Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2014

İndi Allahın xalqısınız

İndi Allahın xalqısınız

«Bir vaxtlar siz xalq deyildiniz, indi isə Allahın xalqısınız» (1 PET. 2:10).

1, 2. Eramızın 33-cü ilinin Əllinci gün bayramında hansı dəyişiklik baş verdi və kimlər Yehovanın yeni xalqının üzvləri oldu? (Məqalənin əvvəlindəki şəklə bax.)

ERAMIZIN 33-cü ilinin Əllinci gün bayramı Yehovanın xalqı üçün dönüş nöqtəsi oldu. Həmin vaxt köklü dəyişiklik baş verdi. O gün Yehova müqəddəs ruhu vasitəsilə yeni xalq — «Allahın [İsraili]» adlanan ruhani İsraili yaratdı (Qalat. 6:16). İbrahimin günlərindən bəri ilk dəfə idi ki, Allahın xalqı kişilərin sünnəti ilə müəyyənləşməyəcəkdi. Həvari Pavel bu yeni xalqın hər bir üzvü barədə belə demişdi: «Onun sünnəti... müqəddəs ruhla qəlbdə edilmiş sünnətdir» (Rom. 2:29).

2 Allahın yeni xalqının ilk üzvləri Yerusəlimdə yuxarı otaqda toplaşan İsanın həvariləri və yüzdən çox şagirdi idi (Həv. iş. 1:12—15). Orada olanların hamısının üzərinə müqəddəs ruh töküldü və beləcə, onlar Allahın ruhdan doğulmuş oğulları oldular (Rom. 8:15, 16; 2 Kor. 1:21). Bununla da Məsih vasitəsilə bağlanmış və qanı ilə təsdiq olunmuş yeni əhd artıq qüvvəyə mindi (Luka 22:20; İbranilərə 9:15 ayəsini oxu). Beləcə, bu şagirdlər Yehovanın yeni millətinin və ya yeni xalqının üzvləri oldular. Müqəddəs ruh onlara Roma imperiyasının hər yerindən Həftələr və ya  Əllinci gün adlanan bayrama gələn yəhudilərin və prozelitlərin danışdıqları dillərdə təbliğ etmək qabiliyyəti verdi. Bu insanlar ruhdan doğulmuş məsihçilərin «Allahın əzəmətli işləri» barədə təbliğini öz ana dillərində eşidib başa düşürdülər (Həv. iş. 2:1—11).

ALLAHIN YENİ XALQI

3—5. a) Əllinci gün bayramında Peter yəhudilərə nə dedi? b) Yehovanın yeni xalqı yarandığı illərdə necə inkişaf edirdi?

3 Yehova həvari Peterin vasitəsilə yəhudilərin və prozelitlərin yeni yaranmış xalqın, məsihçi yığıncağının üzvləri olmalarına yol açdı. Elə həmin bayramda Peter yəhudilərə cəsarətlə bildirdi ki, onlar «dirəyə [mıxladıqları]» İsanı qəbul etməlidirlər, çünki onu «Allah həm Ağa, həm də Məsih etmişdir». İzdiham Peterdən nə etməli olduqlarını soruşanda o dedi: «Tövbə edin və günahlarınızın bağışlanması üçün qoy hər kəs İsa Məsihin adı naminə vəftiz olunsun, onda müqəddəs ruh ənamını alacaqsınız» (Həv. iş. 2:22, 23, 36—38). O gün 3000-ə yaxın adam yeni yaranmış ruhani İsrail xalqına qoşuldu (Həv. iş. 2:41). Bunun ardınca həvarilərin təbliğ işinə can qoymaları böyük bəhrələr gətirdi (Həv. iş. 6:7). Yeni xalq get-gedə çoxalırdı.

4 Çox keçməmiş, təbliğ işi Samariyaya çatıb gözəl nəticələr verdi. Bir çoxları müjdəçi Filip tərəfindən vəftiz olunsalar da, dərhal müqəddəs ruh almadılar. Yerusəlimdəki rəhbərlik şurası həvari Peterlə Yəhyanı Samariyadakı bu məsihçilərin yanına göndərdi. Orada «həvarilər əllərini onların üzərinə qoydular və onlar müqəddəs ruh aldılar» (Həv. iş. 8:5, 6, 14—17). Beləcə, samariyalı məsihçilər də ruhani İsrailin ruhla məsh olunmuş üzvləri oldu.

Peter Korniliyə və evindəkilərə təbliğ edir (5-ci abzasa bax)

5 Eramızın 36-cı ilində başqa millətlər də ruhani İsrailə qəbul edildi. Bu da Peterin vasitəsilə oldu. O, romalı yüzbaşı Korniliyə, qohumlarına və dostlarına həqiqəti açdı (Həv. iş. 10:22, 24, 34, 35). Müqəddəs Kitabda deyilir: «Peter hələ sözünü qurtarmamış Allahın sözünü dinləyənlərə [qeyri-yəhudilərə] müqəddəs ruh verildi. Peterlə gəlmiş sadiq qardaşlar sünnət edilmişlərdən idilər. Onları heyrət bürüdü, çünki müqəddəs ruh ənamı digər millətlərin adamlarının da üzərinə tökülürdü» (Həv. iş. 10:44, 45). Bununla da yeni yaranmış ruhani İsrailə sünnət edilməmiş qeyri-yəhudilər də daxil oldu.

«ÖZ ADINA BİR XALQ»

6, 7. Yeni xalqın üzvləri «[Yehovanın] adına bir xalq» olduqlarını hansı sahələrdə və necə göstərirdilər?

6 Eramızın 49-cu ilində rəhbərlik şurasının keçirdiyi görüşdə şagird Yaqub qeyd etmişdi: «Allahın digər millətlərdən Öz adına bir xalq təşkil etmək üçün onlara ilk dəfə necə  nəzər saldığını Simeon [Peter] ətraflı nəql etdi» (Həv. iş. 15:14). Yehovanın adını daşıyan bu yeni xalqa həm yəhudilərdən, həm də qeyri-yəhudilərdən imanlı insanlar daxil olacaqdı (Rom. 11:25, 26a). Sonralar Peter yazmışdı: «Bir vaxtlar siz xalq deyildiniz, indi isə Allahın xalqısınız». Həvari onların əsas vəzifələrini belə ifadə etmişdi: «Siz “seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs millət, Allahın məxsusi xalqısınız”, sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın “əzəmətli keyfiyyətlərini bəyan etmək” üçün seçilmisiniz» (1 Pet. 2:9, 10). Onlar təmsil etdikləri Allaha həmd etməli və Onun adını hamıya bəyan etməli idilər. Onlar Kainatın Hökmdarı olan Yehova haqda cəsarətlə şahidlik verməli idilər.

7 Yehova qədim İsrail haqda dediyi kimi, ruhani İsrail haqda da demişdi: «Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin» (Yeşaya 43:21). Erkən məsihçilər əvvəllər ibadət etdikləri allahları rədd edərək Yehovanın yeganə həqiqi Allah olduğunu cəsarətlə bəyan edirdilər (1 Salon. 1:9). Onlar «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta yerin ucqarlarınadək» Yehovaya və İsaya şahidlik edirdilər (Həv. iş. 1:8; Kolos. 1:23).

8. Birinci əsrdə həvari Pavel Allahın xalqına hansı xəbərdarlığı vermişdi?

8 Birinci əsrdə «[Yehovanın] adına bir xalq»ın cəsarətli üzvlərindən biri həvari Pavel olmuşdu. O, bütpərəst filosoflar qarşısında «dünyanı və onun içindəki hər şeyi yaradan Allah göyün və yerin [Ağası]» Yehovanın ali hökmranlığını müdafiə edirdi (Həv. iş. 17:18, 23—25). Üçüncü təbliğ səyahətinin sonunda Pavel Allahın adını daşıyan xalqın üzvlərini xəbərdar etmişdi: «Bilirəm ki, mən gedəndən sonra aranıza amansız canavarlar girəcək, onlar sürüyə rəhm etməyəcəklər. Həmçinin sizin aranızdan adamlar peyda olacaq və şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər» (Həv. iş. 20:29, 30). Dönüklük haqda deyilən bu peyğəmbərlik birinci əsrin sonlarında özünü aydın göstərməyə başladı (1 Yəh. 2:18, 19).

9. Həvarilərin ölümündən sonra «[Yehovanın] adına bir xalq»la nə baş verdi?

9 Həvarilərin ölümündən sonra dönüklük vüsət alıb Xristian dünyasının kilsələrinin yaranmasına səbəb oldu. Dönük məsihçilər nəinki «[Yehovanın] adına bir xalq» olmadılar, hətta Müqəddəs Kitabın bir çox tərcümələrindən Allahın adını tamamilə yığışdırdılar. Bununla yanaşı, onlar bütpərəst ayinləri mənimsədilər, həmçinin yalançı təlimlər, apardıqları «müqəddəs müharibələr» və əxlaqsız hərəkətlərlə Allahı rüsvay etdilər. Beləcə, əsrlər ərzində yer üzündə «[Yehovanın] adına bir xalq» olmasa da, tək-tük insanlar Ona sədaqətlə xidmət edirdilər.

ALLAHIN XALQI YENİDƏN YARANIR

10, 11. a) İsa buğda və alaq otları məsəlində nə haqda peyğəmbərlik etmişdi? b) İsanın məsəli 1914-cü ildən sonra necə yerinə yetdi və bunun nəticəsi nə oldu?

10 İsa Məsih buğda və alaq otu məsəlində dönüklüyə gətirib çıxaracaq ruhani gecə haqda peyğəmbərlik etmişdi. O demişdi ki, «adamlar yatanda» İblis insan Oğlunun buğda toxumları səpdiyi tarlaya alaq toxumu səpəcək. «Dövrün yekunu»na kimi onlar bir yerdə böyüməli idilər. İsa izah etdi ki, «yaxşı toxum padşahlığın oğulları»nı, «alaq otları isə Şəririn [oğullarını]»  təmsil edir. Dövrün yekununda insan Oğlu biçinçiləri, yəni mələkləri göndərəcəkdi ki, məcazi buğdanı alaq otlarından ayırsın. Beləcə, Padşahlığın oğulları toplanacaqdı (Mat. 13:24—30, 36—43). Bəs bütün bunlar necə baş verdi və Yehovanın yer üzündə yenidən xalq yaratması necə mümkün oldu?

11 «Dövrün yekunu» 1914-cü ildə başladı. Həmin il başlamış müharibə zamanı «padşahlığın oğulları» olan bir neçə min məsh olunmuş məsihçi Böyük Babilin ruhani əsirinə çevrildi. Lakin 1919-cu ildə Yehova onları «alaq otları»ndan, yəni saxta məsihçilərdən seçərək azad etdi. Və «padşahlığın oğulları»nı təşkil olunmuş xalq şəklində topladı. Beləcə, Yeşayanın: «Bir gündə ölkə yarana bilərmi? Bir anda millət doğula bilərmi? Sion isə ağrısı tutan kimi övladlarını doğdu», — peyğəmbərliyi yerinə yetdi (Yeşaya 66:8). Sion, yəni Yehovanın ruhani təşkilatı ruhla məsh olunmuş oğullarını dünyaya gətirdi və onları bir xalq şəklində təşkil etdi.

12. Bu gün məsh olunmuşlar «[Yehovanın] adına bir xalq» olduqlarını necə göstərirlər?

12 Erkən məsihçilər kimi, «padşahlığın oğulları» da Yehovanın şahidləri olmalı idilər. (Yeşaya 43:1, 10, 11 ayələrini oxu.) Beləcə, «millətlərin hamısına şəhadət olsun deyə» onlar öz davranışları və «Padşahlıq haqqındakı bu xoş xəbər»i təbliğ etmələri ilə fərqlənməli idilər (Mat. 24:14; Filip. 2:15). Bununsayəsində onlar çoxunu, milyonlarla insanı Yehovanın salehlik normalarına döndəriblər. (Daniel 12:3 ayəsini oxu.)

«QOY SİZİNLƏ GEDƏK»

13, 14. Yehova ibadətlərini qəbul etsin deyə, ruhani İsrailə aid olmayanlar nə etməlidir və buna dair Müqəddəs Kitabda nə deyilir?

13 Ötən məqalədən gördüyümüz kimi, qədim İsraildə Yehova qəriblərin ibadətini yalnız Onun əhd bağladığı xalqa qoşulduqları təqdirdə qəbul  edirdi (1 Pad. 8:41—43). Eynilə, bu gün də ruhani İsrailə aid olmayan kəslər Yehovanın xalqına, yəni «padşahlığın oğulları» olan məsh olunmuş Şahidlərə qoşulmalıdırlar.

14 Bu axır günlərdə çoxlarının Yehovaya ibadət etmək üçün Onun xalqına qoşulması iki qədim peyğəmbərlikdə deyilmişdi. Yeşaya peyğəmbərlik etmişdi: «Çox xalqlar gəlib deyəcək: “Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yollarını öyrətsin, biz Onun rizləri ilə gedək”. Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq» (Yeşaya 2:2, 3). Həmçinin Zəkəriyyə peyğəmbər də qabaqcadan demişdi ki, «bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək». O, bu insanları ruhani İsrailin simvolik mənada ətəyindən yapışaraq: «Qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik», — sözlərini deyən «müxtəlif dillərdə danışan millətlərdən olan on adam» kimi təsvir etmişdi (Zək. 8:20—23).

15. Digər məsihçilər hansı işdə ruhani İsraillə birgə gedirlər?

15 Yer üzü ümidinə malik olan məsihçilər Padşahlıq haqda xoş xəbərin təbliğ edilməsində ruhani İsraillə birgə gedirlər (Mark 13:10). Onlar «xeyirxah [çoban]» İsa Məsihin başçılığı altında məsh olunmuşlarla «bir sürüdə» Allahın xalqının bir hissəsi olublar. (Yəhya 10:14—16 ayələrini oxu.)

YEHOVANIN XALQI İLƏ BİRGƏ MÜDAFİƏ OLUN

16. Yehova böyük müsibətin sonunu necə gətirəcək?

16 Böyük Babilin məhvindən sonra Yehovanın xalqına hücum olacaq. Həmin vaxt biz Yehovanın müdafiəsinə ehtiyac duyacağıq. Bu hücum böyük müsibətin son mərhələsinə gətirib çıxaracağı üçün deyə bilərik ki, hadisələrin gedişatı və məsələnin həlli Yehovanın Öz əlində olacaq (Mat. 24:21; Yez. 38:2—4). Həmin vaxt Qoq «millətlərin arasından toplanmış xalqa», yəni Yehovanın xalqına hücum edəcək (Yez. 38:10—12). Bu hücum Yehovanın Qoqa və onun tərəfdarlarına qarşı hökmünü icra etmək üçün bir əlamət olacaq. Yehova Öz ali hakimiyyətinin əzəmətini və adının müqəddəsliyini göstərəcək. Necə ki demişdi: «Bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb [Yehova] Mənəm» (Yez. 38:18—23).

Böyük müsibət zamanı öz yığıncağımızla sıx əməkdaşlıq etməliyik (16—18-ci abzaslara bax)

17, 18. a) Qoqun hücumu zamanı Yehova xalqına hansı göstərişləri verəcək? b) Yehovanın bizi müdafiə etməsini istəyiriksə nə etməliyik?

17 Qoq hücuma keçəndə Yehova Öz xidmətçilərinə deyəcək: «Ey xalqım, keç içəri otaqlara, qapıları ört, Rəbbin qeyzi keçənəcən qısa bir müddətə gizlən!» (Yeşaya 26:20). Belə həlledici vaxtda Yehova həyati vacib göstərişləri «içəri otaqlar» sayılan yığıncaqlarımızda verəcək.

18 Əgər böyük müsibət zamanı Yehovanın bizi müdafiə etməsini istəyiriksə, dərk etməliyik ki, Onun bütün dünyada yığıncaqlar şəklində toplaşmış xalqı var. Buna görə də biz daim Allahın xalqının arasında olmalı və yığıncaqlarımızdan qalmamalıyıq. Məzmurçu kimi, biz də ürəkdən nida edirik: «Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!» (Məz. 3:8).