Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2015

Qoy ailəniz xoşbəxt və möhkəm olsun!

Qoy ailəniz xoşbəxt və möhkəm olsun!

«Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər» (MƏZ. 127:1a).

1—3. Ər-arvadlar hansı çətinliklərlə üzləşirlər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

OTUZ SƏKKİZ ildir ki, xoşbəxt ailə həyatı sürən bir kişi deyir: «Ailənin xoşbəxt olmasını ürəkdən istəyirsənsə və bunun üçün əlindən gələni edirsənsə, bil ki, Yehova mütləq sənə dayaq olacaq». Bəli, ərlə arvad ailəni xoşbəxt edə və çətin vaxtlarda bir-birinə dayaq ola bilər (Sül. məs. 18:22).

2 Amma bir fakt danılmazdır ki, ailə quran adamlar «həyatda yeni çətinliklərlə» üzləşirlər (1 Kor. 7:28). Gündəlik qayğılar nikahda gərginlik yaradır. Əksər ailələrdə ərlə arvad arasında ünsiyyət problemi var, onlar ya sözləri ilə bir-birini incidir, ya bir-birini düz başa düşmür, ya da əməlli-başlı söhbət edə bilmirlər (Yaq. 3:2, 5, 8). Bir çox ailələrdə ərlə arvad bilmir neçə yerə bölünsün, bir tərəfdən iş, digər tərəfdən uşaqlar. Gərginlik və yorğunluq ucbatından bəziləri üçün ailəyə vaxt ayırmaq müşkül məsələyə çevrilib. Maddi sıxıntı, xəstəlik və digər çətinliklər bəzi ailələrdə ərlə arvad arasında məhəbbət və hörmətdən əsər-əlamət qoymayıb. Elə ailələr də var ki, kənardan möhkəm görünür, amma «günahlı bədənin əməlləri» — əxlaqsızlıq,  pozğun davranış, ədavət, çəkişmə, paxıllıq, didişmə, fikir ayrılığı onları içəridən yeyib-bitirir (Qalat. 5:19—21).

3 Hələ bu, azmış kimi, axır günlərə xas olan xudbinlik və allahsızlıq ailəni tar-mar edir (2 Tim. 3:1—4). Üstəlik, ailələr qəddar bir düşmənin səngimək bilməyən həmlələrinə məruz qalır. Həvari Peter xəbərdarlıq etmişdi: «Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 Pet. 5:8; Vəhy 12:12).

4. Xoşbəxt və möhkəm nikaha sahib olmaq necə mümkündür?

4 Yaponiyada yaşayan bir kişi bölüşür: «Maddi cəhətdən sıxıntı çəkirdim. Arvadımla düz-əməlli söhbət etmirdim deyə, o da gərgin idi. Bir tərəfdən də, bərk xəstələndi. Yaşadığımız bu gərginlik bəzən dava-dalaşa gətirib çıxarırdı». Unutmayaq ki, ailədə çətinliklər qaçılmaz olsa da, aşılmaz deyil. Ər-arvad Yehovanın köməyilə, ailəni xoşbəxt və firavan yuvaya çevirə bilər. (Məzmur 127:1 ayəsini oxuyun.) İndi gəlin möhkəm və uzunömürlü nikah «tikmək» üçün lazım olan «daşlardan» beşini nəzərdən keçirək. Və görək məhəbbət bu «daşları» bir-birinə necə bərkidə bilər.

NİKAHINIZDA YEHOVAYA YER VERİN

5, 6. Ərlə arvad nikahlarında Yehovaya necə yer verə bilərlər?

5 Nikahın möhkəmliyi üçün ən əsas «daş» ailənin banisi olan Allaha sədaqət və itaətdir. (Vaiz 4:12 ayəsini oxuyun.) Ərlə arvad nikahlarında Yehovaya yer vermək üçün Onun öyüd-nəsihətinə riayət etməlidir. Keçmişdə Allah xalqına demişdi: «Sağa ya sola azdığınız vaxt arxanızdan “Yol budur, gedin bu yolla” deyilən səsi eşidəcəksiniz» (Yeşaya 30:20, 21). Bu gün ərlə arvad Yehovanın Kəlamını birlikdə oxumaqla Onun səsini eşidə bilər (Məz. 1:1—3). Onlar maraqlı, ruhani təravət gətirən ailəvi ibadət keçirməklə də nikahı möhkəmləndirə bilərlər. Hər gün birgə dua etməyin isə öz yeri var. Çünki dua nikahı Şeytan dünyasından qorumaq üçün bir sipərdir.

Ərlə arvad ruhani işləri bir yerdə görməklə Allahla və bir-biri ilə münasibətlərini daha da möhkəm və dəyərli edirlər (5, 6-cı abzaslara baxın)

6 Almaniyada yaşayan Qerhard deyir: «Hansısa narahatçılıq və ya anlaşılmazlığa görə evdə qanqaraçılıq düşəndə Allahın Kəlamındakı məsləhətlər köməyimizə çatır, bizə səbirli olmağı, səhvlərə göz yummağı öyrədir. Ailənin xoşbəxtliyi üçün bunlar mütləqdir». Deməli, ərlə arvad Yehovanın onların nikahında həmişə olması üçün var gücləri ilə çalışmalı, ruhani işləri bir yerdə görməlidirlər. Bu isə onların Allahla və bir-biri ilə münasibətlərini daha da möhkəm və dəyərli edər.

ƏRLƏR, İSA KİMİ BAŞÇI OLUN

7. Ər necə başçı olmalıdır?

7 Ərin necə başçı olması nikahın xoşbəxt və möhkəm olmasına bilavasitə təsir edir. Müqəddəs Kitabda deyilir ki, «hər kişinin başı Məsih, qadının başı kişi»dir (1 Kor. 11:3). Bu ayəni tam oxuyanda ərlərin necə başçı olmalı olduğunu görürük, yəni Məsih onların üzərində necə başçıdırsa, onlar da elə başçı olmalıdır. İsa heç vaxt zalım, kobud olmayıb, o, həmişə mehriban, xeyirxah, mülayim, həlim və qəlbən təvazökar olub (Mat. 11:28—30).

8. Ər arvadının sevgisini və hörmətini necə qazana bilər?

8 Məsihçi ər dəqiqəbaşı həyat yoldaşından hörmət tələb etmir. Əksinə, onunla «biliyə əsasən», yəni anlayışla  davranır. Qadın «daha zəif olub zərif bir qaba bənzədiyi» üçün onu qiymətləndirir (1 Pet. 3:7). O istər başqalarının yanında, istərsə də təklikdə arvadı ilə hörmətlə danışır, nəvazişlə davranır. Və bununla göstərir ki, arvadı onun üçün əzizdir (Sül. məs. 31:28). Bu cür başçılıq edən ər arvadının məhəbbətini və hörmətini qazanır, eləcə də ailəsinə Allahın xeyir-duasını gətirir.

QADINLAR, İTAƏTKAR OLUN

9. Qadın itaətkar olduğunu necə göstərə bilər?

9 Yehovaya qarşı ülvi məhəbbət hamımıza Ona boyun əyməyə kömək edir (1 Pet. 5:6). İtaətkar qadın Yehovanın hakimiyyətinə hörmət etdiyini, əsas etibarilə, ərinə dayaq və dəstək olmaqla göstərə bilər. Müqəddəs Kitabda deyilir: «Ey arvadlar, ərlərinizə Ağanın davamçılarına yaraşan tərzdə tabe olun» (Kolos. 3:18). Düzdür, ərin verdiyi bütün qərarlar qadının ürəyincə olmur. Ancaq ərin qərarı Allahın əmrlərinə zidd getmirsə, itaətkar qadın verilən qərarla sevə-sevə razılaşır (1 Pet. 3:1).

10. İtəatkarlıq nəyə görə zəruridir?

10 Qadın ailədə şərəfli yer tutur: o, ərinə yoldaşdır (Mal. 2:14). Ailədə qərar verilərkən o, öz fikirlərini və hisslərini hörmətlə ifadə edir, bununla belə itaətkarlığı yaddan çıxarmır. Ağıllı ər də arvadının dediklərinə diqqətlə qulaq asır (Sül. məs. 31:10—31). İtəatkarlıq ailədə xoş ab-hava və mehribançılıq yaradır. Ərlə arvad isə Yehova Allahı razı saldıqları üçün məmnunluq duyur (Efes. 5:22).

BİR-BİRİNİZİ ÜRƏKDƏN BAĞIŞLAYIN

11. Bağışlamaq nəyə görə vacibdir?

11 Nikahın sarsılmaz olması üçün vacib olan digər bir «daş» bağışlamaqdır. Ərlə arvad bir-birinə qarşı səbirli olub, bir-birini ürəkdən bağışlayanda nikah bağı möhkəmlənir (Kolos. 3:13). Amma onlar olub-keçənləri unutmayanda, gedib-gəlib bir-birinin başına qaxanda  münasibətlər korlanır. Binada yaranan çatlar onu qəzalı vəziyyətə saldığı kimi, inciklik və kin-küdurət də bağışlamağı çətinləşdirir. Lakin Yehova onları bağışladığı kimi, ərlə arvad da bir-birini bağışlayanda nikah bağı möhkəm olur (Mik. 7:18, 19).

12. Məhəbbət bir çox günahın üstünü necə örtür?

12 Əsil məhəbbət «pisliyin hesabını tutmur». Bəli, «məhəbbət bir çox günahın üstünü örtür» (1 Kor. 13:4, 5; 1 Peter 4:8 ayəsini oxuyun). Başqa sözlə desək, məhəbbət bağışlamaqda say bilmir. Məsələn, bir dəfə həvari Peter İsa Məsihdən soruşmuşdu ki, bir insanı neçə dəfə bağışlamalıdır. İsa da ona demişdi ki, «yetmiş yeddi dəfəyə qədər [bağışlamalıdır]» (Mat. 18:21, 22). Bu sözlərlə o göstərirdi ki, bağışlamağın sayında məsihçi üçün, demək olar ki, hədd yoxdur (Sül. məs. 10:12) *.

13. Bağışlamağı bacarmaq üçün nə etməliyik?

13 Anet adlı bir qadın deyir: «Ərlə arvad bir-birini bağışlamayanda aralarında kin və etibarsızlıq kök salır. Bu da nikahı bərbad günə qoyur. Səhvlərin üstündən keçəndə isə nikah telləri möhkəmlənir, ərlə arvad bir-birinə daha yaxın olur». Bağışlaya biləsiniz deyə gərək həyat yoldaşınızın yaxşı cəhətlərini görüb qiymətləndirməyi bacarasınız. Həmçinin həyat yoldaşınızı səmimi-qəlbdən tərifləməyi yaddan çıxarmayın (Kolos. 3:15). Bəli, bir-birinizi ürəkdən bağışlayın, o zaman qəlbinizdə rahatlıq, aranızda vəhdət, üzərinizdə isə Allahın xeyir-duası olacaq (Rom. 14:19).

QIZIL QANUNA RİAYƏT EDİN

14, 15. Qızıl qanunun məğzi nədir və nikahda onu necə tətbiq etmək olar?

14 Şübhəsiz, hər kəs istəyir ki, ona hörmət etsinlər. Fikirləri və hissləri nəzərə alınanda adama xoş olur. Amma hərdən belə sözlər eşidirik: «Mənə çəkdirdiyini özünə çəkdirəcəyəm». Bəzən bu hissləri necəsə başa düşmək olar. Amma Müqəddəs Kitabda deyilir: «Demə: “Mənə etdiyini mən də ona edəcəyəm, onun əməlinin əvəzini verəcəyəm”» (Sül. məs. 24:29). İsa Məsih çətin vəziyyətləri həll etməyin ən düzgün yolunu öyrətmişdi. «Qızıl qanun» adlanan bu qaydada deyilir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31). Məsihin sözünün canı o idi ki, biz insanlardan özümüzə qarşı necə münasibət gözləyiriksə, özümüz də onlara qarşı elə olmalıyıq, acıq çıxmamalıyıq. Bu qaydanı ailədaxili münasibətlərə də şamil etmək olar, yəni özümüzə qarşı nə gözləyiriksə, özümüz də elə etməliyik.

15 Ər-arvad bir-birinin hiss və duyğularına qarşı həssas olanda onların münasibəti möhkəmlənir. Cənubi Afrikadan olan bir kişi deyir: «Biz Qızıl qanuna əməl etməyə çalışırıq. Hətta ailədə söz-söhbət yarananda da əlimizdən gələni edirik ki, qarşı tərəfdən umduğumuz münasibəti özümüz göstərək, bir-birimizin ləyaqətinə hörmət edək».

16. Ər-arvad arasında nə yolverilməzdir?

 16 Hətta zarafatla da olsa, həyat yoldaşınızın zəif cəhətlərini, xasiyyətindəki qəribəlikləri üzə vurmayın. Unutmayın ki, nikah kimin daha güclü olduğunu, kimin daha bərk qışqıra, yaxud daha çox sanca bildiyini müəyyənləşdirən yarış deyil. Düzdür, səhvsiz insan yoxdur. Hərdən elə olur ki, başqalarını incidirik. Amma ərin, yaxud arvadın kinayəli, alçaldıcı sözlər deməsinə, daha betəri isə, bir-birini itələməsinə, vurmasına heç cür haqq qazandırmaq olmaz. (Süleymanın məsəlləri 17:27; 31:26 ayələrini oxuyun.)

17. Ər Qızıl qanuna necə riayət edə bilər?

17 Bəzi xalqlarda hesab edilir ki, arvadını yumruq altında saxlamayan kişi kişi deyil. Müqəddəs Kitabda isə deyilir: «Səbrini basan güclü adamdan yaxşıdır, təmkinli adam şəhər alandan üstündür» (Sül. məs. 16:32, Yeni Dünya Tərcüməsi). Yer üzündə yaşamış ən böyük şəxsiyyət olan İsa Məsihə oxşamaq və təmkinli olmaq üçün güclü iradə tələb olunur. Arvadını təhqir edən, ona əl qaldıran kişi hünər iş görmür. Belə kişi Yehova ilə münasibətlərini korlayır. Məzmurçu Davud özü güclü və cəsur kişi olsa da, demişdi: «Hirslənəndə günah işləməyin, yatağınızın içində, ürəyinizdə danışın, səsiniz çıxmasın» (Məz. 4:4, YD).

«MƏHƏBBƏTƏ BÜRÜNÜN»

18. Nikahda məhəbbəti qorumaq nəyə görə vacibdir?

18 1 Korinflilərə 13:4—7 ayələrini oxuyun. Məhəbbət nikahda ən vacib keyfiyyətdir. «Daxildən gələn şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, həlimliyi və səbiri geyinin... Bütün bunlardan ziyadə, məhəbbətə bürünün, çünki yalnız məhəbbət insanlar arasında kamil birlik yaratmağa qadirdir» (Kolos. 3:12, 14). Ərlə arvad bir-birini Məsihin məhəbbətinə bənzər fədakar məhəbbətlə sevməlidir. Belə məhəbbət sadaladığımız beş «daşı» bir-birinə bərkidir. Ərlə arvad mənfi cəhətləri ilə bir-birini qıcıqlandırsalar da, sağlamlıqla bağlı problemlər, maddi çətinliklər, qohumlarla münasibətdə anlaşılmazlıqlar yaransa da, nikahları belə məhəbbətin sayəsində sarsılmaz qalacaq.

19, 20. a) Ər-arvad nikahın xoşbəxt və möhkəm olmasına necə nail ola bilər? b) Növbəti məqalədə nəyi araşdıracağıq?

19 Həqiqətən də, nikahın xoşbəxt olması üçün ərlə arvad bir-birini sevməli, bir-birinə sadiq qalmalı və var güclərilə çalışmalıdır. Problem yarananda ailəni dağıtmaq çıxış yolu deyil. Ər-arvadın məqsədi nikahı sadəcə saxlamaq yox, onu gücləndirmək olmalıdır. Özünü Yehovaya həsr edən, bir-birinə sədaqət andı içən məsihçilər Allaha və bir-birinə sevgidən irəli gələrək çətinlikləri həll etməlidirlər. Çünki «məhəbbət heç vaxt tükənmir» (1 Kor. 13:8; Mat. 19:5, 6; İbr. 13:4).

20 Yaşadığımız «son dərəcə ağır» zəmanədə nikahın xoşbəxt və möhkəm olması xüsusilə çətindir (2 Tim. 3:1). Ancaq Yehova Allahın köməyilə bu, mümkündür. Bununla belə, ər-arvadlar dünyada geniş yayılmış əxlaqsızlıqla da mübarizə aparmalı olurlar. Növbəti məqalədə ərlə arvadın nikahı bu təhlükədən necə qoruya biləcəyini araşdıracağıq.

^ abz. 12 Düzdür, ərlə arvad bir-birini bağışlamağa, çətinlikləri aradan qaldırmağa çalışmalıdır. Lakin Müqəddəs Kitab həyat yoldaşının xəyanətilə üzləşən günahsız tərəfə ixtiyar verir ki, istəyir bağışlasın, istəyir boşansın (Mat. 19:9). «Allahın məhəbbəti» kitabının 219—221-ci səhifələrində yerləşən «Allah boşanmaya və ayrı yaşamağa necə baxır?» adlı əlavə məlumata baxın.