Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2014

Sonuncu düşmən olan ölüm məhv ediləcək

Sonuncu düşmən olan ölüm məhv ediləcək

«Sonuncu düşmən... ölümdür və o, məhv ediləcək» (1 KOR. 15:26).

1, 2. Başlanğıcda Adəmlə Həvva necə şəraitdə yaşayırdılar, bəs hansı suallar meydana çıxır?

ADƏMLƏ Həvva yaradılanda onların heç bir düşməni yox idi. Bu kamil insanlar cənnətdə yaşayırdılar. Onların Yaradanları ilə ata-bala münasibəti var idi (Yar. 2:7—9; Luka 3:38). Allah onlara vacib iş tapşırmışdı. (Yaradılış 1:28 ayəsini oxu.) «Yer üzünü bürüyüb ona sahib olun» tapşırığı müəyyən vaxt ərzində tamamlanmalı idi. Lakin yerdə yaşayan «bütün canlılar üzərində hökmranlıq [etmək]» üçün Adəmlə Həvva əbədi yaşamalı idi. Bir sözlə, Adəm gözünü heç vaxt həyata yummayacaqdı.

2 Bəs nəyə görə indi vəziyyət tamamilə fərqlidir? İnsanların xoşbəxtliyini gözündə qoyan bu qədər düşmən və düşmənlərin düşməni olan ölüm haradan peyda oldu? Bu düşmənləri məhv etmək üçün Allah nə edəcək? Bu və digər suallara cavabı Müqəddəs Kitabdan tapa bilərik. Gəlin buna dair bəzi vacib məqamları araşdıraq.

 MƏHƏBBƏTLƏ VERİLƏN XƏBƏRDARLIQ

3, 4. a) Yehova Adəmlə Həvvaya hansı əmri vermişdi? b) Bu əmrə tabe olmaq nə dərəcə vacib idi?

3 Adəmlə Həvvanın əbədi yaşamaq imkanı olsa da, onlar ölməz deyildilər. Yaşamaq üçün onlar nəfəs almalı, qidalanmalı və yatmalı idilər. Ən əsası, onların həyatı Yaradanları ilə münasibətlərindən asılı idi (Qanun. t. 8:3). Xoşbəxt həyat sürmək üçün Allahın rəhbərliyini qəbul etməli idilər. Yehova bu barədə hələ Həvvanı yaratmazdan qabaq Adəmə əmr edib demişdi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yar. 2:16, 17).

4 «Xeyirlə şəri bilmə [ağacı]» nəyin xeyir, nəyin şər olduğuna qərar verməyə yalnız Allahın ixtiyarı olduğuna işarə edirdi. Əlbəttə, Allahın surətində və vicdanla yaradıldığı üçün Adəm də xeyirlə şəri ayırd edə bilirdi. Bu ağac Adəmlə Həvvanın daim Yehovanın rəhbərliyinə ehtiyacları olacağına dair bir xatırlatma idi. Bu ağacdan yeməklə onlar, sanki, tam sərbəst olmaq istədiklərini göstərib həm özlərini, həm də gələcək nəsillərini böyük bəlaya sala bilərdilər. Elə bu səbəbdən Allah əmrlə yanaşı, onu pozduqları təqdirdə alacaqları cəzanı da bildirdi.

ÖLÜM BƏŞƏR AİLƏSİNƏ NECƏ DAXİL OLDU?

5. Adəmlə Həvva Allahın əmrini necə pozdu?

5 Həvva yaradılandan sonra Adəm Allahın əmrindən onu xəbərdar etdi. Həvvanın bu əmri, demək olar ki, sözbəsöz təkrar etməsi bunu aydın göstərirdi (Yar. 3:1—3). O, bu əmri özünü heyvanlardan ən ehtiyatlısı olan ilan kimi təqdim edən şəxsə demişdi. İlanın arxasında gizlənən Allahın mələyi, Şeytan İblis idi. O, müstəqil və özü-özünə ağa olmaq istəyi ilə alışıb yanırdı. (Yaqub 1:14, 15 ayələri ilə müqayisə et.) Öz mənfur istəyinə çatmaq üçün Allahı yalançılıqda ittiham etdi. O, Həvvanı inandırdı ki, müstəqilliyə can atmağın axırı ölüm yox, Allah kimi olmaqdır (Yar. 3:4, 5). Ona uyan Həvva müstəqil olmaq istədiyini meyvədən yeməklə göstərdi və Adəmi də yoldan çıxartdı (Yar. 3:6, 17). İblis Həvvanı aldatdı. (1 Timoteyə 2:14 ayəsini oxu.) Adəm də «arvadının sözünə qulaq [asdı]». Dost kimi görünən bu ilan, Şeytan İblis Həvvaya etdiyi təklifin faciə ilə nəticələnəcəyini bilən amansız düşmən idi.

6, 7. Allah günahkarlara çıxardığı hökmü necə icra etdi?

6 Özbaşınalıq edən Adəmlə Həvva onlara həyat və hər şeyi bəxş edən Yaradana qarşı çıxdılar. Sözsüz, hər şey Yehovanın gözü qarşısında baş verirdi. (1 Saln. 28:9; Süleymanın məsəlləri 15:3 ayəsini oxu.) O yol verdi ki, bu üç şəxs Ona olan münasibətini göstərsin. Bir ata kimi Yehovanın ürəyi qan ağlayırdı. (Yaradılış 6:6 ayəsi ilə müqayisə et.) Buna rəğmən O, Hakim kimi davranıb çıxardığı hökmü həyata keçirməli idi.

7 Allah Adəmə demişdi: «Ondan [xeyirlə şəri bilmə ağacından] yeyən gün hökmən öləcəksən». Ola bilsin, Adəm düşünürdü ki, həmin «gün» 24 saatlıq adi gündür. Allahın əmrinə qarşı çıxandan sonra o, yəqin gözləyirdi ki, Yehova gün batana kimi onları cəzalandıracaq. Yehova bu cütlüklə «günün sərinliyində» danışmışdı  (Yar. 3:8). Allah bir hakim kimi sözü əvvəlcə Adəmlə Həvvaya verdi (Yar. 3:9—13). Yalnız bundan sonra O, günahkarlara çıxardığı hökmü elan etdi (Yar. 3:14—19). Allah onları elə oradaca məhv etsəydi, onda Onun Adəmlə Həvva və onların nəsli ilə bağlı niyyəti puç olardı (Yeşaya 55:11). Onlar ölüm cəzasını alsalar da, günahın təsiri özünü büruzə verməyə başlasa da, Allah yol verdi ki, bu ər-arvad dünyaya Onun gələcək işlərindən faydalana biləcək övladlar gətirsin. Beləliklə, onlar Allahın gözündə elə günah işlətdikləri gün, əslində isə Allah üçün bir «gün» kimi sayılan 1000 ilin içində öldülər. (2 Pet. 3:8).

8, 9. Adəmin günahı nəslinə necə təsir etdi? (Məqalənin əvvəlindəki şəklə bax.)

8 Adəmlə Həvvanın hərəkətindən övladları da zərər çəkdi. Romalılara 5:12 ayəsində izah edilir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib». Ölümü ilk dadan əməlisaleh Habil oldu (Yar. 4:8). Sonra Adəmin digər övladları da qocalıb öldülər. Bəs onlar ölümlə yanaşı günahı da miras aldılar? Həvari Pavel cavab verir: «Bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdi» (Rom. 5:19). Adəmdən miras qalan günah və ölüm bəşəriyyətin amansız düşməninə çevrildi, qeyri-kamil insanlar bu bəladan yaxa qurtara bilmirlər. Biz günah və ölümün Adəmin nəslinə necə ötürüldüyünü dəqiqliklə izah edə bilməsək də, fakt göz önündədir.

9 Elə buna görə də Müqəddəs Kitab miras aldığımız günah və ölümü «bütün xalqların üzərindəki [duvağa]» və «bütün millətlərin üstündə olan toxunma [örtüyə]» bənzədir (Yeşaya 25:7). Bəşəriyyəti boğan bu örtük və ya duvaq hamını öz cənginə alaraq özünə kölə edib. Ancaq fakt ondan ibarətdir ki, «Adəmə görə hamı ölür» (1 Kor. 15:22). Pavelin: «Ölümə mübtəla olan bu bədəndən məni kim xilas edəcək?» — sualı necə də yerindədir. Görəsən, kimsə xilas edə bilərdi? * (Rom. 7:24).

GÜNAH VƏ ÖLÜM MƏHV EDİLƏCƏK

10. a) Yehovanın Adəmdən miras aldığımız ölümü məhv edəcəyini göstərən bəzi ayələr hansıdır? b) Bu ayələr Yehova və İsa barədə bizə nə deyir?

10 Bəli, Yehova Paveli bu bəladan xilas edə bilərdi. «Duvaq» barədə söz açdıqdan dərhal sonra Yeşaya yazmışdı: «Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək» (Yeşaya 25:8). Uşaqlarının əzablarının səbəbini aradan qaldıran və göz yaşlarını silən ata kimi, Yehova da Adəmdən miras qalan ölümü məmnuniyyətlə məhv edəcək. Bu işdə Onun köməkçisi var. 1 Korinflilərə 15:22 ayəsində oxuyuruq: «Necə ki, Adəmə görə hamı ölür, Məsihin sayəsində də hamı həyata qovuşacaq». «Məni kim xilas edəcək?» — deyə verdiyi suala Pavel elə özü cavab verir: «Allahımız! Ona Ağamız İsa Məsih vasitəsilə şükürlər olsun!» (Rom. 7:25). Görünür, Yehovanın bəşəriyyəti yaratmağa təşviq edən məhəbbəti Adəmlə Həvvanın üsyanından sonra da soyumamışdı. İlk insan cütünün  yaranmasında Yehovaya kömək edən İsanın da onların nəslinə məhəbbəti azalmamışdı (Sül. məs. 8:30, 31). Bəs bu xilas işi necə gerçəkləşəcəkdi?

11. Bəşəriyyətin xilası üçün Yehova hansı tədbiri gördü?

11 İnsanların qeyri-kamilliyi və ölümü həm Adəmin günahının, həm də Yehovanın ədalətli hökmünün nəticəsidir (Rom. 5:12, 16). Müqəddəs Kitabda deyilir: «Bir günahın ucbatından hər cür insan məhkum olunur» (Rom. 5:18). Bəs Yehova Öz normalarından kənara çıxmamaq şərti ilə çıxardığı hökmü necə ləğv edə bilərdi? Cavabı İsanın sözlərindən tapa bilərik: «İnsan Oğlu... bir çoxları uğrunda canını fidyə kimi vermək üçün gəlib» (Mat. 20:28). Yehovanın ilk ruhani Oğlu yer üzündə kamil insan kimi doğulmaqla «fidyə» ola biləcəyini göstərdi. Bu fidyə ədaləti necə təmin edəcəkdi? (1 Tim. 2:5, 6).

12. Ədaləti təmin edən müvafiq fidyə necə ödənildi?

12 Kamil insan olan İsa Adəmin günah etməzdən əvvəlki vəziyyətinə bənzəyirdi. Yehovanın niyyəti o idi ki, yer üzü Adəmin kamil nəsli ilə dolsun. Buna görə də Atasına və Adəmin nəslinə məhəbbətindən irəli gələrək İsa öz insan həyatını qurban verdi. Bəli, İsa kamil insan həyatını Adəmin itirdiklərini qaytarmaq üçün verdi. Sonra Yehova Oğlunu ruhani varlıq kimi həyata qaytardı (1 Pet. 3:18). Adəmin nəslini geri almaq və onlara Adəmin itirdiyi həyatı qaytarmaq üçün Yehova haqlı olaraq bir kamil insanın, yəni İsanın qurbanlığını fidyə və ya ödənilmiş dəyər kimi qəbul edə bildi. Beləcə, İsa Adəmi əvəz etdi. Pavel bunu belə izah edir: «Hətta görün nə yazılıb: “İlk insan Adəm canlı varlıq oldu”. Sonuncu Adəm isə həyat verən ruhani varlıq oldu» (1 Kor. 15:45).

Ölümün ilk qurbanı olan Habil İsanın fidyə qurbanlığından faydalanacaq(13-cü abzasa bax)

13. «Sonuncu Adəm» «həyat verən ruhani varlıq» kimi necə hərəkətə keçəcək?

13 Tezliklə «sonuncu Adəm» bəşəriyyətə «həyat verən ruhani varlıq» kimi hərəkətə keçəcək. Adəmin nəslinin əksəriyyəti artıq öldüyü üçün yenidən həyata qaytarılacaq. Və onların dirilməsi yer üzündə baş verəcək (Yəh. 5:28, 29).

14. Yehova insanları qeyri-kamilliyin əsarətindən qurtarmaq üçün hansı tədbiri görüb?

14 Bəşəriyyət qeyri-kamilliyin əsarətindən necə qurtulacaq? Bunun üçün Yehova səmavi Padşahlıq qurub və «sonuncu Adəm»i və insanlar arasından seçdiyi şəxsləri onu idarə etmək üçün təyin edib. (Vəhy 5:9, 10 ayələrini oxu.) İsa ilə birlikdə göydə idarə edəcək kəslər vaxtilə qeyri-kamil olmuş insanlardır. Tam min il ərzində onlar yer üzündəki insanların özlərinin yaxa qurtara bilmədikləri qeyri-kamilliyə üstün gəlmələrinə kömək edəcəklər (Vəhy 20:6).

15, 16. a) «Sonuncu düşmən... [ölüm]» nə zaman məhv ediləcək? b) 1 Korinflilərə 15:28 ayəsinə əsasən, İsa vaxtı gələndə nə edəcək?

15 Padşahlığın Minillik hakimiyyətinin sonunda itaətkar bəşəriyyət Adəmin itaətsizliyinin nəticəsində meydana çıxan bütün düşmənlərdən azad olacaq. Müqəddəs Kitabda deyilir: «Necə ki, Adəmə görə hamı ölür, Məsihin sayəsində də hamı həyata qovuşacaq. Ancaq hər kəs öz növbəsində diriləcək: ilk nübar Məsih, sonra Məsihin iştirakı zamanı ona məxsus olanlar [onun hakimiyyət şərikləri]. Nəhayət, son olacaq. O zaman Məsih bütün hökumətləri, hakimiyyətləri və iqtidarı  yox edəcək və padşahlığı öz Atası Allaha təhvil verəcək. Allah bütün düşmənləri onun ayaqları altına atanadək o, padşahlıq etməlidir. Sonuncu düşmən isə ölümdür və o, məhv ediləcək» (1 Kor. 15:22—26). Bəli, Adəmdən miras aldığımız ölüm yox ediləcək. Bəşər ailəsini boğan «duvaq» həmişəlik yox ediləcək (Yeşaya 25:7, 8).

16 Həvari Pavel sözlərinə belə yekun vurmuşdu: «Hər şey ona tabe ediləndən sonra Oğul özü də ona hər şeyi tabe edənə tabe olacaq ki, Allah hər kəs üçün hər şey olsun» (1 Kor. 15:28). Oğulun hakimiyyəti ilə bağlı niyyət tamam olacaq. Sonra, o, böyük məmnuniyyətlə hakimiyyəti Yehovaya qaytaracaq və Ona kamil bəşər ailəsini təqdim edəcək.

17. Şeytanın axırı necə olacaq?

17 Bəs başlanğıcdan bəşəriyyətin başına dərd açan Şeytanın axırı necə olacaq? Vəhy 20:7—15 ayələrində bu suala cavab verilir. Bütün kamil insanların sonuncu sınağında Şeytanın insanları yoldan çıxarmağa cəhd göstərməsinə icazə veriləcək. İblis və onun ardınca gedənlər «ikinci [ölümdə]» birdəfəlik məhv ediləcəklər (Vəhy 21:8). Bu cür ölümə məhkum edilənlərin əbədi məhvdə qalmaları üçün «ikinci [ölüm]» həmişə mövcud olacaq. Ancaq Yaradanlarını sevən və Ona xidmət edən kəslər üçün «ikinci [ölüm]» düşmən deyil.

18. Allahın Adəmə tapşırdığı iş necə həyata keçiriləcək?

18 Sonra heç bir düşmənin olmadığı bir mühitdə əbədi həyata layiq görülən kamil bəşəriyyət Yehovanın hüzurunda dayanacaq. Adəmə verilən tapşırıq onsuz tamamlanacaq. Bütün yer üzünü onun nəsli dolduracaq. Onlar sevə-sevə yerə və yerdə yaşayan bütün canlılara sahib olacaqlar. Buna görə də gəlin məhəbbətdən irəli gələrək axırıncı düşmən olan ölümü məhv edəcək Yehovaya həmişə minnətdar olaq!

^ abz. 9 «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında alimlərin qocalığın və ölümün səbəbini necə izah etməyə çalışdıqları deyilir: «Onlar Yaradanın Özünün ilk insan cütünə ölüm hökmü kəsdiyi və Onun bunu insan ağlının dərk etmədiyi bir üsulla həyata keçirdiyi faktına əhəmiyyət vermirlər» (2-ci cild, s. 247, ing.).