Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2014

Yehova ilə əməkdaşlığını dəyərləndir!

Yehova ilə əməkdaşlığını dəyərləndir!

«Biz Allahın əməkdaşlarıyıq» (1 KOR. 3:9).

1. Yehova gördüyü işə necə yanaşır?

YEHOVA gördüyü işdən həzz alan əməksevər Allahdır (Məz. 135:6; Yəh. 5:17). O istəyir ki, yaratdığı şüurlu varlıqlar da, Onun kimi, gördükləri işdən həzz alsınlar. Buna görə də Yehova onlara xoş və məmnunedici iş tapşırdı. Misal üçün, O, hər şeyi ilkin Oğlu ilə birgə yaratmışdı. (Koloslulara 1:15, 16 ayələrini oxu.) Elə Müqəddəs Kitabda da deyilir ki, İsa yer üzünə gəlməzdən öncə göydə Allahın yanında «memar» idi (Sül. məs. 8:30).

2. Nəyə əsasən deyə bilərik ki, Yehova mələklərə həmişə vacib işlər tapşırır?

2 Müqəddəs Kitab Yehovanın mələklərə işlər tapşırdığına dair nümunələrlə doludur. Məsələn, Adəmlə Həvva günah işlədib cənnətdən qovulanda Allah «Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar» (Yar. 3:24). Yaxud Vəhy 22:6 ayəsində yazılıb ki, Yehova «yaxın gələcəkdə baş verəcək hadisələri qullarına göstərmək üçün mələyini göndərdi».

 İNSANLARA HƏVALƏ OLUNAN İŞLƏR

3. Yer üzündə olarkən İsa Yehovanı necə təqlid etmişdi?

3 Kamil insan olan İsa yer üzündə Yehovanın tapşırdığı bütün işləri canla-başla görürdü. O, Yehovadan nümunə götürərək şagirdlərinə vacib iş tapşırmışdı. Onlar tapşırılan işi başa çatdırmağa əzmli olsunlar deyə İsa demişdi: «Bunu bilin, mənə iman edən adam mənim etdiyim işləri edəcək və bunlardan da böyük işlər edəcək, çünki mən Atamın yanına gedirəm» (Yəh. 14:12). Bu işin təcili olduğunu vurğulamaq üçün o demişdi: «Hələ ki, gündüzdür, məni göndərənin işlərini görməliyik. Gecə yaxınlaşır. Gecə heç kəs iş görə bilməz» (Yəh. 9:4).

4—6. a) Nəyə görə biz Nuh və Musa peyğəmbərə minnətdar olmalıyıq? b) Allahın insanlara tapşırıqlar verməkdə məqsədi nə idi?

4 İsa yer üzünə gəlməzdən öncə də Yehova insanlara işlər tapşırırdı. Məsələn, Adəmlə Həvva onlara tapşırılan işi yarıtmasalar da, digər insanlar Allahın buyurduğu işləri yerinə yetirirdilər (Yar. 1:28). Yehova Nuh peyğəmbərə ümumdünya Daşqından sağ çıxmağa kömək edəcək gəmini tikmək üçün xüsusi göstərişlər vermişdi. O da Yehovanın bütün göstərişlərinə nöqtəsinə kimi əməl etmişdi. Nə yaxşı ki, Nuh peyğəmbər işinə məsuliyyətlə yanaşmışdı, yoxsa biz indi həyatda olmazdıq (Yar. 6:14—16, 22; 2 Pet. 2:5).

5 Musa peyğəmbərə isə Yehova müqəddəs məskənin tikilməsi və kahinliyin təşkil edilməsi ilə bağlı göstərişlər vermişdi. O da hər şeyi göstərişlərə uyğun etmişdi (Çıx. 39:32; 40:12—16). Hətta bu gün biz onun həmin tapşırığı sədaqətlə yerinə yetirməsinin xeyrini görürük. Necə? Həvari Pavel izah etmişdi ki, Qanunun həmin tələbləri gələcək xeyir-duaları simvolizə edirdi (İbr. 9:1—5, 9; 10:1).

6 Allah niyyətinin tədricən həyata keçməsi üçün xidmətçilərinə vaxtaşırı müxtəlif tapşırıqlar verirdi. Bu tapşırıqlar hər zaman Allahın izzətlənməsi və itaətkar insanların xilası naminə verilirdi. Həmçinin İsanın göydə və yerdə gördüyü işlər də bu məqsədə xidmət edirdi (Yəh. 4:34; 17:4). Yehovanı izzətləndirmək işi bu gün bizə də tapşırılıb (Mat. 5:16; 1 Korinflilərə 15:58 ayəsini oxu). Bunu nəyə əsasən deyə bilərik?

TAPŞIRILAN İŞLƏRƏ DÜZGÜN YANAŞ

7, 8. a) Bu gün məsihçilərə hansı işlər həvalə edilib? b) Yehovanın rəhbərliyinə necə yanaşmalıyıq?

7 Razı olarsınız ki, Yehovanın qeyri-kamil insanları Özünə əməkdaş seçməsi heyrətamizdir (1 Kor. 3:9). Keçmişdə Nuha və Musaya tapşırıq verdiyi kimi, Yehova bu gün də bəzilərini Konqres və Padşahlıq zallarının, eləcə də filialların tikintisində iştirak etmək üçün seçib. İstər Padşahlıq zalının, istərsə də Uorvikdəki (Nyu-York) baş idarənin tikintisində iştirak edək, əsas odur ki, bu şərəfli işi dəyərləndirək. (Məqalənin əvvəlindəki təsviri modelə bax.) Çünki bu, müqəddəs xidmətdir. Lakin əksər məsihçilər ruhani tikintidə iştirak etməyə dəvət olunub. Həmçinin bu da Yehovanın izzətlənməsinə və itaətkar insanların xilasına xidmət edir (Həv. iş. 13:47—49). Allahın təşkilatı bu işin ən düzgün şəkildə icra olunmasına dair müvafiq rəhbərlik verir. Elə buna görə də bəzən yeni təyinatlar alırıq.

8 Yehovanın sadiq xidmətçiləri teokratik rəhbərliyə həmişə canla-başla  tabe olublar. (İbranilərə 13:7, 17 ayələrini oxu.) Ola bilsin, əvvəl-əvvəl bizə tapşırılan işin mahiyyətini tam dərk etməyək. Amma Yehovanın məsləhət bildiyi istənilən dəyişikliklə ayaqlaşsaq, gec-tez bunun xeyrini görəcəyik.

9. Ağsaqqallar verilən tapşırığa münasibətlə bağlı hansı nümunəni qoyurlar?

9 Ağsaqqalların yığıncaqda üzərlərinə məsuliyyətlər götürməsi göstərir ki, onlar Yehovanın iradəsini yerinə yetirməyi ürəkdən istəyirlər (2 Kor. 1:24; 1 Salon. 5:12, 13). Çətin işlər onların gözlərini qorxutmur, onlar təşkilatla birgə addımlayırlar. Təbliğ işinin yeni üsullarını canla-başla dəstəkləyirlər. Ola bilsin, bəzilərinə telefonla təbliğ, limanda təbliğ və ya ictimai təbliğ təzə-təzə birtəhər gəlirdi, lakin onlar bu üsulların gözəl nəticələr verdiyini gördülər. Misal üçün, Almaniyada dörd pioner qərara gəldi ki, unudulmuş işgüzar bir ərazidə təbliğ etsinlər. Maykl deyir: «Heyif ki, indiyə kimi biz xidmətin bu növünə elə də əhəmiyyət verməmişik. Amma bu, Yehovanın nəzərindən yayınmamışdı və bizə səhərlər etdiyimiz bu xidmətinin əvəzolunmaz ləzzətini dadmağa yol açdı. Nə yaxşı ki, “Bizim Padşahlıq Xidmətimiz”də verilən göstərişə uyğun davranıb Yehovaya bel bağladıq!» Bəs sən yaşadığın ərazidə istifadə edilən yeni təbliğ üsullarında iştirak edirsən?

10. Bu yaxınlarda təşkilatda hansı dəyişikliklər edilib?

10 Hərdən təşkilatımız hansısa dəyişikliklərin edilməsini lazım bilir. Məsələn, bir neçə il bundan əvvəl bəzi filiallar birləşdirilmişdi. Bu səbəbdən həmin filiallarda xidmət edən bəzi bacı-qardaşlardan dəyişiklik etmək tələb olunurdu və çox keçməmiş hamı bu dəyişikliyin xeyrini gördü (Vaiz 7:8). Yehovanın xalqının müasir tarixində çoxlu işlər görən könüllülər nə bəxtəvərdir!

11—13. Təşkilatdakı dəyişikliklərə görə bəziləri hansı çətinliklərlə üzləşiblər?

11 Filialların birləşməsi bir çoxlarının xidmətinə öz təsirini göstərmişdi və onlar bizim üçün əsil örnəkdir. Bəziləri üçün Bet-El onilliklərdir ki, doğma evə çevrilib. Mərkəzi Amerikadakı balaca Bet-El ailəsindən olan bir ər-arvada üzvlərinin sayı təxminən 30 dəfə çox olan Meksika filialına köçməyi təklif etdilər. Roxelyo deyir: «Ailəmizdən, dostlarımızdan ayrılmaq bizim üçün çox çətin idi». Meksikaya köçmək təklifi alan Xuan adlı digər bir qardaş deyir: «Bu, ikinci dəfə dünyaya gəlməyə bənzəyir, hər şeyi yenidən başlamalı olursan. Yeni mədəniyyətə uyğunlaşmalı, düşüncə tərzini dəyişməlisən».

12 Almaniya filialına köçmək təklifi almış Avropanın bəzi ölkələrindən olan bet-ellilər də oxşar çətinliklərlə üzləşmişlər. Ecazkar Alp dağlarını qoyub İsveçrədən harasa köçməyin adama nə qədər çətin olduğunu dağlıq yerləri xoşlayanlar daha yaxşı bilər. Gör hələ Avstriyadan köçən bet-ellilər balaca ailələri üçün necə darıxırlar!

13 Başqa ölkəyə köçmək fərqli bir yerdə yaşamaq, tanımadıqları bacı-qardaşlarla işləmək və ola bilsin, heç vaxt görmədiyi işi öyrənmək deməkdir. Buna görə insan yığıncağını dəyişməli, yeni ərazidə təbliğ etməli və hətta yeni dil öyrənməli olur. Bu cür dəyişikliklər etmək hələm-hələm asan deyil. Buna baxmayaraq, əksər bet-ellilər bu dəyişiklikləri etdilər. Gəlin görək onlar bunu necə bacardılar?

14, 15. a) Bir çoxları aldıqları hər bir təyinatda Yehova ilə əməkdaş olmaq şərəfini qiymətləndirdiklərini necə göstəriblər? b) Onlar bizə nədə örnəkdirlər?

 14 Qretel deyir: «Mən bu dəvəti başqa ölkəyə, hansısa binaya köçmək və ya müəyyən məsuliyyət almaq üçün yox, Yehovaya məhəbbətimi sübut etmək üçün qəbul etdim». Dayska bölüşür: «Bu dəvəti Yehovadan olduğunu düşündüyüm üçün sevə-sevə qəbul etdim». Andre və Qabriela da deyir ki: «Biz buna öz istəklərimizi arxada qoyub Yehovaya xidməti davam etdirmək imkanı kimi baxırdıq. Qərara gəldik ki, Yehovanın bizə istiqamət verən küləyinə qarşı durmaq əvəzinə, yelkənləri açsaq daha yaxşıdır».

Bizim üçün ən böyük şərəf Yehovanın işini görməkdir!

15 Filiallar birləşdirildiyi üçün bəzi bet-ellilər pioner xidmətinə təyin olundular. Bu, Danimarka, Norveç və İsveç filiallarının Skandinaviya filialı adı altında birləşməsi zamanı da baş vermişdi. Yeni təyinat alanlardan Florian və Anya deyir: «Biz yeni təyinatımıza maraqlı bir dəyişiklik kimi baxırdıq. Bizi sevindirən harada xidmət etməyimiz yox, Yehovaya xidmət etməyimizdir. Onun verdiyi xeyir-duaların sayı-hesabı yoxdur». Ola bilsin, əksəriyyətimiz bu cür dəyişikliklərlə üzləşməmişik, amma biz də, onlar kimi, hazırlıq ruhu göstərib Padşahlığın işini birinci yerə qoya bilərik (Yeşaya 6:8). Yehova, harada olursa-olsun, Ona əməkdaş olmaq şərəfini qiymətləndirən hər bir xidmətçisini həmişə xeyir-bərəkətli edir.

YEHOVA İLƏ ƏMƏKDAŞLIĞINI QORU

16. a) Qalatiyalılara 6:4 ayəsi bizi nəyə təşviq edir? b) İnsan üçün ən böyük şərəf nədir?

16 Qeyri-kamil insanlar müqayisə etməyi sevirlər. Lakin Allahın Kəlamı deyir ki, hərə diqqətini özünün edə biləcəyi şeylərə yönəltsin. (Qalatiyalılara 6:4 ayəsini oxu.) Əksəriyyətimiz təşkilatda heç bir səlahiyyətə sahib deyil. Üstəlik, heç də hamımız pioner, xüsusi təyinatlı müjdəçi və ya bet-elli deyilik. Sözsüz ki, bunlar gözəl xidmət növləridir! Lakin unutmamalıyıq ki, insanın layiq görülə  biləcəyi ən şərəfli iş hər birimizə nəsib olub. Bu, bir məsihçi kimi Yehovanın əməkdaşı olmaqdır. Gərək bunun qədrini bilək!

17. Yaşadığımız Şeytan dünyasında nə çətindir və nə üçün ruhdan düşməməliyik?

17 Hələ ki, Şeytan dünyasında yaşadığımız üçün Yehovaya istədiyimiz qədər xidmət edə bilmirik. Ailə məsuliyyətlərimizi icra etmək, sağlamlığımıza fikir vermək və ya digər amillərə nəzarət etmək həmişə asan olmur. Lakin belə şeylərə görə ruhdan düşməməliyik. Heç vaxt unutma ki, Yehova səni Özünə əməkdaş seçib, buna görə də imkan düşəndə Onun adını və Padşahlığını bəyan et. Əsas odur ki, gücün çatanı edib Onunla əməkdaşlıq edəsən və daha çox zəhmət çəkən qardaşların üçün Yehovadan xeyir-dua istəyəsən. Bil ki, Yehovanın gözündə Onun adına həmd edən hər kəs dəyərlidir!

18. Biz nəyi kənara qoymalıyıq və nəyə görə?

18 Zəif və qeyri-kamil olmağımıza baxmayaraq, Yehova bizimlə məmnuniyyətlə əməkdaşlıq edir. Buna görə də bu son günlərdə Allahla əməkdaşlığımızı göz bəbəyimiz kimi qorumalıyıq. Beləliklə, Yehovanın bizə bəxş edəcəyi «həqiqi həyatı» — sülhün çiçəklənəcəyi xoşbəxt əbədi həyatı gözlədiyimiz bir vaxtda gəlin öz istəklərimizi bir kənara qoyaq (1 Tim. 6:18, 19).

Bəs sən Yehovaya xidmət etmək şərəfini qiymətləndirirsən? (16—18-ci abzaslara bax)

19. Yehova bizim üçün necə gələcək hazırlayıb?

19 Yeni dünyanın astanasında durduğumuz üçün gəlin Musanın Vəd edilmiş diyara daxil olmazdan öncə israillilərə dediyi sözlərin üzərində düşünək. O demişdi: «Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək» (Qanun. t. 30:9). Allahın çalışqan əməkdaşları Har-Magedonu arxada qoyub onlara vəd edilmiş diyarı miras alacaqlar. Buna görə də gəlin hamımız bir nəfər kimi nəzərimizi yeni təyinatımıza — bütün yer üzünü cənnət məkana çevirmək işinə cəmləyək