Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  sentyabr 2014

Oxucuların sualları

Oxucuların sualları

Davudun Məzmur 37:25 ayəsində, İsanın isə Matta 6:33 ayəsində dediyi sözlər o deməkdirmi ki, Yehova məsihçinin bir dilim çörəyə möhtac qalmasına heç vaxt yol verməz?

Davud yazmışdı ki, «salehin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini [görməyib]». O, öz həyatında gördüklərinə əsasən bu qənaətə gəlmişdi. O, Allahın nə qədər qayğıkeş olduğunu yaxşı bilirdi (Məz. 37:25). Lakin Davudun sözləri o demək deyil ki, heç bir mömin bəndə qida sarıdan korluq çəkməyib və çəkməyəcək.

Hətta elə vaxtlar olub ki, Davudun özü də ehtiyac içində olub. Məsələn, götürək Şaulun əlindən didərgin düşdüyü vaxtları. Davudun əlində-ovcunda heç nəyi olmadığından bir qarın yeməyə görə özü və adamları üçün başqasına ağız açmışdı (1 Şam. 21:1—6). Demək olar ki, Davud «çörək üçün [dilənmişdi]». Belə vəziyyətə düşməsinə baxmayaraq, Davud əmin idi ki, Yehova onu atmayıb. Ancaq biz heç bir yerdə oxumamışıq ki, Davud acından ölməmək üçün çörək dilənib.

Matta 6:33 ayəsində İsa əmin edir ki, Yehova Padşahlığın işini həyatlarında birinci yerə qoyan sadiq xidmətçilərinin ehtiyaclarını ödəyəcək. İsa demişdi: «Padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da [yemək-içmək və əyin-baş] sizə veriləcək». İsa həmçinin bildirmişdi ki, təqiblər ucbatından qardaşlarının ac qalacağı günlər olacaq (Mat. 25:35, 37, 40). Çox uzağa getməyək, götürək elə həvari Paveli. Onun ac-susuz qaldığı günlər az olmayıb (2 Kor. 11:27).

Yehova bildirmişdi ki, Onun xidmətçiləri müxtəlif təqiblərlə üzləşəcəklər. O, yol verir ki, biz müəyyən çətinliklərdən keçib İblisin qaldırdığı ittihamlara cavab verək (Əyy. 2:3—5). Məsələn, nasist həbs düşərgələrində olmuş həmimanlılarımız kimi, bəzi təbliğçilər təqiblər ucbatından qorxu içində yaşamışlar. Şahidlərin nöqsansızlığını sındırmağın ən qəddar üsullarından biri onları çörəyə möhtac qoymaq idi. Sadiq Şahidlər Yehovaya itaətkarlıqlarını qorumuş, Yehova da onları hifz etmişdi. Yehova bütün xidmətçilərinin hər cür çətinliklərlə üzləşməsinə yol verdiyi kimi, onların da bu cür sınaqla üzləşməsinə yol vermişdi. Lakin, şübhə yoxdur ki, Yehova Onun adı naminə əziyyət çəkən hər kəsin imdadına çatır (1 Kor. 10:13). Gəlin Filipililərə 1:29 ayəsindəki sözləri heç vaxt yaddan çıxarmayaq: «Məsihə iman gətirməklə yanaşı, sizə onun uğrunda əziyyət çəkmək şərəfi də nəsib olub».

Yehova Öz xidmətçilərinə həmişə dayaq olacağına söz verir. Yeşaya 54:17 ayəsində deyilir: «Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq». Bu və digər vədlər Allahın Öz xalqını bütövlükdə müdafiə etdiyinə zəmanətdir. Lakin ayrı-ayrılıqda hər bir məsihçi sınaqlara məruz qala, hətta ölümlə üzləşə bilər.