Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  fevral 2015

Oxucuların sualları

Oxucuların sualları

Ətirə allergiyası olan bacı-qardaşlara necə kömək etmək olar?

Ətirə allergiyası olan adamlar üçün çox çətindir. Onlar istər-istəməz hər gün ətir vuran insanlarla üzləşirlər. Bununla belə, bəziləri soruşurlar ki, bacı-qardaşlardan yığıncaqlara, konqreslərə gələrkən ətir və ya odekolon vurmamasını xahiş etmək olarmı.

Sözsüz ki, heç bir məsihi başqalarının görüşlərdə iştirak etməsini çətinləşdirmək istəməz. Hər birimizin görüşlərə gəlib ruhlanmağa ehtiyacı var (İbr. 10:24, 25). Odur ki, ətirə kəskin allergiyası ucbatından görüşlərə gələ bilməyən məsihi bu məsələ ilə bağlı ağsaqqallarla danışmaq qərarına gələ bilər. Düzdür, görüşlərə gələnlərin ətirdən istifadəsinə dair qaydalar qoymaq nə Müqəddəs Yazılara əsaslanmazdı, nə də düzgün olmazdı. Bununla belə, ağsaqqallar bacı-qardaşlara bu məsələ ilə bağlı məlumat verə bilərlər ki, belə problemi olanların vəziyyətini başa düşsünlər. Vəziyyətdən asılı olaraq, ağsaqqallar Xidməti görüşün yığıncağın tələbatları bəndində nəşrlərimizdən bu məsələ ilə bağlı məlumat verə bilərlər. Yaxud da bu haqda nəzakətlə elan edə bilərlər. Ancaq ağsaqqallar bu barədə tez-tez elan edə bilməzlər. Belə ki, yığıncaq görüşlərinə bu problemdən xəbəri olmayan yeni maraqlananlar və qonaqlar gəlirlər. Və biz onları yaxşı qarşılamaq istəyirik. Ətirdən qədərində istifadə etdiyinə görə kimisə qınamaq düzgün olmazdı.

Bu cür problemlər olanda şərait yol verirsə, ağsaqqallar şurası ətirə qarşı həssas olanların zalda ayrıca oturmasını təşkil edə bilər. Misal üçün, onlar kiçik zalda oturub görüşə qulaq asa bilərlər. Əgər məsələni həll etmək alınmırsa və bəzilərinin allergiyası güclüdürsə, onda yığıncaq, adətən, ağır xəstə olanlar üçün edildiyi kimi, görüşün proqramını yaza bilər, yaxud da onların telefonla görüşə qulaq asmasını təşkil edə bilər.

Son illərdə «Bizim Padşahlıq Xidmətimiz» bacı-qardaşları regional konqreslərə gələrkən bu məsələdə xüsusilə diqqətcil olmağa təşviq edir. Əksər konqreslər mexaniki ventilyasiya sistemi olan qapalı yerlərdə keçirildiyindən iştirak edənlərdən xahiş edilir ki, kəskin iyli ətirlərdən mümkün qədər az istifadə etsinlər. Bu cür çağırışlar xüsusilə regional konqreslərlə bağlı edilir. Çünki belə yerlərdə ətirə allergiyası olanlar üçün ayrıca yer tapmaq mümkün olmur. Lakin bu cür göstərişləri yığıncaq görüşləri üçün qaydaya çevirmək düzgün deyil.

Nə qədər ki bu dünyada yaşayırıq miras aldığımız qeyri-kamilliyin nəticələrindən əziyyət çəkirik. Başqaları bizim halımıza yananda bizə çox xoş olur! Bəziləri üçün həmimanlısının xətrinə ətirdən, yaxud da odekolondan istifadə etməmək əsil qurbandır. Ancaq məhəbbət bizi bu cür davranmağa təşviq edə bilər.

 Tarixi mənbələr Ponti Pilatın mövcudluğunu təsdiq edirmi?

Bu daş lövhəyə latınca Pilatın adı həkk olunub

Ponti Pilat Müqəddəs Kitab oxucularına yaxşı tanışdır. Çünki onun İsa Məsihin dindirilməsində və edam edilməsində əli olmuşdu (Mət. 27:1, 2, 24—26). Lakin onun adı həmin dövrün tarixi mənbələrində də dəfələrlə çəkilir. Bir kitabda deyilir ki, tarixi mənbələrdə onun haqqında «Yəhudiyyənin digər Roma valilərindən daha çox və ətraflı məlumat var» («The Anchor Bible Dictionary»).

Pilatın adına ən çox yəhudi tarixçi İosif Flavinin yazılarında rast gəlinir. Flavi Pilatın Yəhudiyyənin valisi olarkən üzləşdiyi çətinliklərlə bağlı üç hadisəni qələmə alıb. Dördüncü hadisəni isə yəhudi tarixçi Filon əlavə edib. Həmçinin Roma imperatorlarının tarixini qələmə alan Roma yazıçısı Tasit təsdiq etmişdir ki, Ponti Pilat Tiberinin hakimiyyəti zamanı İsanın edamına fərman vermişdi.

1961-ci ildə Qeysəriyyədəki (İsrail) qədim Roma teatrında aparılan arxeoloji qazıntılar zamanı daş lövhə tapılmışdı. Həmin lövhənin üstündə aydın şəkildə latın dilində Pilatın adı yazılmışdı. Yazı (burada göstərilən) natamam olsa da, orada bu sözlərin yazıldığı zənn edilir: «Yəhudiyyə prefekti, Tiberium Ponti Pilat (bunu) əzəmətli allahlara həsr edib». Haqqında danışılan tikili, çox ehtimal ki, Roma imperatoru Tiberinin şərəfinə ucaldılmış məbəd idi.

Bacı kişi təbliğçinin yanında və ya o olan yerdə Müqəddəs Kitab dərsi keçirsə, başını örtməlidirmi?

«Gözətçi qülləsi»nin 15 iyul 2002-ci il sayının (rus.) «Oxucuların sualları» rubrikasında deyilirdi ki, fərq etməz kişi təbliğçi vəftiz olub ya yox, bacı onun yanında, yaxud da o olan yerdə dərs keçirsə, başını örtməlidir. Amma bir az araşdırdıqdan sonra aydın oldu ki, bu məsələyə bir qədər dəyişiklik etmək lazımdır.

Bacı Müqəddəs Kitabı müntəzəm öyrətdiyi adama vəftiz olunmuş kişi təbliğçi ilə birlikdə dərs keçirsə, sözsüz ki, başını örtməlidir. Bununla o, Yehovanın məsihi yığıncağında təsis etdiyi başçılıq prinsipinə hörmət etdiyini göstərir. Belə ki, dərs keçməklə bacı qardaşın üzərinə düşən məsuliyyəti icra etmiş olur (1 Kor. 11:5, 6, 10). Bundan başqa, əgər qardaş yararlıdırsa və ya bunun öhdəsindən gələ bilərsə, bacı dərsi keçməyi qardaşdan xahiş edə bilər.

Yox əgər bacı vəftiz olunmamış kişi təbliğçinin yanında (əgər əri deyilsə) Müqəddəs Kitab dərsi keçirsə, Müqəddəs Yazılara əsasən ondan başını örtmək tələb olunmur. Ancaq bəzi bacıların vicdanı onları bu kimi hallarda belə başlarını örtməyə təşviq edə bilər.