Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2015

Qoy məhəbbətiniz tükənməsin!

Qoy məhəbbətiniz tükənməsin!

«[Məhəbbətin] alovu alışıb-yanır; Yahın alovudur» (NƏĞMƏ. N. 8:6, YENİ DÜNYA TƏRCÜMƏSİ).

1, 2. «Nəğmələr nəğməsi» kitabını nəzərdən keçirmək kimlər üçün faydalı ola bilər və nəyə görə? (Məqalənin əvvəlindəki şəklə baxın.)

«ONLARIN sevgisi baxışlarından görünür. Gör necə nəvazişlə əl-ələ tutublar! Heç kim onların məhəbbətini dana bilməz!» Bu fikir bəylə gəlinin nikah məruzəsini söyləyən ağsaqqalın ağlından keçir. Ağsaqqal rəqs edən təzəbəylə gəlinə baxa-baxa düşünür: «Görəsən, onların nikahı zamanın sınağından keçəcək? İllər ötdükcə onların məhəbbəti güclənəcək, yoxsa buxarlanıb yoxa çıxacaq?» Kişi ilə qadın arasındakı məhəbbətin əsil gözəlliyi onun sarsılmaz və sönməz olmasındadır. Bu gün bu qədər çox nikahın dağıldığını görəndə, haqlı olaraq belə bir sual yaranır: görəsən, məhəbbət tükənməz ola bilər?

2 Hətta qədim İsrailin padşahı Süleymanın dövründə belə əsil məhəbbətə nadir hallarda rast gəlinirdi. Süleyman padşah dövrünün əxlaqi vəziyyətini belə təsvir etmişdi: «Min kişinin içində bir yaxşısını tapdım, amma bu qədər qadının içində bir yaxşısını tapmadım. Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, onlar isə qarışıq fikirlərə düşdü» (Vaiz 7:26—29). Süleyman padşahın dövründə, əsas etibarilə, Baala ibadət edən yadelli qadınların təsiri altında əxlaq normaları dəyərini o qədər itirmişdi ki, əxlaqlı  kişiyə və ya qadına rast gəlmək müşkül məsələ idi *. Amma bu sözləri deməzdən təxminən 20 il əvvəl Süleymanın yazdığı «Nəğmələr nəğməsi» kitabından görünür ki, kişi ilə qadın arasında sarsılmaz məhəbbət ola bilər. Həmçinin bu kitabda bu cür məhəbbətin necə olduğu və necə təzahür edildiyi aydın təsvir olunur. Yehovanın həm evli, həm də subay xidmətçiləri bu kitabı diqqətlə nəzərdən keçirib belə məhəbbət haqda çox şey öyrənə bilərlər.

ƏSİL MƏHƏBBƏT MÜMKÜNDÜR!

3. Nə üçün kişi ilə qadın arasında əsil məhəbbətin olması mümkündür?

3 Nəğmələr nəğməsi 8:6 ayəsini oxuyun. Məhəbbəti təsvir edən «Yahın alovu» ifadəsində dərin məna gizlənib. Əsil məhəbbət o mənada «Yahın alovudur» ki, bu cür məhəbbətin mənbəyi Yehovadır. O, insanı Özünə bənzər, sevmək qabiliyyəti ilə yaradıb (Yar. 1:26, 27). Allah ilk qadını, Həvvanı yaradıb Adəmə verəndə o, öz hisslərini şairanə sözlərlə ifadə etdi. Sözsüz ki, Həvva da götürüldüyü insana, Adəmə qarşı doğmalıq hiss etdi (Yar. 2:21—23). Yehova insanları sevmək qabiliyyəti ilə yaratdığından kişi ilə qadın arasında sarsılmaz və tükənməz məhəbbətin olması mümkündür.

4, 5. «Nəğmələr nəğməsi» kitabı nədən bəhs edir?

4 Kişi ilə qadın arasındakı məhəbbətin sarsılmaz və daimi olmaqdan başqa digər yönləri də var. «Nəğmələr nəğməsi» kitabında məhəbbətin bu yönləri gözəl şəkildə təsvir olunub. Bu kitab sözləri opera mətninə bənzəyən nəğmə şəklində yazılıb və Şunem, yaxud Şulem kəndindən olan gənc qızla çobanın eşq hekayəsidir. Süleyman padşah düşərgəsinin yaxınlığındakı üzümlüklərin qarovulunu çəkən bu qızın gözəlliyinə məftun olub onu öz düşərgəsinə gətizdirir. Lakin elə əvvəldən məlum olur ki, qız çobana aşiqdir. Süleyman onun ürəyini fəth etməyə çalışsa da, qız sevgilisinə qovuşmağın həsrətində olduğunu açıq-aydın söyləyir (Nəğmə. n. 1:4—14). Çoban düşərgəyə yol tapır və orada onlar bir-birinə könül oxşayan sözlər deyirlər (Nəğmə. n. 1:15—17).

5 Süleyman padşah qızı götürüb Yerusəlimə qayıdır. Çoban da qızın dalınca gedir (Nəğmə. n. 4:1—5, 8, 9). Padşahın qızın könlünü ovsunlamaq cəhdləri boşa çıxır (Nəğmə. n. 6:4—7; 7:1—10). Axırda padşah qızı evinə buraxır. Nəğmənin sonunda qız sevgilisinin ahu kimi qaçıb onu qarşılamağa gəlməsini arzulayır (Nəğmə. n. 8:14).

6. Bu əsərdə danışanları müəyyən etmək nəyə görə çətindir?

6 Süleymanın «Nəğmələr nəğməsi» kitabı dərin mənalı və gözəl əsərdir. Lakin bu nəğmədə dialoqların, monoloqların və röyaların kimə aid olduğunu müəyyənləşdirmək çətindir (Nəğmə. n. 1:1). Bir lüğətə əsasən, «bu kitabda əsas məsələ mövzu, hadisələrin nəqli və personajlar kimi amillər deyil» («The New Interpreter’s Dictionary of the Bible»). Əsərin lirik və poetik üslubunu pozmamaq üçün danışanların adı çəkilmir. Ancaq kimin nə dediyini personajların dediyi və onlara ünvanlanan sözlərdən bilmək olur.

 «NƏVAZİŞLƏRİN ŞƏRABDAN ŞİRİNDİR»

7, 8. «Nəğmələr nəğməsi» kitabında yazılan nəvazişli sözlər barədə nə demək olar? Nümunələr çəkin.

7 «Nəğmələr nəğməsi» kitabı qızla çobanın bir-birinə dediyi nəvazişli sözlərlə doludur. Təxminən 3000 il bundan əvvəlki şərq təfəkkürünü əks etdirən bu sözlər müasir oxucuya qəribə gələ bilər. Amma bu sözlərdəki dərin məna və hisslər bizə yad deyil. Məsələn, çoban yarına «göyərçin gözlü» deyib onun mehriban, füsunkar gözlərini vəsf edir (Nəğmə. n. 1:15). Qız isə onun gözlərini göyərçinin gözlərinə yox, göyərçinin özünə bənzədir. (Nəğmələr nəğməsi 5:12 ayəsini oxuyun.) Qızın nəzərində oğlanın gözünün qara giləsi süddə yuyunan göyərçinə oxşayır.

8 Nəğmədə yalnız zahiri gözəllik vəsf edilmir. Məsələn, gəlin görək çoban qızın dediyi sözlər barədə nə deyir. (Nəğmələr nəğməsi 4:7, 11 ayələrini oxuyun.) Oğlan deyir ki, qızın «dodaqlarından şanı balı axır». Adətən, şanı balı çəkilmiş baldan daha şirin və ətirli olur. Qızın dilinin altında bal və südün olması o deməkdir ki, onun sözləri xoşdur, qəlb oxşayır. Sözsüz ki, çoban qıza: «Təpədən dırnağa qədər gözəlsən, yarım, tamamilə eyibsizsən», — deyəndə təkcə onun zahiri gözəlliyini nəzərdə tutmurdu.

9. a) Ərlə-arvad arasındakı məhəbbət özünə nələri daxil edir? b) Nəyə görə ərlə arvadın bir-birinə nəvazişli sözlər deməsi vacibdir?

9 Nikah sevgi-məhəbbətdən kasad razılaşma və ya saziş deyil. Əslində, məhəbbət məsihçi ailəsinin özülünü təşkil edir. Bəs söhbət hansı məhəbbətdən gedir? Müqəddəs Kitab prinsiplərinə əsaslanan məhəbbətdən? (1 Yəh. 4:8). Ailə üzləri arasında olan məhəbbətdən? Əsil dostlar arasında olan səmimi və sədaqətli məhəbbətdən? (Yəh. 11:3). Yoxsa romantik məhəbbətdən? (Sül. məs. 5:15—20). Sözsüz ki, ər-arvad arasında olan əsil və sönməz məhəbbətdə bütün bunlar var. Məhəbbət izhar ediləndə aydın duyulur. Ona görə də ər-arvadın başı gündəlik qayğılara qarışmamalıdır, onlar vaxt tapıb bir-birinə nəvazişli sözlər deməlidir. Bu cür sözlər ailədə əmin-amanlığı, səadəti qorumağa kömək edir. Bəzi xalqlarda oğlana qızı, qıza oğlanı qohumları seçir, buna görə də toy gününə kimi oğlanla qız bir-birini düz-əməlli tanımır. Bu cür qurulan ailələrdə məhəbbəti sözlə ifadə etmək xüsusilə zəruridir. Bu, onların məhəbbətini alovlandırar və nikahlarını möhkəmləndirə bilər.

10. Nəvazişli sözlərin xatirələri nəyə kömək edə bilər?

10 Ərlə arvadın bir-birinə nəvazişli sözlər deməsinin başqa müsbət cəhəti də var. Süleyman padşah şulamlı qıza «düymələri gümüşdən qızıl silsilə» vəd edir, qıza təriflər yağdırır, onun ay tək gözəl, gün tək parlaq olduğunu deyirdi (Nəğmə. n. 1:9—11; 6:10). Ancaq qız sevdiyi çobana vəfalı qaldı. Bəs oğlandan ayrı düşdüyü vaxt qıza güc və təskinlik verən nə idi? Cavabı qız özü deyir. (Nəğmələr nəğməsi 1:2, 3 ayələrini oxuyun *.) Ona kömək edən çobanın nəvazişli sözlərinin xatirələri idi.  Qız üçün bu nəvazişli sözlər ürəkləri xoşhal edən şərabdan şirin idi, oğlanın adı isə onu başa çəkilən ətirli yağdan daha çox rahatlaşdırırdı (Məz. 23:5; 104:15). Bəli, ifadə olunan məhəbbətin xoş xatirələri məhəbbəti möhkəm edə bilər. Ərlə arvadın sevgilərini bir-birilərinə tez-tez ifadə etmələri olduqca vacibdir!

«QƏLBİMDƏ MƏHƏBBƏT... OYATMAYIN, ÖZÜ OYANMAYINCA»

11. Subay məsihçilər şulamlı qızın Yerusəlim qızlarını and verməsindən nə öyrənə bilərlər?

11 Həmçinin subay məsihçilər, xüsusilə də həyat yoldaşı axtaranlar «Nəğmələr nəğməsi» kitabından çox şey öyrənə bilər. Gənc qız Süleyman padşahı sevmirdi. O, Yerusəlim qızlarını and verib dedi: «Qəlbimdə məhəbbət ayıltmayın, oyatmayın, özü oyanmayınca» (Nəğmə. n. 2:7; 3:5, YD). Axı qarşısına çıxan hər adama insanın romantik hisslər bəsləməsi düzgün deyil. Buna görə də yaxşı olar ki, ailə qurmaq istəyən məsihçi qarşısına əsil mənada sevə biləcəyi insan çıxanadək səbirlə gözləsin.

12. Şulamlı qız nəyə görə çobanı sevirdi?

12 Şulamlı qız nəyə görə çobanı sevirdi? Düzdür, oğlan yaraşıqlı idi, «ahuya» bənzəyirdi. Əlləri qızıl budaq kimi qüvvətli idi, qıçları mərmər sütunlar kimi gözəl və möhkəm idi. Ancaq bu cavan sadəcə yaraşıqlı və güclü deyildi. Qızın gözündə sevgilisi bütün oğlanlardan fərqlənirdi, o, «meşədəki ağaclar arasında alma ağacına oxşayır»dı. Əgər Yehovaya sadiq olan bir qız oğlan haqqında belə düşünürdüsə, deməli, bu oğlan Allahı sevən adam idi (Nəğmə. n. 2:3, 9; 5:14, 15).

13. Çoban qızı nə üçün sevirdi?

13 Bəs şulamlı qız haqda nə demək olar? Qızın gözəlliyi həmin vaxt altmış mələkəsi, səksənə yaxın cariyəsi və saysız-hesabsız kənizi olan padşahı valeh etmişdi. Buna baxmayaraq, qız özü haqda deyirdi: «Mən... adi zəfəran gülüyəm» (YD). Qız həddən artıq sadə və təvazökar idi. Təəccüblü deyil ki, çobanın gözündə qız tikanlar arasında zanbaq kimi idi, o, heç də adi gülə bənzəmirdi. Bəli, şulamlı qız Yehovaya sadiq idi (Nəğmə. n. 2:1, 2; 6:8).

14. «Nəğmələr nəğməsi» kitabında təsvir olunan məhəbbət ailə qurmaq istəyən məsihçilərə nə öyrədir?

 14 Müqəddəs Kitabda konkret nəsihət verilir ki, məsihçilər yalnız «Ağamızın xidmətçisi» ilə ailə qursunlar (1 Kor. 7:39). Ailə qurmaq istəyən məsihçi imanına şərik olmayan insanla romantik münasibətlər yaratmır, özü üçün həyat yoldaşını Yehovaya sədaqətlə xidmət edən insanlar arasından seçir. Bundan əlavə, həyatın acı gerçəklikləri qarşısında ailədəki sülhü və ruhani ab-havanı qorumaq üçün iman və Allaha sədaqət tələb olunur. Buna görə də yaxşı olardı ki, məsihçi gələcək həyat yoldaşında bu keyfiyyətləri axtarsın. Çobanla qız da bir-birində məhz bu keyfiyyətləri tapmışdı.

Məsihçilər imanlarına şərik olmayan kəslərlə romantik münasibətlər yaratmırlar (14-cü abzasa baxın)

«NİŞANLIM QIFILLI BAĞ KİMİDİR»

15. Şulamlı qız subaylar üçün nədə nümunədir?

15 Nəğmələr nəğməsi 4:12 ayəsini oxuyun *. Çoban nə üçün sevgilisini qıfıllı bağa bənzədir? Hasara və ya çəpərə alınmış bağa hər adam girə bilməz. Ora ancaq qıfıllı qapını açıb girmək olar. Qız öz ürəyini yalnız gələcək həyat yoldaşı olan çobana verdiyi üçün belə bir bağa bənzədilirdi. Padşahın təkliflərinə uymamaqla o göstərdi ki, taybatay açılan qapı yox, bir hasardır (Nəğmə. n. 8:8—10). Eynilə, imanlı subay məsihçi də öz məhəbbətini gələcək həyat yoldaşı üçün saxlayır.

16. «Nəğmələr nəğməsi» kitabından görüşməklə bağlı nə öyrənmək olar?

16 Gözəl bir yaz günü çoban qızı gəzməyə çağırır. Ancaq qızın qardaşları getməyə icazə vermirlər. Qızı üzümlüklərin qarovulunu çəkməyə göndərirlər. Məgər onlar bacılarına etibar etmirdilər? Yoxsa fikirləşirdilər ki, qızın ürəyindən pis şeylər keçir? Xeyr, onlar sadəcə ehtiyat edirdilər ki, bacıları birdən sayıqlığını itirib yanlış hərəkətə yol verər (Nəğmə. n. 1:6; 2:10—15). Subay məsihçilər bundan nəticə çıxara bilərlər. Görüşən zaman ehtiyatlı olmaq lazımdır ki, münasibətlər ləkələnməsin. Onlar təkliyə çəkilməməlidirlər. Saf nəvazişlər göstərməkdə pis bir şey olmasa da, ehtiyatı əldən vermək olmaz.

17, 18. «Nəğmələr nəğməsi» kitabını nəzərdən keçirməyin sizə hansı faydası oldu?

17 Adətən, məsihçilər bir-birini sevib evlənirlər. Yehova nikahı daimi izdivac olaraq yaradıb. Odur ki, ərlə arvad əllərindən gələni etməlidirlər ki, onların bir-birinə olan məhəbbəti nəinki sönməsin, hətta günü-gündən alovlansın (Mark 10:6—9).

18 Yəqin hər kəs istəyər ki, qarşısına ürəkdən sevə biləcəyi adam çıxsın. Aralarındakı məhəbbət «Nəğmələr nəğməsi»ndəki kimi möhkəm, sönməz olsun. İstər həyat yoldaşı axtaranlara, istərsə də artıq ailəli olanlara arzumuz budur ki, qoy məhəbbətiniz əsil məhəbbət, Yahın alovu olsun! (Nəğmə. n. 8:6).

^ abz. 2 «Gözətçi qülləsi» jurnalının 2007-ci il 15 yanvar sayının 31-ci səhifəsinə (rus.) baxın.

^ abz. 10 Yeni Dünya Tərcüməsi: «Qoy ləblərin məni öpsün, çün nəvazişlərin şərabdan şirindir. Ətirinin qoxusu nə xoşdur, adın başa tökülən ətirli yağ kimidir. Buna görə qızlar sənə aşiqdir».

^ abz. 15 Yeni Dünya Tərcüməsi: «Mənim bacım, nişanlım, qıfıllı bağ kimidir. Qıfıllı bağ, möhürlü bulaq kimidir».