Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  fevral 2015

İsa Məsih kimi cəsarətli və bəsirətli olun

İsa Məsih kimi cəsarətli və bəsirətli olun

«Siz onu heç vaxt görməmisiniz, buna baxmayaraq onu sevirsiniz. Onu indi də görməsəniz də, ona iman edirsiniz» (1 BUT. 1:8).

1, 2. a) Biz xilasa necə yetişə bilərik? b) Xilas yolunda qalmağa bizə nə kömək edə bilər?

BİZ İsa Məsihin şagirdi olanda yeni bir yola qədəm qoyduq. Bu yol bizi həyata aparır, kimisi üçün bu həyat göydədir, kimisi üçün isə yerdə olacaq. İsa Məsih demişdi: «Axıra kimi [ya indiki həyatının axırına kimi, ya da bu şər dünyanın axırına kimi] dözən xilas olacaq» (Mət. 24:13). Bəli, iman yolunda möhkəm qalsaq, xilasa yetişə bilərik. Ancaq ehtiyatlı olmalıyıq ki, bu yoldan sapmayaq (1 Yəh. 2:15—17). Bəs qədəm qoyduğumuz bu yolda necə möhkəm qala bilərik?

2 Bizə örnək olan İsa da bu yolu keçmişdi. Onun həyat yolu Müqəddəs Kitabda qələmə alınıb. Bu məlumatları araşdırmaqla İsanın necə şəxsiyyət olduğunu öyrənirik. Öyrəndiyimiz şeylər bizdə İsaya qarşı iman, məhəbbət hasil edir. (1 Butrus 1:8, 9 ayələrini oxuyun.) Yadınızdadırsa, Butrus demişdi ki, biz İsanın qoyduğu nümunəni izləməliyik (1 But. 2:21). Əgər biz onun nümunəsini diqqətlə izləsək,  imanımızın hədəfinə — xilasa yetişəcəyik *. Ötən məqalədə araşdırdıq ki, təvazökarlıqda və şəfqətli olmaqda İsaya necə oxşaya bilərik. İndi isə gəlin görək İsa kimi necə cəsarətli və bəsirətli ola bilərik.

İSA MƏSİH CƏSARƏTLİDİR

3. Cəsarət nədir və ona necə sahib ola bilərik?

3 Cəsarət insanı gücləndirən, onu mətin edən əminlik hissidir. Cəsarətli olmaq fəlakətə tab gətirmək, düzgünlüyün tərəfində olmaq, iztirablara ləyaqətlə, imanla dözmək deməkdir. Cəsarət qorxu, ümid və məhəbbətlə sıx bağlıdır. Belə ki, Allah qorxusu bizi insan qorxusuna qapılmaqdan azad edir (1 İşm. 11:7; Məs. 29:25). Əsil ümid bizə kömək edir ki, diqqətimizi hazırkı sınaqlara yox, alacağımız mükafata yönəldək və gələcəyə əminliklə baxaq (Zəb. 27:14). Fədakar məhəbbət bizi hətta təhlükənin gözünə dik baxıb cəsarət göstərməyə təşviq edir (Yəh. 15:13). Biz Allaha güvənməklə və Oğlunun izləri ilə getməklə cəsarətli ola bilərik (Zəb. 28:7).

4. İsa məbəddə müəllimlərin arasında olanda necə cəsarət göstərmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

4 İsa, hətta 12 yaşı olanda cəsarətlə haqqın tərəfini tutmuşdu. Gəlin görək balaca İsa məbəddə «müəllimlərin arasında» oturanda nə baş vermişdi. (Luka 2:41—47 ayələrini oxuyun.) Həmin müəllimlər həm Tövratın bilicisi idilər, həm də ona zidd olan adət-ənənələrə yaxşı bələd idilər. Ancaq İsa bundan qorxub susmadı. Əksinə, o, müəllimlərə «sual verirdi». Sözsüz ki, bu suallar balaca uşaqların verdiyi suallardan deyildi. Yəqin ki, İsa elə düşündürücü suallar verirdi ki, müəllimlər mat-məəttəl qalırdı. Bəlkə də müəllimlər dolaşıq suallarla İsanı çaşdırmaq istəyirdilər, amma cəhdləri boşa çıxırdı. Hər kəs, eləcə də bu müəllimlər «onun zəkasına və cavablarına valeh olurdu». Sözsüz ki, balaca İsa cavabları ilə Allahın Kəlamındakı həqiqəti müdafiə edirdi.

5. İsa xidməti zamanı necə cəsarət göstərmişdi?

5 İsa Məsih xidməti zamanı düşdüyü müxtəlif vəziyyətlərdə cəsarət göstərirdi. O, yalan təlimlərlə insanları azdıran din xadimlərini ifşa edirdi (Mət. 23:13—36). O, murdar dünyanın təsirinə qarşı sarsılmaz mövqe tuturdu (Yəh. 16:33). Düşmənlərinin fitnə-fəsadına baxmayaraq, təbliğini dayandırmırdı (Yəh. 5:15—18; 7:14). İsa məbəddəki ibadəti ləkələyən insanları düz iki dəfə mərdcəsinə oradan qovmuşdu (Mət. 21:12, 13; Yəh. 2:14—17).

6. İsa yerdəki həyatının sonuncu günü necə cəsarət göstərdi?

6 İsa işgəncələr qarşısında da cəsarətlə davranmışdı. Gəlin görək yer üzündəki həyatının son günü İsa necə cəsarət göstərmişdi. O, Yəhudanın xəyanətindən sonra başına nələr gələcəyini çox gözəl bilirdi. Bununla belə, Pasxa yeməyi zamanı Yəhudaya dedi: «Nə edəcəksənsə, tez elə» (Yəh. 13:21—27). Getsemani bağında əsgərlər İsanı tutmağa gələndə o, qorxmadan onların önünə çıxdı. O, öz canının hayına qalmayıb şagirdlərinin müdafiəsinə durdu (Yəh. 18:1—8). Sinedrionda sorğu-suala çəkilən vaxt İsa baş kahinin  onu öldürmək üçün bəhanə axtardığını bilirdi. Amma yenə də cəsarət göstərib özünün Məsih və Allahın Oğlu olduğunu danmadı (Mark 14:60—65). İsa işgəncə dirəyində ölənədək mətin qalıb nöqsansızlığını qorudu. Əzablar içində son nəfəsini dərib zəfərlə nida etdi: «Tamam oldu!» (Yəh. 19:28—30).

İSA MƏSİH KİMİ CƏSARƏTLİ OLUN

7. Uşaqlar, Yehovanın adını daşımaq sizin üçün nə deməkdir və cəsarətli olduğunuzu necə göstərə bilərsiniz?

7 Biz İsa kimi necə cəsarətli ola bilərik? Məktəbdə. Uşaqlar, məktəb yoldaşlarınızın və ya başqalarının sizi ələ salacaqlarını bilə-bilə özünüzü Yehovanın Şahidi kimi tanıtmağınız sizin cəsarətli olduğunuzu sübut edir. Bununla siz göstərirsiniz ki, Yehovanın adını daşımaqdan qürur duyursunuz. (Zəbur 86:12 ayəsini oxuyun.) Yəqin ki, məktəbdə təkamül nəzəriyyəsini beyninizə yeritmək istəyirlər. Amma sizin Müqəddəs Kitaba əsaslanan yaradılış təliminə inanmağa tutarlı səbəbləriniz var. Siz «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» adlı broşüradan (rus./türk.) istifadə edərək «sizdən izahat tələb edən»lərə sanballı sübutlar gətirə bilərsiniz (1 But. 3:15). Onda Allahın Kəlamındakı həqiqəti müdafiə etdiyinizə görə fərəhlənəcəksiniz.

8. Biz hansı səbəblərə görə cəsarətlə təbliğ edirik?

8 Xidmətdə. Həqiqi məsihilər olan bizlər «Yehovadan səlahiyyət alaraq cəsarətlə» danışmalıyıq (Həv. 14:3). Bəs hansı səbəblərə görə cəsarətlə təbliğ edirik? Biz təbliğ etdiyimiz xəbərin həqiqət olduğunu bilirik, çünki bu xəbər Müqəddəs Kitaba əsaslanıb (Yəh. 17:17). Həmçinin Allahın əməkdaşları olduğumuzu, müqəddəs ruhun bizə dayaq olduğunu anlayırıq (1 Kor. 3:9; Həv. 4:31). Biz başa düşürük ki, canla-başla təbliğ etməklə Yehovaya sədaqətimizi, insanlara isə məhəbbətimizi göstəririk (Mət. 22:37—39). Daxilimizdəki cəsarət qoymaz ki, biz susaq. Əksinə, biz qorxub çəkinmədən insanları həqiqətə qarşı kor edən dini yalanları ifşa edirik (2 Kor. 4:4). İnsanların laqeydliyinə, habelə rişxəndlərə və təqiblərə baxmayaraq, xoş xəbəri bundan sonra da mətanətlə təbliğ edəcəyik (1 Salon. 2:1, 2).

9. Əzablar qarşısında necə cəsarət göstərə bilərik?

9 Əzablar qarşısında. Allaha etibarımız bizə bədbəxtliklərə iman və cəsarətlə sinə gərməyə kömək edir. Düzdür, doğma adamın ölümü bizi bərk sarsıdır. Lakin biz ümidimizi itirmirik. Əminliklə «hər cür təsəlli Allahı»ndan güc istəyirik (2 Kor. 1:3, 4; 1 Salon. 4:13). Xəstələnəndə və ya xəsarət alanda canımız ağrıyır, amma biz heç vaxt Müqəddəs Kitaba zidd gedən müalicə üsuluna əl atmırıq (Həv. 15:28, 29). Ruh düşkünlüyünə qapılsaq da, hətta «ürəyimiz bizi bir şey üstə qınasa» da, biz qəlbisınıqlara yaxın olan Allaha sığındığımız üçün təslim olmuruq * (1 Yəh. 3:19, 20; Zəb. 34:18).

İSA MƏSİH BƏSİRƏTLİDİR

10. Bəsirətə necə tərif verərdiniz və Yehovanın bəsirətli bəndəsi necə danışmalı və hərəkət etməlidir?

10 Bəsirət düzgün mühakimə yürütmək — yaxşını pisdən ayırmaq, sonra  isə düzgün yolu seçmək bacarığıdır (İbr. 5:14). Bəsirət ruhani məsələlərdə düzgün nəticə çıxarmaq qabiliyyətidir. Allahın bəsirətli xidmətçisi Onu razı salan tərzdə danışır və hərəkət edir. O, elə danışır ki, sözləri ilə başqalarına yara vurmasın, əksinə şəfa versin (Məs. 11:12, 13). O, gec qəzəblənir (Məs. 14:29). Düz yolla gedir (Məs. 15:21). Bəs bəsirətə necə yiyələnə bilərik? Bunun üçün Allahın Kəlamını araşdırıb öyrəndiklərimizi həyata keçirməliyik (Məs. 2:1—5, 10, 11). İsa Məsihin nümunəsini nəzərdən keçirməyin isə, bu məsələdə xüsusi köməyi dəyə bilər. Çünki o, bu dünyada ən bəsirətli insan olub.

11. İsanın sözləri onun bəsirətindən necə xəbər verir?

11 İsa Məsihin həm sözləri, həm də hərəkətləri onun nə qədər bəsirətli olmasından xəbər verir. Sözləri. O, müjdəni bəsirətlə təbliğ edirdi. Ağzından çıxan «lətif kəlmələrə» hamı heyran qalırdı (Luka 4:22; Mət. 7:28). O, sözü tez-tez Allahın Kəlamına verir, fikrini çatdırmaq üçün lazım olan ayələr oxuyur, sitat gətirir, yaxud da onlara istinad edirdi (Mət. 4:4, 7, 10; 12:1—5; Luka 4:16—21). İsa həmçinin Müqəddəs Yazıları izah edirdi və bunu elə edirdi ki, dinləyicilərinin ürəyinə təsir etsin. Diriləndən sonra İmmasa gedən yolda iki şagirdi ilə danışanda İsa «Müqəddəs Yazılarda özünə aid olan şeyləri bir-bir onlara izah etdi». Bundan sonra həmin şagirdlər demişdi: «Məgər o,.. Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» (Luka 24:27, 32).

12, 13. İsanın səbirli və dərrakəli olduğunu hansı nümunələr göstərir?

12 Hissləri və əhval-ruhiyyəsi. Bəsirət İsaya öz hisslərini cilovlamağa, səbirli olmağa kömək edirdi (Məs. 16:32). O, həlim idi (Mət. 11:29). Şagirdləri səhvlər etsələr də, onlarla həmişə səbirlə davranırdı (Mark 14:34—38; Luka 22:24—27). O, hətta pis rəftarla üzləşəndə belə özündən çıxmırdı (1 But. 2:23).

13 İsa bəsirətli olması sayəsində hər şeyə dərrakə ilə yanaşırdı. O, Musanın qanununun məğzini yaxşı başa düşür və buna uyğun davranırdı. Gəlin Mark 5:25—34 ayələrində yazılan bir hadisəni nəzərdən keçirək. (Oxuyun.) Qanaxması olan bir qadın izdihamı yarıb İsanın paltarına toxundu və şəfa tapdı. Tövrata görə o, murdar hesab edilirdi və heç kimə toxunmamalı idi (Lav. 15:25—27). Di gəl ki, İsa paltarına toxunduğuna görə qadını cəzalandırmadı. Çünki İsa «Tövratdakı daha vacib məsələlərə» mərhəmətin və sədaqətin daxil olduğunu dərk edirdi (Mət. 23:23). Ona görə də İsa mehribancasına dedi: «Bacım, imanın səni sağaltdı. Salamat get. Qoy bu əzablı xəstəlik səni bir də narahat etməsin». Necə də xoşdur ki, İsa bəsirətlə davranıb belə mərhəmət göstərdi!

14. İsa hansı yolu seçmişdi və bu yolda necə qala bilmişdi?

14 Həyat tərzi. İsa düzgün yol seçməklə və bu yola bağlı qalmaqla bəsirətli olduğunu göstərmişdi. O, özünü xoş xəbərin təbliğinə həsr etmiş, bu işi həyatının amalı etmişdi (Luka 4:43). İsa həmçinin seçdiyi yola bağlı qalmışdı. O, elə qərarlar qəbul edirdi ki, bu işdən yayınmasın və onu layiqli şəkildə başa çatdırsın. O, vaxtını və gücünü xidmətə sərf etmək üçün hikmətlə davranıb sadə həyat sürürdü (Luka 9:58). Məsih dərk edirdi ki, ölümündən sonra bu işin davam etməsi üçün şagirdlərinə təlim verməlidir (Luka 10:1—12; Yəh. 14:12).  İsa «bu dövrün yekununa kimi» təbliğ işinə rəhbərlik edəcəyini şagirdlərinə vəd etmişdi (Mət. 28:19, 20).

İSA KİMİ BƏSİRƏTLİ OLUN

İnsanların maraq dairəsini duymağa çalışın və onların tələbatlarına uyğun sözlər seçin (15-ci abzasa baxın)

15. Bəsirətli olduğumuzu sözlərimizlə necə göstərə bilərik?

15 Gəlin görək biz İsaya daha necə bənzəyə bilərik. Sözlərimizlə. Bacı-qardaşlarımızla söhbət edərkən biz onları sarsıdan yox, möhkəmləndirən sözlər deməliyik (Efes. 4:29). İnsanlarla Allahın Padşahlığı haqda danışanda sözlərimiz «duzlu, ürəkaçan» olmalıdır (Kol. 4:6). Həmsöhbətimizin tələbatlarını, maraq dairəsini duymağa, sonra isə buna uyğun danışmağa çalışmalıyıq. Biz heç vaxt yaddan çıxarmırıq ki, dediyimiz xoş sözlər insanların ürəyini həqiqətə aça bilər. Üstəlik, etiqadımızı izah edərkən biz sözü Müqəddəs Kitaba veririk. Mötəbər bir mənbə kimi ondan sitat gətirir, imkan yarananda ayələr oxuyuruq. Biz dərk edirik ki, Müqəddəs Kitabın sözü bizim hər sözümüzdən qat-qat kəsərlidir (İbr. 4:12).

16, 17. a) Hirslənməyə tələsmədiyimizi və dərrakəli olduğumuzu necə göstərə bilərik? b) Diqqətimizi xidmətə necə cəmləyə bilərik?

16 Hisslərimiz və əhval-ruhiyyəmiz. Bəsirət bizə hisslərimizi cilovlamağa və hirslənməyə tələsməməyə kömək edir (Yaq. 1:19). Kimsə xətrimizə dəyəndə biz onun sözlərinin və hərəkətlərinin səbəbini başa düşməyə çalışırıq. Belə edəndə hirsimiz soyuyur və biz həmin adamın günahının üstündən keçirik (Məs. 19:11). Bəsirət həmçinin bizə dərrakəli olmağa kömək edir. Belə ki, biz bacı-qardaşlarımıza qarşı tələbkar olmuruq və heç vaxt yaddan çıxarmırıq ki, bəlkə də, onlar bizim axıra kimi başa düşmədiyimiz çətinliklərlə üzləşirlər. Onların fikrini dinləyir və lazım gələrsə, güzəştə gedirik (Filip. 4:5).

17 Həyat tərzimizlə. İsanın davamçısı olan bizlər dərk edirik ki, bu dünyada müjdəni təbliğ etməkdən şərəfli iş yoxdur. Diqqətimizi xidmətə cəmləməyə kömək edən qərarlar veririk və bu, bizə Məsihin davamçısı olaraq qalmağa kömək edir. Biz ruhani işləri həyatımızda hər şeydən üstün tuturuq, həmçinin sadə yaşayırıq ki, son gəlməmişdən əvvəl özümüzü ən vacib iş olan təbliğ işinə tamamilə həsr edək (Mət. 6:33; 24:14).

18. Xilasa aparan yoldan sapmamaq üçün nə edə bilərik və siz nə etməyə qəti qərarlısınız?

18 İsanın gözəl xüsusiyyətlərindən bəzilərini nəzərdən keçirmək necə də xoş oldu. Görün onun digər xüsusiyyətləri barədə və ona bənzəmək üçün daha nə edə biləcəyimiz haqda öyrənsək, nə qədər xeyir taparıq. Buna görə də gəlin İsanın izləri ilə getməyə qətiyyətli olaq. Belə etsək, xilasa gedən yoldan sapmayacaq və İsa Məsihin mükəmməl şəkildə təqlid etdiyi Yehova Allaha daha da yaxınlaşacağıq.

^ abz. 2 1 Butrus 1:8, 9 ayələri göylər ümidinə malik olan məsihilər üçün yazılsa da, bu sözlər yerdə əbədi yaşamağa ümid edən insanlara da aiddir.

^ abz. 9 Əzablar qarşısında cəsarət göstərən həmimanlılarımızın nümunələri üçün baxın: «Gözətçi qülləsi» 2000-ci il 1 dekabr, səhifə 24—28 (rus.); «Oyanın!» 2003-cü il 22 aprel, səhifə 18—21 (rus.).