Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  dekabr 2014

Sonu birgə qarşılayaq

Sonu birgə qarşılayaq

«Biz hamımız bir bədənin üzvləriyik» (EFES. 4:25).

1, 2. Allah həm gənc, həm də yaşlı xidmətçisindən nə istəyir?

YEHOVAYA xidmət edən bir gənc kimi əmin ola bilərsən ki, Onun gözündə sənin öz yerin var. Bir çox ölkələrdə vəftiz olunanların çoxu elə gənclərdir. Bu qədər gəncin Yehovanın həsr olunmuş xidmətçilərinə qoşulduğunu görmək necə də ruhlandırıcıdır!

2 Gənc olduğun üçün, yəqin, gənclərlə oturub-durmaq xoşuna gəlir. Bu normaldır, çünki hər birimiz həmyaşıdlarımızla vaxt keçirməkdən zövq alırıq. Ancaq Allah istəyir ki, gənc və ya yaşlı olmağımızdan, eləcə də milliyyətimizdən asılı olmayaraq, Ona ibadətdə bir olaq. Həvari Pavel də demişdi ki, Allahın iradəsi «hər cür [insanın] xilas olub həqiqət barəsində dəqiq biliyə» yiyələnməsidir (1 Tim. 2:3, 4). Vəhy 7:9 ayəsində Allahın «hər millətdən, hər qəbilədən, hər xalqdan və hər dildən» xidmətçiləri olduğu təsvir olunur.

3, 4. a) Zəmanəmizin gəncləri özlərini necə aparır? b) Efeslilərə 4:25 ayəsi bizi nəyə səsləyir?

3 Yehovaya xidmət edən gənclərlə bu dünyadakı gənclər arasında yerlə göy qədər fərq var. Yehovaya xidmət etməyən bir çoxları öz kefləri ilə yaşayır, istədiklərini edirlər. Bəzi tədqiqatçıların  təbiri ilə desək, onların gözləri yalnız özlərini görür. Geyim tərzləri və hərəkətləri ilə göstərirlər ki, onlar yaşlılara xor baxır, onları geridə qalmış sayırlar.

4 Bəli, bütün dünyada vəziyyət belədir. Buna görə də Yehovanın gənc xidmətçiləri bu əhval-ruhiyyəyə qapılmamaq və Allaha məqbul olmaq üçün çox çarpışırlar. Hələ birinci əsrdə həvari Pavel dərk edirdi ki, bir vaxtlar «bu dövrə [uyğunlaşmış]» həmimanlılarını «itaətsiz adamlarda fəaliyyət göstərən ruha» qarşı durmağa təşviq etmək nə qədər vacibdir. (Efeslilərə 2:1—3 ayələrini oxu.) Dünyadakı bu ruhdan uzaq durmağa çalışan və həmimanlıları ilə vəhdətdə olan gənclərə halal olsun! Bu cür gənclərdə olan əhval-ruhiyyə Pavelin «biz hamımız bir bədənin üzvləriyik» sözlərinə uyğun gəlir (Efes. 4:25). Bu dünyanın sonunun yaxınlaşdığı bir vaxtda bir olmaq həmişəkindən daha vacibdir. İndi isə gəlin bizə yumruq kimi bir olmaqda kömək edəcək Müqəddəs Kitab nümunələrini nəzərdən keçirək.

ONLAR BİR İDİLƏR

5, 6. Lut və qızlarının əhvalatından bir olmağın vacibliyi necə görünür?

5 Qədimdə Yehova çətin anlarda bir-birinə dayaq olub birlik içində olan xalqını böyük məmnuniyyətlə hifz edirdi. Müasir dövrdə də Allahın xidmətçiləri, istər qoca olsun, istərsə də cavan, Müqəddəs Kitabdakı nümunələrdən çox şey öyrənə bilərlər. Götürək Lutun nümunəsini.

6 Sodom şəhərinin üzərinə gələcək bəla Lut və ailəsini təhlükə qarşısında qoymuşdu. Allahın mələyi: «Öz canını qurtar», — deyərək Lutu sağ qalması üçün dağlara qaçmağa tələsdirdi (Yar. 19:12—22). Lut itaətkarlıq göstərdi və qızlarının ikisi də onunla birgə şəhəri tərk etdi. Təəssüflər olsun ki, nə Lutun gələcək kürəkənləri, nə də şəhərin ağsaqqalları onlara qoşuldu. Onlara elə gəlirdi ki, Lut «zarafat edir». Bu, onlara həyatları bahasına başa gəldi (Yar. 19:14). Təkcə aralarında birlik olan Lut və qızları xilas oldu.

7. Misiri birlik içində tərk edən israillilərə Yehova necə kömək etdi?

7 İndi də gəlin israillilərin nümunəsinə baxaq. Onlar Misiri hərəsi bir yana səpələnmiş qruplar şəklində tərk etmədilər. «Musa əlini dəniz üzərinə [uzadanda]» və Yehova dənizi ayıranda o, qurunu tək və ya bir neçə israilli ilə keçmədi. Əksinə, Yehovanın köməyi ilə bütün izdiham dənizi keçdi (Çıx. 14:21, 22, 29, 30). Onların arasında birlik var idi. Qeyri-israillilərdən ibarət olan «qarışıq bir izdiham» da onlarla birgə idi (Çıx. 12:38). Belə vəziyyətdə çətin ki, bir neçə nəfər, məsələn, bir qrup gənc hamıdan ayrılıb öz bildikləri səmtə getsin. Məgər belə davranıb Yehovanın müdafiəsindən uzaq düşmək ağılsızlıq olmazdı? (1 Kor. 10:1).

8. Yehoşafatın günlərində Allahın xalqı birlik içində olduğunu necə göstərdi?

8 Yehoşafat padşahın günlərində Allahın xalqı sayı xeyli olan yağı düşmənlər tərəfindən mühasirəyə alınmışdı (2 Saln. 20:1, 2). Allahın xalqı bu düşmənlərlə öz gücünə mübarizə aparmağa çalışmayıb Yehovadan kömək istədi. (2 Salnamələr 20:3, 4 ayələrini oxu.) Ancaq bunu təklikdə hərə öz bildiyi kimi etmədi. Müqəddəs Kitabda deyilir: «Bütün Yəhudalılar uşaqları, qadınları və oğulları ilə birgə Rəbbin önündə durmuşdu» (2 Saln. 20:13). Uşaqlı-böyüklü hər kəs imanda bir olub Yehovanın rəhbərliyinə bağlı qaldı.  Yehova da onları düşmənlərin əlindən qurtardı (2 Saln. 20:20—27). Çətinliklərə bir xalq kimi sinə gərməyə dair bundan gözəl nümunə?!

9. Erkən məsihçilərin arasındakı birlikdən nə öyrənirik?

9 Erkən məsihçilər arasında da birlik var idi. Məsələn, bir çox yəhudilər və prozelitlər məsihçiliyi qəbul etdikdən sonra «həvarilərdən həvəslə təlim alır, hər şeyi bir-biri ilə bölüşür, birlikdə yemək yeyir və dua edirdilər» (Həv. iş. 2:42). Aralarındakı bu birlik, ələlxüsus da təqiblər zamanı, bir-birinə daha çox ehtiyac duyduqları vaxt aydın görünürdü (Həv. iş. 4:23, 24). Yəqin, sən də razılaşacaqsan ki, birlik ən çox da çətin vaxtlarda lazımdır.

YEHOVANIN GÜNÜ GƏLMƏZDƏN ÖNCƏ BİR OLUN

10. Birlik, xüsusilə nə vaxt lazım olacaq?

10 Bəşər tarixinin ən qaranlıq dövrünə qədəm qoymaq üzrəyik. Yoel peyğəmbər bu dövrü «qaranlıq zülmətli bir gün» kimi təsvir edir (Yoel 2:1, 2; Sef. 1:14). Bu vaxt Allahın xalqının bir olmaq vaxtıdır. İsanın növbəti sözlərini heç vaxt yaddan çıxarma: «Daxildən parçalanmış hər bir padşahlıq bərbad olacaq» (Mat. 12:25).

11. Bu gün Allahın xalqı Məzmur 122:3, 4 ayələrindəki hansı bənzətməni tətbiq etməlidir? (Məqalənin əvvəlindəki şəklə bax.)

11 Bu sistemin sonunun gəldiyi bir vaxtda bizdən əsil birlik gözlənilir. Bizə lazım olacaq ruhani birliyi qədim Yerusəlimdəki evlərin bir-birinə sıx tikilməsi ilə müqayisə etmək olar. Həmin evlər bir-birinə o qədər yaxın tikilmişdi ki, məzmurçu Yerusəlimi «çox sıx» tikilmiş şəhər kimi təsvir etmişdi. Bunun sayəsində şəhər sakinləri bir-birinin dadına çata bilərdilər. Üstəlik, onların bir-birinə yaxın yaşamaları bütün xalqın arasında olan ruhani birlikdən, «Rəbbin qəbilələri» arasındakı birgə ibadətdən xəbər verirdi. (Məzmur 122:3, 4 ayələrini oxu.) Həm indi, həm də yaxınlaşmaqda olan olduqca çətin vaxtlarda bizdən də hər sahədə «çox sıx» olmaq tələb olunur.

12. Allahın xalqına qarşı ediləcək hücum zamanı xilas olmağa bizə nə kömək edəcək?

12 Bəs həmin vaxt əlaqələrimizin sıx olması nə üçün olduqca vacibdir? «Yezekel» kitabının 38-ci fəslində «Maqoq ölkəsindən olan Qoq»un Allahın xalqına hücumu haqda peyğəmbərlik edilir. Bu vaxt nəyinsə bizi bir-birimizdən qoparmasına qətiyyən yol verməyəcəyik. Sözsüz ki, Şeytan dünyasından kömək axtarmayacağıq. Əksinə, həmimanlılarımızdan bərk-bərk yapışacağıq. Amma unutmamalıyıq ki, sadəcə Allahın xalqının arasında olmağımız xilas olacağımıza zəmanət vermir. Biz Yehovanın adına bel bağlamalıyıq. Onda Yehova Allahla İsa Məsih bu fəlakətli vaxtda bizi xilas edəcək (Yoel 2:32; Mat. 28:20). Lakin Allahın xalqı ilə birlik içində olmayıb özlərini bu xalqdan təcrid edənlər çətin ki, xilas olsunlar (Mik. 2:12).

13. Allahdan qorxan gənclər araşdırdığımız nümunələrdən nə öyrənə bilərlər?

13 Səncə, öz bildikləri kimi yaşayan gənclərin yolu ilə getmək nə dərəcədə ağıllı hərəkət olardı? Vaxt gələcək gənclər yaşlıların, yaşlılar da gənclərin köməyinə çox ehtiyac duyacaq. Buna görə də birlik içində olmağı indidən öyrənməliyik. Bu birlik gələcəyimizin rəhnidir!

 «BİR-BİRİMİZƏ BAĞLI ÜZVLƏRİK»

14, 15. a) Yehova qocalı-cavanlı hamımızı hansı gələcəyə hazırlayır? b) Birlik içində olmağımız üçün Yehova bizə nə məsləhət görür?

14 Yehova Ona «çiyin-çiyinə xidmət [etməyimiz]» üçün bizə kömək edir (Sef. 3:8, 9). Çünki Yehova hər şeyi «Məsihdə birləşdirməyi» niyyət edib və bizi bu əzəli niyyətə qovuşmağa hazırlayır. (Efeslilərə 1:9, 10 ayələrini oxu.) Bəli, Allahımız istəyir ki, kainatda olan bütün itaətkar varlıqlar vəhdətdə olsun. Və O, buna mütləq nail olacaq. Bəs bu, sənə bir gənc kimi Yehovanın təşkilatı ilə birlik içində olmağın vacibliyini görməyə kömək edir?

15 Gələcəkdə əbədi birliyə qovuşmağımız üçün Yehova bizə indidən birlik içində yaşamağı öyrədir. Müqəddəs Yazılarda dönə-dönə deyilir ki, bir-birimizin qeydinə qalmalı, bir-birimizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləməli, bir-birimizə təsəlli verməli və bir-birimizi möhkəmləndirməliyik (1 Kor. 12:25; Rom. 12:10; 1 Salon. 4:18; 5:11). Yehova bilir ki, biz məsihçilər qeyri-kamil olduğumuz üçün birlik içində yaşamaq elə də asan deyil. Buna görə də gərək bir-birimizi ürəkdən bağışlayaq (Efes. 4:32).

16, 17. a) Yığıncaq görüşlərimizin məqsədlərindən biri hansıdır? b) İsa gənclərə necə nümunə qoyub?

16 Yehova yığıncaq görüşləri vasitəsilə də bizə birlik içində olmağı öyrədir. Biz İbranilərə 10:24, 25 ayələrindəki təşviqedici sözləri tez-tez oxuyuruq. Bu görüşlərdə məqsədlərimizdən biri də «bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq» etməkdir. Qeyd edək ki, yığıncaqlarımız «o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq» deyə təşkil olunub.

17 İsa hələ uşaq ikən bu cür görüşləri olduqca qiymətləndirdiyini göstərirdi. 12 yaşı olanda o, valideynləri ilə böyük ruhani mərasimdə iştirak etmişdi. Həmin vaxt valideynləri onu itirmişdi. Ancaq ona görə yox ki, o, öz yaşıdlarına qoşulub harasa getmişdi. Əksinə, Yusiflə Məryəm gəlib onu məbəddəki müəllimlərlə ruhani söhbət edərkən tapmışdı (Luka 2:45—47).

18. Dualarımız bir olmağımıza necə kömək edə bilər?

18 Ürəyimizdə başqalarına məhəbbət yetişdirməkdən və yığıncaq görüşləri vasitəsilə birliyi möhkəmləndirməkdən savayı, bir-birimiz üçün dua da edə bilərik. Bacı-qardaşlarımız üçün Yehovaya konkret mövzularda dua edə bilək deyə onlara qarşı canıyanan olmalıyıq. Lakin  bunu təkcə yetkin yaşda olan məsihçilər etməməlidir. Bəs sən bir gənc kimi buna öz ruhani ailənlə münasibətlərini möhkəmləndirmək fürsəti kimi baxırsan? Bu cür davransan, məhvə gedən bu dünyadan ayrı olduğuna əminliyin artacaq.

Hər birimiz həmimanlılarımız üçün dua edə bilərik (18-ci abzasa bax)

«BİR-BİRİMİZƏ BAĞLI» ÜZVLƏR OLDUĞUMUZU GÖSTƏRƏK

19—21. a) «Bir-birimizə bağlı» üzvlər olduğumuzu göstərməyin ən gözəl üsullarından biri hansıdır? Nümunələr çək. b) Fəlakətlərlə üzləşənlərə kömək edənlərdən biz nə öyrənirik?

19 Yehovanın xalqı artıq indidən Romalılara 12:5 ayəsindəki «bir-birimizə bağlı üzvlərik» prinsipinə uyğun yaşayır. Bunun həqiqiliyi təbii fəlakətlər zamanı özünü göstərir. 2011-ci ilin dekabrında Filippin adasının Mindanao bölgəsində baş verən tropik qasırğa güclü daşqına səbəb olmuşdu. Bir gecədə 40 000-dən çox ev, o cümlədən çoxlu bacı-qardaşlarımızın evləri suyun altında qalmışdı. Lakin filial xəbər verir ki, «hətta yardım komitələri işə keçməzdən əvvəl müxtəlif regionlardan bacı-qardaşlar onların köməyinə çatmışdı».

20 Həmçinin Yaponiyanın şərqində baş vermiş dəhşətli zəlzələ və bunun nəticəsində yaranan sunami ucbatından əksər bacı-qardaşlar çox şeylərini itirmişdilər. Bəziləri tamamilə heç nəsiz qalmışdı. Evsiz qalmış Yoşiko bacı Padşahlıq zalından təxminən 40 kilometr aralıda yaşayırdı. O deyir: «Zəlzələnin səhəri günü rayon nəzarətçisinin və digər qardaşların bizdən halı olmaq üçün gəldiklərini görəndə gözümüzə inanmadıq». O gülümsəyərək əlavə edir: «Yığıncaq vasitəsilə bizə bol-bol ruhani qida çatdırıldığına görə çox minnətdarıq. Bundan əlavə, bizə kostyum, ayaqqabı, çanta və paltar gətirdilər». Yardım komitəsinin üzvü deyir: «Yaponiyanın hər yerindən həmimanlılarımız bir-birinə kömək edirdi. Hətta Birləşmiş Ştatlardan bacı-qardaşlar kömək etməyə gəlmişdi. Biz onlardan soruşanda ki, niyə zəhmət çəkib bu qədər yol gəliblər, onlar dedilər: “Biz Yaponiyadakı həmimanlılarımızla bir bədənin üzvləriyik, onların köməyimizə ehtiyacları var”». Bəs sən öz üzvlərinin bu qədər qayğısına qalan bir təşkilata aid olduğun üçün qürur duyursan? Əmin ol ki, aramızda hökm sürən bu birlik Yehovanın ürəyini şad edir.

21 Əgər indi bizdə də belə əhval-ruhiyyə olsa, gələcəkdə üzləşəcəyimiz hər cür sınaqlar zamanı, hətta dünyanın bəzi ölkələrindəki bacı-qardaşlarla əlaqəmiz kəsilsə belə birliyi qoruya biləcəyik. Həqiqətən də, belə əhval-ruhiyyə bu sistemin sonunda üzləşə biləcəyimiz çətinliklərə hazır olmağa kömək edir. Yaponiyada tayfundan zərər çəkmiş Fumiko bacı bölüşür: «Sona heç nə qalmayıb. Biz gərək fəlakətlərin olmayacağı gələcəyi gözlədiyimiz bir vaxtda həmimanlılarımızdan köməyimizi əsirgəməyək».

22. Məsihçi birliyi gələcəyimizə necə təsir edə bilər?

22 İstər gənc ol, istəsə də yaşlı birliyin olmadığı bu pis dünyanın sonunda sağ qalmaq istəyirsənsə, gərək indidən birlik içində olmağı öyrənəsən. Qədimdə olduğu kimi, Allahımız Öz xalqını xilas edəcək (Yeşaya 52:9, 10). Unutma ki, Allahın birlik içində olan xalqı arasında qalsan, xilas olanlardan biri də sən olacaqsan. Malik olduğumuz şeyləri qiymətləndirməyə kömək edəcək digər amilləri növbəti məqalədə araşdıracağıq.