Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2014

Allahın Sözündən istifadə et. O canlıdır!

Allahın Sözündən istifadə et. O canlıdır!

«Allahın sözü canlı və qüdrətlidir» (İBR. 4:12).

1, 2. Yehova Musaya hansı tapşırığı verdi və onu nəyə əmin etdi?

TƏSƏVVÜR ET Kİ, sən yer üzündə yaşayan ən qüvvətli hökmdarın qarşısında Yehovanın xalqı adından danışmalısan. Hansı hissləri keçirərdin? Ola bilsin, səni həyəcan bürüyər və qorxudan əlin-ayağın əsərdi. Söhbətə necə hazırlaşardın? Külli-İxtiyar Allahın nümayəndəsi kimi sözlərini daha da kəsərli etmək üçün nə edərdin?

2 Musa peyğəmbər məhz belə bir vəziyyətlə üzləşmişdi. Yehova «yer üzündə yaşayan bütün adamlardan daha itaətkar» olan bu insana demişdi ki, o, fironun hüzuruna çıxmalı və Allahın xalqını Misir köləliyindən azad etməlidir (Say. 12:3). Hadisələrin gedişatı göstərir ki, firon ədəbsiz və özündənrazı bir adam idi (Çıx. 5:1, 2). Bununla belə, Yehova istəyirdi ki, Musa gedib firondan bir neçə milyon qulun ölkədən çıxmasına izin verməsini tələb etsin. Buna görə də Musanın Yehovaya: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?» — sualını verməsi başa düşüləndir. Ola bilsin, Musa özünü bu iş üçün münasib olmayan və bacarıqsız hesab edirdi. Amma Yehova: «Mən səninləyəm», — sözləri ilə əmin etdi ki, o tək deyil (Çıx. 3:9—12).

3, 4. a) Musanı qorxudan nə idi? b) Musanın üzləşdiyi hansı oxşar vəziyyətlə üzləşə bilərsən?

 3 Bəs Musanı qorxudan nə idi? Görünür, onun ürəyinə dammışdı ki, firon onu Yehova Allahın elçisi kimi qəbul etməyəcək və ya saymayacaq. Ola bilsin, Musanı bir şey də narahat edirdi: birdən onun öz xalqı onları Misirdən çıxarmaq üçün Allahın onu seçdiyinə inanmadı. Elə buna görə də o, Yehovadan soruşdu: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib” deyəcəklər?» (Çıx. 3:15—18; 4:1).

4 Yehovanın Musaya dediyi sözlərdən və sonra baş verən hadisələrdən hər birimiz çox şey götürə bilərik. Düzdür, ola bilsin, sən heç vaxt yüksək vəzifəli dövlət məmuru qarşısında dayanmamısan. Bəs elə olubmu ki, adi insanlar qarşısında belə Allah və Onun Padşahlığı haqda danışmağa çəkinəsən? Onda Musanın əhvalatından çox şey öyrənə bilərsən.

«SƏNİN ƏLİNDƏKİ NƏDİR?»

5. Yehova Musaya əlamət olaraq nə verdi və bu, ona necə təsir etdi? (Məqalənin əvvəlindəki şəklə bax.)

5 Musa sözlərinə əhəmiyyət verilməyəcəyinə dair ürəyindəki qorxunu dilə gətirdikdən sonra Allah onu üzləşəcəyi münasibətə hazırladı. «Çıxış» kitabına əsasən hadisə belə vaqe oldu: «Rəbb Musaya dedi: “Sənin əlindəki nədir?” O dedi: “Əsa”. Rəbb dedi: “Onu yerə at”. Musa onu yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı. Rəbb Musaya dedi: “Əlini uzadıb onun quyruğundan tut”. Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu. Sonra Rəbb dedi: “Bu əlamət ona görədir ki, İsraillilər... Rəbbin sənə göründüyünə inansınlar”» (Çıx. 4:2—5). Bəli, Musa bu əlamətin sayəsində gətirdiyi xəbərin Yehovadan olduğunu sübut edə biləcəkdi. Allahın gücü ilə əsanın canlı bir şeyə çevrilməsindən güclü bir əlamət ola bilməzdi. Bu möcüzə Musanın sözlərinin kəsərini artıracaq və ona arxa duranın Yehova olduğuna şübhə yeri qoymayacaqdı. Buna görə də Yehova ona dedi: «Bu əsanı əlinə götür; onunla əlamətlər göstərəcəksən» (Çıx. 4:17). Əlində Allahın ona səlahiyyət verdiyinin sübutu olan Musa irəli çıxıb həqiqi Allahı Onun xalqı və firon qarşısında qətiyyətlə təmsil edə bilərdi (Çıx. 4:29—31; 7:8—13).

6. a) Təbliğ edərkən əlimizdə nə olmalıdır və nəyə görə? b) Nəyə əsasən deyə bilərik ki, «Allahın sözü canlı və qüdrətlidir»?

6 Başqalarına Müqəddəs Kitab xəbərini çatdırarkən bizə də eyni sual verilə bilər: «Sənin əlindəki nədir?» Çox vaxt dərhal istifadə edə bilək deyə əlimizdə Müqəddəs Kitab olur. Bəziləri Müqəddəs Kitaba adi kitab kimi yanaşsalar da, Yehova bizimlə məhz bu ilhamlanmış Kəlamı vasitəsilə danışır (2 Pet. 1:21). Orada Allahın Öz Padşahlığı vasitəsilə həyata keçirəcəyi vədlərdən bəhs edilir. Elə bu səbəbdən həvari Pavel yazmışdı: «Allahın sözü canlı və qüdrətlidir». (İbranilərə 4:12 ayəsini oxu.) Yehovanın bütün vədləri həmişə yerinə yetib və yetəcək də (Yeşaya 46:10; 55:11). İnsan Yehovanın Kəlamı ilə bağlı bu faktı dərk etsə, onda oxuduqları onun həyatına güclü təsir edə bilər.

7. «Həqiqət sözünü» necə düzgün öyrədə bilərik?

7 Bəli, Yehova əlimizə canlı Kəlam verib. Onunla biz çatdırdığımız xəbərin etibarlı və Allahdan olduğunu sübut edə bilərik. İbranilərə yazdığı məktubdan sonra Pavelin Timoteyi var qüvvəsi ilə çalışıb «həqiqət sözünü düzgün [öyrətməyə]» təşviq etməsi heç də təəccüblü deyil (2 Tim. 2:15). Bəs biz Pavelin məsləhətini necə yerinə yetirə bilərik? Bizi dinləyən insanların ürəyinə təsir edəcək müvafiq ayələri oxumaqla. 2013-cü ildə  çıxan bukletlər bu işdə bizə kömək etmək üçün tərtib olunub.

MÜVAFİQ AYƏLƏRİ OXU

8. Bir xidmət nəzarətçisi yeni bukletlər haqda nə demişdi?

8 Bu yeni bukletlərin hamısının tərtibatı eynidir. Buna görə də onlardan birini istifadə etməyi öyrənməklə hamısını istifadə etməyi öyrənmiş oluruq. Onların istifadə qaydası asandır. Havay adalarından (ABŞ) olan bir xidmət nəzarətçisi yazmışdı: «Biz qısa bir müddətdə bu yeni vəsaitlərin həm evdən-evə, həm də ictimai şahidlik zamanı necə effektiv olduğunu gördük». O gördü ki, bu bukletlərin tərtibatı insanları daha çox cəlb edir və gözəl söhbətə yol açır. Bukletlərin ön səhifəsindəki sual və ona verilən bir neçə cavab qardaşa bu qənaətə gəlməyə kömək edib. Çünki insanlar səhv cavab verəcəklərindən qorxmurlar.

9, 10. a) Bukletlər Müqəddəs Kitab ayələrini oxumağa necə kömək edir? b) Sən hansı bukletdən daha səmərəli istifadə edirsən və nəyə görə?

9 Hər buklet müvafiq ayəni oxumağa kömək edir. Məsələn, götürək «Dərd-sər nə vaxtsa bitəcək?» adlı bukleti. Həmsöhbətinin bu suala «bəli», «xeyr» və ya «ola bilsin» cavablarından birini verməsindən asılı olmayaraq, əlavə nəsə demədən ikinci səhifədəki «Müqəddəs Kitabda nə deyilir?» başlığını və altındakı Vəhy 21:4 ayəsini oxu.

10 Eynilə, «Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?» adlı bukleti də təqdim edərkən insanın bukletin üzündəki hansı cavabı seçməsinin fərqi yoxdur. Sadəcə vərəqi çevirib belə deyə bilərsən: «Müqəddəs Kitabda deyilir ki, “Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır”». Sonra əlavə edə bilərsən: «Gəlin görək orada daha nə deyilir». Sonra öz Müqəddəs Kitabını aç və 2 Timoteyə 3:16, 17 ayələrini tam oxu.

11, 12. a) Yeni bukletlər xidmətdə səmərəli olmağa necə kömək edə bilər? b) Bukletlərin vasitəsilə təkrar başçəkməyə hazırlaşa bilərsən?

11 Bukletdən daha nə qədər oxuyub müzakirə edəcəyin həmsöhbətinin münasibətindən asılıdır. Bukleti sadəcə verməkdənsə, yaxşı olar ki, bir neçə Müqəddəs Kitab ayəsi oxuyasan. Əgər ilk gəlişin zamanı yalnız bir və ya iki ayə oxuya bilmisənsə, gələn dəfə müzakirəni davam etdirə bilərsən.

 12 Hər bukletin arxa səhifəsində «Düşünün» başlığı altında sual və ayələr var, bunları təkrar başçəkmə zamanı müzakirə edə bilərsən. Məsələn, «Gələcək barədə nə fikirləşirsiniz?» bukletində «Allah yer üzündə şəraiti yaxşılığa doğru necə dəyişəcək?» sualı, eləcə də Matta 6:9, 10 və Daniel 2:44 ayələri gətirilir. «Ölülərin dirilməsi mümkündürmü?» bukletində isə «İnsan nəyə görə qocalır və ölür?» sualı və Yaradılış 3:17—19 və Romalılara 5:12 ayələri gətirilir.

13. Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün bukletlərdən necə istifadə etmək olar?

13 Bukletlərdən istifadə edərək Müqəddəs Kitab öyrənməsinə başlaya bilərsən. Maraqlanan bukletin son səhifəsində olan QR kodu skan etməklə saytımıza daxil ola və Müqəddəs Kitab öyrənməsinə başlamaq qərarına gələ bilər. Bu bukletlər həmçinin «İlahi müjdə» broşürasındakı müvafiq fəslə yönəldir. Məsələn, «Dünya kimin əlindədir?» bukleti bu broşüranın 5-ci fəslinə, «Ailənin xoşbəxtliyi nədən asılıdır?» bukleti isə 9-cu fəslinə yönəldir. Bukletləri bu cür istifadə etməklə ilk və təkrar başçəkmədə Müqəddəs Kitabdan effektiv şəkildə istifadə edə bilərsən. Beləcə, çoxlu Müqəddəs Kitab öyrənməsinə başlamaq olar. Xidmətdə Allahın Kəlamından effektiv şəkildə istifadə etmək üçün daha nə edə bilərsən?

İNSANLARI MARAQLANDIRAN MÖVZULARI MÜZAKİRƏ ET

14, 15. Pavelin xidmətə münasibətindən nə öyrənə bilərik?

14 Pavelin əsas məqsədi xidmətdə «daha çox adam»a şahidlik etmək idi. (1 Korinflilərə 9:19—23 ayələrini oxu.) Pavel istəyirdi ki, «yəhudiləri,.. Qanunun hökmü altında olanları,.. qanunsuzları,.. zəifləri» bu yola gətirsin. Buna görə də o, «hər cür adam üçün hər şey [oldu] və hər fürsətdən istifadə [etdi] ki, heç olmasa kimisə xilas edə [bilsin]» (Həv. iş. 20:21). Bəs biz, Pavel kimi, ərazimizdə olan «hər cür insan»a həqiqəti çatdırmaq üçün nə edə bilərik? (1 Tim. 2:3, 4).

15 Hər ay «Bizim Padşahlıq Xidmətimiz»də gətirilən təqdimələri istifadə et. Amma əgər yaşadığın ərazidə insanları digər mövzular maraqlandırırsa, ona dair təqdimə hazırla. Ərazidəki mühit, insanlar və onları daha çox narahat edən mövzular haqda düşün. Sonra müvafiq ayə tap. Bir rayon nəzarətçisi insanların diqqətini Müqəddəs Kitaba yönəltməklə bağlı özünün və həyat yoldaşının təcrübəsini bölüşür: «Əksər insanlar qısa və konkret danışdığımızı görəndə, heç olmasa, bir ayə oxumağa imkan verir. Salamlaşdıqdan sonra qabaqcadan açdığımız ayəni oxuyuruq». Gəl xidmətdə istifadə edə biləcəyin bəzi mövzuları, sualları və ayələri müzakirə edək.

Xidmətdə Müqəddəs Kitabdan və bukletlərdən effektiv şəkildə istifadə edirsən? (8—13-cü abzaslara bax)

16. Yeşaya 14:7 ayəsini xidmətdə necə istifadə edə bilərsən?

16 Əgər asayişin tez-tez pozulduğu ərazidə yaşayırsansa, belə sual verə bilərsən: «Sizcə, elə bir vaxt olacaqmı ki, biz xəbərlərdən: “İndi isə bütün dünya sakitlik və rahatlıq içində sevincdən coşur”, — sözlərini eşidək?» Müqəddəs Kitabın Yeşaya 14:7 ayəsində söhbət məhz bundan gedir. Əslində, Müqəddəs Kitabda gələcəkdə sülhün olacağına ilə bağlı Allahın çoxlu vədləri var». Sonra bu vədlərdən birini Müqəddəs Kitabdan oxumağı təklif et.

17. Söhbət zamanı Matta 5:3 ayəsindən necə istifadə edə bilərsən?

17 Yaşadığın ərazidə kişilər ailələrini dolandırmağa çətinlik çəkirlərsə, söhbətə bu sualla başlaya bilərsən: «Ailəsini xoşbəxt etmək üçün kişi nə qədər pul qazanmalıdır?» Cavabı dinlədikdən sonra belə de: «Bir çox kişilər bundan qat-qat çox pul qazanır, amma yenə də ailələrini qane edə bilmirlər. Bəs ailənin, əslində,  nəyə ehtiyacı var?» Sonra Matta 5:3 ayəsini oxu və Müqəddəs Kitabı araşdırmağı təklif et.

18. İnsanlara təsəlli vermək üçün Yeremya 29:11 ayəsindən necə istifadə edə bilərik?

18 İşdir ərazindəki insanlar təbii fəlakətlə üzləşiblərsə, təqdiməni belə başlaya bilərsən: «Sizə təsəlli vermək üçün gəlmişəm. (Yeremya 29:11 ayəsini oxu.) Gördüyümüz kimi, Allah bizə salamatlıq, «ümidli bir gələcək» vermək istəyir. Məgər Onun bizə gözəl həyat bəxş etmək istədiyini bilmək xoş deyil? Gəlin görək bu necə baş verəcək». Sonra diqqəti «İlahi müjdə» broşürasından münasib fəslə yönəlt.

19. Dindar adamlarla söhbət edərkən Vəhy 14:6, 7 ayələrini necə istifadə edə bilərsən?

19 Dindar insanların yaşadığı ərazidə söhbətə belə sualla başlaya bilərsən: «Əgər mələk sizinlə danışsaydı, onun dediklərini edərdiniz? (Vəhy 14:6, 7 ayələrini oxu.) Burada mələk deyir ki, “Allahdan qorxun,.. göyü, yeri... yaradana təzim edin”. Bəs sizcə, Allahdan qorxmaq nə deməkdir?» Cavabı dinlədikdən sonra minnətdarlığını bildir və Qanunun təkrarı 6:2 ayəsini oxu. Orada deyilir: «Ömrün boyu sən, oğlun, nəvələrin sənə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahın Rəbdən qorx ki, ömrün uzun olsun». Sonra əlavə edə bilərsən: «Gördüyümüz kimi Allahdan qorxmaq Onun əmrlərinə əməl etmək deməkdir. Lakin çoxları ən vacib əmri, “Allahın Rəbbi bütün qəlbinlə... sev” əmrini bilmirlər». Allahı sevdiyimizi necə göstərə biləcəyimizi müzakirə etmək üçün vaxt təyin et.

20. a) Gənclərə Allahın adını göstərmək üçün Süleymanın məsəlləri 30:4 ayəsindən necə istifadə edə bilərik? b) Bu mövzu ilə bağlı effektiv şəkildə istifadə etdiyin başqa hansı ayə var?

20 Gənclərlə söhbətə belə başlaya bilərsən: «Sizə bir ayə oxumaq istəyirəm. Burada olduqca vacib suallar var. (Süleymanın məsəlləri 30:4 ayəsini oxu.) Bu sözləri heç bir insana şamil etmək olmaz, bunları yalnız Yaradanımıza aid etmək olar *. Bəs Allahın adını haradan bilə bilərik? Məmnuniyyətlə sizə bu adı Müqəddəs Kitabdan göstərərəm».

XİDMƏTDƏ ƏSAS YERİ ALLAHIN KƏLAMINA VER

21, 22. a) Müqəddəs Kitab ayələri insanların həyatını necə dəyişə bilər? b) Xidmətdə olarkən nəyə qətiyyətlisən?

21 Bilmək olmaz qarşımızdakı insan seçdiyimiz ayəyə necə yanaşacaq. Məsələn, Avstraliyada iki təbliğçi gənc bir qadının qapısını döyür. Onlardan biri ondan: «Allahın adını bilirsiniz?» — deyə soruşur və Məzmur 83:18 ayəsini oxuyur. Qadın deyir: «Məni heyrət bürümüşdü! Onlar gedən kimi, 56 kilometr aralıda yerləşən kitab mağazasına gedib Müqəddəs Kitabın digər tərcümələrində və lüğətdə Allahın adının olub-olmadığını yoxladım. Onun adının Yehova olduğuna əmin olduqdan sonra fikirləşdim ki, görəsən, bilmədiyim daha nələr var». Çox keçməmiş, o və gələcək həyat yoldaşı Müqəddəs Kitab öyrənməsinə başlayır və bir qədər sonra vəftiz olunurlar.

22 Allahın Kəlamı öz oxucularının həyatını dəyişir və Yehovanın canlı vədlərinə iman hasil edir. (1 Salonikililərə 2:13 ayəsini oxu.) Müqəddəs Kitab xəbəri insanın ürəyinə təsir etmək üçün deyə biləcəyimiz istənilən sözdən daha qüvvətlidir. Elə buna görə də hər fürsətdə Allahın Kəlamından istifadə etməliyik. Çünki o canlıdır!

^ abz. 20 «Gözətçi qülləsi»nin 1989-cu il 15 iyun sayının 23-cü səhifəsində yerləşən «Oxucuların sualları» rubrikasına (rus.) bax.