Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2014

Oxucuların sualları

Oxucuların sualları

Yeremya peyğəmbər Rəhilənin uşaqları üçün ağladığını deyərkən nəyi nəzərdə tuturdu?

Yeremya 31:15 ayəsində deyilir: «Rəbb belə deyir: “Ramada bir səs eşidildi, yas və acı fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, təsəlli istəmir. Çünki onlar daha yoxdur”».

Əslində, Rəhilə hər iki oğlundan əvvəl ölmüşdü. Amma Rəhilənin ölümündən 1000 il sonra Yeremyanın bu sözləri deməsi bizə qəribə gələ bilər.

Rəhilənin ilk oğlu Yusif idi (Yar. 30:22—24). Daha sonra onun Binyamin adlı bir oğlu da oldu. Lakin Rəhilə onu dünyaya gətirərkən öldü. Buna görə də sual yaranır: Nəyə görə Yeremya 31:15 ayəsində deyilir ki, Rəhilə oğulları «daha yoxdur» deyə ağlayırdı?

Onun ilk oğlu Yusifdən Menaşşe və Efrayim törədi (Yar. 41:50—52; 48:13—20). Sonradan Efrayim İsrailin onqəbiləli şimal padşahlığının ən nüfuzlu və qüdrətli qəbiləsi oldu və bütün on qəbilə onun adı ilə təmsil olunurdu. Rəhilənin ikinci oğlu Binyamindən törəyən qəbilə isə Yəhuda ilə birgə cənub padşahlığına daxil idi. Deməli, Rəhilə haqda deyə bilərik ki, o, şimal və cənub padşahlığının, yəni İsrailin bütün analarını təmsil edir.

«Yeremya» kitabı yazılan vaxt İsrailin onqəbiləli şimal padşahlığı aşşurlular tərəfindən artıq işğal edilmiş və xalqın çox hissəsi əsir aparılmışdı. Lakin həmin vaxt Efrayim qəbiləsindən bəziləri, ola bilsin ki, Yəhuda ərazisinə qaçmışdı. Eramızdan əvvəl 607-ci ildə babillilər Yəhudanın ikiqəbiləli cənub padşahlığını ələ keçirdilər. Görünür, bu işğal zamanı əsirlərin çoxunu Yerusəlimdən 8 kilometr şimalda yerləşən Rama şəhərinə toplamışdılar (Yer. 40:1). Ehtimal ki, onlardan bəziləri Rəhilənin Binyamini dünyaya gətirdiyi ərazidə qətlə yetirilmişdi (1 Şam. 10:2). Beləliklə, Rəhilənin oğulları üçün ağlamasını onun ya ümumilikdə Binyamin nəsli üçün, ya da xüsusi olaraq Ramadakılar üçün məcazi mənada fəryad etməsinə aid etmək olar. Başqa bir ehtimal da odur ki, bu, Allahın xalqından olan bütün anaların öldürülmüş və didərgin düşmüş israillilər üçün ağlamasını göstərir.

Hər bir halda, Yeremyanın Rəhilənin uşaqları üçün ağlaması haqda dedikləri əsrlər sonra körpə İsanın həyatı təhlükə altında olarkən baş verənlərlə bağlı peyğəmbərlikdir. Hirod padşah əmr vermişdi ki, Yerusəlimin cənubunda yerləşən Betlehemdə iki yaşa qədər bütün oğlan uşaqları öldürülsün. Və bu belə də oldu, yəni onlar daha yox idi. Həmin vaxt oğullarını itirən anaların qopardığı fəryadı təsəvvür edin! Məcazi dillə desək, onların ağlaşmasını Yerusəlimin şimalında yerləşən Ramadan belə eşitmək olardı (Mat. 2:16—18).

Beləliklə, Rəhilənin uşaqları üçün ağlamasını həm Yeremyanın vaxtında, həm də İsanın vaxtında övladlarını itirən yəhudi anaların fəryadına şamil etmək olar. Sözsüz ki, «düşmən [ölkəsinə]» gedənlər, yəni ölənlər dirilmə zamanı bu düşmənin əsarətindən qurtulacaqlar (Yer. 31:16; 1 Kor. 15:26).