Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2014

Yehovanın səsini həmişə eşit

Yehovanın səsini həmişə eşit

Arxanızdan “Yol budur, gedin bu yolla” deyilən səsi eşidəcəksiniz» (YEŞAYA 30:21).

1, 2. Yehova sadiq bəndələrinə hansı üsullarla rəhbərlik verir?

QƏDİMDƏ insanlar Yehovadan müxtəlif üsullarla rəhbərlik alıblar. Allah kimlərləsə mələklər vasitəsilə, kimlərləsə də görüntü və ya yuxular vasitəsilə danışıb. Bununla onlar gələcəkdə vaqe olacaq hadisələrdən xəbərdar edilirdilər. Yehova həmçinin onlara xüsusi işlər də tapşırırdı (Say. 7:89; Yez. 1:1; Dan. 2:19). Digərləri isə rəhbərliyi Yehovanın təşkilatının yerüzü hissəsinin nümayəndələrindən alırdılar. Yehovanın xalqının Onun sözünü hansı üsulla eşitməsindən asılı olmayaraq, bu göstərişləri qəbul edənlər xeyir tapırdılar.

2 İndiki zamanda isə Yehova xalqına Müqəddəs Kitab, müqəddəs ruh və yığıncaq vasitəsilə rəhbərlik edir (Həv. iş. 9:31; 15:28; 2 Tim. 3:16, 17). Allahdan aldığımız rəhbərlik o qədər aydındır ki, sanki arxamızdan: «Yol budur, gedin bu yolla», — deyilən səsi eşidirik (Yeşaya 30:21). Yığıncaqlara «sadiq və ağıllı nökər» vasitəsilə rəhbərlik etməklə İsa da Yehovanın səsi ilə bizə müraciət edir (Mat. 24:45). Biz bu göstərişlərə və rəhbərliyə ciddi yanaşmalıyıq, çünki əbədi həyatımız itaətkarlığımızdan asılıdır (İbr. 5:9).

3. Yehovanın rəhbərliyinə tabe olmağımıza nələr maneçilik törədə bilər? (Məqalənin əvvəlindəki şəklə bax.)

3 Şeytan İblis aldığımız xilasedici rəhbərliyi gözdən salmaq üçün dəridən-qabıqdan çıxır. Üstəlik, hiyləgər ürəyimiz  Yehovanın rəhbərliyinə tabe olmağımıza maneçilik törədə bilər (Yer. 17:9). Buna görə də gəlin Allahın səsini eşitməyimizə maneə olacaq şeyləri necə üstələyə biləcəyimizi araşdıraq. Həmçinin gəlin Yehova ilə sıx ünsiyyətdə olmağın istənilən vəziyyətdə Onunla münasibətimizi qorumağa necə kömək edəcəyinə nəzər salaq.

ŞEYTANIN FƏNDLƏRİNƏ ÜSTÜN GƏL

4. Şeytan insanların düşüncəsinə necə təsir etməyə çalışır?

4 Şeytan yanlış məlumatlar və çaşqınlığa salan təbliğatlarla insanların düşüncəsinə təsir etməyə çalışır. (1 Yəhya 5:19 ayəsini oxu.) Ən ucqar yerlər də daxil olmaqla, bütün dünyada çap edilmiş materiallarla yanaşı, radio, televiziya və İnternet əlçatandır. Belə mənbələrdəki məlumatlar maraqlı olsa da, Yehovanın normalarına zidd gedən hərəkətləri aşılayır (Yer. 2:13). Misal üçün, xəbərlərdə və şoularda eynicinsli insanların nikahına normal bir şey kimi baxılır və çoxları düşünür ki, Müqəddəs Kitabın homoseksualizm barədə dedikləri olduqca sərtdir (1 Kor. 6:9, 10).

5. Şeytanın təbliğatına uymamaq üçün nə edə bilərik?

5 Allahın salehlik normalarına bağlı olan kəslər Şeytanın təbliğatına uymamaq üçün nə edə bilərlər? Onlar yaxşını pisdən necə ayıra bilərlər? Yalnız və yalnız «[Allahın] sözlərinə bağlı qalmaqla!» (Məz. 119:9). Allahın Kəlamındakı rəhbərlik bizə həqiqəti saxta təbliğatdan ayırd etməyə kömək edir (Sül. məs. 23:23). İsa Müqəddəs Yazılardan sitat gətirərək demişdi ki, «insan... Yehovanın ağzından çıxan hər sözlə yaşamalıdır» (Mat. 4:4). Ona görə də biz Müqəddəs Kitab prinsiplərini həyatımızda tətbiq etməyi öyrənməliyik. Misal üçün, Musa Allahın əxlaqsızlıqla bağlı əmrini qələmə almazdan hələ uzun illər öncə Yusif başa düşürdü ki, belə iş tutmaq Allaha qarşı günahdır. Potifarın arvadı onu yanlış hərəkətə şirnikdirəndə Yehovaya itaətsizlik göstərmək Yusifin heç ağlından belə keçmirdi. (Yaradılış 39:7—9 ayələrini oxu.) Bir müddət bu qadının cazibəsi ilə üzləşməsinə baxmayaraq, Yusif yol vermədi ki, onun məlahətli səsi Allahın səsini üstələsin. Yehovanın səsinə qulaq asmaqla və qulağımızı Şeytanın yaydığı təbliğatlara qarşı tıxamaqla doğrunu yanlışdan seçə bilərik.

6, 7. Şeytanın zəhərli məsləhətlərinə qulaq asmamaq üçün nə etməliyik?

6 Dünya bir-birinə zidd gedən dini təlim və ehkamlarla dolu olduğu üçün insanlar həqiqi dinin axtarışına çıxmağın əbəs olduğunu düşünürlər. Ancaq Yehova Onun rəhbərliyini qəbul etməyə hazır olan heç kəsdən Öz rəhbərliyini əsirgəmir. Bizə isə qalır, kimə qulaq asacağımıza qərar vermək. Çünki eyni vaxtda iki səsə qulaq asmaq mümkün deyil. Ona görə də gəlin Yehovanın Öz sürüsünü əmanət etdiyi yeganə şəxs olan İsanın səsini  tanıyaq və ona qulaq asaq. (Yəhya 10:3—5 ayələrini oxu.)

7 İsa özü demişdi: «Sözlərimə diqqətlə qulaq asın» (Mark 4:24). Yehovanın rəhbərliyi aydın və doğrudur. Və biz bu rəhbərliyə bağlı qalmalıyıq. Ancaq ilk öncə ürəyimizi hazırlamalıyıq. Çünki ehtiyatlı olmasaq, Yehovanın məhəbbətlə verdiyi rəhbərliyə yox, Şeytanın zəhərli məsləhətlərinə qulaq asmış olarıq. Heç vaxt yol vermə ki, dünyanın ruhunu əks etdirən mahnılar, videolar, televiziya verilişləri, kitablar, tanışlar, müəllimlər və ya dırnaqarası mütəxəssislər həyatını idarə etsin (Kolos. 2:8).

8. a) Günaha meyilli olmağımız Şeytanın işini necə asanlaşdırır? b) Təhlükəni görməzdən gəlsək, nə baş verə bilər?

8 Günaha meyilli olmağımız Şeytandan gizli deyil və o hey çalışır ki, bizə bu tərəfdən zərbə endirsin. Şeytanın belə həmlələri qarşısında nöqsansızlığı qorumaq çətindir (Yəh. 8:44—47). Tutaq ki, kimsə hansısa bir anın ləzzətini çıxarmağa çalışır, ancaq ağlına belə gətirmir ki, bunun axırı pis qurtara bilər (Rom. 7:15). İnsanı belə vəziyyətə nə sürükləyə bilər? Ehtimal ki, bu insanın Yehovanın səsinə qarşı qulağı yavaş-yavaş tutulmağa başlayıb. Yaxud ürəyində baş verən təhlükəli dəyişikliyi ya sezmir, ya da görməməzlikdən gəlir. Ola bilsin, o artıq dua etməyi tərgidib, ayda-ildə bir dəfə xidmətə çıxır və yığıncaq görüşlərinin birinə gələndə beşinə gəlmir. Nəticədə, öz istəklərinin quluna çevrilir və bilərəkdən səhv addım atır. Əgər biz belə bir vəziyyətə düşmək istəmiriksə, günaha qarşı gözümüzü dörd açmalı və dərhal hərəkətə keçməliyik. Bundan savayı, əgər qulağımız Yehovanın səsində olsa, heç vaxt dönük fikirlərə qulaq asmayacağıq (Sül. məs. 11:9).

9. Nəyə görə günaha sürükləyən meyilləri dərhal aşkar etmək vacibdir?

9 Xəstəlik ilkin mərhələdə aşkar edilərsə, insanın həyatını qurtarmaq mümkün olar. Eynilə, özümüzdə günaha sürükləyən meyilləri dərhal aşkar etsək, onda bədbəxtliyin baş verməsinin qarşısını ala bilərik. Bu kimi meyillərimizi aşkar edəndə yaxşı olar ki, «İblisin istəklərini yerinə yetirmək üçün onun toruna diri-diri [düşməyək]» deyə dərhal buna bir əncam çəkək (2 Tim. 2:26). Bəs əgər öz ağlımıza və istəklərimizə uyub Yehovanın tələblərindən çıxmışıqsa, onda nə etməliyik? Vaxt itirmədən təvazökarlıqla Yehovaya dönməli, qulağımızı açıb Onun məsləhətlərini diqqətlə dinləməliyik (Yeşaya 44:22). Unutmamalıyıq ki, verilən səhv qərar bizə elə yara vura  bilər ki, uzun müddət altını çəkə bilərik. Belə ciddi səhvlərin qarşısını almaq üçün dərhal hərəkətə keçmək olduqca vacibdir.

Müntəzəm ruhani işlərlə məşğul olmaq səni Şeytanın fəndlərindən necə qoruya bilər? (4—9-cu abzaslara bax)

TƏKƏBBÜRƏ VƏ TAMAHKARLIĞA ÜSTÜN GƏL

10, 11. a) Təkəbbür özünü necə büruzə verir? b) Qorah, Datan və Aviramdan hansı ibrət dərsini götürə bilərik?

10 Biz dərk etməliyik ki, ürəyimiz bizi yoldan çıxara bilər. Günahlı meyillərimiz bizə güclü təsir göstərə bilər. Götürək təkəbbür və tamahkarlığı. Bu mənfi xüsusiyyətlər Yehovanın səsini eşitməyimizə mane ola və bizi uçuruma sürükləyə bilər. Məsələn, qürurlu insan özü haqda yüksək fikirdə olur. Ola bilsin, o fikirləşir ki, istədiyini etməyə haqqı çatır və heç kim ona «gözün üstündə qaşın var» deyə bilməz. Buna görə də o, fikirləşə bilər ki, həmimanlılarının, ağsaqqalların, hətta Allahın təşkilatının verdiyi məsləhət və göstəriş ona aid deyil. Belə insanın qulağına Yehovanın səsi pıçıltı kimi gəlir.

11 İsraillilər səhrada dolaşarkən Qorah, Datan və Aviram Musa ilə Harunun səlahiyyətinə qarşı qiyam qaldırdı. Təkəbbürdən gözləri tutulmuş bu adamlar Yehovaya ibadətdə hürriyyət davası döyürdülər. Bəs Yehova bu məsələni necə yoluna qoydu? O, üsyankarları məhv etdi (Say. 26:8—10). Bu tarixi hadisə bizim üçün necə də ibrətamiz nümunədir! Deməli, Yehovaya qarşı üsyan insanı uçuruma apara bilər. Və unutmayaq ki, «əcəldən əvvəl təkəbbür gələr» (Sül. məs. 16:18; Yeşaya 13:11).

12, 13. a) Tamahkarlığın insanın başına bəla açdığına dair nümunə çək. b) Qarşısı alınmasa, tamahkarlıq insanın evini necə yıxa bilər?

12 Tamahkarlıq da insanın axırına çıxır. Belə ki, tamahkar insan çox vaxt özbaşına hərəkət edib həddini aşır. Elişa peyğəmbər Aramın ordu başçısı Naamanı cüzam xəstəliyindən sağaldandan sonra onun verdiyi hədiyyəni götürməmişdi. Lakin Elişanın nökəri Gehazi bu hədiyyələrə tamah salmışdı. O, öz-özünə dedi: «Var olan Rəbbə and olsun ki, [Naamanın] dalınca qaçıb ondan nəsə alacağam». Elişadan xəbərsiz özünü Naamana yetirib nə var-nə var «bir talant gümüş və iki dəst paltar» alacaq deyə yalan danışdı. Gehazinin tutduğu bu iş və peyğəmbərə yalan satması cavabsız qaldımı? Xeyr, Naamanın cüzamı tamahkar Gehaziyə keçdi (2 Pad. 5:20—27).

13 Tamahkarlıq xırda şeylərdən başlaya, amma qarşısı alınmasa, tez bir zamanda insanı özünə qul edə bilər. Müqəddəs Kitabda adı çəkilən Akanın nümunəsi tamahkarlığın insana necə güc gələ biləcəyini göstərir. Tamahkarlıq ruhu onun canına tez hopdu. O, özü etiraf etmişdi: «Talan malından Babil malı olan gözəl bir paltar, iki yüz şekel gümüş və ağırlığı əlli şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm». Yanlış istəklərdən yaxa qurtarmaq əvəzinə, Akan tamahkarlıqla qəniməti oğurlayıb çadırında gizlətdi. Akanın paxırı üzə çıxanda Yeşua dedi ki, Yehova onu bəlaya salacaq. Akan və onun ailəsi elə həmin gün daşqalaq edilib öldürüldü (Yeşua 7:11, 21, 24, 25). Tamahkarlıq bizi kölgə kimi izləyən bir bəladır. Buna görə də gəlin özümüzü «hər cür tamahkarlıqdan [qoruyaq]» (Luka 12:15). Bəzən biz yanlış düşüncəyə qapıla və ya əxlaqsız şeyləri təsəvvürümüzdə canlandıra bilərik. Buna görə də düşüncəmizi daim nəzarətdə saxlamalı və istəklərimizin bizi günaha sürükləməsinə yol verməməliyik. (Yaqub 1:14, 15 ayələrini oxu.)

14. Əgər təkəbbürə və ya tamahkarlığa meyilli olduğumuzu görürüksə, nə etməliyik?

14 Təkəbbürün də, tamahkarlığın da nəticəsi acınacaqlı ola bilər. Yanlış hərəkətlərin  aqibəti barədə düşünmək Yehovanın səsini eşitməyimizə mane olan meyilləri özümüzdən qovmağa kömək edəcək (Qanun. t. 32:29). Müqəddəs Kitabda Allah bizə yalnız doğru yolu göstərmir, həmçinin bu yolda yeriməyin səfasını, yeriməməyin isə cəfasını izah edir. Əgər ürəyimizdən təkəbbürə və ya tamahkarlığa aparan hər hansı bir şeyi etmək keçirsə, onun nəticələri barədə düşünmək müdriklik olardı. Biz yanlış hərəkətin özümüzə, yaxınlarımıza, xüsusilə də Yehova ilə münasibətimizə necə təsir edəcəyi üzərində düşünməliyik.

YEHOVA İLƏ SIX ÜNSİYYƏTİ QORU

15. İsanın Yehova ilə ünsiyyətindən nə öyrənirik?

15 Yehova bizim üçün ən yaxşısını istəyir (Məz. 1:1—3). Buna görə də lazımi vaxtda lazımi rəhbərlik verir. (İbranilərə 4:16 ayəsini oxu.) Kamil olmasına baxmayaraq, İsada Yehova ilə ünsiyyət etmək tələbatı var idi və o durmadan dua edirdi. Yehova da, öz növbəsində, heyrətamiz üsullarla İsanı dəstəkləyir, rəhbərlik verirdi. Yehova ona xidmət etmələri üçün mələklər göndərmiş, müqəddəs ruhundan vermiş və 12 həvarini seçməkdə rəhbərlik etmişdi. Allahın səsinin göydən eşidilməsi İsanı dəstəklədiyinin və ondan razı qaldığının təzahürü idi (Mat. 3:17; 17:5; Mark 1:12, 13; Luka 6:12, 13; Yəh. 12:28). İsa kimi, bizim də duada ürəyimizi Allaha boşaltmağa ehtiyacımız var (Məz. 62:7, 8; İbr. 5:7). Biz dua vasitəsilə Yehova ilə sıx ünsiyyət qura və Ona şərəf gətirən həyat yolunda müvəffəqiyyətlə addımlaya bilərik.

16. Yehovanın səsini eşitməyə bizə nə kömək edir?

16 Biz Yehovanın məsləhətlərini asanlıqla əldə edə bilərik. Ancaq O, heç kimi bu məsləhətlərə riayət etməyə məcbur etmir. Ondan müqəddəs ruhu vasitəsilə bizə yol göstərməsini xahiş etməliyik və O, bunu məmnuniyyətlə edəcək. (Luka 11:10—13 ayələrini oxu.) Lakin, ən əsası, qulaq asmaqdır (Luka 8:18). Misal üçün, pornoqrafiyaya və ya əxlaqsız filmlərə baxmaqdan əl çəkməyib Yehovadan əxlaqsızlığa olan meylimizə üstün gəlmək üçün kömək istəmək ikiüzlülük olardı. Yehovanın bizə kömək etməsini istəyiriksə, Onun müqəddəs ruhunun hökm sürdüyü yerlərdən, yığıncaq görüşlərindən ayrılmamalıyıq. Yehovanın bir çox xidmətçiləri yığıncaq görüşlərində Onu dinləməklə özlərini bəladan qoruyurlar. Belə ki, onlar ürəklərində baş qaldıran yanlış istəkləri görür və özlərində dəyişikliklər edirlər (Məz. 73:12—17; 143:10).

YEHOVANIN SƏSİNİ EŞİTMƏYƏ DAVAM ET

17. Özünə güvənmək nəyə görə təhlükəlidir?

17 Qədim İsrailin padşahı Davudun nümunəsinə diqqət yetirək. Gənc ikən o, nəhəng filiştli Qolyat üzərində qələbə çalmışdı. Sonradan Davud həm cəngavər, həm xilaskar, həm də hakim oldu. Lakin o, özünə güvənməyə başlayanda ürəyi onu aldatdı və Bat-Şeva ilə ciddi günaha yol verdi, hətta onun əri Uriyanın ölümünə bais oldu. Əməlinə görə cəzalandırılanda Davud günahını boynuna alıb Yehova ilə münasibətlərini bərpa etdi (Məz. 51:4, 6, 10, 11).

18. Qulağımız həmişə Yehovanın səsində olsun deyə nə etməliyik?

18 Gəlin 1 Korinflilərə 10:12 ayəsindəki məsləhəti tətbiq edək və özümüzə güvənməyək. Addımlarımızı düzəltmək öz əlimizdə olmadığından biz ya Yehovanın, ya da Onun düşməninin səsinə qulaq asacağıq (Yer. 10:23). Buna görə də gəlin durmadan dua edək, müqəddəs ruhun rəhbərliyinə uyğun davranaq və həmişə Yehovanın səsinə diqqətlə qulaq asaq.