Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2014

 BİOQRAFİYA

Padşahlıq yolunda mənə qalan nişanələr

Padşahlıq yolunda mənə qalan nişanələr

1947-ci ildə Santa-Anada (Salvador) Katolik kilsəsinin keşişləri camaatı Yehovanın Şahidlərinə qarşı qızışdırdı. Qardaşlar hər həftə olduğu kimi «Gözətçi qülləsi» jurnalını müzakirə edərkən uşaqlar xüsusi təyinatlı müjdəçinin evini daşlamağa başladılar. Sonra keşişlərin başçılığı altında etiraz aksiyası keçirildi. Bəziləri məşəl, bəziləri isə dini plakatlar daşıyırdı. Təxminən iki saata yaxın onlar binanı daşlayıb qışqırırdılar: «Yehovaya ölüm!» «Yaşasın müqəddəs Məryəm!» Onların məqsədi xüsusi təyinatlı müjdəçiləri ürküdüb şəhərdən qaçırmaq idi. Bu hadisə ilə üzləşənlərdən biri də mən idim, çünki düz 67 il bundan öncə mən də həmin görüşdə idim *.

BU HADİSƏDƏN iki il qabaq əməkdaşım Evelin Trabertlə birgə Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 4-cü sinfini bitirdik. O vaxtlar bu məktəb İtakanın (Nyu-York) yaxınlığında yerləşirdi. Bizi Santa-Ana şəhərində xidmət etməyə təyin etdilər. Təxminən 29 illik xüsusi təyinatlı müjdəçi kimi xidmətimdən danışmazdan öncə bu xidməti nə üçün seçdiyim haqda söz açmaq istəyərdim.

RUHANİ İRSİM

Mən 1923-cü ildə dünyaya göz açanda valideynlərim Con və Yeva Olson Vaşinqton ştatının Spokan şəhərində (ABŞ) yaşayırdılar. Onlar lüteran olsalar da, kilsənin cəhənnəm odu təlimini qəbul etmirdilər, belə ki, bu təlimi iman etdikləri məhəbbətli Allaha yaraşdıra bilmirdilər (1 Yəh. 4:8). Atam çörək zavodunda işləyirdi və bir axşam iş yoldaşlarından biri ona açıqladı ki, cəhənnəm əzabı təlimi Müqəddəs Kitaba əsaslanmır. Tezliklə valideynlərim Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladılar və Allahın Kəlamında ölümdən sonrakı həyatla bağlı əslində nə deyildiyini öyrəndilər.

Həmin vaxt cəmi doqquz yaşım olsa da, valideynlərimin yenicə öyrəndikləri Müqəddəs Kitab  həqiqətləri haqda necə ağızdolusu danışdıqları hələ də yadımdadır. Onlar Allahın adının Yehova olduğunu öyrənəndə həqiqətə daha da bağlandılar və Üç üqnum təliminin cəfəngiyat olduğunu anladılar. Mən də insanı azad edən həqiqəti öyrənməklə Müqəddəs Yazıların heyrətamiz təlimlərini süngər kimi canıma çəkməyə başladım (Yəh. 8:32). Müqəddəs Kitabı araşdırmaq mənə heç vaxt cansıxıcı gəlməyib, əksinə bu, həmişə mənə zövq verib. Utancaq olsam da, valideynlərimlə birgə təbliğə çıxırdım. Onlar 1934-cü ildə, mən isə 1939-cu ildə 16 yaşımda özümü Yehovaya həsr edib vəftiz olundum.

1941-ci ildə, valideynlərimlə birgə Sent-Luisdəki (Missuri) konqresdə

1940-cı ilin yayında evimizi satıb üçümüz də Ker-d’Alendə (Aydaho ştatı) pioner xidmətinə başladıq. Biz avtoservisin ikinci mərtəbəsindəki mənzildə kirayə qalırdıq. Evimizdə yığıncaq görüşləri də keçirilirdi. O vaxtlar tək-tük yığıncaqların öz Padşahlıq zalı var idi. Buna görə də əksər yığıncaqlar görüşləri evlərdə və ya kirayə yerlərdə keçirirdi.

1941-ci ildə ailəlikcə Sent-Luis şəhərində (Missuri ştatı) keçirilən konqresdə iştirak etdik. Bazar günü uşaqlar üçün xüsusi gün idi, 5—18 yaşlarında olan uşaqları səhnənin önündəki cərgələrdə əyləşdirmişdilər. Çıxışının ən vacib məqamında Cozef Ruterford qardaş bizə belə dedi: «Allaha və Onun Padşahına tabe olmağa qəti qərarlı olan sizlər,.. uşaqlar,.. zəhmət olmasa, ayağa qalxın!» Hamımız qalxdıq. Sonra Ruterford qardaş gur səslə bəyan etdi: «Budur, Padşahlığın 15 000-dən çox yeni şahidi!» Elə bu andan qərara gəldim ki, pionerlik mənim həyat yolum olmalıdır.

AİLƏMİZİN TƏYİNATLARI

Sent-Luisdəki konqresdən bir neçə ay sonra ailəlikcə cənubi Kaliforniyaya köçdük. Təyinatımıza Oksnard şəhərindəki yığıncaqdan başladıq. Biz cəmi bir çarpayısı olan balaca bir furqonda yaşayırdıq. Axşamlar «çarpayımı» masanın üstündə açırdılar, açığı bu, heç də mənim əvvəlki yataq otağımın yerini vermirdi!

Biz Kaliforniyaya gəlməzdən bir az əvvəl 1941-ci il dekabrın 7-si Yaponiya Havay adalarındakı Perl-Harbora hücum etmişdi. Növbəti gün Birləşmiş Ştatlar İkinci Dünya müharibəsinə qoşuldu. Hakimiyyət nümayəndələri bütün işıqları söndürmüşdü və biz səhərə kimi işıqsız qalmışdıq. Yapon sualtı qayıqları Kaliforniya sahilini nəzarətdə saxlayırdı. Lakin hər yer zülmət qaranlıq olduğu üçün onlar adaya hücum edə bilməmişdilər.

Bir neçə aydan sonra 1942-ci ilin sentyabrında biz Klivlenddə (Ohayo) keçirilən Yeni Dünya Teokratik Konqresində iştirak etdik. Orada Neytan Norr qardaş «Sülh mümkündürmü?» adlı məruzə ilə çıxış etmişdi. Çıxışında o, «Vəhy» kitabının 17-ci fəslindəki «vəhşi heyvan əvvəllər olmuşdu, indi yoxdur, amma ümmandan çıxmaq üzrədir» sözlərini müzakirə etmişdi (Vəhy 17:8, 11). Norr qardaş izah etmişdi ki, «vəhşi heyvan» 1939-cu ildə fəaliyyətini dayandırmış Millətlər Cəmiyyətidir. Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, Millətlər Cəmiyyəti sülhü qismən bərpa etmək üçün yenidən qayıdacaq. Beləliklə, 1945-ci ildə İkinci Dünya müharibəsi sona yetdi və «vəhşi heyvan» Birləşmiş Millətlər Təşkilatı adı ilə yenidən peyda oldu. Həmin dövrdə Yehovanın Şahidlərinin ümumdünya təbliğ işi geniş vüsət almışdı. O vaxtdan bəri əməlli-başlı artım olub!

Gilead diplomum

Həmin peyğəmbərlik mənə qarşıda olacaq şeyləri görməyə kömək etdi. Növbəti ildə Gilead  Məktəbinin açılacağı haqda elan xüsusi təyinatlı müjdəçi olmaq istəyimi daha da alovlandırdı. 1943-cü ildə mən Portlendə (Oreqon) pioner təyin olundum. O vaxtlar biz evdən-evə təbliğdə fonoqraflardan istifadə edir və Allahın Padşahlığı haqda Müqəddəs Kitab əsasında ədəbiyyatlar təklif edirdik. Həmin ili fikrim-zikrim ancaq xüsusi təyinatlı müjdəçi olmaq idi.

1944-cü ildə əziz dostum Evelin Trabertlə birgə Gilead məktəbinə dəvət aldıq. Beş ay ərzində təlimatçılarımız bizə Müqəddəs Kitabı sevə-sevə öyrətməyin sirlərini açdılar. Onların həlimliyi bizi valeh etmişdi. Bəzən nahar vaxtı həmin qardaşlar ofisiant kimi bizə qulluq edirdilər. Biz məktəbi 1945-ci il yanvarın 22-si bitirdik.

XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ TƏYİNATIM

Evelin, mən, Leo və Ester Mahan cütlüyü 1946-cı ilin iyununda təyin olduğumuz Salvadora gəlib çıxdıq. Orada gördük ki, məhsul «biçinə hazırdır» (Yəh. 4:35). Yuxarıda sizə bəhs etdiyim hadisədən də aydın göründüyü kimi bizim orada olmağımız ruhaniləri yaman qəzəbləndirmişdi. Həmin hadisədən cəmi bir həftə qabaq Santa-Anada birinci rayon konqresimiz keçirilmişdi. Biz hamını açıq məruzəni dinləməyə dəvət etmişdik və təxminən 500 nəfərin gəlməsi bizi çox sevindirmişdi. Bu şəhərdən qaçmaq əvəzinə, qərara gəldik ki, qalıb səmimi insanlara kömək etsək, daha yaxşı olar. Ruhanilər camaata Müqəddəs kitabı oxumağı qadağan etsə də və bu kitabın nüsxəsi çox az adamda olsa da, həqiqəti axtaranlar çox idi. Bu insanlar Allah və Onun yer üzünü Cənnətə çevirməklə bağlı niyyəti haqda onlara məlumat vermək üçün ispan dilini öyrənməyimizi olduqca dəyərləndirirdilər.

Dörd sinif yoldaşımla mən Salvadora təyin olunduq. Soldan sağa: Evelin Trabert, Milli Braşer, Ester Mahan, mən və Leo Mahan

Müqəddəs Kitabı ilk öyrətdiyim kəslərdən biri Rosa Asensiyo olub. Müqəddəs Kitabı öyrənməyə başladıqdan sonra o, birgə yaşadığı kişidən ayrıldı. Çox keçməmiş həmin kişi də Müqəddəs Kitabı araşdırmağa başladı. Onlar nikaha daxil olub vəftiz olundu və Yehovanın fəal xidmətçiləri oldular. Santa-Anada ilk yerli pioner elə Rosa olub *.

Rosanın balaca bir ərzaq dükanı var idi. Xidmətə çıxanda dükanı bağlamalı olurdu və əmin idi ki, Yehova ruzisini yetirəcək. O, bir neçə saatdan sonra qayıdıb dükanı açanda müştərilər ora axışırdı. Rosa Matta 6:33 ayəsindəki sözlərin doğruluğuna şəxsən əmin olmuşdu. O, son nəfəsinə kimi Yehovaya sadiq qaldı.

Biz altı xüsusi təyinatlı müjdəçi bir evdə qalırdıq. Və bir gün bir keşiş evində qaldığımız kişinin yanına gəlib onu hədələdi ki, bizi evdən çıxarmasa, o və arvadı kilsədən qovulacaqlar. Ev yiyəsi tanınmış iş adamı idi və onsuz da keşişlərin hərəkətlərindən zəhləsi gedirdi. Buna görə də onun sözlərindən qorxub eləmədi. Hətta keşişə  bildirdi ki, kilsədən qovulacağı heç onun vecinə də deyil. Bizə də dedi ki, ürəyimiz nə qədər istəyirsə, o qədər də qala bilərik.

TANINMIŞ ADAM ŞAHİD OLUR

1955-ci ildə tikilən filial

Digər xüsusi təyinatlı müjdəçi paytaxt şəhər olan San-Salvadorda Baltasar Perla adlı bir mühəndisin arvadı ilə Müqəddəs Kitab öyrənməsi keçirirdi. Bu gözəl insan din xadimlərinin ikiüzlülüyünü görəndən sonra Allaha inamını itirmişdi. Filial binasının tikintisi başlayanda Baltasar hələ həqiqətdə olmasa da, bildirdi ki, layihənin çəkilməsində və tikilməsində onlara təmənnasız kömək edə bilər.

Bu proyektdə Yehovanın xalqı ilə əməkdaşlıq etdikdən sonra Baltasar əmin oldu ki, o, həqiqəti tapıb. O, 1955-ci il iyulun 22-də vəftiz olundu. Çox keçməmiş arvadı Paulina da vəftiz olundu. Uşaqlarının ikisi də Yehovaya sədaqətlə xidmət edir. Oğlu, kiçik Baltasar 49 ildir ki, Bruklindəki Bet-Eldə xidmət edir. Orada o, bütün dünyanı əhatə edən təbliğ işini dəstəkləyir və hal-hazırda Birləşmiş Ştatlarda filial komitəsinin üzvüdür *.

San-Salvadorda konqreslər keçirilməyə başlayanda Baltasar qardaş bizə böyük idman zalı tutmağa kömək etdi. Birinci dəfə yalnız bir neçə cərgəni doldurmuşduqsa, Yehovanın köməyi ilə ildən-ilə sayımız artdı və bütün zalı doldurduq, hətta sonralar ora sığışmırdıq! Bu sevindirici tədbirlərə gələnlərin arasında vaxtilə mənim öyrətdiyim adamlar da var idi. Heç bilirsiniz, əvvəllər öyrətdiyim insanların mənə «nəvələr» bəxş etmələri, yəni onların öyrətdiyi insanların vəftiz olunduğunu görmək mənə necə də böyük sevinc gətirir?!

F. U. Franz konqresdə xüsusi təyinatlı müjdəçilərə müraciət edir

Konqreslərin birində bir qardaş mənə yaxınlaşıb dedi ki, etiraf etmək istəyir. Onu tanımadığım üçün bu, mənə qəribə gəldi. O dedi: «Santa-Anada sizi daşlayan uşaqlardan biri də mən idim». İşə bir bax, indi o, mənimlə birgə Yehovaya xidmət edir! Bu, məni elə sevindirmişdi ki. Həmin söhbətdən sonra mən bir daha əmin oldum ki, bir insanın həyatda seçə biləcəyi ən yaxşı yol tammüddətli xidmətdir.

Salvadorda iştirak etdiyimiz ilk rayon konqresi

 MƏNİ XOŞBƏXT EDƏN SEÇİMLƏRİM

Təxminən 29 il xüsusi təyinatlı müjdəçi kimi Salvadorda xidmət etmişəm; əvvəlcə Santa-Anada, ardınca Sonsonatedə, sonra Santa-Teklada, axırda isə San-Salvadorda. 1975-ci ildə çoxlu dua edib fikirləşdikdən sonra qərara gəldim ki, xüsusi təyinatlı müjdəçi xidmətimi dayandırıb Spokana qayıdım. Yaşa dolmuş imanlı valideynlərimin mənə ehtiyacı var idi.

1979-cu ildə atamı dəfn etdikdən sonra sağlamlığı günü-gündən pisləşən anamın qeydinə qalmağa başladım. Anam səkkiz il də yaşadı və 94 yaşında vəfat etdi. Bu ağır illər ərzində həm fiziki, həm də emosional cəhətdən lap əldən düşmüşdüm. Stressdən ağrılı dairəvi dəmrov xəstəliyi tapdım. Dualarım və Yehovanın nəvazişi məni ayağa qaldırdı. Mən dözüm sınağını aşa bildim. Yehovanın: «Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam,.. daşıyacağam,.. xilas edəcəyəm», — sözlərini öz üzərimdə hiss etdim (Yeşaya 46:4).

1990-cı ildə Omaka (Vaşinqton) köçdüm. Orada da ispandilli ərazidə xidmət etdim. Müqəddəs Kitabı öyrətdiyim insanlardan bəziləri vəftiz olundu. Omakdakı evimə baxmağa daha gücüm qalmadığı üçün 2007-ci ilin noyabrında qonşu şəhərə, Çelana (Vaşinqton) köçdüm. Oradakı ispandilli yığıncağın üzvləri qulluğumda durur, buna görə onlara nə qədər minnətdar olsam azdır. Burada yeganə yaşlı Şahid olduğum üçün bacı-qardaşlar məni öz «nənələri» kimi himayələrinə götürüblər.

Özümü tamamilə xidmətə həsr edim deyə subaylığı seçsəm də, çoxlu ruhani balalarım oldu (1 Kor. 7:34, 35). Həmişə düşünmüşəm ki, bir əldə iki qarpız tutmaq mümkün deyil. Buna görə də mən birinci şeyləri birinci yerə qoydum, həyatımı Yehovaya xidmətə verdim. Yeni dünyada başqa işlərə o qədər vaxtım olacaq ki. Ən xoşuma gələn ayə Məzmur 145:16 ayəsidir. Burada Yehova bizi «hər bir məxluqu istəyinə [çatdıracağına]» əmin edir (Yeni Dünya tərcüməsi).

Pioner xidməti ürəyimi cavan saxlayır

İndi 91 yaşım var və sağlamlığımdan heç bir şikayətim yoxdur, buna görə hələ də pionerəm. Bu xidmət mənə cavan ürək və yaşamaq eşqi verir. İlk dəfə Salvadora gəldiyim vaxt orada təbliğ işi hələ təzə-təzə başlayırdı. Şeytanın amansız təqiblərinə baxmayaraq, indi orada 39 000-dən çox təbliğçi var. Bu, həqiqətən də, imanımı möhkəmləndirir. Sonda onu deyə bilərəm ki, Yehova Öz müqəddəs ruhu ilə xalqına arxa durur!

^ abz. 4 1981-ci ilin «Yehovanın Şahidlərinin illik məcmuəsi»nin 45, 46-cı səhifələrinə (ing.) bax.

^ abz. 19 1981-ci ilin «İllik məcmuə»sinin 41, 42-ci səhifələrinə (ing.) bax.

^ abz. 24 1981-ci ilin «İllik məcmuə»sinin 66, 67, 74 və 75-ci səhifələrinə (ing.) bax.