Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  noyabr 2014

İsanın dirilməsi sənin üçün hansı mənanı daşıyır?

İsanın dirilməsi sənin üçün hansı mənanı daşıyır?

«O... dirilib» (MAT. 28:6).

1, 2. a) Bəzi din rəhbərləri nəyi bilmək istəyirdilər və Peter necə cavab verdi? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Peteri nə cəsarətləndirmişdi?

İSA MƏSİHİN ölümündən bir qədər sonra həvari Peter bir qrup ədavətli və qəzəbli insanla qarşılaşmışdı. Onlar İsanın ölümünə bais olan yəhudi din rəhbərləri idi. Onlar Peterin anadangəlmə axsaq bir adamı hansı qüvvə ilə və kimin adı ilə sağaltdığını bilmək istəyirdilər. Həvari cəsarətlə cavab vermişdi: «Bu adam dirəkdə öldürdüyünüz, lakin Allahın diriltdiyi nazaretli İsa Məsihin adı sayəsində qarşınızda sapsağlam dayanıb» (Həv. iş. 4:5—10).

2 Maraqlıdır, bundan bir qədər əvvəl qorxudan İsanı üç dəfə inkar edən Peterdə din rəhbərləri qarşısında bu cəsarət haradan idi? (Mark 14:66—72). Düzdür, müqəddəs ruhun rolu danılmazdı, lakin bunun əsas səbəbi Peterin İsanın dirilməsinə əminliyi idi. Görəsən, onu İsanın dirildiyinə nə əmin etmişdi? Bəs bizi nə əmin edir?

3, 4. a) Həvarilərin dövründən qabaq hansı dirilmə hadisələri olmuşdu? b) İsa kimləri diriltmişdi?

3 Ölünün dirilməsi İsanın həvariləri üçün yeni bir şey deyildi. Dirilmə hadisələri lap keçmişdə də baş vermişdi. Onlar bilirdilər ki, Allah İlyas və Elişa peyğəmbərə  bu kimi möcüzələr göstərmək gücü verilmişdi (1 Pad. 17:17—24; 2 Pad. 4:32—37). Hətta bir dəfə ölmüş insanın cəsədini Elişanın qəbrinə atanda cəsəd onun sümüklərinə dəyən kimi dirilmişdi (2 Pad. 13:20, 21). Erkən məsihçilər Müqəddəs Yazılarda qələmə alınan bu hadisələrə bizim Allahın Kəlamına inandığımız qədər inanırdılar.

4 Sözsüz ki, hər birimiz İsa Məsihin insanları diriltdiyi haqda oxuyanda çox təsirlənirik. O, dul qadının bircə oğul balasını dirildəndə qadın heyrətə gəlmişdi (Luka 7:11—15). Başqa bir vaxt İsa 12 yaşlı qızı diriltmişdi. Qızlarının dirildiyini görən dərdli valideynlərin necə sevindiklərini, necə həyəcanlandıqlarını bir təsəvvür et (Luka 8:49—56). Hələ bir Lazarın dirilib sərdabədən çıxdığını görən insanların necə təəccübləndiyini demirik! (Yəh. 11:38—44).

İSANIN FƏRQLİ ŞƏKİLDƏ DİRİLMƏSİ

5. İsanın dirilməsi əvvəlki dirilmə hadisələrindən nədə fərqlənir?

5 Həvarilər İsanın dirilməsinin digər dirilmə hadisələrindən fərqləndiyini bilirdilər. Əvvəllər insanlar fiziki bədəndə dirilib sonradan yenə ölürdülər. İsa Məsih isə çürüməz ruhani bədəndə dirilmişdi. (Həvarilərin işləri 13:34 ayəsini oxu.) Peter də yazmışdı ki, İsa «cismən öldü, ruhani varlıq kimi dirildi». Bundan savayı, «o, göyə qalxandan sonra Allahın sağında əyləşdi; mələklər, hakimiyyətlər və qüvvələr ona tabe edildi» (1 Pet. 3:18—22). Əvvəlki dirilmələr heyrətamiz və möcüzəvi olsa da, bu misilsiz dirilmə ilə müqayisəyə gələ bilməzlər.

6. İsanın dirilməsi şagirdlərinə necə təsir etmişdi?

6 İsanın dirilməsi onun şagirdlərinə güclü təsir bağışlamışdı. Düşmənlərinin də bildiyi kimi, o, ölüm yuxusunda çox qalmayacaqdı. Elə də oldu, o, heç kimin zərər vura bilməyəcəyi qüdrətli ruhani varlıq kimi dirildildi. İsanın dirilməsi sübut etdi ki, o, Allahın Oğludur. Bu faktı bilən şagirdlərin kədəri sevincə, qorxuları isə cəsarətə çevrildi. Allahın niyyətinin həyata keçməsi və xoş xəbərin bütün dünyada təbliğ edilməsi İsanın dirilməsinə söykənir.

7. İsa bu gün hansı işi görür və hansı suallar yaranır?

7 Yehovanın xidmətçiləri olan bizlər dərk edirik ki, İsa sadəcə keçmişdə yaşamış dahi şəxsiyyət deyil. O, indi də yaşayır və hamıya aidiyyəti olan işə rəhbərlik edir. Allahın səmavi Padşahlığının Padşahı kimi İsa Məsih tezliklə yer üzünü pislikdən təmizləyib insanların əbədiyyən yaşayacaqları cənnətə çevirəcək (Luka 23:43). Əgər İsa dirilməsəydi, bunların heç biri də baş verə bilməzdi. Bəs onun dirildiyinə necə əmin ola bilərik? Onun dirilməsi bizim üçün hansı mənanı daşıyır?

YEHOVA ÖLÜM ÜZƏRİNDƏ GÜCÜNÜ GÖSTƏRİR

8, 9. a) Nə üçün yəhudi din rəhbərləri İsanın qoyulduğu sərdabənin qorunmasını xahiş etdilər? b) Qadınlar sərdabəyə yaxınlaşanda nə gördülər?

8 Böyük kahinlər və fəriseylər İsanı öldürəndən sonra Pilatın yanına gəlib dedilər: «Ağa, yadımıza bir şey düşüb. Bu fırıldaqçı hələ sağ ikən belə  bir söz deyirdi: “Mən üç gündən sonra diriləcəyəm”. Buna görə əmr et ki, sərdabəni üç gün yaxşı-yaxşı qorusunlar, yoxsa şagirdləri gəlib onu oğurlayacaq və sonra hamıya deyəcəklər ki, o dirilib. Bu yalan əvvəlkindən də betər olacaq». Cavabında Pilat onlara dedi: «Alın, bu da sizə keşikçilər! Gedin, oranı bildiyiniz kimi qoruyun». Onlar belə də etdilər (Mat. 27:62—66).

9 İsanın cəsədi qoyulmuş sərdabənin ağzını böyük daşla möhürləmişdilər. Yəhudi din rəhbərləri istəyirdilər ki, İsa ölü vəziyyətdə həmişəlik orada qalsın. Yehovanın niyyəti isə tamam fərqlənirdi. İsanın ölümünün üçüncü günündə Məcdəlli Məryəm və o biri Məryəm sərdabəyə yaxınlaşanda gördülər ki, daş kənara diyirlənib və üzərində mələk oturub. Mələk qadınlara dedi ki, içəri boylanıb sərdabənin boş olduğunu özləri görsünlər. Həmçinin mələk dedi: «İsa burada yoxdur. O... dirilib» (Mat. 28:1—6). Bəli, İsa dirilmişdi!

10. Pavel İsanın dirilməsi ilə bağlı hansı dəlilləri sadalamışdı?

10 Növbəti 40 gün ərzində baş verənlər İsanın dirildiyinə heç bir şübhə yeri qoymadı. Bütün bu baş verənləri həvari Pavel korinflilərə yazdığı məktubda belə nəql etmişdi: «Mənə verilmiş və sizə çatdırdığım ən vacib şeylərdən biri budur: Müqəddəs Yazılarda deyildiyi kimi, Məsih bizim günahlarımızdan ötrü öldü, dəfn edildi və Müqəddəs Yazılarda deyildiyi kimi, üçüncü gündə dirildi, Kifaya, sonra isə on iki həvariyə göründü. Bundan sonra Məsih eyni vaxtda beş yüzdən çox qardaşa göründü. Onlardan çoxu indi də sağdır, bəziləri isə ölüm yuxusuna gediblər. Daha sonra o, Yaquba, sonra isə həvarilərin hamısına göründü. Lap axırda isə vaxtından tez doğulmuş uşağa bənzəyən mənə göründü» (1 Kor. 15:3—8).

İSANIN DİRİLDİYİNİ HARADAN BİLİRİK?

11. İsa «Müqəddəs Yazılarda deyildiyi kimi» necə dirilmişdi?

11 Birincisi, İsa «Müqəddəs Yazılarda deyildiyi kimi» dirilib. Allahın Kəlamında bu dirilmə haqda qabaqcadan peyğəmbərlik edilmişdi. Məsələn, Davud demişdi ki, Allah mömin bəndəsini qəbirdə saxlamaz. (Məzmur 16:10 ayəsini oxu.) Eramızın 33-cü ilinin Əllinci gün bayramında həvari Peter bu peyğəmbərlik sözlərini İsaya aid edərək demişdi: «[Davud] Məsihin diriləcəyini, Məzarda qalmayacağını və bədəninin çürüməyəcəyini qabaqcadan bilib xəbər vermişdi» (Həv. iş. 2:23—27, 31).

12. Dirilmiş İsanı kimlər görmüşdü?

12 İkincisi, bu hadisənin çoxlu şahidləri olub. Dirilmiş İsa 40 gün ərzində şagirdlərinə sərdabənin yerləşdiyi bağda, Emmausa gedən yolda və başqa yerlərdə görünmüşdü (Luka 24:13—15). O, onlarla həm ayrı-ayrılıqda, həm də onlar bir yerdə olanda söhbət etmişdi. Bir dəfə isə dirilmiş İsanı 500-dən çox adam görmüşdü. Bu qədər çox şahidi olan bir hadisə heç vaxt uydurma ola bilməz!

13. Şagirdlərin göstərdiyi səy İsanın dirildiyinə əmin olduqlarını necə göstərir?

13 Üçüncüsü, şagirdləri bu haqda səylə təbliğ edirdilər. Məsihin dirildiyi barədə səylə təbliğ etdikləri üçün onlar təqib olunur, işgəncələrə  məruz qalır və öldürülürdülər. İsanın dirilməsi uydurma olsaydı, onda nəyə görə Peter İsaya nifrət edən və ölümündə əli olan din rəhbərlərinə onun dirilməsindən danışıb həyatını təhlükəyə atırdı? Buna səbəb Peter və digər şagirdlərin İsanın dirildiyinə və onun Allahın iradəsinə uyğun bir işə rəhbərlik etdiyinə əmin olmaları idi. Üstəlik, İsanın dirilməsi onları əmin etmişdi ki, onlar da diriləcəklər. Məsələn, Stefan öldürüləndə əmin idi ki, mütləq diriləcək (Həv. iş. 7:55—60).

14. İsanın sağ olduğuna nə üçün inanırsan?

14 Dördüncüsü, onun hal-hazırda həm Padşah, həm də məsihçi yığıncağının Başı olduğuna sübutların olmasıdır. Bu gün həqiqi məsihçilik çiçəklənir. Bəs əgər İsa dirilməsəydi, bu mümkün olardı? O dirilməsəydi, bəlkə də, onun haqda heç nə bilməzdik. İsanın sağ olduğuna və xoş xəbərin bütün dünyada təbliğinə rəhbərlik etdiyinə inanmağa əsaslı səbəblərimiz var.

İSANIN DİRİLMƏSİNİN BİZİM ÜÇÜN MƏNASI

15. İsanın dirilməsi bizi nə üçün təbliğ etməyə cəsarətləndirir?

15 Məsihin dirilməsi təbliğ etməyə bizə cəsarət verir. Artıq 2000 ildir ki, Allahın düşmənləri xoş xəbərin təbliğini dayandırmaq üçün hər silaha — dönüklüyə, rişxəndə, kütləvi hücumlara, qadağalara, işgəncə verib öldürməyə əl atırlar. Ancaq bizə «qarşı işlənən heç bir silah» Padşahlığın təbliği və şagird hazırlamaq işini dayandıra bilməyib (Yeşaya 54:17). Biz Şeytanın tərəfdarlarından və əlaltılarından qorxmuruq. Çünki İsa söz verdiyi kimi bizimlədir, bizə dayaqdır (Mat. 28:20). Bizim qorxmamağa güclü səbəblərimiz var, buna görə də nə edirlər etsinlər, düşmənlərimiz bizi heç vaxt susdura bilməyəcəklər!

İsanın dirilməsi təbliğ etmək üçün bizə cəsarət verir (15-ci abzasa bax)

16, 17. a) İsanın dirilməsi öyrətdiklərinin həqiqiliyini necə təsdiq edir? b) Yəhya 11:25 ayəsinə əsasən, Allah İsaya hansı qüvvəni verib?

16 İsanın dirilməsi öyrətdiklərinin həqiqiliyini təsdiq edir. Pavel yazmışdı ki, Məsih dirilməyibsə, məsihçilərin imanı və təbliği puçdur. Bir Müqəddəs Kitab alimi də yazmışdı ki, «Əgər Məsih dirilməyibsə,.. deməli məsihçilər dəhşətli yalanın aciz qurbanlarıdır». İsa dirilməyibsə, onda Müjdələrdə yazılanlar düşmənləri tərəfindən öldürülmüş xeyirxah və hikmətli bir insanın qəmli hekayəsidir. Lakin İsa dirilib və bununla təsdiq edib ki, gələcəklə bağlı dedikləri də daxil olmaqla, bütün öyrətdikləri həqiqətdir. (1 Korinflilərə 15:14, 15, 20 ayələrini oxu.)

17 İsa demişdi: «Dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də, həyata qayıdacaq» (Yəh. 11:25). Bu möhtəşəm bəyanat mütləq yerinə yetəcək. Yehova İsaya həm göylərdə ruhani bədəndə yaşayacaq kəsləri, həm də yer üzündə əbədi məskən salacaq milyardlarla insanı diriltmək qüvvəsi verib. İsanın fidyə qurbanlığı və dirilməsi ölümün əbədiyyən yox edəcəyini bildirir. Məgər bu, sənə sınaqlara dözməyə, hətta ölüm qarşısında cəsarətli qalmağa güc vermir?

18. İsanın dirilməsi nəyə zəmanət verir?

18 İsanın dirilməsi bizi əmin edir ki, yer üzünün sakinlərinə Yehovanın məhəbbətlə verdiyi normalar əsasında hökm ediləcək. Pavel qədim Afinada yaşayan kişi və qadınlara demişdi:  «[Allah] seçdiyi adam vasitəsilə bütün yer üzünü ədalətlə mühakimə edəcək. Allah bu adamı diriltməklə hamıya zəmanət verib» (Həv. iş. 17:31). Bəli, İsa Allahın təyin etdiyi Hakimdir və biz əmin ola bilərik ki, o, haqq-ədalətlə və məhəbbətlə hökm edəcək. (Yeşaya 11:2—4 ayələrini oxu.)

19. İsanın dirilməsinə inanmaq bizə necə təsir edir?

19 İsanın dirilməsinə iman bizi Allahın iradəsini yerinə yetirməyə təşviq edir. O, fidyə qurbanı olaraq ölüb dirilməsəydi, biz günah və ölümün əsarətində qalacaqdıq (Rom. 5:12; 6:23). İsa dirilməsəydi, bəlkə də belə deyərdik: «Yeyib-içək, çünki sabah öləcəyik» (1 Kor. 15:32). Ancaq biz gözümüzü zövq-səfa içində yaşamağa dikmirik. Əksinə, biz dirilmə ümidini qiymətləndirir və tam əsasla hər sahədə Yehovanın göstərişlərinə riayət edirik.

20. İsanın dirilməsi Allahın əzəmətinə necə şəhadət edir?

20 İsanın dirilməsi səssiz şəhadət versə də, Onu «cidd-cəhdlə axtaranlara mükafat [verən]» Yehovanın əzəmətinə parlaq sübutdur (İbr. 11:6). İsanı ölməz göylər həyatına diriltməsi Yehovanın qüvvəsinin və müdrikliyinin təzahürüdür. Bununla Allah bütün vədlərini həyata keçirməyə qadir olduğunu göstərir. Bu, Allahın ali hökmranlığı ilə bağlı məsələnin həllində vacib rol oynayan «övlad» haqda vədi də özünə daxil edir. Bu vədin yerinə yetməsi üçün İsanın ölüb sonradan dirilməsi tələb olunurdu (Yar. 3:15).

21. Dirilmə ümidi sənin üçün hansı mənanı daşıyır?

21 Bizə dirilməyə möhkəm ümid verən Yehovaya şükürlər olsun! Müqəddəs Yazılar bizi əmin edir: «Allahın çadırı insanlarladır və O, insanlarla yaşayacaq, onlar da Allahın xalqı olacaqlar. Allah Özü onlarla olacaq. Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq, çünki əvvəlki şeylər keçib getdi». Bu heyrətamiz görüntünü sadiq həvari Yəhyaya göstərən şəxs belə demişdi: «Yaz, çünki bu sözlər doğru və etibarlıdır». Bəs bu ilhamlanmış vəhyi Yəhyaya kim vermişdi? Dirilmiş İsa Məsih (Vəhy 1:1; 21:3—5).