Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2014

Bəs sən can atırsan?

Bəs sən can atırsan?

FERNANDO * yaman narahat idi. Çünki iki ağsaqqal onunla təklikdə danışmaq istədiklərini demişdi. Rayon nəzarətçisinin başçəkməsindən sonra ağsaqqallar yığıncaqda əlavə məsuliyyətlər alması üçün ondan nə tələb olduğunu izah etdilər. Vaxt keçirdi, Fernando fikir çəkirdi, görəsən, o, nə vaxtsa ağsaqqal olacaq, ya yox. İndi rayon nəzarətçisi yenidən yığıncağa baş çəkir. Maraqlıdır, bəs bu dəfə ağsaqqallar nə deyəcək?

Budur, ağsaqqallar yenidən Fernandoya yaxınlaşırlar. Ağsaqqallardan biri 1 Timoteyə 3:1 ayəsinə istinad edib deyir ki, yığıncaq ağsaqqalları onun ağsaqqal təyin olunması ilə bağlı məktub alıblar. O, qulaqlarına inanmayıb soruşdu: «Necə, necə?» Qardaş dediyini yenidən təkrarlayanda Fernandonun üzü güldü. Onun təyinatı yığıncaqda elan ediləndə hamı sevindi.

Bəs yığıncaqda məsuliyyətlər almaq istəyi yanlışdır? Bu heç də belə deyil. 1 Timoteyə 3:1 ayəsinə əsasən, «nəzarətçi vəzifəsinə can atan adam yaxşı iş görür». Bir çox qardaşlar bu təşviqedici sözlərə əsasən davranır və yığıncaqda məsuliyyətlərə layiq görülmək üçün ruhani addımlar atırlar. Belə ki, hal-hazırda Allahın xalqı arasında on minlərlə məharətli ağsaqqal və xidməti köməkçi var. Yığıncaqların sayı günü-gündən artdığından daha çox qardaşların məsuliyyətlərə can atması tələb olunur. Bəs bunu düzgün şəkildə necə etmək olar? Yaxud Fernando kimi, ağsaqqal olmağa can atanlar nə vaxt təyinat alacaqları barədə narahatçılıq keçirməlidirlərmi?

CAN ATMAQ NƏ DEMƏKDİR?

Müqəddəs Kitabda işlənən «can atmaq» ifadəsi yunan felindən tərcümə edilib və ürəkdən arzulamaq, arzuladığı şeyə tərəf uzanmaq mənasını verir. Bu, kiminsə uzanıb ağacdan dadlı bir  meyvə dərməyə çalışmasına bənzəyir. Lakin can atmaq «nəzarətçi vəzifəsinə» acgözlüklə tamah salmaq demək deyil. Çünki ağsaqqal olmağa sidqi-ürəkdən can atanların məqsədi vəzifəyə qalxmaq yox, «yaxşı iş» görmək olmalıdır.

Bu yaxşı işlə bağlı əksər tələblər 1 Timoteyə 3:2—7 və Titus 1:5—9 ayələrində yazılıb. Uzun illərdir ağsaqqal kimi xidmət edən Raymond qardaş həmin yüksək normalarla bağlı belə demişdi: «Mənim üçün, ən əsası, insanın xasiyyətidir. Düzdür, yaxşı nitq və öyrətmək bacarığı vacibdir, lakin hər şey bununla bitmir, insan gərək qüsursuz, hər şeydə həddini bilən, sağlamdüşüncəli, nizam-intizamı sevən, qonaqpərvər, ağıllı-kamallı olsun».

Yığıncağa müxtəlif üsullarla xidmət etməklə məsuliyyətə can at

Bu vəzifəyə, həqiqətən də, can atan qardaş qüsursuz olduğunu hər cür nadürüstlükdən və natəmizlikdən uzaq durmaqla göstərir. O, hər şeydə həddini bilən, sağlamdüşüncəli, nizam-intizamı sevən, ağıllı-kamallıdır, buna görə də həmimanlıları onun rəhbərliyinə və problemlərinin həllində köməyinə güvənirlər. Qonaqpərvər olduğu üçün o, gənclərin və həqiqətə yeni gələnlərin ruhlanma mənbəyidir. Xeyirxahlıq etməyi sevdiyi üçün xəstələrə və yaşlılara təsəlli verir və kömək edir. O, bu xüsusiyyətləri təyinat almaq üçün yox, başqalarına fayda gətirmək üçün inkişaf etdirir *.

Ağsaqqallar şurası təyinata can atan qardaşa məsləhət verməyə və ona dəstək olmağa hazırdır. Lakin Müqəddəs Kitab tələblərinə cavab verib-verməyəcəyi onun özündən asılıdır. Henri adlı təcrübəli ağsaqqal deyir: «Əgər sən can atırsansa, onda bu təyinata yararlı olduğunu sübut etmək üçün əlindən gələni et». O, Vaiz 9:10 ayəsini sitat gətirərək izah edir: «“Çalışmaq üçün nə bacarırsan, var gücünlə et”. Ağsaqqalların sənə həvalə etdiyi hər bir tapşırığı ən yaxşı tərzdə həyata keçir. Döşəməni təmizləmək də daxil olmaqla, yığıncaqda sənə tapşırılan bütün işləri sev. Onda sənin işin və göstərdiyin cəhdlər nəzərdən qaçmayacaq. Əgər yaxın gələcəkdə  ağsaqqal kimi xidmət etmək istəyirsənsə, müqəddəs xidmətin hər sahəsində zəhmətkeş və etibarlı ol. Həyatda qürurlu yox, təvazökar ol (Mat. 23:8—12).

YANLIŞ DÜŞÜNCƏ VƏ HƏRƏKƏTLƏRİ RƏDD ET

Yığıncaqda məsuliyyətlərə can atan bəziləri ucundan-qulağından ağsaqqal olmaq istədiklərinə eyham vura və ya ağsaqqallar şurasına təsir göstərməyə çalışa bilər. Başqaları isə ağsaqqallar məsləhət verəndə öz narazılıqlarını bildirirlər. Belələri özlərindən soruşmalıdır: «Mən öz maraqlarımı güdürəm, yoxsa həlimliklə Yehovanın xalqının qeydinə qalmaq istəyirəm?»

Ağsaqqal vəzifəsinə can atanlar «sürüyə nümunə olun» tələbini də unutmamalıdır (1 Pet. 5:1—3). Yığıncağa nümunə olan kəs hiyləgər fikir və hərəkətlərdən qaçır. Tezliklə təyinat alıb-almayacağından asılı olmayaraq, o, səbirli olmalıdır. Ağsaqqal olmaq insanı möcüzəvi şəkildə nöqsanlardan təmizləmir (Say. 12:3; Məz. 106:32, 33). Həmçinin qardaşın «[vicdanı] hər cəhətdən» rahat olsa da, kimlərsə onda bir əmma tapacaqlar (1 Kor. 4:4). Buna görə də ağsaqqallar sənə Müqəddəs Kitab əsasında səmimi məsləhət verəndə qıcıqlanmadan qəbul et və bunun üzərində işlə.

GÖZLƏMƏKDƏN GÖZÜNÜN KÖKÜ SARALIBSA

Bəzi qardaşlara elə gəlir ki, onların təyinatları gecikir. Artıq illərdir «nəzarətçi vəzifəsinə can [atmağın]», hərdən səni narahat edirmi? Belə olan halda növbəti ilhamlanmış sözləri yadda saxla: «Gecikən ümid ürəyi xəstələndirir, arzuya çatmaq həyat ağacıdır» (Sül. məs. 13:12).

Arzu olunan məqsəd əlçatmaz kimi görünəndə insanın ürəyi üzülə bilər. İbrahim peyğəmbər özünü belə hiss edirdi. Yehova ona oğlu olacağını vəd etmişdi, lakin illər ötürdü və Sara ilə onun övladı olmurdu ki olmurdu (Yar. 12:1—3, 7). Qocalıq çağında İbrahim fəryad etdi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur... Sən mənə övlad [vermədin]». Yehova onu əmin etdi ki, övladla bağlı verdiyi vəd mütləq həyata keçəcək. Ancaq Allahın bu vədi yerinə yetməzdən əvvəl, ən azı, 14 il də keçdi (Yar. 15:2—4; 16:16; 21:5).

Bu müddət ərzində İbrahim Yehovaya xidmətdə sevincini itirdimi? Xeyr. O, heç vaxt Allahın vədinə şübhə etmədi. O, hər şeyin yaxşı olacağına əmin idi. Həvari Pavel yazmışdı: «İbrahim bu vədi səbir göstərəndən sonra aldı» (İbr. 6:15). Sonda Külli-İxtiyar Allah səbirlə gözləyən bu sadiq bəndəsini xeyir-dualandırdı. Bəs sən İbrahimdən özünə nə götürə bilərsən?

Əgər ağsaqqal kimi xidmət etmək istəyin illərdir ürəyində qalıbsa, Yehovadan ümidini üzmə. Xidmətdə sevincini itirmə. Bir çox qardaşlara ruhani addımlar atmağa kömək etmiş Uorn qardaş bölüşür: «Qardaşın təyinata yararlı olduğunu görmək üçün vaxt lazımdır. Bu vaxt ərzində davranışı və aldığı tapşırıqlara necə yanaşması sayəsində qardaşın xasiyyəti və qabiliyyəti  yavaş-yavaş üzə çıxır. Bəziləri özlərini yalnız təyinat aldıqları təqdirdə uğurlu hesab edirlər. Bu cür düşünmək yanlışdır və insanı dala sala bilər. Hansı təyinatda olmağından və gördüyün işdən asılı olmayaraq, Yehovaya sədaqətlə xidmət edirsənsə, bu, sənin uğurundur».

Bir qardaş ağsaqqal olacağı günü on ildən çox gözləmişdi. O, «Yezekel» kitabının 1-ci fəslində hamımıza yaxşı tanış olan bir vəziyyətə istinad edərək özünə götürdüyü dərs haqda deyir: «Yehova Öz arabasını, təşkilatını seçdiyi sürətlə idarə edir. Əsas olan bizim fikirləşdiyimiz vaxt yox, Yehovanın qoyduğu vaxtdır. Qaldı ki, ağsaqqal olmağı gözləmək məsələsinə, vacib deyil mən nə istəyirəm və nəyin arzusundayam. Bəlkə istədiyim şey Yehovanın mənə lazım bildiyi şey deyil».

Əgər ümid edirsən ki, nə vaxtsa bir ağsaqqal kimi yaxşı iş görəcəksən, onda yığıncağın rifahı üçün çalışmağa can at. Əgər gözündə vaxt gec keçirsə, narahatçılığı özündən qov və kəmhövsələ olma. Yuxarıda haqqında bəhs olunan Raymond deyir: «Şöhrətpərəst insanı heç nə qane etməz. Narahatçılıq keçirən insan Yehovaya xidmətin gətirdiyi sevinci duymur». Ona görə də Allahın ruhunun bəhrəsini, xüsusilə də səbri özündə daha çox yetişdir. Müqəddəs Yazıları araşdırmaqla ruhaniliyini daha da gücləndir. Xoş xəbərin təbliğinə və maraqlananlara Müqəddəs Kitabı öyrətməyə daha çox vaxt ayır. Ruhani işlərdə ailənə dəstək ol və həmişə ailəvi ibadət keçir. Bacı-qardaşlarla birgə olmaq üçün hər bir fürsətdən istifadə et. Beləcə, məqsədinə doğru addımladıqca Yehovaya xidmətdən həzz alacaqsan.

Yehovanın lütfü sayəsində yığıncaqda məsuliyyətlərə yararlı olmaq üçün öz üzərimizdə işləyə bilərik. Nə Yehova, nə də Onun təşkilatı məsuliyyətlərə can atanların məyus və kədərli olmasını istəmir. Allah Ona təmiz niyyətlə xidmət edənlərdən Öz dəstəyini və xeyir-duasını əsirgəmir. Həqiqətən də, Onun xeyir-duaları heç vaxt insana «qüssə verməz» (Sül. məs. 10:22).

Məsuliyyətə artıq uzun müddətdir can atsan da, Yehova ilə münasibətlərini möhkəmləndirmək üçün həmişə nəsə edə bilərsən. Yehova Ona xidmətdə etdiklərini, lazım olan keyfiyyətlər üzərində işlədiyini, ailənə vaxt ayırmaq şərti ilə yığıncaqda çəkdiyin zəhməti unutmayacaq. Hansı təyinatda olsan da, qoy Yehovaya xidmət hər zaman sənə sevinc gətirsin.

^ abz. 2 Bu məqalədəki adlar dəyişdirilib.

^ abz. 8 Bu məqalədə qeyd olunan prinsiplər xidməti köməkçi olmaq arzusunda olanlara da aiddir. Onların cavab verməli olduqları tələbləri 1 Timoteyə 3:8—10, 12, 13 ayələrindən tapmaq olar.