Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2014

Valideynlər, uşaqlarınızın qayğısına qalın

Valideynlər, uşaqlarınızın qayğısına qalın

«Sürünə yaxşı bax» (SÜL. MƏS. 27:23).

1, 2. a) İsraildə çobanların çiyninə hansı məsuliyyət düşürdü? b) Nə üçün valideynləri çobanlara bənzətmək olar?

QƏDİM İsraildə çobanların günü çox ağır keçərdi. Soyuğa-istiyə dözməklə yanaşı, onlar sürülərini vəhşi heyvanlardan və insanlardan qorumalı olurdular. Çobanlar tez-tez qoyun-quzunu yoxlamalı, yaralı, xəstə olana qayğı göstərməli idilər. Onlar ən çox quzulara qayğı göstərirdilər, çünki quzular gücsüz və zəif olurlar (Yar. 33:13).

2 Müəyyən mənada, məsihçi valideynlər də çobanlara bənzəyirlər. Onlar çobanlarda olmalı olan keyfiyyətləri təzahür etdirirlər. Onlar uşaqlarını «Yehovanın verdiyi tərbiyə və öyüd-nəsihətlə» böyütmək məsuliyyəti daşıyırlar (Efes. 6:4). Bu, heç də asan deyil. Çünki uşaqlar bir yandan Şeytanın səngimək bilməyən təbliğatına məruz qalırlar, bir yandan da yanlış hərəkətlərə meyil salırlar (2 Tim. 2:22; 1 Yəh. 2:16). Gəlin uşaqlarınızın qayğısına qalmaqda sizə kömək edəcək üç addımı nəzərdən keçirək: onları tanıyın, bəsləyin və onlara yol göstərin.

 UŞAQLARINIZI TANIYIN

3. Valideynlər uşaqlarını yaxşı tanımaq üçün nə etməlidirlər?

3 Yaxşı çoban qoyunlarının sapsağlam olduğuna əmin olmaq üçün hər birini diqqətlə yoxlamalıdır. Məcazi mənada siz də uşaqlarınızla bu cür davrana bilərsiniz. Müqəddəs Kitabda deyilir: «Sürünə yaxşı bax» (Sül. məs. 27:23). Uşaqlarınızı yaxşı tanımaq üçün onların hərəkətlərinə, fikirlərinə və hisslərinə diqqət yetirməlisiniz. Bunu etməyin ən yaxşı üsullarından biri onlarla mütəmadi olaraq ünsiyyət etməkdir.

4, 5. a) Uşaqların ürəklərini açmaları üçün valideynlər nə edə bilərlər? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Uşaqlarınızın sizinlə asanlıqla ünsiyyət qura bilməsi üçün nə etməlisiniz?

4 Bəzi valideynlər fikir vermişlər ki, yeniyetməlik çağında uşaqlarla ünsiyyət etmək daha çətin olur. Çünki onlar özlərinə qapılır, fikirlərini və hisslərini ifadə etməyə çəkinirlər. Əgər sizin də uşaqlarınız belədirsə, nə edə bilərsiniz? Üstünə getmək və ciddi danışmaq əvəzinə xoş ab-hava yaradın (Qanun. t. 6:6, 7). Çətin gəlsə də, çalışın birlikdə vaxt keçirəsiniz. Siz onlarla gəzməyə çıxa, birlikdə maşın sürə, oyun oynaya, yaxud da evdə iş görə bilərsiniz. Belə sərbəst atmosferdə ürəyini açmaq uşaqlara daha asan gələ bilər.

5 Bəs əgər uşağınız yenə də ünsiyyətdən qaçırsa, onda necə? Keçin başqa üsula. Məsələn, qızınızdan gününün necə keçdiyini soruşmaq əvəzinə, öz gününüzün necə keçdiyindən danışın. Onda, bəlkə, o da gün ərzində olub-bitənlərdən sizə danışdı. Yaxud nə haqdasa qızınızın fikrini bilmək üçün elə suallar verin ki, sözü özünə götürməsin. Rəfiqəsinin bu məsələyə dair nə fikirləşdiyi ilə maraqlana bilərsiniz. Sonra soruşa bilərsiniz ki, o, rəfiqəsinə hansı məsləhəti verərdi.

6. Valideyn əlçatan olduğunu necə göstərə bilər?

6 Uşaqlarınız onları dinləməyə hazır və əlçatan olduğunuzu gördükləri təqdirdə sizə ürəklərini açacaqlar. Əgər uşaqlar görsə ki, valideynlərinin başlarını qaşımağa belə vaxtları yoxdur, onda öz problemlərini açıb deməyəcəklər. Bəs əlçatan valideyn olmaq nə deməkdir? Sadəcə «istədiyin vaxt mənə yaxınlaşa bilərsən» demək kifayət etmir. Uşaqlarınız əmin olmalıdır ki, siz onların problemlərinə nə başdansovdu yanaşacaqsınız, nə də ki, həddən artıq sərt reaksiya verəcəksiniz. Bir çox valideynlər bu sahədə gözəl nümunə qoyublar. 19 yaşlı Kayla deyir: «Mən atama hər şeyi danışa bilərəm. O, nə sözümü kəsir, nə də ki, danlayır, sadəcə dinləyir. Sonra isə düzgün məsləhət verir».

7. a) Valideynlər görüşmək kimi mövzulara necə yanaşa bilərlər? b) Valideynin hansı münasibəti uşaqları qıcıqlandıra bilər?

7 Hətta kiminləsə görüşmək kimi həssas mövzular haqda danışanda çalışın ki, baş verə biləcək təhlükələr barədə uzun-uzadı xəbərdarlıqlar etməkdənsə, uşaqlarınıza bu məsələyə düzgün yanaşmağı öyrədəsiniz. Tutalım, siz bir restorana getmisiniz və görürsünüz ki, menyuda ancaq qidadan zəhərlənməklə bağlı xəbərdarlıqlar var. Çox ehtimal ki, siz oranı tərk edib başqa restorana gedəcəksiniz. Eynilə, uşağınız məsləhət üçün sizə yaxınlaşanda görsə ki, «menyunuzda» yalnız ciddi xəbərdarlıqlar var, o da bu cür münasibət göstərəcək. (Koloslulara 3:21 ayəsini oxu.) Buna görə də tarazlı yanaşmağa çalışın. Emili adlı 25 yaşlı bir bacı bölüşür: «Valideynlərim oğlanla görüşmək barədə mənimlə danışanda, bu mövzunu ayıb bir şey kimi hallandırmırlar. Ailə qura biləcəyin bir adamla tanış olmağın normal olduğunu deyirlər. Buna  görə də mən valideynlərimlə bu mövzuda çəkinmədən söhbət edə bilirəm. Həqiqətən də, istəyirəm ki, onların hər şeydən xəbərləri olsun, onlardan nəsə gizlətmək fikrim yoxdur».

8, 9. a) Sözü kəsmədən dinləməyin hansı faydası var? b) Uşaqları dinləməklə nəyə nail olmaq olar?

8 Kaylanın dediklərindən görünür ki, uşaqlarınıza səbirlə qulaq asmaqla əlçatan olduğunuzu göstərə bilərsiniz. (Yaqub 1:19 ayəsini oxu.) Qızını tək böyüdən Katya adlı bir ana deyir: «Əvvəllər qızımla danışarkən hövsələm daralırdı, sözünü ağzında qoyurdum. Onu dinləməyə gah həvəsim olmurdu, gah da məni bezdirməsini istəmirdim. İndi mən də, qızım da xeyli dəyişmişik, bir-birimizlə dil tapa bilirik».

Onları dinləməklə tanıyın(3—9 abzaslara bax)

9 Ronald adlı ata da yeniyetmə qızı ilə eyni problemi yaşayıb. O deyir: «Qızım mənə məktəbdə bir oğlandan xoşu gəldiyini deyəndə yaman hirsləndim. Amma Yehovanın xidmətçilərinə necə səbir və anlayış göstərdiyi üzərində düşünəndə, fikirləşdim ki, məsləhət verməzdən əvvəl ürəyini boşaltmağa imkan versəm, daha yaxşı olar. Nə yaxşı ki, belə də etdim! Qızımın hansı hissləri keçirdiyini duya bildim. O, sözünü bitirdikdən sonra onunla ata-bala kimi danışmaq mənə daha asan oldu. Sevindim ki, o, məsləhətimi qəbul edib münasibətini dəyişəcəyinə söz verdi». Uşaqlarınızla tez-tez ünsiyyət etmək sizə onların düşüncə və hisslərini öyrənmək imkanı verir. Bunun sayəsində siz onlara həyatda düzgün qərarlar verməyə kömək edə bilərsiniz *.

UŞAQLARINIZI BƏSLƏYİN

10, 11. Uşaqlarınızın yolunu azmaması üçün nə edə bilərsiniz?

10 Yaxşı çoban bilir ki, istənilən vaxt hansısa qoyun sürüdən aza bilər. Ola bilsin, o, otlaya-otlaya aralıda bitən otluğa tərəf gedir və beləcə sürüdən ayrı düşür. Uşaq da yavaş-yavaş ruhani cəhətdən təhlükəli şeylərə — zərərli dostluğa və ya ədəbsiz əyləncəyə meyil sala bilər (Sül. məs. 13:20). Bu cür təhlükəli vəziyyətin yaranmaması üçün nə edə bilərsiniz?

11 Uşaqlarınızın zəif yönlərini görər-görməz hərəkətə keçin. Uşaqlarınızda olan gözəl keyfiyyətləri daha da  möhkəmləndirməyə çalışın (2 Pet. 1:5—8). Müntəzəm keçirilən ailəvi ibadət bunu etməyin ən gözəl vaxtıdır. Bununla bağlı «Bizim Padşahlıq Xidmətimiz»in 2008-ci il oktyabr sayında deyilir: «Ailə başçıları təşviq olunurlar ki, Yehovanın qarşısında daşıdıqları məsuliyyəti yerinə yetirsinlər — dolğun, müntəzəm ailəvi öyrənmə keçirsinlər». Bəs siz uşaqlarınızı bəsləmək üçün təsis edilmiş bu tədbirdən tam yararlanırsınız? İnanın ki, uşaqlarınız onların ruhani tələbatlarını ödəmək üçün göstərdiyiniz qayğını olduqca qiymətləndirir (Mat. 5:3; Filip. 1:10).

Onları yaxşıca bəsləyin(10—12 abzaslara bax)

12. a) Müntəzəm ailəvi ibadətin gənclərə hansı faydası var? («Onlar bunu qiymətləndirir» adlı çərçivəyə bax.) b) Ailəvi ibadətin sənə hansı faydası var?

12 Gəlin görək 19 yaşlı Karisa ailəvi ibadətin onlara gətirdiyi fayda haqda nə deyir: «Ailəlikcə bir yerə yığışıb ünsiyyət etməyimiz xoşuma gəlir. Bu, bizi bir-birimizə daha da yaxınlaşdırır və xoş anlar yaşadır. Ailəvi ibadəti atam təşkil edir. Onun bu işə belə məsuliyyətlə yanaşması məni həm ruhlandırır, həm də buna ciddi yanaşmağa təşviq edir. Bunun sayəsində ona bir ata və ruhani başçı kimi hörmətim daha da artır». Həmçinin Britni adlı gənc bacı bölüşür: «Ailəvi ibadət məni valideynlərimə daha da bağladı. Anladım ki, onlar problemlərimi dinləməyə hazırdırlar, onlar, həqiqətən də, qayğıkeş valideynlərdir. Ailəvi ibadət bizə bir yumruq kimi möhkəm olmağa kömək edir». Aydın məsələdir ki, uşaqlarınızın ruhani cəhətdən, ələlxüsus da ailəvi ibadət vasitəsilə, qeydinə qalmaqla siz yaxşı çoban olduğunuzu sübut edəcəksiniz *.

UŞAQLARINIZA YOL GÖSTƏRİN

13. Uşağı Yehovaya xidmətə nə təşviq edə bilər?

13 Qayğıkeş çoban sürüyə istiqamət vermək və onu qorumaq üçün çomaqdan istifadə edir. Çobanın boynuna düşən məsuliyyətlərdən biri sürünü «gözəl bir [otlağa]» istiqamətləndirməkdir (Yez. 34:13, 14). Ola bilsin, siz də bir valideyn kimi uşaqlarınıza Yehovaya xidmətdə yol göstərirsiniz. İstəyərsiniz ki, onlar özlərini növbəti sözləri yazan məzmurçu kimi hiss etsinlər: «Ey Allahım, Sənin iradəni yerinə yetirmək mənə zövq verir, qanunun qəlbimdədir» (Məz. 40:8). Ürəyində bu cür hisslər keçirən gənclər həyatlarını Yehovaya həsr edib vəftiz olunurlar. Aydın məsələdir ki, onlar bu qərarı vermək üçün kifayət qədər yaşa çatmalı və Yehovaya xidmət etməyi səmimi-qəlbdən arzulamalıdırlar.

14, 15. a) Məsihçi valideynlərin məqsədi nə olmalıdır? b) Yeniyetmələrdə nəyə görə həqiqi ibadətlə bağlı şübhələr baş qaldıra bilər?

14 Bəs əgər uşağınız ruhani cəhətdən yerində addımlayırsa, hətta imanı sual altındadırsa, onda necə? Onlara Yehova Allahı sevməyi və Onun etdiyi hər şeyi qiymətləndirməyi öyrədin (Vəhy 4:11). Onlarda bu münasibət yaransa, onda Allaha xidmət etməklə bağlı şəxsi qərarlarını verə biləcəklər.

15 Uşaqlarınızda şübhələr də yarana bilər. Bəs onda onlara necə yol göstərə bilərsiniz? Yehovaya xidmətin həyatda ən yaxşı yol olduğunu, habelə əbədi xoşbəxtliyə apardığını görməyə necə kömək edə bilərsiniz? Onların şübhələrinin nədən qaynaqlandığını aşkar etməyə çalışın. Məsələn, bir düşünün: oğlunuz Müqəddəs Kitabın təlimləri ilə, həqiqətən, razılaşmır, yoxsa, sadəcə olaraq, həmyaşıdları qarşısında bu təlimləri müdafiə etməyə kifayət qədər əminliyi yoxdur?  Yaxud da qızınız: o, Allahın normalarının nə qədər düzgün olduğunu sual altına alır, yoxsa özünü, sadəcə olaraq, başqaları tərəfindən tərk və ya çıxdaş edilmiş kimi hiss edir?

Onlara yol göstərin (13—18 abzaslara bax)

16, 17. Valideynlər hansı üsullarla uşaqlarına həqiqəti özününküləşdirməyə kömək edə bilərlər?

16 Səbəb nə olursa-olsun, siz uşağınıza şübhənin nədən yarandığını görməyə kömək edə bilərsiniz. Bir çox valideynlərin sınaqdan keçirdiyi bir üsul var, onlar ürəyindəkiləri açıb demələri üçün uşaqlarından soruşurlar: «Məsihçi olmaq sənin üçün nə deməkdir? Bunun sənə nə xeyri dəyib? Məsihçi olmağın hansı çətinlikləri var? İndi aldığın və gələcəkdə alacağın xeyir-duaları nəzərə alsan, bu çətinliklərə dəyər?» Sözsüz, sən bu sualları sorğu-sual kimi yox, öz sözlərinlə, mehriban və canıyananlıqla deməlisən. Söhbət əsnasında Mark 10:29, 30 ayələrini də müzakirə edə bilərsən. Bəzi gənclər öz fikirlərini iki sütunda yazırlar, birində çətinlikləri, digərində isə faydaları sadalayırlar. Vərəqdə doldurduğu bu sütunlar problemləri görməyə və həll etməyə onlara kömək edə bilər. Əgər biz «Müqəddəs Kitab öyrədir» və «Allahın məhəbbəti» kitablarını maraqlananlarla araşdırırıqsa, onları uşaqlarımızla araşdırmaq qat-qat vacibdir! Bəs siz belə edirsiniz?

17 Vaxt keçdikcə, uşaqlarınız kimə xidmət edəcəklərinə özləri qərar verəcəklər. Düşünməyin ki, siz bu yolu seçdiyiniz üçün onlar kor-koranə arxanızca gedəcəklər. Onlar həqiqəti özününküləşdirməlidirlər (Sül. məs. 3:1, 2). Əgər uşağınız bunu edə bilmirsə, səbəbi tapmağa çalışın. Onlara bu kimi sualların üzərində düşünməyə kömək edin: «Mən haradan bilirəm ki, Allah mövcuddur? Yehova Allahın gözündə dəyərli olduğuma məni nə əmin edir? Yehovanın normalarının mənim xeyrimə olduğuna nə üçün inanıram?» Yehovanın yolu ilə yaşamağın ən yaxşı həyat yolu olduğuna əmin olması üçün uşaqlarınıza səbirlə yol göstərin və bununla yaxşı çoban olduğunuzu sübut edin * (Rom. 12:2).

18. Valideynlər Yehovanı, Ən Böyük Çobanı necə təqlid edə bilərlər?

18 Bütün həqiqi məsihçilər Ən Böyük Çobanımızı təqlid etmək istəyir (Efes. 5:1; 1 Pet. 2:25). Valideynlər öz sürülərini — dəyərli övladlarının yaxşı tanımalı və Yehovanın hazırladığı xeyir-dualara aparan yolda onlara istiqamət verməlidirlər. Beləliklə, çətin olsa belə, uşaqlarınızı həqiqət yolunda böyütməyə davam etməklə onların qayğısına qalın!

^ abz. 9 Bu haqda «Gözətçi qülləsi»nin 2008-ci il oktyabr—dekabr sayının 18—20-ci səhifələrindən daha çox məsləhət tapa bilərsiniz.

^ abz. 12 Daha çox məlumat əldə etmək üçün «Gözətçi qülləsi»nin 2009-cu il 15 oktyabr sayının 29—31-ci səhifələrində yerləşən «Ailəvi ibadət xilas olmaq üçün çox vacibdir!» adlı məqaləyə bax.

^ abz. 17 Bu mövzu ilə bağlı ətraflı məlumat «Gözətçi qülləsi»nin 2012-ci il aprel—iyun sayının 18—21-ci səhifələrində müzakirə edilir.