Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  yanvar 2015

Qoy Yehova nikahınızı hifz etsin!

Qoy Yehova nikahınızı hifz etsin!

«Şəhəri Rəbb qorumazsa, keşikçilər boş yerə orada gözlər» (MƏZ. 127:1b).

1, 2. a) Nəyə görə 24 000 israilli gözəl nemətlərdən məhrum oldu? b) Qədimdə baş vermiş bu hadisə nəyə görə bizim üçün əhəmiyyət kəsb edir?

İSRAİL xalqı vəd edilmiş diyara girmək üzrə idi. Belə bir məqamda on minlərlə israilli «Moav qızları ilə zina [etdi]». Nəticədə, 24 000 nəfər Yehovanın qəzəbinə tuş gəlib həyatını itirdi. Təsəvvür edin, israillilərin həsrətlə gözlədikləri mirası almalarına lap az qalmışdı. Ancaq onlar ehtiraslarının badına gedib özlərini gözəl nemətlərdən məhrum etdilər (Say. 25:1—5, 9).

2 Bu faciəvi hadisə «dövrlərin sonunda yaşayan bizləri qorumaq məqsədilə yazılıb» (1 Kor. 10:6—11). Bu gün biz axır günlərin sonunda yaşayırıq və salehliyin hökm sürəcəyi yeni dünyanın astanasındayıq (2 Tim. 3:1; 2 Pet. 3:13). Amma təəssüflər olsun ki, Yehovanın xidmətçilərindən bəziləri öz sayıqlıqlarını itirirlər. Onlar əxlaqsızlıq tələsinə düşür və bunun acı nəticələrini biçirlər. Belə davam etsələr, onlar əbədi xeyir-dualardan məhrum ola bilərlər.

3. Ər-arvadlar nə üçün Yehovanın rəhbərliyinə və köməyinə ehtiyac duyurlar? (Məqalənin əvvəlindəki şəklə baxın.)

 3 Bu gün dünyada əxlaqsızlıq baş alıb gedir. Belə bir dünyada nikahı qorumaq üçün ər-arvadların Yehovanın rəhbərliyinə və köməyinə böyük ehtiyacı var. (Məzmur 127:1 ayəsini oxuyun.) Bu məqalədə araşdıracağıq ki, ər-arvadlar ürəklərini qorumaqla, Allahla sıx münasibət qurmaqla, yeni şəxsiyyətə bürünməklə, xoş ünsiyyət yaratmaqla və ər-arvadlıq borcunu ödəməklə nikahlarını necə möhkəmləndirə bilərlər.

ÜRƏYİNİZİ QORUYUN

4. Bəzi məsihçilərin günaha batmasına nə səbəb olmuşdur?

4 Necə ola bilər ki, məsihçi əxlaqsızlığa yol versin? Əxlaqsızlıq uçurumuna aparan yol çox vaxt gözlərdən başlayır. İsa Məsih demişdi: «Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Mat. 5:27, 28; 2 Pet. 2:14). Bu gün günaha yol vermiş məsihçilərin çoxu əvvəlcə əxlaqi sayıqlığı itirmişlər. Bəzilərində sayıqlığı itirməyə səbəb pornoqrafiyaya baxmaq, erotik ədəbiyyatlar oxumaq, İnternetdə biabırçı videolar izləmək olmuşdur. Digərləri isə açıq-saçıq filmlərə, tamaşalara və televiziya proqramlarına aludə olmuş, yaxud gecə klublarına, striptiz şoulara və ya ehtiras oyadan masajlara getmişlər.

5. Nəyə görə ürəyimizi qorumalıyıq?

5 Bəzi ailəli insanlar diqqəti həyat yoldaşından yox, özgəsindən gözlədikləri üçün günaha sürüklənmişlər. Bu dünyada insanlar özlərini cilovlamır, hər cür əxlaqsızlıqla məşğul olurlar. Belə mühitdə hiyləgər, çarəsi olmayan ürəkdə başqasına qarşı romantik hisslərin oyanması çox asandır. (Yeremya 17:9, 10 ayələrini oxuyun.) Bəli, İsa Məsihin dediyi kimi «pis fikirlər, qətl, zina, cinsi əxlaqsızlıq... ürəkdən çıxır» (Mat. 15:19).

6, 7. a) Hiyləgər ürək adamı günahlı yola necə sürükləyə bilər? b) Əxlaqsız hərəkətin qarşısını necə almaq olar?

6 Bir-birinə meyil salan iki nəfərin hiyləgər ürəyində yanlış istəklər kök atanda bir də ayılırlar ki, həyat yoldaşları ilə danışmalı olduqları mövzunu bir-birləri ilə bölüşürlər. Onlar daha çox bir yerdə olmağa fürsət axtarır, «təsadüf» donu geyindirdikləri görüşlərin sayını getdikcə artırırlar. Hisslər alışdıqca əxlaqi sayıqlıq zəifləyir. Günahlı yolda irəlilədikcə, düzgün iş tutmadıqlarını dərk etsələr də, dayanmaq onlar üçün çətin olur (Sül. məs. 7:21, 22).

7 Yanlış istəklər və ünsiyyət gücləndikcə, onlar əl-ələ tutmağa, bir-birini oxşamağa, öpüşməyə, ehtirasla qucaqlaşmağa və başqa cür nəvaziş göstərməyə başlayırlar. Halbuki bu kimi hərəkətlər yalnız həyat yoldaşı ilə münasibətdə yolveriləndir. Bu hərəkətləri etdikcə onların ruhaniliyi tənəzzülə uğrayır. Nəticədə onlar nəfsin toruna düşürlər. Və bu «nəfs boylu qalıb günah doğur», yəni əxlaqsızlıq baş verir (Yaq. 1:14, 15). Çox heyif! Əgər onlar nikahın müqəddəsliyinə Yehovanın gözü ilə baxsaydılar, bu cür acınacaqlı hal da baş verməzdi. Bəs nikaha Yehovanın gözü ilə baxmaq üçün nə etmək olar?

ALLAHLA SIX MÜNASİBƏT QURUN

8. Yehova ilə dostluq əxlaqi cəhətdən təmiz qalmağa necə kömək edir?

8 Məzmur 97:10 ayəsini oxuyun. Yehova Allahla dostluq əxlaqi cəhətdən təmiz qalmaq üçün olduqca vacibdir.  Allahın gözəl keyfiyyətləri haqda öyrəndikcə, «sevimli övladları» kimi Ona bənzəməyə və məhəbbət yolunda yeriməyə çalışdıqca «cinsi əxlaqsızlığı, hər cür natəmizliyi» rədd etməyə qətiyyətli olacağıq (Efes. 5:1—4). Allahın «əxlaqsızları və zinakarları mühakimə» edəcəyini bilən ər-arvadlar cidd-cəhdlə çalışırlar ki, nikahlarına hörmət edib onu ləkəsiz saxlasınlar (İbr. 13:4).

9. a) Yusif əxlaqsız təklifə necə qarşı durdu? b) Yusifdən biz nə öyrənirik?

9 Allahın sadiq xidmətçilərindən bəziləri imanlarına şərik olmayan iş yoldaşları ilə işdən sonra vaxt keçirdikləri üçün əxlaqi sayıqlıqlarını itirmişlər. Hətta iş vaxtı da günaha sürükləyən vəziyyətlər yarana bilər. Məsələn, qədimdə yaşamış Yusif adlı yaraşıqlı bir gənc işlədiyi yerdə belə vəziyyətlə rastlaşmışdı. Ağasının arvadının Yusifə gözü düşmüşdü. Hər gün onu yoldan çıxarmağa çalışırdı. Qadın axırda onun paltarından yapışıb: «Mənimlə yat!» — dedi. Amma Yusif onun əlindən qaçdı. Bu cür vəziyyətdə Yusifə ruhani sayıqlığını qorumağa nə kömək etdi? O, Allahla münasibətlərini korlamaq istəmirdi və bu, ona təmizliyini və nöqsansızlığını qorumağa kömək etdi. Yusif tutduğu bu mövqeyə görə işini itirdi və nahaqdan zindana salındı. Amma Yehova ona yar oldu (Yar. 39:1—12; 41:38—43). İstər işdə olsun, istərsə də təklikdə ailəli məsihçi yol verməməlidir ki, onu əxlaqsızlığa sürükləyən vəziyyət yaransın.

YENİ ŞƏXSİYYƏTƏ BÜRÜNÜN

10. Yeni şəxsiyyət insana əxlaqı qorumağa necə kömək edir?

10 Yeni şəxsiyyət «Allahın iradəsi ilə həqiqi salehlik və sədaqət içində» yaradıldığı üçün ər-arvadın ruhaniliklərini möhkəmləndirmələrində böyük rol oynayır (Efes. 4:24). Yeni şəxsiyyətə bürünənlər bədənlərinin «üzvlərindəki meyilləri — cinsi əxlaqsızlığa, natəmizliyə, şəhvətə, ehtirasa və bütpərəstlik olan tamahkarlığa meyilləri» öldürürlər. (Koloslulara 3:5, 6 ayələrini oxuyun.) «Öldürmək» sözü göstərir ki, bədənin istəklərinə qarşı mübarizədə sərt tədbirlər görməliyik. Həyat yoldaşımız olmayan insana qarşı bizdə ehtiras yarada biləcək hər şeydən uzaq qaçmalıyıq (Əyy. 31:1). Bəli, həyatımızı Allahın iradəsinə uyğunlaşdırdıqca biz «pislikdən ikrah [etməyi], yaxşılıqdan bərk [yapışmağı]» öyrənirik (Rom. 12:2, 9).

11. Yeni şəxsiyyət nikahı necə möhkəmləndirə bilər?

11 Yeni şəxsiyyət onu Yaradan Yehova Allahın şəxsiyyətini əks etdirir (Kolos. 3:10). Ərlə arvad «daxildən gələn şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, həlimliyi və səbiri» geyinib əxlaqi sayıqlıqlarını möhkəmləndirsələr, gör onların ailəsi necə xoşbəxt olar! (Kolos. 3:12). «Məsihin verdiyi qəlb rahatlığı» ürəklərində hakim olarsa, ər-arvad münasibətləri daha da möhkəmlənər (Kolos. 3:15). Ər-arvad bir-birinə nəvazişlə məhəbbət bəsləyəndə isə xoşbəxtlikləri birə-beş artar. Bir-birini hörmətdə qabaqlamaq onlara xoş olar (Rom. 12:10).

12. Sizcə, nikahın xoşbəxt olması üçün hansı xüsusiyyətlər vacibdir?

12 Sid adlı bir qardaşdan soruşanda ki, onun ailəsinin xoşbəxt olmasına hansı xüsusiyyətlər kömək edir, o demişdi: «Ən vacibi məhəbbətdir. Biz həmişə məhəbbət göstərməyə çalışırıq.  Həlimlik də çox vacibdir». Onunla eyni fikirdə olan həyat yoldaşı Sonya deyir: «Qayğıkeş olmaq olduqca zəruridir. Bir də ki, təvazökarlıq. Həmişə asan olmasa da, çalışırıq ki, bu xüsusiyyəti yaddan çıxarmayaq».

ÜNSİYYƏTİNİZİ XOŞ EDİN

13. Xoşbəxt nikahda nəyin rolu əvəzsizdir və nə üçün?

13 Sözsüz ki, xoşbəxt nikahda mehriban ünsiyyətin rolu əvəzsizdir. Bəzi ailələrdə acınacaqlı vəziyyət hökm sürür: ər-arvad yad adamla, hətta evdəki it-pişiklə daha hörmətcil rəftar edir, nəinki bir-biri ilə. Ərlə arvad bir-birlərinə «kin, hirs, qəzəb, qışqırıq, təhqiramiz danışıq» yağdıranda nikaha ruhani cəhətdən zərbə vururlar (Efes. 4:31). Gedib-gəlib bir-birini tənqid edərək, bir-birini sancaraq nikahı bərbad hala salmaqdansa, yaxşı olar ki, onlar xoş, mehriban, nəvazişli sözlərlə münasibətlərini möhkəmləndirsinlər (Efes. 4:32).

14. Ər-arvad arasında nəyə yer yoxdur?

14 Müqəddəs Kitabda deyilir ki, «susmağın öz vaxtı» var (Vaiz 3:7). Bu o demək deyil ki, biz qara sükuta qərq olmalıyıq. Çünki belə sükut danışıb problemi həll etməyə mane olur. Almaniyada yaşayan bir qadın bölüşür: «Belə vəziyyətdə susmaq həyat yoldaşını bərk incidə bilər». Ancaq o, əlavə edərək deyir: «Hirsli vaxtda sakit qalmaq asan olmasa da, özündən çıxmaq da düzgün deyil. Yoxsa, qeyri-iradi olaraq elə söz deyə və ya elə hərəkət edə bilərsən ki, bu, həyat yoldaşını yaralaya bilər. Və işlər daha da korlanar». Ərlə arvad qışqırmaqla, bir-birindən küsməklə problemi həll edə bilməzlər. Əksinə, mübahisələrin adi hal almasına və ya uzandıqca uzanmasına yol verməməklə onlar nikahlarını möhkəmləndirə bilərlər.

15. Xoş ünsiyyət nikahı necə sarsılmaz edə bilər?

15 Ərlə arvad fikirlərini və hisslərini bir-biri ilə bölüşəndə ailə bağı möhkəmlənir. Sözü necə deməyimiz deməyimiz  qədər vacibdir. Buna görə də hətta çətin vəziyyətlərdə də, çalışın həm səs tonunuz, həm də seçdiyiniz sözlər ürəkaçan olsun. Bu halda həyat yoldaşınıza sizə qulaq asmaq asan olacaq. (Koloslulara 4:6 ayəsini oxuyun.) Ər və ya arvad həyat yoldaşına fayda gətirsin deyə «ancaq zərurətə görə imanı möhkəmləndirən söz» söyləyə və bununla da aralarında xoş ünsiyyət yarada bilər. Bu isə onların nikahını sarsılmaz edəcək (Efes. 4:29).

Ərlə arvad xoş ünsiyyət qurmaqla nikahlarını möhkəm edə bilər (15-ci abzasa baxın)

ƏR-ARVADLIQ BORCUNU ÖDƏYİN

16, 17. Ərlə arvad bir-birinin emosional və cinsi tələbatlarına necə yanaşmalıdır?

16 İnsan öz həyat yoldaşının rifahını özününkündən üstün tutmaqla onun xeyrini düşünə bilər. Nikah bağını möhkəmləndirən amillərdən biri də budur (Filip. 2:3, 4). Həm ər, həm də arvad öz həyat yoldaşının emosional və cinsi tələbatlarına qarşı həssas olmalıdır. (1 Korinflilərə 7:3, 4 ayələrini oxuyun.)

17 Əfsuslar olsun ki, bəziləri həyat yoldaşına nə nəvaziş göstərir, nə də onunla yaxınlıq edir. Bəzi kişilər düşünür ki, arvadına nəvaziş göstərmək kişiyə yaraşmaz. Ancaq Müqəddəs Kitab ərləri təşviq edir ki, həyat yoldaşları ilə anlayışla davransınlar (1 Pet. 3:7). Ər başa düşməlidir ki, ər-arvadlıq borcu təkcə intim münasibəti özünə daxil etmir. Ərindən başqa vaxtlarda da məhəbbət və nəvaziş görən qadın, sözsüz ki, aralarındakı intim münasibətdən də zövq alacaq. Həm ər, həm də arvad anlayışla davransa, bir-birinin emosional və cinsi tələbatlarını ödəyə bilər.

18. Ərlə arvad nikah bağını necə möhkəmləndirə bilər?

18 Düzdür, xəyanətə heç nə ilə bəraət qazandırmaq olmaz. Lakin həyat yoldaşından nəvaziş görməyən insan məhəbbəti və doğma münasibəti kənarda axtara bilər (Sül. məs. 5:18; Vaiz 9:9). Buna görə də Müqəddəs Kitab ər-arvadları təşviq edir: «Bir-birinizi ər-arvadlıq borcundan məhrum etməyin. Bu münasibətləri yalnız ikinizin də razılığı ilə... müəyyən müddətə saxlaya bilərsiniz. Sonra yenidən bir yerdə olun ki, nəfsinizə hakim ola bilmədiyinizdən Şeytan sizi imtahana çəkməsin» (1 Kor. 7:5). Kiminsə öz nəfsinə hakim ola bilməyib Şeytana uyması və əxlaqsızlıq etməsi necə də acınacaqlı olardı. Bunun əksinə olaraq, ər də, arvad da öz xeyrini yox, başqasının xeyrini düşünəndə, ər-arvadlıq borcuna yük kimi yox, məhəbbətin təzahürü kimi baxanda onların intim münasibəti nikah bağını daha da möhkəm edəcək (1 Kor. 10:24).

NİKAHINIZI QORUYUN

19. Biz nə etməyə əzmli olmalıyıq və nə üçün?

19 Biz salehliyin hökm sürəcəyi yeni dünyanın astanasındayıq. Buna görə də bədənin istəklərinə təslim olmaq Moav düzənliyində məhv olan 24 000 israilli kimi, bizə də baha başa gələ bilər. Allahın Kəlamında bu biabırçı və faciəvi hadisəyə istinad edildikdən sonra xəbərdarlıq edilir: «Möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın» (1 Kor. 10:12). Odur ki, səmavi Atamıza və həyat yoldaşımıza sadiq qalaraq nikahı möhkəmləndirmək son dərəcə vacibdir (Mat. 19:5, 6). Gəlin indi həmişəkindən də çox çalışaq ki, «Allah [bizi] axırda ləkəsiz, qüsursuz və əmin-amanlıq içində yaşayan tapsın» (2 Pet. 3:13, 14).