürük?

14 Bəs İsanın daha ətraflı danışdığı əhvalatlar və məsəllər haqda nə demək olar? Sözsüz ki, onlardan bəziləri simvolik məna daşıyır və gələcəklə bağlıdır. Digərlərində isə ibrətamiz məqamlar vurğulanır. Bəs onlardan hansı hansı növə aiddir? İllər ötdükcə bu sualın cavabı daha da aydınlaşır. Məsələn, İsanın səməriyyəli haqda məsəlini bir vaxtlar necə izah etdiyimizə nəzər salaq (Luka 10:30—37). 1924-cü ildə «Gözətçi qülləsi»ndə deyilirdi ki, səməriyyəli İsanı, Yerusəlimdən Ərihaya enən yol Ədəndəki üsyandan sonra bəşəriyyətin üzüaşağı yuvarlanmasını, yoldakı quldurlar iri kommersiya təşkilatlarını və möhtəkirləri, kahin və lavili isə kilsə quruluşlarını təmsil edir. Bu gün isə ədəbiyyatlarımızda bu məsəl darda olan hər kəsə, xüsusilə də ruhani köməyə ehtiyac duyanlara üzgörənlik etmədən yardım etməyin vacibliyini xatırlatmaq üçün çəkilir. Məgər Yehovanın Öz Kəlamındakı həqiqətləri bizə belə aydın başa salması ürəyimizi riqqətə gətirmir?

15. Növbəti məqalədə nəyi öyrənəcəyik?

15 Növbəti məqalədə biz İsanın on qız məsəlini nəzərdən keçirəcəyik (Mət. 25:1—13). Görəsən, İsa axırzamanda yaşayan davamçılarının bu məsəli necə qəbul etməsini istəyirdi? Məsəlin peyğəmbərlik mənası daşıyan bir alleqoriya olduğunu, yəni məsəldəki hər kəsin, hər şeyin və hər hadisənin rəmzi məna daşıdığını düşünmələrini istəyirdi? Yoxsa, o istəyirdi ki, davamçıları məsəldən nəticə çıxarıb bu axırzamanda buna uyğun davransınlar? Bunu növbəti məqalədə öyrənəcəyik.

^ abz. 4 «Gözətçi qülləsi»nin sadələşdirilmiş nəşri ilk dəfə ingilis dilində 2011-ci ilin iyul ayından çıxmağa başlayıb. Hal-hazırda bu nəşr daha bir neçə dildə dərc edilir.

^ abz. 5 Azərbaycan dilində çıxan Müqəddəs Kitab ingiliscə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenilənmiş nəşrinə əsaslanır. Bu nəşrdən başqa dillərdə də çıxartmaq üçün hazırlıqlar görülür.

^ abz. 10 Misal üçün, «İman örnəkləri» kitabında Müqəddəs Kitabın 14 personajının həyatı əhatəli təsvir olunur. Əsas diqqət əhvalatların simvolik və ya peyğəmbərlik mənasına yox, praktiki faydasına yönəldilib.

^ abz. 12 Düzdür, Allahın Kəlamında həvari Bulusun məktublarındakı bəzi parçalar kimi «qəliz» məqamlar da var. Amma unutmamalıyıq ki, Müqəddəs Kitabı yazan hər kəs müqəddəs ruhla ilhamlanıb. Elə həmin ruh bu gün həqiqi məsihilərə ilahi həqiqətləri başa düşməyə kömək edir. Belə ki, qavrama qabiliyyətimiz məhdud olsa da, biz «Allahın dərin sirlərini belə» dərk edə bilirik (2 But. 3:16, 17; 1 Kor. 2:10).