Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2014

Siz «kahinlər padşahlığı» olacaqsınız

Siz «kahinlər padşahlığı» olacaqsınız

«Siz... Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız» (ÇIX. 19:6).

1, 2. Qadının övladını nədən qorumaq lazım idi və nəyə görə?

MÜQƏDDƏS KİTABDA qələmə alınan ilk peyğəmbərlik Yehova Allahın niyyətinin yerinə yetməsində böyük məna daşıyır. Edendəki vədi verərkən Allah bəyan etmişdi: «Mən səninlə [Şeytanla] qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram». Bu düşmənçilik nə dərəcədə qatı olacaqdı? Yehova demişdi: «Bu övlad sənin [Şeytanın] başından vuracaq, sən də onu dabanından sancacaqsan» (Yar. 3:15). İlanla qadının arasında elə böyük düşmənçilik olacaqdı ki, Şeytan qadının övladını yox etmək üçün bütün gücünü səfərbər edəcəkdi.

2 Buna görə də məzmurçunun fəryad edərək Allahın xalqı barədə dediyi növbəti sözlər heç də təəccüblü deyil: «Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır. Xalqına qarşı fənd işlədirlər, Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər. Deyirlər: “Gəlin, onları millət olmasın deyə məhv edək”» (Məz. 83:2—4). Buna görə də qadının övladının nəsil şəcərəsini məhv edilmədən və ləkələnmədən qorumaq lazım idi. Buna nail olmaq üçün Yehova niyyətinin  gerçəkləşməsinə xidmət edəcək qanuni sazişlər bağlamışdı.

ÖVLADI QORUYAN ƏHD

3, 4. a) Qanun nə vaxt qüvvəyə mindi və İsrail xalqı nəyə razı oldu? b) Qanun əhdi nə üçün bağlanmışdı?

3 İbrahimin, İshaqın və Yaqubun nəslinin sayı milyonlara çatanda Yehova onlardan bir xalq, qədim İsrail xalqını yaratdı. Allah Musa peyğəmbər vasitəsilə Qanun verərək onlarla təkrarolunmaz bir əhd bağladı. Xalq da öz tərəfindən bu əhdə uyğun yaşamağa razılaşdı. Müqəddəs Kitabda deyilir: «[Musa] əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: “Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!” Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: “Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı”» (Çıx. 24:3—8).

4 Qanun əhdi eramızdan əvvəl 1513-cü ildə Sina dağında qüvvəyə mindi. Bu əhd sayəsində qədim İsrail xalqı Allahın seçilmiş xalqına çevrildi. Həmin andan etibarən Yehova onların Hakimi, Qanunverəni və Padşahı oldu (Yeşaya 33:22). İsrailin tarixindən Allahın salehlik normalarına uyğun davranmağın və ya davranmamağın nələrə gətirib çıxardığı aydın görünür. Qanun bütpərəstlərlə ailə qurmağı, yalan ibadəti qadağan edirdi. Bu Qanun İbrahimin nəslinin təmizliyini qorumaq üçün idi (Çıx. 20:4—6; 34:12—16).

5. a) Qanun əhdi israillilərə hansı imkanı verirdi? b) Allah İsrail xalqını niyə rədd etdi?

5 Qanun əhdi həmçinin kahinlik tədbirini təsis etmişdi və bu, gələcəkdə olacaq daha böyük kahinliyin kölgəsi idi (İbr. 7:11; 10:1). Deməli, israillilər Yehovanın qanunlarına itaət etdikləri təqdirdə, bu əhd sayəsində «kahinlər padşahlığı» olmaq şərəfinə layiq görüləcəkdilər. (Çıxış 19:5, 6 ayələrini oxu.) Lakin onlar Yehovaya itaətsizlik göstərdilər, İbrahimin övladının əsas hissəsi olan Məsihi qəbul etmək əvəzinə, onu rədd etdilər. Nəticədə, Allah da onları rədd etdi.

İsraillilərin itaətsizliyi Qanun əhdinin uğursuz olduğunu bildirmirdi (3—6-cı abzaslara bax)

6. Qanun öz məqsədinə necə çatdı?

6 İsraillilərin Allaha sadiq qalmamaları və bu səbəbdən kahinlər padşahlığı ola bilməmələri Qanunun uğursuzluğa düçar olduğunu bildirmirdi. Qanunun məqsədi övladı qorumaq və insanları Məsihə doğru aparmaq idi. Məsihin peyda olması və tanınması ilə bu Qanun öz məqsədinə çatdı. Müqəddəs Kitabda da deyilir ki, «Məsih... Qanunu başa çatdırdı»  (Rom. 10:4). Bəs onda kimlər «kahinlər padşahlığı» olacaqdı? Yehova Allah yeni xalq təşkil etmək üçün digər qanuni saziş bağladı.

YENİ XALQ YARANIR

7. Yeremya peyğəmbər vasitəsilə Yehova yeni əhdlə bağlı nə demişdi?

7 Qanun əhdinin sona yetməsindən hələ uzun illər öncə Yehova Yeremya peyğəmbər vasitəsilə demişdi ki, İsrail xalqı ilə «Yeni Əhd» bağlayacaq. (Yeremya 31:31—33 ayələrini oxu.) Qanun əhdindən fərqli olaraq, bu əhd sayəsində günahların bağışlanması heyvan qurbanları gətirmədən mümkün olacaqdı. Bəs necə?

8, 9. a) İsanın tökülən qanı sayəsində nə mümkün oldu? b) Yeni əhdə daxil olanlar üçün hansı imkan açıldı? (Məqalənin əvvəlindəki şəklə bax.)

8 Əsrlər sonra İsa eramızın 33-cü ilinin 14 nisanında Ağanın şam yeməyini təsis etdi. O, camdakı şərabdan söz açarkən 11 sadiq həvarisinə demişdi: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir» (Luka 22:20). Mattanın yazdığı məlumata əsasən, İsa şərabla bağlı belə demişdi: «Bu, bir çoxlarının günahını əfv etmək üçün axıdılacaq qanımı, “əhd qanını” təmsil edir» (Mat. 26:27, 28).

9 İsanın tökülən qanı yeni əhdi təsdiqlədi. Onun qanı günahlarımızın birdəfəlik bağışlanmasına yol açdı. İsa yeni əhdə daxil deyildi. Çünki günahsız olduğundan bağışlanmağa ehtiyacı yox idi. Lakin Allah İsanın tökülən qanının dəyərini Adəmin nəsli üçün ödəyə və Ona sadiq olanlardan bəzilərini müqəddəs ruhla məsh edib «oğulluğa [götürə]» bilərdi. (Romalılara 8:14—17 ayələrini oxu.) Yehova onlara həmçinin heç bir günahı olmayan Oğlu İsa kimi baxa bilərdi. Bu məsh olunmuşlar «Məsihə [həmvaris]» olacaq və Qanun altında olan İsrail xalqının itirdiyi «kahinlər padşahlığı» olmağa layiq görüləcəkdilər. Həvari Peter «Məsihə [həmvaris]» olmaqla bağlı belə demişdi: «Siz “seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs millət, Allahın məxsusi xalqısınız”, sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın “əzəmətli keyfiyyətlərini bəyan etmək” üçün seçilmisiniz» (1 Pet. 2:9). Bu yeni əhd böyük əhəmiyyət kəsb edir! Bunun sayəsində İsanın şagirdləri üçün İbrahimin övladının ikinci dərəcəli hissəsi olmaq imkanı açıldı.

YENİ ƏHD QÜVVƏYƏ MİNİR

10. Yeni əhd nə vaxt qüvvəyə mindi və nəyə görə həmin vaxt?

10 Yeni əhd İsa yer üzündəki həyatının son gecəsində bu barədə bəhs edən vaxt hələ qüvvəyə minməmişdi. Bunun üçün İsanın qanı tökülməli və onun dəyəri göydə Yehovaya təqdim edilməli idi. Üstəlik, Məsihə həmvaris olanların üzərinə müqəddəs ruh tökülməli idi. Beləcə, yeni əhd eramızın 33-cü ilinin Əllinci gün bayramında İsanın sadiq şagirdləri müqəddəs ruhla məsh olunanda qüvvəyə mindi.

11. Yeni əhd yəhudilərlə qeyri-yəhudilərin ruhani İsrailə daxil olmalarına necə yol açdı və bu əhdə neçə nəfər daxildir?

11 Yehova Yeremya vasitəsilə İsrail xalqı ilə yeni əhd bağlayacağını bəyan edəndə Qanun əhdi artıq köhnəlsə də, yeni əhd qüvvəyə minməyincə sona yetməmişdi (İbr. 8:13). Yeni əhd qüvvəyə minəndən sonra Yehovanın  gözündə yəhudilərdən və sünnətsiz qeyri-yəhudilərdən olan xidmətçiləri arasında heç bir fərq olmadı, çünki o vaxtdan bəri onların «sünnəti yazılı Qanun toplusu əsasında yox, müqəddəs ruhla qəlbdə edilmiş [sünnət]» oldu (Rom. 2:29). Onlarla yeni əhd bağlamaqla Allah qanunlarını onların zehninə qoyacaq və ürəklərində yazacaqdı (İbr. 8:10). Yeni əhdə 144 000 nəfər daxildir. Bu yeni xalq «Allahın [İsraili]» və ya ruhani İsrail adlanır (Qalat. 6:16; Vəhy 14:1, 4).

12. Qanun əhdi ilə yeni əhdin hansı cəhətlərini müqayisə etmək olar?

12 Qanun əhdi ilə yeni əhdin hansı cəhətlərini müqayisə etmək olar? Qanun əhdi Yehova ilə İsrail xalqı arasında bağlanmışdısa, yeni əhd Yehova ilə ruhani İsrail arasında bağlandı. Köhnə əhdin vasitəçisi Musa, yeni əhdin Vasitəçisi isə İsadır. Qanun əhdi heyvan qanı ilə təsdiqlənmişdisə, yeni əhd İsanın qanı ilə təsdiqləndi. Qanun əhdi vasitəsilə Musanın başçılığı altında İsrail xalqı təşkil edilmişdisə, yeni əhd vasitəsilə yığıncağın Başı olan İsanın başçılığı altında ruhani İsrail təşkil edildi (Efes. 1:22).

13, 14. a) Yeni əhd Padşahlıqla necə bağlıdır? b) Ruhani İsrailin Məsihlə birgə göydə idarə etməsi üçün nə tələb olunur?

13 Yeni əhd o mənada Allahın Padşahlığı ilə bağlıdır ki, bu əhd sayəsində həmin səmavi Padşahlıqda padşah və kahinlər kimi xidmət etmək şərəfinə layiq görülmüş müqəddəs bir xalq təşkil olunub. Bu xalq İbrahimin övladının ikinci dərəcəli hissəsidir (Qalat. 3:29). Beləliklə, bu yeni əhd İbrahimlə bağlanan əhdi daha da möhkəmləndirir.

14 Gəlin Padşahlığın yerinə yetməli olan bir cəhətinə də diqqət yetirək. Yeni əhd ruhani İsraili təşkil edib onun üzvlərinə «Məsihə [həmvaris]» olmaq üçün əsas verdi. Lakin İsanın onları öz səmavi Padşahlığında padşah və kahinlər kimi qəbul etdiyini göstərən qanuni saziş də bağlanmalı idi.

MƏSİHLƏ BİRGƏ İDARƏ ETMƏYƏ YOL AÇAN ƏHD

15. İsa sadiq həvariləri ilə hansı əhdi bağladı?

15 Ağanın şam yeməyini keçirdikdən sonra İsa sadiq şagirdlərilə Padşahlıq əhdi kimi tanınan əhd bağladı. (Luka 22:28—30 ayələrini oxu.) Tərəflərindən biri Yehova olan digər əhdlərdən fərqli olaraq, bu əhd şəxsən İsa ilə məsh olunmuş davamçıları arasında bağlanmışdı. «Atam mənimlə... əhd bağladığı kimi», — sözlərini deyəndə İsa aydın məsələdir ki, Yehovanın onunla «Melxisedeqə bənzər əbədi [kahin]» olmaq üçün bağladığı əhdi nəzərdə tuturdu (İbr. 5:5, 6).

16. Padşahlıq əhdi məsh olunmuş məsihçilər üçün nəyə yol açır?

16 Bu 11 sadiq həvari bütün sınaqları boyu İsanın yanında olmuşdu. Padşahlıq əhdi zəmanət verirdi ki, onlar İsa ilə birgə göydə taxtlarda əyləşəcək, padşah və kahin vəzifəsini icra edəcəklər. Lakin bu şərəfə layiq görülənlər təkcə həmin 11 nəfər deyildi. İzzətlənmiş İsa görüntüdə həvari Yəhyaya görünərək demişdi: «Mən zəfər çalana mənimlə bir taxtda oturmağa icazə verəcəyəm, necə ki, mən də qalib gəlib Atamla birlikdə Onun taxtında oturdum» (Vəhy 3:21). Beləliklə, Padşahlıq əhdi  144 000 məsh olunmuş məsihçi ilə bağlanıb (Vəhy 5:9, 10; 7:4). Bu əhd onların göydə İsa ilə birgə idarə edəcəklərinə dair qanuni zəmanətdir. Bu, adlı-sanlı ailənin qızının padşaha ərə gedib onunla birgə padşahlıq taxtına əyləşməsinə bənzəyir. Elə Müqəddəs Yazılarda da məsh olunmuş məsihçilərə Məsihin «gəlini», Məsihin alacağı «tərtəmiz bakirə qız» kimi istinad edilir (Vəhy 19:7, 8; 21:9; 2 Kor. 11:2).

ALLAHIN PADŞAHLIĞINA İMANINI SARSILMAZ ET

17, 18. a) Padşahlıqla əlaqəsi olan altı əhd hansıdır? b) Nə üçün Allahın Padşahlığına imanımızı sarsılmaz etməliyik?

17 Bu iki məqalədə araşdırdığımız altı əhd Padşahlıqla bağlı bəzi vacib məqamlara aydınlıq gətirdi. («Allah niyyətini necə gerçəkləşdirəcək?» başlığı altındakı çərçivəyə bax.) Bütün bunlar göstərir ki, Padşahlıq qanuni sazişlərə söykənən quruluşdur. Buna görə də Allahın yer və bəşəriyyətlə bağlı niyyətini Öz Padşahlığı vasitəsilə gerçəkləşdirəcəyinə tam etibar etməyə güclü səbəbimiz var (Vəhy 11:15).

Padşahlıq vasitəsilə Yehova yer üzünə dair niyyətini gerçəkləşdirəcək (15—18-ci abzaslara bax)

18 Bu qədər dəlillərdən sonra Padşahlığın bəşəriyyətə əbədi xeyir-dualar gətirəcəyinə insanda zərrə qədər də şübhə yeri qalmır. Buna görə də gəlin Allahın Padşahlığının hər kəsin dərdinə çarə qılacağını bütün aləmə car çəkək! (Mat. 24:14).