Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2014

Sənə veriləni qiymətləndirirsən?

Sənə veriləni qiymətləndirirsən?

«Biz... Allahdan gələn ruhu aldıq ki, Allahın bizə bəxş etdiyi şeyləri anlaya bilək» (1 KOR. 2:12).

1. Bir çoxları hansı fikirlə razıdır?

«İNSAN nəyisə itirəndən sonra onun qədrini bilir». Yəqin sən də bir çoxları kimi bu fikirlə razısan. İnsan, adətən, uşaqlıqdan malik olduğu şeylərin qədrini bilmir. Məsələn, varlı ailədə böyüyən gənc özündə olan çox şeyi dəyərləndirməyə bilər. Ola bilsin, təcrübəsizlikdən bu cür gənclər həyatda nəyin daha vacib olduğunu ayırd edə bilmirlər.

2, 3. a) Məsihçi gənclər özlərini nədən gözləməlidirlər? b) Malik olduğumuz şeyləri qiymətləndirməyə bizə nə kömək edəcək?

2 Tutalım, sən 20 yaşlarında olan bir gəncsən. Sənin üçün ən vacibi nədir? Bu dünyada çoxlarının ürəyi yaxşı maaş, gözəl ev və ən son texnologiya üçün döyünür. Lakin bütün diqqətimizi yalnız bunlara cəmləsək, onda vacib olanı — ruhani xəzinəni itirə bilərik. Təəssüflər olsun ki, bu gün milyonlarla insan bu xəzinəni axtarmaq üçün barmağını belə tərpətmir. Məsihçi ailəsində böyüyən bir gənc kimi sən ehtiyatlı olmalısan ki, malik olduğun ruhani mirası gözdən salmayasan (Mat. 5:3). İnsanın naşükür olması pis nəticələr verə, gələcəyinə kölgə sala bilər.

 3 Amma bu səninlə baş verməyə də bilər. Bunun üçün ruhani mirasını göz bəbəyin kimi qorumalısan. Gəlin bu məsələdə bizə kömək edəcək bir neçə nümunəyə baxaq. Müqəddəs Kitabdan araşdıracağımız nümunələr yalnız gənclərə yox, bütün məsihçilərə malik olduğu ruhani xəzinəni qiymətləndirməyə kömək edəcək.

ONLAR QİYMƏTLƏNDİRMƏDİLƏR

4. 1 Şamuel 8:1—5 ayələrində Şamuelin oğulları barədə nə yazılıb?

4 Müqəddəs Kitabda ruhani miras alan, lakin bunun qədrini bilməyən insanlardan bəhs edilir. Götürək, Yehovaya uşaqlıqdan xidmət etmiş və Onun önündə yaxşı da ad qazanmış Şamuel peyğəmbərin ailəsindəkiləri (1 Şam. 12:1—5). O, oğulları Yoellə Aviya üçün gözəl nümunə qoymuşdu. Amma onlar bunu heç qiymətləndirmədilər, pis yolun yolçusu olmağı seçdilər. Müqəddəs Kitabda deyilir ki, onlar atalarından fərqli olaraq «düzgün olmayan hökmlər verirdilər». (1 Şamuel 8:1—5 ayələrini oxu.)

5, 6. Yoşiyanın oğulları və nəvəsi hansı yolu tutdular?

5 Yoşiya padşahın oğulları haqda da eyni şeyi demək olar. Yoşiya Yehovaya ibadətdə parlaq nümunə idi. Allahın Qanun kitabı tapılıb ona oxunanda o, Yehovanın əmrlərinin həyata keçirilməsi üçün ciddi islahatlar gördü. Yoşiya ölkəni bütpərəstlikdən və spiritizmdən təmizləyib bütün xalqı Yehovaya ibadətə səslədi (2 Pad. 22:8; 23:2, 3, 12—15, 24, 25). Gör belə atanın oğullarına verdiyi ruhani miras necə də qiymətli idi! Amma nə xeyri, nə üç oğlu, nə də nəvəsi bu mirası padşah olanda qiymətləndirmədilər.

6 Yoşiyanın oğlu Yehoaxaz «Rəbbin gözündə pis olan işlər» görən padşah oldu. O, cəmi üç ay padşahlıq etdikdən sonra Misir fironu onu əsir götürdü və o, elə orada da öldü (2 Pad. 23:31—34). Qardaşı Yehoyaqim isə 11 il padşahlıq etdi. Atasından aldığı ruhani mirası o da qiymətləndirmədi. Yehoyaqim yolunu azdığı üçün Yeremya peyğəmbər onun haqqında demişdi: «Eşşək basdırılan kimi basdırılacaq» (Yer. 22:17—19). Yoşiyanın digər varisləri, oğlu Sidqiya və nəvəsi Yehoyakin onlardan heç də geri qalmadı. Heç biri Yoşiyaya oxşamadı (2 Pad. 24:8, 9, 18, 19).

7, 8. a) Süleyman ruhani mirasını necə bada verdi? b) Ruhani mirasını bada verənlərin nümunələrindən nə nəticə çıxarırıq?

7 Süleyman padşah atası Davuddan çox şey götürmüşdü. O, ruhani tərbiyə almışdı. Buna görə də padşahlığın əvvəlində hər şey qaydasında idi, amma sonradan düz yoldan sapdı. Arvadları «Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi atası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq» qalmadı (1 Pad. 11:4). Nəticədə, o, Yehovanın gözündən düşdü.

8 Heyif ki, uşaqlıqdan Allahın qanunları ilə tərbiyə edilmiş və buna uyğun yaşamaq imkanı olan bu kəslər ruhaniliyi bada verdilər. Amma demək olmaz ki, bütün gənclər belədir. Gəlin gənc məsihçilərin təqlid edə biləcəyi bəzi gözəl nümunələrə diqqət yetirək.

 ONLAR QİYMƏTLƏNDİRDİLƏR

9. Nuhun oğulları hansı nümunəni qoyublar? (Məqalənin əvvəlindəki şəklə bax.)

9 Nuh peyğəmbərin oğulları bizim üçün gözəl nümunədir. Ataları Nuh gəmi tikmək və ailəsi ilə birgə bu gəmiyə girmək tapşırığı almışdı. Oğulları Allahın iradəsini yerinə yetirməyin nə qədər vacib olduğunu dərk edirdilər. Buna görə də ataları ilə çiyin-çiyinə çalışıb işi başa vurdular və ailəlikcə gəmiyə girdilər (Yar. 7:1, 7). Yaradılış 7:2 ayəsində deyilir ki, onlar «bütün yer üzündə nəsli kəsilməsin deyə» heyvanları da gəmiyə saldılar. Beləcə, həm insanlar, həm də heyvanlar xilas oldu. Nuhun oğulları ataları vasitəsilə aldıqları ruhani mirası qiymətləndirdikləri üçün insan nəslinin qorunmasında və təmizlənmiş yer üzündə həqiqi ibadətin bərpasında onların da payı olub (Yar. 8:20; 9:18, 19).

10. Babilə aparılan dörd ibrani gənc öyrəndikləri həqiqətləri qiymətləndirdiklərini necə göstərdilər?

10 Əsrlər sonra dörd gənc ibrani hərəkətləri ilə göstərdilər ki, daha vacib olanı qiymətləndirməyi uşaqlıqdan öyrəniblər. Eramızdan əvvəl 617-ci ildə həmin gənclər, Xananya, Mişael, Azarya və Daniel Babilə əsir aparılmışdı. Yaraşıqlı və qabiliyyətli olmaları onlara imkan verirdi ki, babillilərin həyat tərzinə uyğunlaşsınlar. Lakin onlar belə etmədilər. Onlar davranışları ilə göstərdilər ki, aldıqları ruhani mirası unutmayıblar. Bu dörd gənc ruhaniliklərini qoruduqları üçün bol xeyir-dualandılar. (Daniel 1:8, 11—15, 20 ayələrini oxu.)

11. İnsanlar İsadakı ruhani mirasdan necə faydalanırdı?

11 Bu gözəl nümunələr arasında İsa Məsihin nümunəsini çəkməmək haqsızlıq olardı. O, Atasından öyrəndiklərini olduqca qiymətləndirirdi. Bu, onun sözlərindən aydın görünür: «Ata məni necə öyrədibsə, mən də elə danışıram» (Yəh. 8:28). Üstəlik, o istəyirdi ki, aldığı ruhani mirasdan başqalarına da pay düşsün. O, xalqa demişdi: «Mən Allahın padşahlığı haqqında xoş xəbəri başqa şəhərlərə də bəyan etməliyəm, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:18, 43). O, insanlara ruhani şeyləri qiymətləndirməyən «dünyaya məxsus» olmamağın vacibliyini dərk etməyə kömək edirdi (Yəh. 15:19).

SƏN DƏ QİYMƏTLƏNDİR

12. a) 2 Timoteyə 3:14—17 ayələrini bu gün bir çox gənclərə necə şamil etmək olar? b) Məsihçi gənclər hansı sualların üzərində düşünməlidirlər?

12 Haqqında bəhs etdiyimiz bəzi gənclər kimi, ola bilsin, sən də Yehova Allaha bağlı valideynlərdən tərbiyə almısan. Onda Müqəddəs Yazılarda Timotey haqda deyilənlər sənin vəziyyətinə uyğun gələ bilər. (2 Timoteyə 3:14—17 ayələrini oxu.) Çox ehtimal ki, həqiqi Allah və Onu necə razı salmaqla bağlı bilikləri sənə valideynlərin verib. Bəlkə də valideynlərin səni lap körpəlikdən öyrətməyə başlayıblar. Onlar çox çalışıblar ki, sən «Məsih İsaya gətirdiyin iman vasitəsilə xilasa yetişməyin üçün» hikmətə qovuşasan. Habelə, sənin Allaha xidmətə «tamamilə hazır [olmağına]» kömək ediblər. Bəs sən aldığın ruhani mirası qiymətləndirdiyini göstərirsən? Bunun üçün vaxtaşırı özündən soruşa bilərsən: «Keçmişdən bu günə kimi yaşamış sadiq şahidlərin sırasında olmaq məndə hansı hisslər yaradır? Bu gün Yehovanın razı qaldığı azsaylı xalqın arasında olmağım mənə necə təsir edir? Allahın mənə açdığı möhtəşəm həqiqəti qiymətləndirirəm?»

Sadiq şahidlərin arasında olmaq səndə hansı hissləri oyadır (9, 10, 12–ci abzaslara bax)

13, 14. Bəzi gənc məsihçilərdə hansı istək var və bunun güdazına getmək nə üçün ağılsızlıqdır? Nümunə çək.

 13 Məsihçi ailəsində böyüyən bəzi gənclər hazırkı ruhani cənnətlə Şeytanın qaranlıq dünyası arasındakı böyük fərqi sezməyə bilərlər. Bəziləri hətta bu dünyanın dadına baxmaq həvəsinə düşüblər. Heç ağrını və ölümü dadmaq üçün özünü maşının altına atardın? Əlbəttə ki, yox. Eynilə də əzab-əziyyətin nə olduğunu dadmaq üçün özümüzü dünyanın «pozğunluq girdabına» atmaq lazım deyil (1 Pet. 4:4).

14 Gəlin Asiyada məsihçi ailəsində böyüyən Jener qardaşın nümunəsinə baxaq. O, 12 yaşında vəftiz olunmuşdu. Bununla belə, yeniyetmə olduğu üçün dünya onu özünə cəlb edirdi. O deyir: «Mən dünyanın təklif etdiyi “azadlığı” dadmaq istəyirdim». Jener ikili həyat sürməyə başlamışdı. 15 yaşında pis dostlara qoşulub, onlar kimi, içki içir, söyüş söyürdü. O, evə gecənin bir yarısı, dostları ilə bilyard və zorakı elektron oyunlar oynadıqdan sonra qayıdırdı. Lakin bir müddətdən sonra ona çatdı ki, dünyanın cəlbedici şeyləri əslində puç, təklif etdiyi həyat isə mənasızdır. O, yığıncağa necə qayıtdığından danışır: «Hələ də çoxlu çətinliklərim olsa da, Yehovanın verdiyi xeyir-dualar onlardan da çoxdur».

15. Hətta məsihçi ailəsində böyüməyən gənclər belə nəyin üzərində düşünməlidirlər?

15 Əlbəttə, yığıncaqda məsihçi ailəsində böyüməyən gənclər də var. Sən də onlardan birisənsə, onda Yaradanı tanıyıb Ona xidmət etməyin açdığı möhtəşəm imkanlar üzərində düşün. Dünyada milyardlarla insan var. Amma sənin Yehovanın Özünə cəlb etdiyi və Müqəddəs Kitab həqiqətinin açıldığı insanların arasında olmağın əsil xeyir-duadır (Yəh. 6:44, 45). Bu gün təxminən 1000 nəfərdən 1-i həqiqət barəsində dəqiq biliyə yiyələnib, onlardan biri də sənsən. Məgər bu, bizə həqiqəti necə öyrənməyimizdən asılı olmayaraq, sevinməyə əsas vermir? (1 Korinflilərə 2:12 ayəsini oxu.) Jener deyir: «Bu haqda düşünəndə tüklərim biz-biz durur. Axı mən kiməm ki, Kainatın Yaradanı Yehova məni tanıyır?» (Məz. 8:4). Eyni ərazidə  yaşayan bir bacı bölüşür: «Müəllimləri tərəfindən şəxsən tanınan tələbələr qürur duyurlar. Onda gör Ən Böyük Müəllim Yehovanın bizi tanıması necə də böyük şərəfdir!»

BƏS SƏN NƏ EDƏCƏKSƏN?

16. Bu gün məsihçi gənclər hansı müdrik seçimi edə bilərlər?

16 Hansı möhtəşəm şərəfə layiq görüldüyünü araşdırandan sonra niyə də həyatda düzgün seçim etmiş azsaylı insanların arasında qalmağa daha da qətiyyətli olmayasan? Belə etsən, onda Allahın keçmişdən bu günə kimi mövcud olan sadiq xidmətçilərinin arasında sənin də adın olacaq. Odur ki, məhvə gedən bu dünyaya uyan gənclərin ardınca düşmək əvəzinə, Yehovaya sədaqətlə xidmət etməyin daha yaxşıdır (2 Kor. 4:3, 4).

17—19. Dünyadan fərqlənməyə sənə nə kömək edəcək?

17 Sözsüz, bu dünyadan fərqlənmək həmişə asan olmayacaq. Lakin ağlının səsinə qulaq assan, fərqlənməli olduğunu heç vaxt unutmayacaqsan. Olimpiya yarışçısını təsəvvür et. Şübhəsiz, qalib gəlmək üçün o, başqalarından fəqlənməlidir. Misal üçün, o, vaxtını alacaq, diqqətini yayındıracaq şeylərə «yox» deməli, fikrini-zikrini məşqlərə cəmləməlidir. Üstəlik, həmyaşıdlarından fərqlənməyə hazır olması ona çalışıb-vuruşub məqsədinə çatmağa kömək edəcək.

18 Dünya insanı bu günü üçün yaşamağa səsləyir. Amma uzaqgörən olub dünyadan fərqlənsən, ruhaniliyini və əxlaqını pozan şeylərdən qaçsan, onda «əsil həyatdan bərk-bərk [yapışacaqsan]» (1 Tim. 6:19). Yuxarıda haqqında bəhs etdiyimiz bacı deyir: «Gün ərzində imanını qorusan, günün axırında məmnunluq duyacaqsan. Beləcə, Şeytan dünyasının həmlələrinə qarşı durduğunu göstərəcəksən. Ən əsası, hiss edəcəksən ki, Yehova səninlə fəxr edir və səndən razıdır! Onda başqalarından fərqlənməyin xeyrini görəcəksən!»

19 Əgər insan diqqətini təkcə indiki zəmanədə əldə edəcəyi şeylərə cəmləyirsə, deməli, həyatını boşa verir (Vaiz 9:2, 10). Bir gənc kimi sən məqsədin və gələcəyin barədə yaxşıca düşünməlisən. Bu sənə düzgün qərarlar verməyə və «başqa millətlər kimi» yaşamaqdan qaçmağa kömək edəcək. Beləcə, həyatına əsil məna qatılacaq (Efes. 4:17; Mal. 3:18).

20, 21. Düzgün qərarlar versək nə qazanacağıq və bunun üçün bizdən nə gözlənilir?

20 Əgər düzgün qərarlar versək, indidən mənalı həyat sürəcək və gələcəkdə yer üzündə əbədi həyata qovuşacağıq. Ağlımıza gəlməyən bol-bol xeyir-dualar dadacağıq (Mat. 5:5; 19:29; 25:34). Amma bunları almaq asan deyil, gərək Allahın sözü ilə oturub-duraq. (1 Yəhya 5:3, 4 ayələrini oxu.) Gördüyümüz kimi, Allaha sədaqətlə xidmət etməyə dəyər!

21 Allahın bizə verdiyi ruhani mirasa görə necə də xoşbəxtik! Biz Onun Kəlamı sayəsində dəqiq biliyə yiyələnmişik, həqiqəti və vədlərini dərk etmişik. Allahın adını daşımağa və Şahidi olmağa layiq görülmüşük. Hələ üstəlik, həmişə bizimlə olacağına dair Allahdan vəd almışıq (Məz. 118:7). Gənc və ya yaşlı olmağımıza baxmayaraq, gəlin daim göstərək ki, biz Yehovaya əbədi izzət gətirmək istəyi ilə yaşayırıq (Rom. 11:33—36; Məz. 33:12).