Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) FEVRAL 2015

Yehova Allah müjdəçilik işini avand edir

Yehova Allah müjdəçilik işini avand edir

«Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram» (ƏŞY. 48:17).

1. Müasir dövrdə məsihilər hansı maneələrlə üzləşiblər?

XIX ƏSRİN axırları, XX əsrin əvvəllərində Müqəddəs Kitab Tədqiqatçıları * bir çox maneələrlə üzləşmişdilər. Birinci əsrdəki məsihilər kimi, onlar da qulaqlara xoş gəlməyən xəbəri təbliğ edirdilər. Onların da sayı az idi, özləri də təhsilli insanlar hesab olunmurdular. Üstəlik, onlar Şeytan İblisin böyük qəzəbinə tuş gələcəkdilər (Vəhy 12:12). Həmçinin onların təbliğ işi son dərəcə çətin bir vaxt hesab olunan axırzamana təsadüf edəcəkdi (2 Tim. 3:1).

2. Müasir dövrdə təbliğ işini həyata keçməsi üçün Yehova nə edir?

2 Ancaq Yehovanın niyyəti odur ki, müasir dövrdə xalqı müjdəni dünyanın hər yerinə çatdırsın. Heç nə Ona bu niyyətini həyata keçirməyə mane ola bilməz. Yehova qədimdə xalqını Babil əsarətindən qurtardığı kimi, müasir xidmətçilərini də yalan dinin dünya imperiyası olan «Böyük Babil»dən xilas edir (Vəhy 18:1—4). O, bizim xeyrimizə bizi öyrədir, bizə sülh bəxş edir və Onun təlimlərini insanlara çatdırmağa kömək  edir. (Əşiya 48:16—18 ayələrini oxuyun.) Ancaq bu o demək deyil ki, Padşahlıq haqda müjdə bütün dünyada təbliğ olunsun deyə Yehova gələcəyi görmə bacarığından istifadə edib hər şeydən agah olur və dünyada baş verən hər şeyə təsir edir. Sadəcə olaraq, bəzi amillər şahidlik işini asanlaşdırır. Bununla belə, Şeytan dünyasında biz amansız təqiblərlə və başqa çətinliklərlə üzləşirik. Buna görə də yalnız Yehovanın köməyilə biz bunlara tab gətirib aldığımız tapşırığı icra edə bilirik (Əşy. 41:13; 1 Yəh. 5:19).

3. Dənyalın «həqiqi elm» haqda peyğəmbərliyi necə yerinə yetir?

3 Yehova Dənyal peyğəmbər vasitəsilə demişdi ki, axırzamanda «həqiqi elm» artacaq. (Dənyal 12:4 ayəsini oxuyun.) Yehova Allah kilsə ehkamlarının uzun müddət boğduğu əsas Müqəddəs Kitab təlimlərini Müqəddəs Kitab Tədqiqatçılarına anlamağa kömək etdi. İndi Yehova Öz xalqı vasitəsilə «həqiqi elm»i bütün dünyaya yayır. Bu gün biz Dənyalın peyğəmbərliyinin yerinə yetməsinin şahidi oluruq. Təxminən 8 000 000 insan Müqəddəs Kitab həqiqətini qəbul edib və bu həqiqəti bütün dünyada bəyan edir. Bəs ümumdünya təbliğ işi hansı amillər sayəsində həyata keçirilir?

MÜQƏDDƏS KİTABIN TƏRCÜMƏSİ

4. XIX əsrdə Müqəddəs Kitab nə qədər dilə tərcümə olunmuşdu?

4 Müjdənin təbliğ olunmasına köməyi dəyən amillərdən biri Müqəddəs Kitabın bütün dünyada yayılmasıdır. Əsrlər ərzində xristian ruhaniləri Müqəddəs Kitabın oxunmasına maneçilik törətmiş, hətta onu tərcümə edənləri qətlə yetirmişdir. Lakin XIX əsrdə Müqəddəs Kitab cəmiyyətləri Allahın Kəlamını tam və ya qismən təxminən 400 dilə tərcümə etmişdir. Həmin əsrin sonlarında artıq çoxlarının Müqəddəs Kitabı var idi. Amma onların Müqəddəs Kitab təlimləri barədə biliyi yox idi.

5. Yehovanın Şahidləri Müqəddəs Kitab tərcüməsində nəyə nail olublar?

5 Müqəddəs Kitab Tədqiqatçıları bilirdilər ki, təbliğ etməlidirlər. Odur ki, onlar yorulmaq bilmədən Müqəddəs Kitabı insanlara öyrədirdilər. Üstəlik, Yehovanın xalqı Müqəddəs Kitabın müxtəlif tərcümələrindən istifadə edir və paylayırdı. 1950-ci ildən ta bu günə kimi onlar tam və ya qismən 120-dən artıq dildə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni dərc ediblər. 2013-cü ildə «Yeni Dünya Tərcüməsi»nin ingiliscə yenilənmiş nəşri işıq üzü gördü. Bu nəşri başqa dillərə tərcümə etmək elə də çətin olmayacaq. Müqəddəs Kitabın aydın, asan oxunan tərcüməsi isə təbliğ işini yerinə yetirməyə bizə çox kömək edir.

SÜLH ŞƏRAİTİ

6, 7. a) Müasir dövrdə müharibələr nə dərəcədə geniş yayılıb? b) Bəzi ölkələrdə olan nisbi sülh şəraitindən biz necə yararlanırıq?

6 Sizdə sual yarana bilər ki, söhbət hansı sülhdən gedir. Məsələn, XX əsrdə müharibələr, xüsusilə də iki dünya müharibəsi milyonlarla insanın həyatına son qoyub. Lakin 1942-ci ildə, II Dünya müharibəsinin ən qızğın çağında Yehovanın Şahidlərinə rəhbərlik edən Neytan Norr konqresdə «Sülh çox sürəcəkmi?» adlı məruzə ilə çıxış etmişdi. Məruzədə Vəhy kitabının 17-ci fəslinə əsasən deyilirdi ki, müharibədən sonra Armageddon yox, sülh olacaq (Vəhy 17:3, 11).

7 İkinci Dünya müharibəsinin bitməsi bütün dünyaya sülh gətirmədi. Bir hesablamaya əsasən, 1946—2013-cü illər ərzində 331 müharibə olmuşdur. Milyonlarla insan həyatını itirmişdir. Ancaq bu illər ərzində bir çox ölkələrdə nisbi  sülh şəraiti hökm sürüb. Yehovanın xalqı da bundan yararlanaraq müjdəni təbliğ edib. Belə ki, 1944-cü ildə dünyada 110 000-dən az müjdəçi var idisə, indi bu say təxminən 8 000 000-dur. (Əşiya 60:22 ayəsini oxuyun.) Nə yaxşı ki, nisbi də olsa, sülh şəraitindəyik və müjdəni təbliğ edə bilirik.

RAHAT NƏQLİYYAT

8, 9. Nəqliyyat sahəsində hansı irəliləyişlər olmuşdur və bu, bizim işimizə necə kömək edir?

8 Nəqliyyat sahəsindəki irəliləyişlər təbliğ işini asanlaşdırıb. «Gözətçi qülləsi» jurnalının ilk sayından 21 il sonra, 1900-cü ildə bütün Birləşmiş Ştatlarda cəmi 8 000 avtomobil qeydə alınmışdı. Ölkədə yalnız bir neçə yüz kilometr yol yaxşı vəziyyətdə idi. Bu gün isə bütün dünyada bir milyard yarımdan çox mühərrikli nəqliyyat vasitəsi və milyonlarla kilometr uzunluğunda yaxşı yollar var. Avtomobil və yaxşı yollar sayəsində biz ucqar ərazilərdə yaşayan insanlara müjdəni çatdıra bilirik. Hətta rahat nəqliyyat olmasa da, piyada böyük məsafələr qət etməli olsaq da, biz şagird hazırlamaq üçün əlimizdən gələni edirik (Mət. 28:19, 20).

9 Digər nəqliyyat vasitələrinin də təbliğ işimizə köməyi böyükdür. Yük maşınları, gəmilər, qatarlar sayəsində Müqəddəs Kitaba əsaslanan ədəbiyyatı bir neçə həftəyə çox ucqar əraziyə çatdırmaq olur. Təyyarənin köməyilə rayon nəzarətçiləri, filial komitəsinin üzvləri, xüsusi təyinatlı müjdəçilər və başqaları tez bir zamanda konqreslərə çatır, yaxud da teokratik tapşırıqlarını icra edə bilirlər. Bundan başqa, Rəhbərlik Şurasının üzvləri, eləcə də mərkəzi idarədə çalışan digərləri təyyarə ilə bir çox ölkələrə səfər edib iman bacı-qardaşlarını ruhlandırır, onlara təlim verirlər. Beləliklə, nəqliyyat sahəsindəki irəliləyişlər Yehovanın xalqı arasında birliyə töhfə verir (Zəb. 133:1—3).

DİL

10. Nəyə görə demək olar ki, ingilis dili beynəlxalq dildir?

10 Birinci əsrdə koyné, yəni yunan dilinin gündəlik danışıqda istifadə olunan forması bütün Roma imperiyasında ümumişlək dil idi. Bəs bu gün hansı dil beynəlxalq dildir? Çoxlarının fikrincə, bu, ingilis dilidir. Bir kitabda deyilir: «Dünya əhalisinin təxminən dörddə biri  ingilis dilində sərbəst danışır» («English as a Global Language»). Ən çox öyrənilən əcnəbi dil ingilis dilidir. Kommersiya, siyasət, elm və texnologiya sahəsi ilə bağlı beynəlxalq münasibətlərdə ingilis dili istifadə olunur.

11. İngilis dili həqiqi ibadətin yayılmasında hansı rolu oynayır?

11 İngilis dilinin bütün dünyada istifadə edilməsi həqiqi ibadətin yayılmasına kömək edir. İllər ərzində «Gözətçi qülləsi» və Müqəddəs Kitaba əsaslanan nəşrlər yalnız ingilis dilində dərc olunmuşdu. Bu dil Yehovanın Şahidlərinin mərkəzi idarəsində rəsmi dildir. Nyu-York ştatının Paterson şəhərindəki Gözətçi Qülləsinin Təlim Mərkəzində də təhsil ingilis dilində verilir.

12. Yehovanın xidmətçiləri Müqəddəs Kitaba əsaslanan nəşrləri nə qədər dilə tərcümə edir və müasir texnologiya bu işdə onlara necə kömək edir?

12 Biz Padşahlıq haqda müjdəni bütün xalqlara təbliğ etdiyimiz üçün nəşrlərimizi təxminən 700 dilə tərcümə edirik. Kompüter texnologiyasındakı irəliləyişlərin, eləcə də MEPS sisteminin (çoxdilli elektron nəşriyyat sistemi) gördüyümüz genişmiqyaslı işdə bizə böyük köməyi dəyir. Bütün bunlar Padşahlıq xəbərinin yayılmasına və bütün dünyada yaşayan dindaşlarımızın vəhdətdə olmasına kömək edir. Lakin daha vacib dildə, Müqəddəs Yazılardakı həqiqətin «saf dil»ində danışmağımız aramızdakı birliyi xüsusi edir. (Səfənya 3:9 ayəsini oxuyun.)

QANUNLAR

13, 14. Müasir məsihilər qanunlardan və məhkəmə qərarlarından necə yararlanırlar?

13 Əvvəlki məqalədən öyrəndiyimiz kimi, ilk məsihilər bütün imperiyada qüvvədə olan Roma qanunlarından yararlanırdılar. Müasir dövrdə də məsihilər qanunla təmin olunan hüquqlardan faydalanırlar. Məsələn, təşkilatımızın mərkəzi idarəsinin yerləşdiyi Birləşmiş Ştatlarda Konstitusiya insanlara din, söz və sərbəst toplaşma azadlığı verir. Bunun sayəsində Birləşmiş Ştatlardakı qardaşlarımız azad şəkildə toplaşır, Müqəddəs Kitabı sərbəst müzakirə edir və öyrəndiklərini insanlarla bölüşür. Lakin onların müəyyən hüquqlarının tanınması məhkəmələr vasitəsilə mümkün olmuşdur (Filip. 1:7). Birləşmiş Ştatlarda Yehovanın xalqına qarşı hüquqi tədbir  görüləndə yuxarı instansiyalar onların təbliğ etmək hüququnu bərpa edib.

14 Başqa ölkələrdəki məhkəmələr də bizim ibadət etmək azadlığımızı və açıq şəkildə təbliğ etmək hüququmuzu müdafiə edir. Düzdür, bəzi yerlərdə məhkəmələri uduzuruq, lakin belə olan halda beynəlxalq məhkəmələrə müraciət edirik. Məsələn, 2014-cü ilin iyun ayından Avropa İnsan Hüquqları Məhkəməsi 57 işdə bizim lehimizə qərar çıxarıb və bu qərarlar Avropa Şurasına daxil olan bütün dövlətlərə şamil edilir. Bütün xalqlar bizə nifrət etsələr də, bir çox ölkələrin məhkəmələri bizim ibadət etmək hüququmuzu müdafiə edir (Mət. 24:9).

DİGƏR AMİLLƏR

Bütün dünyadakı insanlar Müqəddəs Kitaba əsaslanan nəşrlərimizi oxuya bilərlər

15. Çap sahəsində hansı ixtiralar edilib və bunun işimizə hansı köməyi olub?

15 Müjdənin bütün dünyada təbliğ edilməsində çap sənayesindəki ixtiraların da böyük rolu olmuşdur. Əsrlər ərzində çap işində İohann Qutenberqin 1450-ci ildə ixtira etdiyi hərəkətli metal lövhələrdən istifadə edilmişdi. Lakin son iki əsr ərzində çap sənayesində əhəmiyyətli dərəcədə nailiyyətlər əldə edildi. Çap maşınları daha böyük, sürətli və funksional oldu. Kağız istehsalı və cildləmə get-gedə ucuzlaşdı. Ofset çapı (çap forması üzərinə çəkilmiş boyaq əvvəlcə elastik rezin səthə, oradan isə kağıza köçürülür) metal hərflərin kağız üzərinə basma üsulunu əvəz etdi. Bununla da istehsal prosesi sürətləndi və illüstrasiyaların keyfiyyəti artdı. Bəs bütün bunların bizim işimizə hansı təsiri oldu? Məsələn, «Gözətçi qülləsi»nin ilk sayı (iyul, 1879) 6000 nüsxədə, şəkilsiz, həm də cəmi bir dildə — ingilis dilində çıxmışdı. Artıq ilk sayın çıxdığı ildən 136 il keçib. Bu gün «Gözətçi qülləsi»nin hər sayının 50 000 000-dan çox nüsxəsi dərc olunur və paylanır. Üstəlik, jurnalda rəngli şəkillər yer alır və jurnal 200-dən artıq dilə tərcümə olunur.

16. Hansı ixtiraların ümumdünya təbliğ işinə köməyi dəyib? (Məqalənin əvvəlindəki şəklə baxın.)

16 Ötən iki əsr ərzində Allahın xalqının müjdəni təbliğ etmək üçün istifadə etdiyi ixtiralardan bəzilərindən, qatardan, maşından, təyyarədən söz açdıq. Bu siyahıya velosipedi, yazı makinasını, Brayl əlifbasını, teleqrafı, telefonu, kameranı, audio və video aparatları, radionu, televizoru, kinofilmləri, kompüter və İnterneti də daxil etmək lazımdır. Bunların hamısının şagird hazırlamaq tapşırığının icrasında əvəzsiz rolu olub. Yehova Allah qabaqcadan demişdi ki, Onun xalqı xalqların südünü içəcək. Biz Müqəddəs Kitab və ona əsaslanan nəşrləri dərc etmək üçün xalqların nailiyyətlərindən, məsələn, müasir texnologiyadan istifadə edirik. Bununla da həmin peyğəmbərliyi yerinə yetiririk. (Əşiya 60:16 ayəsini oxuyun.)

17. a) Öyrəndiklərimizdən hansı nəticəyə gəlirik? b) Nəyə görə Yehova bizə Onun əməkdaşları olmağa izin verir?

17 Bütün bunlar sübut edir ki, Yehova Allah təbliğ işini avand edir. Əlbəttə, Öz niyyətini həyata keçirmək üçün Yehova bizim köməyimizə möhtac deyil. Amma əziz səmavi Atamız bizə Onun əməkdaşları olmağa izin verir. Bunun sayəsində isə biz Ona və insanlara məhəbbətimizi göstərə bilirik (1 Kor. 3:9; Mark 12:28—31). Buna görə də, gəlin dünyada ən vacib işi, Padşahlıq xəbərini bəyan etmək işini icra etmək üçün əlimizdə olan bütün imkanlardan istifadə edək. Gəlin var gücümüzlə çalışaq və göstərək ki, ümumdünya təbliğ işini avand etdiyinə görə Yehovaya minnətdarlığımız sonsuzdur!

^ abz. 1 Müqəddəs Kitab Tədqiqatçıları 1931-ci ildə Yehovanın Şahidləri adını qəbul ediblər (Əşy. 43:10).